O KÜLÜ
UNUTSAQ
Hələ
cib telefonları çıxmamışdı və hələ
çox adamın heç ev telefonu da yox
idi. Bu xəbəri nə radio
yaymışdı, nə televiziya. Bu hadisə
haqda qəzetlər də heç nə yazmamışdı.
Ancaq ertəsi gün artıq Qarabağdan
tutmuş Bakıyadək, oradan da bütün Azərbaycan boyu
dünən Xankəndidə baş verənlər camaatın
dilində idi. Hərə sözü bir
ağızdan eşitmişdi və ona görə də hərənin
ağzından bir avaz gəlirdi. Biri eşitdiyini bir az da artırıb, digəri bir qədər
qısaldıb nağıl edirdi. Ancaq nə qədər fərqli
olsa da, bütün danışanların hamısının
söhbətindən keçən bir ortaq söz vardı:
"Dəhşət!"
1967-ci il iyul ayının ortalarında axşam
qaranlığı qatışandan, küçələrdən
əl-ayaq yığışandan sonra, gec saatlarda o vaxtlar
Stepanakert adlanan Xankəndinin mərkəzindəki Məşədi
Əzizbəyov adına parkda, yay kinoteatrının
yaxınlığında şəhər kommunal təsərrüfatı
idarəsinin əli belli-dırmıqlı bir neçə nəfər
işçisi yük maşınından enərək işə
başladı. İri bir dairə cızaraq
oradan asfalt layını çıxartdılar, həmin yerə
torpaq tökərək çiçəklər əkməyə
başladılar. Ertəsi gün artıq
oradan keçib gedənlər dünənki qara asfaltın
yerində göz oxşayan bir güllük gördülər.
Hər axşamüstü təzəcə
basdırılmış çiçəkləri gün əyiləndən
sonra sulayırdılar və ayın axırında artıq
oranın torpağı da sütül çəmənlə
örtülmüşdü və birinci dəfə görən
elə zənn edərdi ki, bu güllük burada elə
çoxdan varmış.
Lap az öncə isə - 1967-ci il iyulun 3-də həmin
güllüyün yerində bir iri tonqal qalanmışdı və
axşam qaranlığında gur alovla yanırdı.
Elə
bir tonqal ki, onun acı tüstüsü bu gün də
gözləri göynədir, müdhiş qoxusu bu gün də
kəskinliyiylə duyulur və unutqan insanların gözləri
həmin tüstünün göynərtisini,
yaddaşsızların burunları o əcaib kabab qoxusunu
haçansa hafizəsindən çıxarsa da, tarix heç
vaxt bunları öz pozulmaz vərəqlərindən silə
bilməz, imkan da verməz ki, həmin meydandakı güllərin
altındakı külləri zamanın küləkləri
sovurub aparsın...
...1967-ci il iyulun 3-dən 4-nə keçən gecə o
dövrdə Stepan Şaumyanın adını daşıyan
küçədə yerləşən Azərbaycan Dövlət
Təhlükəsizlik Komitəsinin, başda bu vəzifəyə
yenicə təyin edilmiş sədri olmaqla, həyəcan
siqnalı ilə dəvət edilmiş əksər əməkdaşları
iş otaqlarında idilər. Səhər DTK,
Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyinin əməkdaşlarından
ibarət böyük dəstə Xankəndiyə yola
düşəcək. Baş vermiş
fövqəladə hadisənin sorağı artıq Moskvaya da
çatıb.
Gündüzün günorta vaxtı aydın səmada
şimşək çaxması kimi qəfil təsir
bağışlayan bu qəziyyə nə qəziyyə idi və
həqiqətənmi elə gözlənilmədən, kortəbii
baş vermişdi? Söhbəti başdan başlayaq. Əslində başdan da olmayacaq.
Çünki əsl başlanğıcdan, əsl
qaynağından götürsək, gərək çox
uzaqlara və çox dərinlərə gedək (az sonra elə oralara da baş vuracağıq).
Hələliksə bir az
yaxınlıqdakı başlanğıca dönək.
...Martuni
rayonunun Kuropatkino kəndi yaxınlığında 1966-cı
ilin 23 oktyabrında bir oğlan uşağının meyiti
tapılır. Bəlli olur ki, bu, 8 yaşlı
Nelson Movsesyanın cəsədidir. İstintaq
başlanır və araşdırmalar 4 ay çəkir.
Nədirsə, lap əvvəldən
uşağın valideynləri də, qohum-əqrəbası
da, onlara səs verənlər də
qara-qışqırıq salmağa başlayırlar ki, qətli
törədən azərbaycanlılardır.
Və 3 nəfər azərbaycanlı şübhəli
bilinərək həbs edilir. 1967-ci il
martın 28-dən aprelin 9-dək Dağlıq Qarabağın
vilayət məhkəməsində təhqiq edilən iş
sonra Ali Məhkəmənin səyyar sessiyasına yönəldilir
və burada da həmin il iyunun 20-dən iyulun 3-dək məsələyə
diqqətlə yenidən baxılır. Dünyanın
hər yerində olduğu sayaq, Azərbaycanda da, o sıradan,
elə həmin Dağlıq Qarabağda da o günəcən
yüz cür cinayət törədilmişdi, qətllər də
olmuşdu. Ancaq qəribədir ki, bu ölüm
işinin ətrafında qaldırılan hay-küy, bir
başı gedib Ermənistana çatan söz-söhbət səngimək
bilmir, əksinə, gün ötdükcə sanki bir az da körüklənir, daha da şiddətlənirdi.
Və nəhayət,
1967-ci il iyunun 12-dən iyulun 3-dək Stepanakertdə, vilayət
məhkəməsinin binasında 8 yaşlı erməni
uşağı xüsusi qəddarlıqla öldürməkdə
ittiham edilən Ərşad Məmmədov, Aləmşad Məmmədov
və bu hadisədən guya xəbərdar olaraq həqiqəti
gizlətmiş Zöhrab Məmmədov haqqında son qərar
verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsi
kollegiyasının iclasları gedirdi. Hər
növbəti iclas əvvəlkindən daha gərgin
keçirdi, mərhumun atası, babası, digər
yaxınları mütəmadi olaraq yerdən bağırmaqla,
müxtəlif replikalarla, söyüşlərlə, hədələrlə
iclasın gedişinə maneçilik törədirdilər.
Eyni gərginlik elə həmin günlərdə
şəhərin küçələrində, məhəllələrində
də yaşanırdı. Sonra
yığışırdılar ayrı-ayrı mənzillərə,
xosunlaşmalarını orada davam etdirirdilər. Həmişəki kimi, Yerevandan Stepanakertə təşrif
gətirib o cür söhbətlərin
iştirakçılarına çevrilənlər də
öz yerində.
Ümumi narahatlıq elə bir həddə idi ki,
şübhələnməyə, ehtiyat tədbirləri
görməyə dəyərdi. Həm də yalnız
vilayətdə fəaliyyət göstərən hüquq
mühafizə qüvvələrinə tam arxayın olmayaraq.
Çox da yerli hakimiyyət vilayətdəki
cari durumla bağlı Bakının sorğularını
cavablandıranda arxayın salırdı ki, vəziyyətə
tam nəzarət edirik. Axı hiss olunurdu ki, şiş
getdikcə böyüyür və bu minvalla günlərin
birində partlaya da bilər.
1967-ci il iyul ayının 3-də Stepanakertn mərkəzindəki
Məşədi Əzizbəyov adına parkda yerləşən
yay kinoteatrında hökmün oxunacağı
axırıncı iclas keçiriləcəkdi. Əgər axşamüstü iclas başa
çatandan sonra ora minlərlə erməni axışaraq
sovet dönəmində misli olmayan qanlı cinayət törədəcəkdisə,
bunu qətiyyən kortəbii baş verən bir
iğtişaş kimi qavramaq mümkün deyil. Vaxtın hündürlüyündən baxarkən,
hadisələr zəncirini göz önündə
canlandırarkən barmağını dişləyirsən
ki, heç şey təsadüfi deyilmiş. Hər addım irəlicədən
cızılmış ssenari üzrə gedirmiş. Olsun ki, vilayətin partiya rəhbərliyinin, milisinin
də bir çox əməkdaşları elə həmin məkrli
oyunun içərisindəymiş. Bunlar da qeybətlərə
söykənən gümanlar deyil, hadisələrin gedişi
göstərəcək ki, acı həqiqətlərmiş!..
Olan olub, bitən bitəndən sonra müsəlmanın
sonrakı ağlıyla təhlil edəndə araşdırma
aparan səlahiyyətlilər heyifsilənəcəklər ki,
niyə qəflətə qapılmışıq?! Sən demə, məhkəmə
iclası keçirilən yerdən az
aralı bir ağaca dəryazın asılması da təsadüf
deyilmiş, xəbərdarlıqmış ki,
başınızı kəsərik!
Heyhat, bu və buna bənzər xeyli müşahidələr
hadisələr bitəndən çox sonra ağla gəldi. Qarşıda
dayananın isə erməni olduğu gərək heç
vaxt, nəinki belə hisslərin tarıma çəkildiyi
günlərdə, hətta ən xoş, zahirən heç
bir narahatlıq vəd etməyən əyyamlarda da unudulmaya.
Nə o günlərdə, nə ondan əvvəlki
çox-çox həftələrdə, aylarda və illərdə
bunu bir an belə yaddaşdan
çıxarmaq olardı, nə də gərək
bütün gələcəkdə bu özəllik diqqətdən
yayınaydı. Həmişə bilməliyik
ki, biz özünü "millət", "xalq"
adlandırsa da, əslində varlığıyla təşkilat
olan bir toplumla üzbəüzük. İndiyəcən
gördüyümüzü görmüşük.
Atalar boşuna deməyib ki, köpəklə dostluq edənin
çomağı əlində gərək!
İyulun 3-ü idi. Bir neçə saat
sonra hökm elan ediləcəkdi. Zala 200 nəfərdən
artıq adam buraxmamışdılar ki,
çox tünlük olmasın. Ancaq
günortadan sonra yavaş-yavaş iclasın keçirildiyi
kinoteatrın yan-yörəsinə əhali axışmağa
başlayır. Öldürülmüş
uşağın atası Benik Movsesyan, babası Ambarsum
Arustamyan hey kobud şəkildə müdaxilə edir, hakimin
sözünü kəsir, "hamınız
satılmısınız" qışqırır,
mühakimə edilənlərin zaldakı qohumları ilə
dava-dalaş salırdılar. Hakim onlara bir
neçə dəfə xəbərdarlıq edəndən
sonra özünü xeyli çılğın aparan,
heç bir xəbərdarlığa-filana da məhəl
qoymadan əl-qol atan, isterika ilə çığırmaqda
davam edən dayısı Ernst Arustamyanın zaldan
çıxarılması haqda göstəriş verir.
İclasın keçirildiyi məkanın qorunması
üçün 60 nəfər milis işçisi cəlb
edilmişdi. Əsl həngamə saat 18-19 arası - hökm elan
ediləndən sonra qopur. Mühakimə
edilənlərdən birinə - Zöhrab Məmmədova bəraət
verilir, onun elə məhkəmə zalındanca
azadlığa buraxılması haqda qərar
çıxarıldığı elan edilir. Digər 2 nəfərdən birinə - Aləmşad
Məmmədova ölüm hökmü
çıxarılır. Ərşad Məmmədova isə
15 il iş kəsilir. Benik
Movsesyanın səsi zalı başına götürür.
Hakimi söyür, təhqir edir, "pulla
alınmısınız" deyir, Aləmşad Məmmədovla
yanaşı, Ərşad Məmmədova da ən ağır
cəza istəyir, Zöhrab Məmmədovun
buraxılmasına, bəraətinə etiraz edirdi: "Quzuya
ölüm hökmü çıxarıb, canavarı
buraxırsınız. O da güllələnməlidir!"
Meydan
oxuyurdu: "Görərsiniz biz nə edəcəyik!" Bu sözləri iclasın protokolundan
köçürürəm. Lap az
sonra vəd etdiyini hamılıqla göstərəcəklər.
Deməli, nə edəcəklərinin planı
da irəlicədən hazır idi. Məhkəmənin
gedişinə əsasən hansı hökmün veriləcəyini
təxmini müəyyənləşdirmək mümkün
idi. Onlar - mərəkənin təşkilatçıları
bu qarışıqlığı istənilən halda,
hansı qərarın qəbul edilməsindən asılı
olmayaraq, törədəcəkdilər. Hətta bu da
istisna deyil ki, minlərlə adam ki bu
işə cəlb etmişdilər və onlardan da bir neçə
yüzü ki daha fəal idilər və
qarşıdurmanın ön cərgəsində
olacaqdılar, onları da öncədən arxayın
salıblarmış ki, qorxub eləməyin, sizin həbs edilməyinizə
imkan verməyəcəyik.
Verdikləri bu sözə də nəhayətdə əməl
edə bildilər. Mühakimə edilən 20 nəfərlə
yanaşı, içəridə olmalı olan bir neçə
yüz nəfər çöldə qaldı və onları
Moskva qorudu.
...Həmin
3 iyul günündə o meydana 8 minədək adamın
yığıldığı təsdiqlənir. Bu qədər insanı bir yerə cəmləmək
asan məsələ deyil. İndinin
indisində bu, çox müşküldür. Onda
qalmış sovet insanlarının gözüqıpıq
ömür sürdüyü, etirazçılığa,
dikbaşlığa meyl göstərmədiyi 1967-ci il ola. Minlərlə adam bir
yerdədirsə, demək, bunun arxasında mütləq əl
var. Daha dəqiqi: əllər. Həm xaricdən
uzanan - erməni diasporasının əli, həm də Ermənistandan
uzanan əllər. O Ermənistandan uzanan əllər
də yalnız hansısa ultra millətçilərin,
daşnak tör-töküntülərinin əlləri
deyildi. Çox böyük ehtimalla, bunca mütəşəkkil
bir üsyanın təşkilində Ermənistan Daxili
İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik
Komitəsinin içərisindəki elə xəmiri həmin
ifrat şovinistlər, daşnak törəmələri kimi
eyni mayadan yoğrulmuşlar da az
deyilmiş.
Təsəvvür edirsinizmi, elə bir işi azərbaycanlılar
törətmiş olsaydı, Moskvadan bu kütləvi cinayəti
araşdırmağa neçə dəstə gələrdi,
bəlkə də həbsə alınanların sayı
yüzlərlə deyil, minlərlə olardı.
...1967-ci il, iyulun 3-ü. Artıq axşam saat 7-dir.
Hökm oxunub və zaldakıların hamısının sanki
qəfilcə vintini burublar. Zaldakıların ovqatından vəziyyətin
qəlizləşdiyini hiss edən və artıq sərbəst
buraxılması haqda qərar çıxarılmış
Zöhrab Məmmədov konvoyun rəisi Petrosovdan xahiş edir
ki, onu da digər 2 məhbusla birlikdə dustaq
maşınında türməyə apararaq orada azad
buraxsınlar.
Zala qarışıqlıq düşmüşdü və
artıq idarəolunmaz hal yaranmışdı. Milisin sakitliyə
çağırış səsləri zilə
qalxmış qahaquda əriyib itirdi. Gözləri
qaynayan Benik Movsesyan və böyür-başındakılar
yaxınlaşırlar konvoya ki, erməni deyilsiniz, verin o
dustaqları bizə. Sizə nə qədər
istəsəniz pul, qızıl da veririk.
Və bunlar hamısı olmuş hadisələrdir. Rəsmi sənədlərdə
qalan izlərdir. Konvoyun rəisi Petrosovu
vurub yıxırlar yerə. Qəribədir ki,
hamısı silahlı olsa da, bu 10 nəfərlik konvoy ara qızışmağa başlayanda heç
olmazsa havaya atəş açmaqla azğınlaşan
kütləni ram etməyə təşəbbüs göstərmir.
Həmin konvoydakılardan yalnız 2-si azərbaycanlı,
qalanları erməni idi. Hadisələrin
sonrakı gedişi də göstərəcək ki, elə məhz
həmin 2 nəfər özünü milis, qalan 8-i isə erməni
kimi aparıb.
Konvoyun rəisi yerə aşırdılanda serjant
İbadullayev avtomatı tuşlayır komandirini itələmiş
Benik Movsesyana və onu ayağından vurur. Zaldakı
etirazçıların ən aqressiv olanı -
uşağın atası yaralanıb yerə
yıxılınca sanki kütlə də diksinən kimi olur,
bir neçə dəqiqəliyə dayanır. Ancaq çöldən nəsə komanda gəlir və
camaat təzədən daha gur qışqırmağa,
kinoteatrın qapılarını sındıraraq zala
doluşmağa başlayır.
60 nəfər milis çöldə asayişi təmin
etməkçün ayrılmışdı. Üstəlik,
milis idarəsi də məhkəmə iclasının
keçirildiyi zalın lap yaxınlığında idi.
İclas bitəndən sonra mühakimə edilənləri
türməyə aparmalı olan dustaq maşını
dayanmışdı yay kinoteatrının
qarşısında.
Həmin 60 nəfərdən savayı, 10 nəfər də
konvoy vardı ki, onlar keçmişdilər zala. Konvoyun rəhbəri, vzvod
komandiri, baş leytenant Petrosov silahlı idi, onun tabeliyindəki
7 nəfərin də avtomatı vardı və daha 2 nəfərin
birində Makarov pistoleti, digərində TT tapançası.
Əlavə olaraq bu meydana bir yanğınsöndürən
maşın da gətirilmişdi ki, camaat artıq-əskik hərəkət
etsə, güclü su şırnağı ilə geri
oturdulsun.
Necə ki milis işçiləri asanlıqla
silahlarını üsyançılara təhvil vermişdilər,
yanğınsöndürən komanda da o sayaq. Qıvraq hərəkət
etmək əvəzinə su şlanqını asta-asta sahmana
salan, səbirlə şırnağı camaata yönəltməyə
hazırlaşan, bununla da sanki "di gəlin, alın əlimdən"
işarəsi verən yanğınsöndürənlərə
yaxınlaşmışdılar, şlanqı heç
şırnağı kütləyə yönəltməmiş
onların əlindən qoparmışdılar.
Mühafizəyə
cəlb edilmiş milislərin arasında, ümumən, vilayət
milisinin tərkibində azərbaycanlılar barmaqla
sayılacaq qədər az idi. Həm də, sən deyən, yüksək vəzifələri
və səlahiyyətləri də yox idi. Ancaq həmin dar macalda da onlar bacardıqlarını
edirlər, vəzifə borclarını sonacan yerinə
yetirirlər. Erməni milislərsə
sanki adi müşahidəçilər idilər. O boyda
hadisə baş verir, qımıldanmırlar da...
Camaatın zala doluşduğunu görüncə konvoy
mühakimə edilənləri nisbətən təhlükəsiz
yer hesab edərək səhnəyə çıxarır,
oradakı qrim otağında yerləşdirir. Ancaq zala
hücum edənlər səhnəyə də dırmaşır,
qrim otağının qapısını yerindən
çıxarır, dustaqlara cumurlar.
Başından daşla ağır zərbə alanlardan
ilki azad olunması haqda qərar çıxarılmış,
ancaq digər dustaqlarla birgə türməyə aparılaraq
oradan buraxılmasını xahiş etmiş Zöhrab Məmmədov
idi. Bayaq rəisini qorumaq üçün Benik Movsesyana
atəş açmış İbadullayev qanı axan
Zöhrabı alır çiyninə, arxa qapıdan
çıxaraq onu aparıb konvoy maşınına mindirir.
Zavallı Zöhrabın, onun o gün məhkəmə
zalında olmuş əzizlərinin vəziyyətini təsəvvür
edin. Neçə müddətdir ki, istintaq
gedir, o özü də, ailəsi də iynə üstə
oturan kimidir. İndi sanki xoşbəxtlik
gülüb üzünə. Ona bəraət
verilib. Elə məhkəmə
zalındaca "artıq azadsan" söylənilib. Bu
xoşbəxtliklə müdhiş sonun, min bir əzabla qətlə
yetirilməsinin arasında heç saat da yoxdur, dəqiqələr
var...
...Elə
həmin yolla, kinoteatrın arxa qapısından Zöhrabı
çıxaran sayaq, Ərşad Məmmədovu da dustaq
maşınına erməni konvoy Malimanov aparmalıydı. Zöhrabdan fərqli olaraq, Ərşad öz
ayağı ilə gedirdi. Onu maşına
çatdırmaq, təbii ki, daha asan idi və hər ikisini
maşın dərhal aradan çıxara bilərdi. Ancaq İbadullayevdən fərqli olaraq, erməni
konvoy ləng tərpənir, 2-3 iğtişaşçı
ona yaxınlaşan kimi dustağı da, avtomatını da təhvil
verir.
Konvoydakı
digər azərbaycanlı Xəlilyarov 15 il
iş almış dustaq Ərşad Məmmədovu
öldürməkçün həmlə edən əli
daşlı-kəsəkli erməniləri dayandırmaqdan
ötrü havaya atəş açır. Ancaq
o, təkdir. Digər əlisilahlılar
müqavimət göstərmir. Qüvvələrsə
qeyri-bərabərdir. Kütlə Xəlilyarovu
sıxışdırır divara, avtomatının
darağını dartıb çıxarırlar. Gözlərini qan örtmüş hücum edənlər
Ərşadı da kinoteatrın zalında başına
daş çırpa-çırpa, bədənini
bıçaqla deşə-deşə, artıq canı
çıxmaqda olanda ayaq altına salıb tapdalaya-tapdalaya həlak
edirlər.
Həmin dəqiqələrdəki ən məşum səhnə
isə qrim otağında cərəyan edirdi. Bu otaqda
keçmiş günlərdə səhnəyə,
tamaşaçı qarşısına çıxmağa
hazırlaşan aktyorlar, müğənnilər daha cazibədar
görünməkçün özlərinə son tumarı
verərdilər. İndi isə
daşlarla, bıçaqlarla silahlanmış həmlə edənlər
həmin qrim otağını cəhənnəm guşəsinə
döndərmişdilər və artıq müdafiəsiz
qalmış Aləmşada həyatının son saniyələrinin
insandözməz məşəqqətini
yaşadırdılar. Aləmşad
onların caynağında idi. Bir dəstə
vəhşiləşmiş adamın köməksiz,
müqavimət göstərmək imkanından məhrum bir
insana belə əzazilliklə divan tutması üçün
nifrət, kin, qəzəb bəs eləməzdi. Bu duyğunun adı nəsə başqadır.
Qəddarlığın bu həddi hər millətdə, hər
insanda ola bilməz. Başına
daşlarla o qədər zərbələr endirmişdilər
ki, kəllə yarıq-yarıq olmuşdu. Artıq canı çıxmış bədəni
yerə yıxılmağa da qoymurdular, bıçaq
soxurdular, ürəkləri soyumurdu - əllərindəki
müxtəlif dəmir parçalarıyla ardı-arası kəsilmədən
zərbələr endirirdilər, kəsirdilər, deşirdilər.
Yıxılmışdı yerə. Bilirdilər, görürdülər ölüb.
Əzirdilər, tapdalayırdılar.
İnsanlıq
adına həqarət olan o dəqiqələrin
qorxunc gerçəklərindən Ayın şahidliyi ilə
xəbər tutmamışıq. Nağıl
etdiyimizdən də dəhşətlisini sənədlər
söyləyir. Dünyadan çox şeylər
gedəcək, o sənədlər qalacaq. Qaldıqca da
zaman-zaman həmin rəzalətləri törətmişlərə
lənətlər oxutduracaq...
...Aləmşadla
Ərşadın cansız, islahatdan çıxmış cəsədlərini
sürüyüb çıxarmışdılar
kinoteatrın qarşısındakı meydana. Lakin
kütlənin bir hissəsi vəhşicəsinə
öldürülmüş dustaqları çölə
dartdığı əsnada digər dəstə zaldakı
skamyaları sındırıb taxtalarını
çıxarmağa başlayır. Sanki
bu da irəlicədən düşünülmüş
ssenarinin bir parçasıydı. Bayırdakı
kütlə qeyzlə "avtozak" deyilən -
dustaqdaşıyan maşına yaxınlaşıb onu
yanı üstə çevirir. Əvvəlcə
maşındakı Zöhrab Məmmədovun da, digər 2 azərbaycanlı
kimi, beyni axıb çölə çıxanadək
daşla başına döyəcləyirlər. Sonrasa aşırdıqları maşının
benzin çənini açırlar.
Zaldan çıxanlar skamyalardan guya dəyənək əvəzi
qopardıqları taxtaları meydanda yanaşı
düzmüş, bir tonqal düzəltmişdilər.
Qəddarlıqla öldürülmüş 3 azərbaycanlını
sürüyürlər həmin taxtaların üstünə. Benzin
tökürlər, kibrit vurub yandırırlar.
Qarabağın
dağlarına kabab iyi tanış idi.
Buralarda zaman-zaman o qədər ocaqlar qalanmış, şad
dost məclislərində o qədər kabablar çəkilmişdi
ki...
Ancaq bu ocaq ayrı ocaq idi. Bu kabab ayrı kabab
idi.
Olmazın məşəqqətlə qətlə
yetirilmiş 3 azərbaycanlını ermənilər kabab
edirdi.
Bu qoca
dağların burnunda insan kababının da iyi
qalmalıymış...
Bütün bunlar tarixdir, əziz həmvətənlərim.
O
Ərşad, o Aləmşad, o Zöhrab sənsən, mənəm,
bizim qardaşlarımızdır,
övladlarımızdır. Onları məhz azərbaycanlı
olduqları üçün belə qəddarlıqla
öldürüblər, ölülərinə də iblisliklə
od vurublar.
Bunları unutmaq olmaz.
Və bu yazdıqlarımda bircə kəlmə belə
artırma yoxdur. Sırf sənədlərdə əksini
tapanları yazıram. Hələ fotolar da
qalıb. Yanıb kömürləşmiş
bədənlər. Onları da bura əlavə
edərək ürəyinizdən qara qanların
axmasını istəmirəm.
Sənədlərdə o da əksini tapıb ki, həmin
3 iyul axşamında Əzizbəyov parkında baş verənləri
seyr edənlərin arasında uşaqlar da varmış.
Diqqət:
bu, vacib məqamdır. Həmin qətl meydanına gələnlər
irəlicədən bilirdilər ki, hara gedirlər, orada
hansı çaxnaşmanın yaşanması, lap müəyyən
anlarda qarşıdurmanın, qaçaqaçın
düşməsi də mümkündür. Hansı
ata-ana rəva görər ki, balası baş verməsi
ehtimalı yüzfaizli olan basabasın içində ayaq
altında qalsın? Belə bir təhlükənin
olmasını da göz altına alsalar belə, ermənilər
uşaqlarını özləri ilə həmin yerə gətirmişdilər.
Dərs verməkçün gətirmişdilər.
Gətirmişdilər ki, övladları
düşmənlə - azərbaycanlılarla nə təhər
amansız rəftar etmək lazım olduğunu onlardan gözləri
ilə görüb öyrənsinlər, bu tarixi günün
ibrətini daimilik yadda saxlasınlar.
Siz də
unutmayın, əziz bacı-qardaşlarım!
O vaxt -
1967-ci ildə həmin qanlı səhnələri seyr edən
erməni uşaqları və yeniyetmələrinin 8-9, 10-12,
15-16 yaşları vardı. 1988-ci ildə onlar
artıq yekə kişiydilər. Yenə
Stepanakertdə meydandaydılar. Az
sonra canlar alacaqları Xocalıdaydılar, Ağdamdaydılar,
Füzulidəydilər, Cəbrayıldaydılar, Zəngilandaydılar,
Qubadlıdaydılar, Kəlbəcərdəydilər,
Laçındaydılar...
3 iyul dəhşəti
ilə bağlı bir neçə gün sonra başlanacaq və
bir neçə ay davam edəcək təhqiqatın
gedişində Azərbaycan çekistlərinin əldə
etdiyi və ümumi sayı 40 cildi aşan istintaq
materiallarının arasında yer alan bir məktub
çox düşündürücüdür.
18 yaşlı bir erməni qız Yerevandakı sevgilisinə
məktub göndərir. Yazır ki, azərbaycanlılara od
vurub yandırdılar, bu insan kababının iyi məni vəcdə
gətirirdi.
1967-ci ildə 18 yaşında olan və belə
düşünən o erməni qız da, yəqin, ərə
gedib, uşaq doğub və damarlarında qan əvəzinə
axan irinlə bu düşüncə tərzini bətnində
daşıdığı ilan balasına da ötürüb.
Hətta adı və soyadı belə bizdən
oğurluq olan və ixtisasca da Hippokrat andı içmiş həkim
sayılan Zori Balayanın məşhur özünüifşa
etirafı yadınızdamı? "Ruhumuzun
canlanması" adlı sayıqlamasında yazırdı ki,
Xocalını ələ keçirdiyimiz vaxt bir evə girdik.
Xaçatur adında bir əsgərimiz 13
yaşlı bir türk uşağını pəncərəyə
mismarladı. Türk uşağı
çox səs-küy salırdı. Xaçatura dedim
ki, onun səsini kəs. Xaçatur isə
anasının döşünü kəsib balasının
ağzına tıxadı. Mən ixtisasca
həkim olduğum üçün üstümdə olan tibb
bıçağı ilə uşağın
başının, sinəsinin, qarnının dərisini
soydum. Saata baxırdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra
öldü. Ruhum sevinclə qürrələndi.
Xaçaturla mən uşağın meyitini hissə-hissə
doğradıq, tikələri itlərə atdıq və eyni
şeyi daha üç türk uşağına qarşı
etdik.
Mən bir erməni kimi öz vəzifəmi yerinə
yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə
fəxr edəcək.
...Bunları
bir daha yada salıb millətimin qəlbini qanatdığma
görə məni bağışlayın. Neyləməli
ki, qəlbinizi vaxtaşırı qanadaraq belə faciələrimizi
yada salmadıqca da asta-asta çox unudulmamalıları
unudursunuz...
Bütün bunlar Sovetin mənəm-mənəm
çağlarında olub.
Və bu, yalnız bizə qarşı düşmənçilik
deyil, mahiyyətcə həm də Sovetə qarşı
üsyan idi. Hərəkətə gəlməliydilər, o
üsyanda iştirak edənlərin hamısının ən
ağır cəzalarını verməliydilər.
Niyə
indiyəcən rəsmi sənədlərdə - DTK, Baş
Prokurorluq, Ali Məhkəmənin protokollarında, müxtəlif
yazışmalarında yumşaldılaraq sadəcə
iğtişaş, aksiya kimi verilmiş bu hadisəni ilk dəfə
gerçək adı və mahiyyəti ilə məhz
üsyan kimi dəyərləndirirəm? 8 min adamın bir yerə
toplaşaraq dövlətin məhkəməsinin
çıxardığı qərarı öz istəyi ilə
zor gücünə ləğv edərək başqa qərar
verməsi, dövlətin əlisilahlı milis qüvvələrini
tərksilah edərək kənara atması, dövləti,
onun qanunlarını heçə sayaraq nümayişkaranə
şəkildə insanları öldürmək və
yandırmağın adı bəs üsyan deyildir, nədir? Bu, dövlətə meydan oxumaq deyildirsə, bəs
nədir?
...Milisin
də bu üsyanı təşkil edən qüvvələr
tərəfindən irəlicədən ələ
alınması, əməkdaşlığa cəlb edilməsi,
ya ən azı müəyyən həddə qədər
üsyan təşkilatçılarının iradəsi
altında olması zənnimiz də sadəcə bir
şübhə, elə quruca ehtimal sayılmasın.
Milisin bu gedişatdakı heyrətləndirici süst
mövqeyi rəsmi sənəddə də əksini tapıb. 1968-ci il avqustun 6-da Moskvaya,
SSRİ DTK istintaq şöbəsinin müdiri, general-mayor
A.Volkova Azərbaycan DTK-sından gedən təqdimatda
birbaşa və açıqca yazılmışdı:
"Cinayət yerində olmuş milis işçiləri
istintaq gedişində, dindirmələr zamanı özlərini
qeyri-səmimi aparmışlar. İstintaqa fəal kömək
etmək əvəzinə onlardan çoxu cinayətkarları
gizlətmiş, bildirmişlər ki, guya cinayət törədən
şəxslər onlara tanış deyil və
onları ilk dəfə görüblər. Ayrı-ayrı
hallarda isə onlar şahidlərə də təsir göstərmişlər".
Bakı Mərkəzə bu məzmunda təqdimat
göndərirdisə, demək, həmin 2-3 cümlənin
ardından bu mülahizələri sübut edən bir qalaq təkzibedilməz
sübutlar, dəlillər vardı.
Milis
işçilərinin qanuna və dövlətə deyil,
meydana toplaşmış kütləyə sərf edən
davranışları haqqında elə məhkəmə qərarında
da ittiham biçimli ifadələr qalmaqdadır: "Milis
işçiləri nizamsız, qətiyyətsiz, qeyri-məqsədyönlü
hərəkət etmiş, bir sıra hallarda isə
qorxaqlıq göstərmişlər".
Vilayət milisinin xəyanətkarlığı,
dövləti cinayətdə birbaşa əli olmasına
bundan artıq nə sübut?!
Moskvanın
təzyiqləri 1967-ci il 3 iyul Stepanakert
hadisəsini olduğu böyüklükdə deyil,
kiçildilərək Mərkəzin tələb etdiyi
ölçüdə göstərməyi hədəf
götürürdü. Bu daralan müstəvidə
əlində nə qədər fakt olsa da, DTK-nın hadisələrə
təsir imkanı məhdud idi. Ancaq o vaxt SSRİ DTK-ya və
Azərbaycan rəhbərliyinə ünvanladığı bir
sıra təqdimatlarla respublika Təhükəsizlik İdarəsi
ən azı tarix üçün, baş vermişlərin
sadəcə şəxsi zəmindəki
qisasçılığın kütləvi
qarışıqlığa çevrilmiş bir təsadüf
olmadığını sənədləşdirir, DTK-nın
məsul erməni əməkdaşının da, vilayətin
partiya rəhbərliyinin də, elə milis kimi, yetərincə
dürüst olmayan mövqedə dayandıqlarını,
baş verənlərin dərin siyasi qatının da
olduğunu, həm də kənardan idarə edildiyini, Ermənistanın
bu məsələlərə birbaşa müdaxiləsinin
olduğunu bildirirdi.
Sədr
Heydər Əliyev Azərbaycan DTK kollegiyasının Mərkəzi
Komitəyə yolladığı 1967-ci il
14 iyul tarixli qərarında göstərirdi: "DTK
aparatına məlum idi ki, məhkəmə iclasları gedərkən
orada və zaldan kənarda öldürülmüş
uşağın qohumları və ayrı-ayrı xuliqan
ünsürlər tərəfindən mühakimə edilənlər
və digər şəxslərlə əlaqədar hədələr
səsləndirilib. Bundan əlavə, DQMV ərazisində
son illərdə sağlam olmayan vəziyyətlə
bağlı faktlar müşahidə edilib, siyasi cəhətdən
zərərli və qatı millətçi hərəkətlər
haqda məlumatlar daxil olub. 1965-1967-ci illərdə
vilayətdə ümumilikdə təxribatçı,
qızışdırıcı səciyyəli 1100 vərəqə
3 fərqli gənclər təşkilatı tərəfindən
yayılıb. Bir sıra hallarda millətçi,
təxribatçı xarakterli sənədləri Stepanakertə
Ermənistan vətəndaşları gətirib. Belə vərəqələrin və sənədlərin
yayılması vilayətdəki əhalinin müəyyən
hissəsində milli ehtirasların oyanması və
qızışmasına gətirib çıxarıb. Bu şəraitdə DTK aparatının Stepanakertdəki
müvəkkili Q.Markarov məhkəmənin yekunlaşması
ilə əlaqədar ortaya çıxan arzuolunmaz təzahürlərlə
bağlı vilayət partiya komitəsini məlumatlandırsa
da, daxil olan siqnallara lazımi siyasi qiymət verilməyib, tələb
olunan səviyyədə səy, ardıcıllıq, qətiyyət
göstərilməyib. Öldürülmüş
N.Movsesyanın qohumlarının əsl məqsədinin nədən
ibarət olduğunu müəyyənləşdirməyib.
Onun DTK 2-ci şöbəsinə informasiyası
məhkəmənin yekun iclası ərəfəsində
Stepanakertdəki gerçək vəziyyəti əks etdirməyib".
Vilayət
rəhbərliyinin və Stepanakert idarəçiliyinin əvvəlcə
bu və ya digər şəkildə cinayətin baş
tutmasına münbit şərait yaratması, hadisə
baş verəndən sonra isə əsl miqyasları və
dibdəki gizlinləri ört-basdır etmək səmtindəki
tərpənişlərinin də həm məntiqi, həm
bilavasitə dəlillərə söykənən
sübutları nə qədər desən!
Şəhər təsərrüfatının
zibildaşıyan maşınını iyulun 17-də göndərirlər
həmin meydana. Tapşırıq da verirlər ki, orada nə
qədər iri çaydaşı var, hamısını
yığ. Sürücünü də
gözdən asılan pərdə lap qalın olsun deyə erməni
yox, azərbaycanlı seçirlər. Adını
da qoyurlar ki, orada abadlıq aparacağıq, güllük
salacağıq.
Güllük salmağına salacaqlar. Həmin
güllük guya zahirən parkın
yaraşığını artırmaq, səliqə, gözəllik
yaratmaq üçün idi. Həqiqətdə
isə məqsəd cinayətin bir sıra izlərini və
sübutlarını yox etmək idi. Həmin
sürücü - Heydər Heydərov da dindirməyə dəvət
edilir, xüsusi istintaq qrupunun təcrübəli, hər
xırda cizgiyə də ciddiyyətlə yanaşan müstəntiqlərinin
suallarına cavab verməli olur ki, oradan nə götürdün,
hara apardın? O da cavab verir ki, müxtəlif
ölçülü 25 ədəd iri şiş uclu daş
parçalarını, sonra da hər biri təqribən 250-260
qram olan, ümumi çəkisi 14-15 kiloqram olan daşları
yığdım, aparıb tökdüm şəhərin
zibilxanasına.
Sürücünü gətirirlər zibilxana olan yerə,
atdığı daşları göstərir. Baxırlar ki,
daşların hamısının üzərində lopa-lopa
saç, baş dərisinin qalıqları, kəllə
sümüyünün qırıqları, quruyub
qaralmış qan laxtaları var. Qətlə yetirilmiş 3 azərbaycanlıdan
qalan izlər.
...Və
o vaxt Azərbaycanı silkələyən həmin kədərli
hadisələrin sorağını alınca böyük Azərbaycan
şairi Rəsul Rza sarsılmışdı, qəlbini sancan
bu ağrını qəmli misralara çevirmişdi. 1968-ci ildə yazdığı "Tonqal yerində
çiçək" şeirini əvvəlcə ən
yaxın dostlara, simsarlara göstərmişdi. Sonra bu şeiri radioda oxumuşdu. 1970-ci ildə
isə o şeir "Azərbaycan" jurnalının may
sayında "Qarabağ nəğmələri" adlı
silsilə şeirlərinin arasında dərc edilmişdi.
Mətləb
nə qədər üstörtülü ifadə edilsə də,
bu, Azərbaycanda artıq çox adamın haqqında eşitdiyi
böyük bir millət faciəsi barədə o dövrdə
mətbuatda yer alan yeganə əks-səda
idi:
Burda
torpaq yanmışdı
qapqara.
Tonqal
tüstüsü yayılmışdı
yaxınlara, uzaqlara.
Havadan
asılmışdı
yanmış ət qoxusu.
Gözlərdə
közərmişdi
qurbanlıq olmaq qorxusu.
Torpaq
dözdü
atəşin ağrısına,
inciyinə.
Yanıq
qalıqları
qalmışdı ikinci günə.
Üçüncü
gün yağış yağdı;
dənəvər, gurşad.
Yudu tonqalın külünü.
Nə ah qaldı, nə fəryad.
Keçdi
bir neçə gün,
tonqal
yerində çiçək əkdilər.
Ancaq deyən
olmadı burda
qırmızı qərənfillər
tonqaldan
qabaq gərəkdilər.
Yanıq ət
qoxusundan qabaq;
qurbanlıq qoxusundan qabaq.
Soruşan
olmadı
tonqalı kimlər qaladı,
çiçəkləri kimlər əkdi?
Bu
işin yaxşı tərəfi nə,
pis tərəfi
nədir.
Yoxsa bu
qan rəngli qərənfillər
sallaqların şərəfinədir?
...1967-ci il iyulun
4-də artıq Azərbaycan Dövlət Təhlükəsizlik
Komitəsinin sədri Heydər Əliyev iri bir dəstə əməkdaşları
ilə hadisə məkanında idi.
İlk növbədə Heydər Əliyev qətlə
yetirilmiş hər 3 azərbaycanlının yas mərasimlərində
iştirak edir.
Hər ziyanda həmişə mütləq bir xeyir də
var. DTK sədri bilavasitə müşahidələr aparmaq, təfərrüatları
ona təqdim ediləcək hesabatlardan yox, şəxsən
aparacağı söhbətlər əsasında daha aydın
görmək, bütün başvermişlərin əsl pərdəarxasını
düzgün təsəvvür etməkçün
buradadır.
Və
Dağlıq Qarabağda olduğu 2 həftə ərzində
həm də buralarda sabah necə işləmək
üçün mühüm təməllər yarada bilir, həm
də çoxdankı mühüm bir niyyəti də, nəhayət
ki, həyata keçirməyə imkan qazanır. Dağlıq Qarabağla əlaqədar işləri
aparmaq üçün Bakıda DTK-da müvafiq bölmə
vardı. Lakin son illərin gedişatı,
illah da bu sonuncu bənzərsiz hadisə artıq Dağlıq
Qarabağda da DTK-nın yerli şöbəsini
yaratmağı zəruriləşdirirdi. Polkovnik
Heydər Əliyev törədilmiş hadisə ilə
bağlı Mərkəzə göndərdiyi müfəssəl
hesabatlarla yanaşı, həmin şöbənin
yaradılmasının vacibliyi ilə bağlı əsaslandırılmış
təqdimatı da yola salır. İzah edir
ki, bölgədən uzaqda olmaqla buradakı gündəlik həyatın
damarından tutmaq imkanı da məhdudlaşır. İstər əhali, istərsə ziyalılar
arasından inanılmış şəxslər, məlumat
verənlər, həmçinin agentlər cəlb etmək
fürsəti qat-qat azalır.
Heydər
Əliyev ermənini yaxşı tanıyırdı, onun
bütün xislətlərinə bələd idi, onların
vaxtilə Azərbaycan Daxili İşlər Xalq
Komissarlığına, Dövlət Təhlükəsizlik
Komitəsinə sarmaşaraq xalqımıza,
millətin seçmə övladlarına qarşı nə
faciələr törətmələrindən də xəbərdar
idi. Bunu da anlayırdı ki, Stepanakertdə Azərbaycan
DTK-nın şöbəsi yaranacaqsa, burada işləyənlərin
çoxu erməni olacaq və onların bir xeylisinə də,
çekist olsalar belə, xüsusi nəzarət tətbiq etmək
ehtiyacı yaranacaq. Ancaq orası da var ki,
burada ruslar, azərbaycanlılar da işləyəcək,
onlar həm də elə daxili nəzarəti təmin edəcəklər.
Çox keçməyəcək,
DTK-nın Dağlıq Qarabağ şöbəsinin
yaradılmasına respublikanın da, SSRİ DTK-sının da
rəhbərliyi "hə" deyəcək və Heydər
Əliyev nail olacaq ki, rəis də erməni deyil,
yaxşı tanıdığı və hər cəhətdən
inandığı həmkarı, milliyyətcə rus olan
Bıstrov təyin edilsin.
Xüsusi istintaq qrupunun vilayətdə olduğu və təhqiqat
apardığı aylar Dövlət Təhlükəsizlik
Komitəsi üçün həm də burada
açılacaq yeni şöbənin işlərini qurmaqçün
münasib girəvə idi. Əvvələn, minə
yaxın adamın bir neçə ay ərzində mütəmadi
olaraq ya şübhəli şəxs, ya şahid qismində
söhbətə dəvət edilməsi həm də vilayətdə
vəziyyətə operativ nəzarət edilməsinə
yardımçıya çevrilir. Məhz
o dövrdə əsası qoyulan və sonra möhkəmləndirilən
təməl əsasında qarşıdakı illərdə
Heydər Əliyevin həm DTK sədri, həm Birinci katib
olduğu dövrdə Dağlıq Qarabağda 1960-cı illərin
əvvəlləri və ortalarında yaşanılan gərginliklərdən
əsər-əlamət qalmır.
Bunlar da müvəqqətiymiş. Bir şəxsiyyətin
gücünə yaranmış bu vəziyyət o, respublikadan
aralanınca yenə tədricən mənfiyə doğru dəyişməyə
üz qoyur...
Ancaq
bunlar sonrakı söhbətlərdir, hələliksə
1967-ci il iyulun 4-dür, müdhiş hadisədən
bircə gecə keçir, hələ ağlasığmaz
hadisənin vahiməsi və şoku hər kəsi
sarsıtmaqda davam edir. Yayın yay günündə
Stepanakertdə şıdırğı yağış
yağır. Kimi deyir ki, bu müsibətə göylər
də ağlayır, kimsə köks ötürür ki, Allah
buraları iblislərin murdarlıqlarından yuyub təmizləyir...
İyulun 5-də isə 2 gün öncə törədilmiş
cinayətləri araşdırmaq üçün Bakıda
xüsusi istintaq-təhqiqat qrupu yaradılır və növbəti
gün Stepanakertə yola düşür.
Həmin qrupa Azərbaycan Respublikası prokurorunun
müavini, 3-cü dərəcəli dövlət
müşaviri İ.Barıkin rəhbər təyin
edilmişdi.
Üzvlərin hamısı yüksək səviyyəli
mütəxəssislər idi və iş ermənilərlə
bağlı olduğundan, təbii ki, qrupa milliyyətcə erməni
olan istintaqçılar da əlavə edilmişdi. Xüsusi
istintaq qrupunun üzvləri Azərbaycan Prokurorluğunun
mühüm işlər üzrə müstəntiqi A.Abbasov,
Bakı şəhəri 26 Bakı Komissarı rayonu
prokurorluğunun müstəntiqi V.İvanov, DTK-nın
xüsusilə mühüm işlər üzrə baş
müstəntiqi mayor E.Arutyunov, həmin şöbənin
baş müstəntiqi kapitan A.Talantov, DTK-nın daha iki
müstəntiqi baş leytenant R.Baxşəliyev və
leytenant V.Litvinov. Elə tərkibdən də
göründüyü kimi, hadisənin kriminal qatından daha
dərində siyasi layının da olması səbəbindən
xüsusi istintaq qrupunda çoxluğu elə DTK əməkdaşları
təşkil edir. Həmin qrupdakı
Ağaverdi Abbasov isə respublikada erməni quldurlardan ibarət
bir neçə bandanın cinayətlərini açmaqda ad
çıxarmış püxtə bir istintaqçı idi və
onun apardığı işlər üzrə 11 erməni
caniyə ölüm cəzası kəsilmişdi. O
canilərdən birinin güllələnməsini ermənilər
o vaxt SSRİ Ali Sovetinin sədri olan Anastas Mikoyanın köməyilə
daha yüngül cəzayla əvəz etməyə müvəffəq
olmuşdularsa, digər 10 hökm icra edilmişdi. Ağaverdi Abbasovu əsas ustadlarından sayan,
hüquqşünaslığımızın
patriarxlarından olan İkram Kərimov söyləyir ki,
güllələnmə cəzası 15 illə əvəz
edilən erməninin yaxınları ilə
görüşünə təsadüfən şahid oldum.
Həbsxanaya dəstə ilə gəlmişdilər,
sevincək, hay-küylə öz dillərində
danışırdılar, nə dediklərini anlamasaq da,
tez-tez "Mikoyan, Mikoyan" təkrarladıqlarını
eşidirdik.
Xalq arasında Ağaverdi Abbasovu müstəsna istintaqçı
keyfiyyətlərinə görə "Şerlok Holms"
adlandırırdılar. Onun xüsusi istintaq qrupuna daxil edilməsi
də elə daha əvvəllərdə erməni cinayətkarların
ifşasındakı məxsusi səriştələri idi.
4 ay davam edəcək araşdırmaların nəticəsi
olaraq Stepanakert faciəsinin törədilməsində əsas
günahkarlar kimi 20 nəfər məhkum ediləcək,
onlardan 5-nə güllələnmə hökmü
çıxarılacaq. Ancaq əvvəldən-axıradək
bilavasitə işin içərisində olmuş həmin
Ağaverdi Abbasov təsdiq edirdi ki, əslində
aparılmış təhqiqatın nəticəsi olaraq 500 nəfəri
məsuliyyətə cəlb etməyi nəzərdə
tutublarmış.
Bu da onun
etirafıdır ki, Moskva dərinə getməyə macal vermədi,
təzyiq göstərdi, "Şişirtməyin!" dedi.
Azərbaycan
Respublikası Ali Məhkəməsi cinayət işləri
üzrə kollegiyasının 1968-ci il mayın 21-dən həmin
il iyulun 23-dək aparılan açıq məhkəmə
iclaslarının yekunu olaraq mühakimə edilən 20 nəfərdən
5-nə güllələnmə, qalanlarına isə 15, 12, 8 və
digər müddətlərə azadlıqdan məhrumetmə
cəzası kəsilir.
Ancaq ermənilər
burada da müəyyən qədər istədiklərinə
nail ola bilirlər.
Yerevandan Moskvaya 140 nəfər tanınmış
dövlət və hökumət adamının, alimin,
yazıçının, mədəniyyət xadiminin
imzası ilə məktub göndərilir və güllələnmə
hökmü verilənlərin cəzasının dəyişdirilməsi
xahiş edilir.
Əlbəttə ki, məktubla belə ağır iş həll olunan deyildi. Qabaqcadan danışılaraq müsbət cavab alınmışdı ki, məktubun da göndərilməsi məsləhət görülmüşdü. Yəni ictimaiyyətin səsinə qulaq asaraq bu qərar qəbul edilir.
Moskva o 5 qatildən ikisinin ölüm hökmünü 15 illik cəzayla əvəzləyir. Bəlkə bir az da o yana gedərdilər. Ancaq 3 azərbaycanlı öldürülmüşdü, guya nisbət gözləyərək bunlardan da güllələnməyə 3 adamı saxlayırlar...
(Güllənmə verilənlərdən biri Conrik Oqanov idi ki, törətdiyi ağır cinayətə görə həbsdən Stepanakert hadisəsindən vur-tut 10 gün əvvəl azad edilmişdi. Məhz bir çox bu cür adamların 1967-ci il iyulun 3-də ixtişaşın törədildiyi əraziyə yönəldilməsi işin ardında təcrübəli kuklaoynadanların və ölçülü-biçili ssenarinin dayandığına daha bir işarədir).
...Xankəndidə mən axırıncı dəfə
1980-ci illərin əvvəllərində olmuşam. Həmin qandonduran hadisədən
15 il sonra.
Yəqin, indi oralar çox dəyişib. Görəsən,
quduzlaşmış ermənilərin 1967-ci ilin 3 iyulunda qətlə
yetirəndən sonra yandırdıqları o 3 cəsədin
tonqalının yerində salınmış güllük yenə
qalırmı?
Əlbəttə ki, o doğma şəhərdə, o
meydanda çox uzaq olmayan sabahlardan birində mütləq məruz
qaldıqlarımızın rəmzinə çevriləcək
bir abidə də ucaldacağıq.
Xankəndidə də, Qarabağ boyu illərcə həsrətimizi
çəkmiş bütün əziz torpaqlarımızda da əlvan
çiçəklər açacaq, o güllər göz
oxşayacaq, könül sevindirəcək, gözəlliyi ilə
ruhu sığallayacaq.
Ancaq hər dəfə o gözəlliklərə dalanda, zövq alanda, lütfən, unutmayın. Ən məsud anınızda da yaddan çıxarmayın ki, bu zərif güllərin, bu yaşıl çəmənlərin hər birinin altında bir ovuc kül də var.
O külü unutsaq, o güllər halalımız olmaz!
5 mart, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 11 mart.- S.10-11-12.