Naxçıvanda səhnə sənəti:
140 illik şanlı tarixə bir söhbətlik baxış
Bu il
Azərbaycanda milli peşəkar teatrın yaranmasının
150 ili tamam olur. Əsr yarım bundan əvvəl ziyalı, mədəni
inkişafa meyilli, dünyadakı yeniliklərə
açıq olan maarifpərvər azərbaycanlıların
sayəsində ilk teatr tamaşası oynanıldı. Təbii ki,
bunda Mirzə Fətəli Axundovun timsalında ilk dramaturqumuzun
yetişməsi və onun ortaya qoyduğu komediyaların rolu
danılmazdır.
Hər zaman mədəniyyətə, incəsənətə
böyük qayğı ilə yanaşan cənab Prezidentimiz
məhz Azərbaycan tetarının yaranmasını 150 illik
yubileyi ilə bağlı Sərəncam imzaladı. "Azərbaycan peşəkar
milli teatrının 150 illik yubileyinin qeyd edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 fevral
2023-cü il tarixli həmin Sərəncamında
qeyd olunur ki, "Azərbaycan teatrı həmişə fəal
mövqeyi ilə seçilərək ictimai fikrin ön
sıralarında dayanmış, cəmiyyətin mədəni
tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli
təsir göstərmişdir... Azərbaycan
teatrı xalqımızın mədəni sərvətidir.
Həmin sərvətin qorunması və
inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət
siyasətinin əsas prioritetlərindən biridir".
Azərbaycanda
teatrın yaranmasının 10 illik yubileyi ərəfəsində
isə Naxçıvanda da teatr tamaşası göstərildi
və beləliklə, 1883-cü ildə Naxçıvanda
insanlar teatrla tanış oldular. Bu mənada
bu il Azərbaycan peşəkar
teatrının 150 illiyi olduğu kimi, Naxçıvanda da
teatrın yaranmasının 140 illiyi tamam olur. Biz
də bu münasibətlə Azərbaycan Milli Elmlər
Akademiyası Naxçıvan Bölməsinin İncəsənət.
Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Ələkbər
Qasımovla həmsöhbət olduq. Naxçıvan
teatrının tədqiqatçısı olan alimlə
keçilən yola, teatrın bugününə və gələcək
perspektivlərinə nəzər saldıq...
- Ələkbər
müəllim, bu il Naxçıvan
Teatrının əsasının qoyulmasından 140 il
ötür. Üç əsri əhatə edən
dövrdə Naxçıvan Teatrı həvəskar
aktyorların peşəkar təqdimatlarından peşəkar
aktyorların mükəmməl təqdimatlarına kimi yol
keçdi. Düz 100 il əvvəl "dövlət
dram teatrı", 1964-cü ildə "musiqili dram teatr",
ən sonda isə ötən il "milli teatr" statusunu
aldı. İstəyərdim Naxçıvanda teatrın
yaranması hansı zərurətdən doğdu sualına
cavab axtaraq...
-
Naxçıvanda peşəkar teatr yaradılmamışdan
xeyli əvvəl Naxçıvan və Ordubad şəhərlərində,
əhali arasında kütləvi əyləncələr,
teatrlaşdırılmış səhnəciklər göstərilirdi.
Bu cür tamaşalar əsasən baharda,
"Novruz" şənliklərində, Naxçıvan və
Ordubad şəhərlərinin küçələrində,
meydanlarında, böyük kəndlərin əksəriyyətində
göstərilirdi. Belə tamaşalar, adətən
bir həftə, bəzən də on gün davam edirdi. Bu şənliklər zamanı bir sıra xalq
oyunlarından, el nəğmələrindən
teatrlaşdırılmış nümayişlər olurdu ki,
bu da teatr sənətinin ilkin formalaşmasından xəbər
verirdi. Şübhəsiz ki,
"Novruz" şənliklərinin əsas personajları, bu
oyunların qəhrəmanları olan Kosa, Keçəl və
digərlərinin obrazlarını ifa edənlər elə
bizim əcdad aktyorlarımız olmuşlar. Bu şənliklər
zamanı göstərilən "kilimarası" oyunlar isə
kukla teatrının bu gün dünyada daha çox
yayılmış "şirma" növünün məhz
"Novruz"dan əsasının qoyulmasına dəlalət
edir.
XIX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində
Naxçıvanda ilk dəfə yeni üsullu milli məktəblərin
açılması, kitabxana yaradılması, qəzet nəşr
olunması, ziyalı cəmiyyətləri və bir sıra
mütərəqqi təşkilatların formalaşması
xalqın mədəni inkişaf səviyyəsinə də təsir
etdi. Hətta bir qrup ziyalı Naxçıvan şəhərində
teatr yaratmağa da təşəbbüs göstərirdi.
1873-cü
il martın 10-da (yeni təqvimlə 22-də)
Bakıda M.F.Axundovun "Lənkəran xanı vəzirinin sərgüzəşti"
komediyasının ilk tamaşası ilə Azərbaycanda milli
teatrın doğuluşu və Yaxın Şərqdə ilk
teatrın yaranması naxçıvanlı teatrsevər gənclərdə
bu sənətə məhəbbəti daha da
alovlandırmışdı.
Naxçıvanlı ziyalılar, eləcə də adətən
yay aylarını doğma şəhərdə keçirən
Qori Seminariyasının, həmçinin İrəvan
Oğlan Gimnaziyasının tələbələri demokratik
ideyaları xalq arasında teatr vasitəsilə də
yaymağa səy göstərirlər. Nəhayət, 1882-ci ilin
sonlarında Naxçıvanın mütərəqqi fikirli
ziyalılarından olan, İrəvan Oğlan
Gimnaziyasının məzunu Eynəli bəy Sultanov
özü ilə həmfikir olan gəncləri bir yerə
toplayaraq milli teatr cəmiyyəti təşkil etmək niyyətində
olduğunu bildirir. Bu məqsədlə onlar Eynəli
bəy Sultanovun mənzilinə toplaşırlar. 1882-ci ildə E.Sultanov başda olmaqla müasir ruhlu,
demokratik əhval-ruhiyyəli müəllimlərdən ibarət
"Ziyalı Cəmiyyəti" yaranır və həmin
ziyalılar şəhərdə ilk dəfə kitabxana təşkil
edirlər. 1883-cü ilin əvvəllərində
"Ziyalı Cəmiyyəti"nin əsasında
Naxçıvanda "Müsəlman İncəsənəti
və Dram Cəmiyyəti" də yaradılır.
Xatirələrdən məlum olur ki, bu cəmiyyətin təşkilatçılarından
biri olan Eynəli bəy Sultanov az sonra
orijinal, milli dram əsəri əldə etmək
üçün Tiflisə yola düşür. Məqsəd cəmiyyət üzvlərinin
iştirakı ilə Naxçıvanda Azərbaycan dilində
bir teatr tamaşası hazırlayıb göstərmək idi.
E.Sultanov Tiflisdəki tanışlarının köməkliyi
sayəsində M.F.Axundovun "Müsyö Jordan və dərviş
Məstəlişah" komediyasının surətini əldə
edərək Naxçıvana qayıdır. Beləliklə, "Müsəlman
İncəsənəti və Dram Cəmiyyəti"nin üzvləri böyük həvəslə,
E.Sultanovun rəhbərliyi altında bu tamaşanın məşqlərinə
başlayırlar. Tamaşanı Azərbaycan
Milli Teatrı yaranmasının 10 illiyinə təhvil vermək
qərara alınır. "Azərbaycan teatrının
salnaməsi" kitabının birinci cildində
"1883-cü il" bölməsi belə başlayır:
"11 mart. Naxçıvan.
Hacı Nəcəf Zeynalovun evində Eynəli
Sultanovun idarəsi altında "Müsyo Jordan və Məstəlişah"
oynanmışdır".
Tədqiqatdan
belə məlum olur ki, həmin tarixdə "Müsəlman
İncəsənəti və Dram Cəmiyyəti" Azərbaycan
Milli Teatrının yaranmasının 10 illiyini böyük təntənə
ilə qeyd etmək üçün şəhərin
tanınmış və nüfuzlu ziyalılarından olan,
Dumanın deputatı Hacı Nəcəf Zeynalovun evini
münasib bilərək burada yubiley gecəsi keçirmiş,
Azərbaycanda milli, professional teatr sənətinin yaranması və inkişafı barədə
çıxışlar olmuş və sonda cəmiyyət
üzvlərinin hazırladıqları "Müsyo Jordan və
dərviş Məstəlişah" tamaşası
Naxçıvanda ilk dəfə olaraq nümayiş
etdirilmişdir. Həmin tarixdən də
Naxçıvan Teatrının yaranması günü Azərbaycan
teatr tarixinin salnaməsinə yazılır.
1883-1890-cı
illər arasında Naxçıvan şəhərində hər
il 3-4 dəfə müxtəlif
tamaşalar hazırlanaraq nümayiş etdirilmişdir.
Böyük qürur hissilə qeyd edə bilərik ki, XIX əsrin
sonu, XX əsrin əvvəllərində Azərbaycan
teatrına Eynəli bəy Sultanov, Məmmədtağı
Sidqi, Cəlil Məmmədquluzadə, Böyük xan
Naxçıvanski, Rza Təhmasib, Bəhruz Kəngərli,
Hüseyn Cavid, Əliqulu Qəmküsar, Kazım Ziya, Əli Xəlilov,
İsa Musayev, İbrahim Həmzəyev, Firuzə Əlixanova,
Məmməd Qasımov və digər bu kimi görkəmli
dramaturq, aktyor, rejissor, rəssam və teatr təşkilatçıları
bəxş etmiş Naxçıvan Teatrının təsir
dairəsi geniş olmuşdur. Müstəqil olaraq meydana gələn
və 1923-cü ildə "dövlət dram teatrı",
1964-cü ildə "dövlət musiqili dram teatrı",
2022-ci ildə "dövlət milli dram teatrı"
statuslarını alan 140 yaşlı
Naxçıvan Teatrı milli teatr hərəkatında
möhkəm mövqe tutmuş, teatr sənətimizin
inkişafına daha güclü və səmərəli təsir
göstərərək Azərbaycanın çoxəsrlik və
zəngin mədəniyyəti tarixində öz yerini müəyyənləşdirmişdir.
-
Teatrın yaranmasında Eynəli bəy Sultanov, təşəkkülündə
Cəlil Məmmədquluzadə və Məmmədtağı
Sidqi, formalaşmasında Böyük xan Naxçıvanski,
Rza Təhmasib və Bəhruz Kəngərli kimi görkəmli
ziyalı və sənətkarların adını çəkdiniz.
Bu ziyalılar teatrda repertuarın tənzimlənməsində
nə kimi rol oynadılar? İstər
öz əsərlərilə, istərsə də sənətkarlıq
fəaliyyətlərilə özlərindən sonra gələn
nəslə nələri öyrədə bildilər, təbliğ
etməyə nail oldular?
- Əvvəldə söhbət açdığım kimi, sözün əsl mənasında teatr fədaisi olan Eynəli bəy Sultanovun ilk yerli dramaturq kimi, ilk quruluşçu rejissor, həmçinin bir aktyor kimi Naxçıvan Teatrının əsasının qoyulmasında və təşkilatlanmasında məxsusi xidməti vardır. Qısacası, bu böyük şəxsiyyət Naxçıvan Teatrının banisidir.
Lakin onu da etiraf etmək lazımdır ki, C.Məmmədquluzadə 1894-cü ildən etibarən - Naxçıvan şəhərində daimi məskunlaşdığı ildən Naxçıvan Teatrının təşəkkülündə müstəsna xidmətlər göstərmiş, yeni-yeni pyeslərin əldə edilib səhnəyə qoyulmasında bir rejissor və aktyor kimi fəal iştirak etmişdir. Məhz həmin ildən Naxçıvan şəhərində özünün "Tərbiyə məktəbi"ni yaradan məşhur pedaqoq Məmmədtağı Sidqi də Naxçıvan Teatrı ilə mütəmadi əməkdaşlıq etmiş və Mirzə Cəlilin ən yaxın köməkçisi olmuşdu. Bu iki böyük şəxsiyyətin teatrın dirçəldilməsində xidmətləri əvəzsizdir.
Demək olar ki, təxminən 1905-ci ildən Naxçıvanın teatr kollektivinə ümumi rəhbərlik işini əvvəllər polis məmuru kimi fəaliyyət göstərmiş, əslində isə səhnə sənətinə dərin ehtiram və məhəbbət bəsləyən Böyük xan Naxçıvanski yerinə yetirmişdir. Məhz onun bilavasitə təşəbbüsü və köməkliyilə 1909-cu ildə bir qrup gənc dram cəmiyyətinə, yəni Naxçıvan Teatrının heyətinə daxil olur. Bu gənclərin arasında teatra sonsuz sevgilə bağlanan Rza Təhmasib də var idi.
R.Təhmasib bir rejissor və aktyor kimi 10 ilə yaxın bir müddət ərzində ilk milli teatr rəssamlarımızdan olan Bəhruz Kəngərli ilə bərabər, Naxçıvan Teatrının formalaşmasında, bura yeni, istedadlı gənclərin cəlbində, Türkiyənin tanınmış dramaturqlarının əsərlərinin tamaşaya qoyulmasında və ən əsası 1915-ci ildə Azərbaycan teatrı tarixində məhz Naxçıvanda Mirzə Cəlilin "Ölülər"inə ilk səhnə həyatı verilməsində danılmaz xidmətlər göstərmişdir.
İkinci sualınıza cavab olaraq deyə bilərəm ki, E.Sultanov Naxçıvanda yerli dramaturqların yetişməsində, C.Məmmədquluzadə milli dramaturgiyamızın nəinki klassik, həm də o dövr üçün müasir pyeslərin repertuara daxil edilməsində, M.Sidqi və B.Naxçıvanski məktəbli gənclərdə səhnə sənətinə sevginin əxz olunmasında, R.Təhmasib yerli peşəkar rejissorluğun rüşeyminin yaradılmasında, B.Kəngərli Naxçıvan Teatrında ilk dəfə səhnəqrafiyanın formalaşmasında bir vəsilə olmuşlar.
(Ardı var)
Elxan
YURDOĞLU
Filologiya
üzrə fəlsəfə doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2023.- 14 mart.- S.15.