Yusif Qoca:
"Tamaşaçını təəccübləndirmək
çətinləşib"
Qazax Dövlət Dram Teatrı,
uzun illərdir, böyük çətinliklərə
rəğmən, əzmlə
fəaliyyətini davam
etdirir. Cari ildə də
teatr bir sıra maraqlı tamaşaları, layihələri
ilə sənətsevərləri
sevindirir. Sənət
ocağının hazırkı
fəaliyyəti və
gələcək planları
haqqında Qazax Dövlət Dram Teatrının
aktyoru Yusif Qoca ilə həmsöhbət
olduq:
- Yusif bəy, ötən həftə Milli Teatr Gününü
arxada qoyduq. Qazax Dövlət Dram Teatrı
bu günə necə hazırlaşmışdı
və necə qeyd etdi?
- Azərbaycan Teatrının
150 yaşı tamam oldu. Bu münasibətlə
adı teatrla çəkilən hər
kəsi təbrik edirəm. Teatr bir məbəddir,
məktəbdir, istirahətdir,
mütaliədir. Odur ki, vaxtını, asudəsini
səmərəli keçirən
hər kəsi təbrik edə bilərik. Qazax Dövlət Dram Teatrı Milli Teatr Gününü əsl bayram kimi qeyd etdi.
Teatrımıza rayon gənclərinin turu təşkil edildi. Təxminən
bir saat teatrımızın fəaliyyəti,
otaqlar, sexlər, repertuar planı, aktyor-rejissor heyəti ilə tanış
oldular. Ardınca gənclər Altay Məmmədovun "Yadındamı?"
pyesi əsasında hazırlanan eyniadlı tamaşanı izlədilər.
Tamaşa sonrası gənclərlə
fikir mübadiləsi aparıldı, xatirə fotoları çəkildi.
- Prezidentin Sərəncamı
ilə Milli Teatrın yaranmasının
150 illiyi dövlət
səviyyəsində qeyd
edilir. Qazax Dövlət Dram Teatrı hansısa diqqət, mükafatlandırma
gözləyirmi?
- Gözləntilər hər
zaman olub, olacaq da. Hər
il aidiyyatı
üzrə bir neçə əməkdaşın
adı fəxri ad üçün göndərilir.
Amma nəticə olmur. Biz mərkəzdən çox uzaqda yerləşirik. Necə deyərlər,
gözdən uzağıq.
Hərdən düşünürəm ki, görəsən, hamının Qazax Teatrının varlığından
xəbəri varmı?
Baxın,
ikinci dəfə peşəkar fəaliyyətinə
1989-cu ildə başlayan
sənət ocağında
cəmi 1 nəfər
aktyorun fəxri adı var. Hər kəsin arzusudur əməyinin qiymətləndirilməsi.
İllərini Qazaxda teatrın
yaşamasına xərcləyən
aktyor və aktrisalar var. Təqaüd yaşları çatanda,
arzularını da ürəklərinə yığıb
sənət ocağını
tərk edirlər.
Ümidliyik və inanırıq
ki, nə zamansa bizim teatra
da günəş doğacaq.
- Cari mövsümdə teatrın repertuarında hansı yeniliklər gözlənilir?
- Bütün olanlara rəğmən, teatr fəaliyyət göstərir.
Öz kiçik auditoriyasını
yeni tamaşalarla sevindirir. Bəzən 10 tamaşaçı üçün də səhnəyə çıxırıq.
Repertuarımızda yerli və xarici klassiklərin, müasir dramaturqların əsərləri yer alıb. Bu mövsüm
də 4 yeni səhnə işi hazırlanacaq. Bunlardan Slavomir
Mrojekin "Mühacirlər"
əsərinin məşqləri
başlayıb. Tamaşa aprel
ayının sonunda teatrsevərlərə təqdim
ediləcək. Bundan əlavə,
Ağalar İdrisoğlunun
"İnan mənə"
və İlqar Fəhminin "Son reportaj"
pyesləri də səhnələşdiriləcək.
Bildirim ki, Qazax Teatrının da müstəqil binası yoxdur. Biz, illərdir ki, müvəqqəti olaraq Qazax Mədəniyyət Mərkəzində fəaliyyət
göstəririk. Ümidvarıq ki, bizim də
teatr binamız olacaq.
- Prezidentin müvafiq Sərəncamı ilə
2023-cü il "Heydər Əliyev İli" elan edildi. Bu il
münasibətilə teatrınızda
hansısa tədbir və ya tamaşalar
nəzərdə tutulubmu?
- Əlbəttə. Dediyimiz
4 yeni səhnə işindən biri də Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Bu münasibətlə Qazax Dövlət Dram Teatrında
Aydın Murovdağlının
"Türkün alın
yazısı" əsəri
səhnələşdiriləcək.
Həmçinin, il ərzində nəzərdə
tutulmuş tamaşa ilə yanaşı, Teatr Xadimləri İttifaqının təşkil
etdiyi müsabiqədə
iştirak edəcək,
eləcə də Mədəniyyət Nazirliyinin
nəzərdə tutduğu
festivalda iki tamaşa ilə teatrımızı təmsil
edəcəyik.
- Qazax Teatrının
qastrolları olacaqmı? Xüsusən, işğaldan azad olunmuş bölgələrdə
tamaşa göstərmək
planınız varmı?
- Qastrollar hər zaman arzu olunur.
İstər ölkədaxili, istər işğaldan azad olunmuş torpaqlarımıza, istərsə
də ölkə xaricinə səfər etmək bizim üçün bayram olar. Teatrın işi tamaşa
nümayiş etdirməkdir.
İstədiyimiz məkanlarda, istədiyimiz
tamaşaları oynaya
bilmirik. Çox sağlam,
istedadlı kollektivimiz
var. Təəssüf ki,
doğma Qazaxda belə teatrın mövcudluğundan xəbəri
olmayan sakinlər tapılır.
- Bilirik ki, xalqımızın
qədim bayramlarından
olan Novruz ənənələrini daha
çox təbliğ
edənlərdən biri
teatrlarımızdır. Hazırda Novruz
bayramı ərəfəsindəyik.
Qazax Dövlət Dram Teatrı
əyalət teatrı
olaraq bayramla bağlı hansı tədbirlər həyata keçirir?
- Novruz Bayramı
sırf tamaşalar üzərində qurulub. Novruzun adət-ənənələri
tamaşa dili ilə çatdırılır.
Təbii
ki, təqdimat üçün tələbat
lazımdır. Bu kimi
şənlikləri teatr
təqdim edəndə
daha keyfiyyətli, daha məntiqli və səviyyəli iş ortaya çıxır. İnsanları aldatmaq olmaz, hərənin öz işi var. Hamı öz işini görməlidir, müğənni
müğənnilik etməli,
aktyor tamaşa oynamalıdır və sair.
Tamaşaçı çox ayıqdır, onu təəccübləndirmək
çətinləşib. Dövlət
tədbirlərində əlimizdən
gələnin ən yaxşısını edirik,
keyfiyyətli şəkildə
iş ortaya qoyuruq. Bu Novruzda
da hər hansı təklif olsa, dəyərləndirərik.
Teatr yerindədir, yaradıcı
heyət işinin başındadır. Biz işimizi görürük,
kimsə bunu görmürsə və ya görməzdən gəlirsə, o zaman ilahi ədaləti gözləməliyik.
- Bildirdiniz ki, Qazax Dövlət Dram Teatrının varlığından belə xəbərdar olmayan insanlar var. Onlar indiki zamanda teatrın fəaliyyəti və repertuarı haqqında hardan məlumat əldə edə bilərlər?
- Fürsətdən istifadə edib,
teatrsevərlərə bildirmək istəyirəm ki, Qazax Dövlət Dram Teatrında mütəmadi tamaşalar
olur. Teatrımızın feysbuk,
instaqram hesabları aktivdir,
daimi anonslar verilir. Bütün məlumatları
oradan əldə etmək mümkündür.
Sizin kimi media nümayəndələrinə də təşəkkür
edirik ki, bizi daim diqqətdə
saxlayırsınız. Biz hər zaman hər şeyin
yaxşı olacağına ümidliyik və
bu ümidlə də
çalışırıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 14 mart.- S.12.