Anarla ürək-ürəyə
Böyük
Anar təkdir! Bu gün Azərbaycanda Anar adı
daşıyanlar yüzlər, bəlkə lap minlərləsə
də, Böyük Anar yeganədir, müstəsnadır, vətənçi
və xalqçı düşüncəsinin məhsulları
və miqyasları, millət quruculuğuna bilavasitə təsirinin
sürəkliliyi və nəticələri ilə (60 ili aşıb, 70 ilə yaxınlaşan uzun
bir müddət!) bu nəhənglikdə ikinci şəxsiyyətimiz
olmayıb. Arxada qalan yolumuza, irəlidəki üfüqlərə
baxarkən bu qənaət də hasil olur ki, Anar belə bir əlçatmaz
zirvədə Tək və Üstün olaraq həmişəlik
də qalacaq!
Anar bütün millətinki və tarixinki olmaq zirvəsinə
dikəlmiş ilk böyüyümüz deyil. Bizim Həsən bəy Zərdabimiz,
Mirzə Fətəlimiz, Mirzə Cəlilimiz, Əli bəy
Hüseynzadəmiz, Məhəmməd Əmin Rəsulzadəmiz,
Əbdürrəhim bəy Haqverdiyevimiz, Salman
Mümtazımız, Cəfər Cabbarlımız, Üzeyir bəy
Hacıbəylimiz - qələmiylə və əməliylə
millət quruculuğuna misilsiz töhfələr vermiş zirvələrimiz
əvvəllər də olub. Anar onların
hamısının yekunu, onların xəttini, işini,
mübarizələrini yeni zaman içərisində daha da
cilalayaraq, zənginləşdirərək davam etdirən, diri
saxlayan, sağ olsaydılar, özlərinin hər birinin də
iftixarla və sevinclə təqdir edəcəyi
ruhdaşı, məsləkdaşı, əməldaşıdır.
Onun haqqında şeirlər, məqalələr,
dissertasiyalar, irili-xırdalı kitablar yazılıb və hələ
çox da yazılacaq. Bütün bunlar Anar öz qələmiylə Azərbaycana
və dünyaya
tanınmağa başladığı ilk
çağlardan bugünədək davam edir, zaman
ötdükcə, onun parlaqlığı və təkrarsızlığının
yeni üfüqləri daha artıq duyulduqca belə heyran və
məmnun yazılar sırası bir az da sıxlaşacaq. Fəqət Anar hamının tanıdığı
Anara çevrilməzdən çox əvvəl də ona Azərbaycanın
iki seçkin şairinin o günəcən yazdıqları məhəbbət
şeirlərinin ən səmimilərinin qəhrəmanına
dönmək də qismət olub. Çox
da ki, bu, bir ananın, bir atanın - Nigar Rəfibəyliylə
Rəsul Rzanın ilklərinə həsr etdiyi, hər
misrasından ana və ata olmaq bəxtəvərliyi saçan
laylavari şeirləri idi. Onun hələ
dünyaya təzəcə göz açdığı
vaxtlardan hər misrasına və hər sözünə təmənnasız
sevgi çökmüş şeirlərlə
qarşılanmasındasa hər halda bir rəmzilik də var.
Lap başlanğıcdan onun alnına sevimli olmaq və həmişə
də sevimli qalmaq yazılıbmış.
...Bir az uzananda yuxarı dönən
körpəcə dırnağın yadıma düşdü.
...Bir
körpə əlini görəndə bayaq
Çeçələ barmağın yadıma
düşdü.
Rəsul Rza bu şeiri yazanda Anar bir neçə
aylıq idi.
Nigar Rəfibəyli
bunları yazanda Anarın olardı 2-3 yaşı:
Körpə
ayaqların yaman yorulub,
Sinəmin üstündə dincəl, Anarım.
Gəl,
uzun kirpikli körpəcə quzum,
Anarım,
Anarım, gözəl Anarım!
Ailənin
sevimlisi! Əvvəlcə yalnız bir ata və
anadan ibarət balaca yuvanın, sonrasa bütöv millət ailəsinin
istəklisi. Anar ömrünün
insanlıq ailəsinin sevimliləri sırasında öz
layiqli yerini tutmaq fəsli də artıq başlanıb və
bu məhəbbətin əsl iri ölçüləriylə
üzə çıxması da hökmən baş verəcək,
sadəcə, zamana bağlı, yaxşı tərcümələrin,
təqdimatın və artan dillərin sayəsində vaxtla
gerçəkləşəsi niyyətdir.
Əlbəttə ki, belə bir taleyin sahibi olan Anar
xoşbəxtdir. Ancaq ondan qat-qat bəxtiyar olan belə bir
nadir yavrusu olan Vətən və millətdir.
Görəcəkli
günlərimiz içərisində o günlərin də
yetişəcəyini görəcəyikmiş ki, bir vaxtlar hələ
dil açmamış, körpəykən qıvrılan
dırnağına köksə sığmayan ata məhəbbətiylə
nəvazişli misralar həsr edilən Anarın kəsinti
dırnağına dəyməyən və mahiyyətləriylə
onun çeçələ barmağı boyda olmayanlar da hərdən-hərdən
"biz də varıqmış" deyə ona qarşı
bozaracaqlar, hədyanlar püskürəcəklər. Həmin hərzə deyişlər və
cızmaqaralar heç vəchlə Anar ucalığına qədər
yüksələrək bu böyük millət adamının
parlaqlığına zərrəcə kölgə sala bilməsə
də, riyakarların özlərini dərənin daha dərin
diblərinə çəkəcək, üstlərində həmişəlik
silinməz-yuyulmaz ləkə olaraq qalacaq.
Anar məktəbdir və bu mərtəbəyə də
ixtiyarlaşanda, uzun yol keçəndən sonra
çatmayıb. Peşəkar yaradıcılığa
özündən əvvəlki dahilərin yerinə yetirdiyi
böyük işləri büsbütün yeni biçimdə
davam etdirərək başladığı çağlardan məktəbədönməklik
ona xas idi. Çünki ruh o köhnə böyük
kişilərinki idi, amma çağdaş, cavan səs və yazı, ifadə
tərzi Anarınkı idi. Həm də hər təzə əsəri
içərisindən əlavə çölü ilə də,
şəkli ilə də bir ülgü idi və qocaman bir tut
ağacı hər dəfə yaz yenidən gəlirkən təzədən
tumurcuqlayan, yarpaqlar açan, hər növbəti yayda yenə
lap köhnə illərdəki şirinlikli bəhrə verən
təki, Anar səksənini arxada qoyub doxsanına
yaxınlaşdığı bu illərdə yenə həminki
cavan Anar kimidir - düşüncəsi, sözü, qələmi
həmin sanbalında, həmin təravətində, həmin
siqlətində və onun tükənməz yenilikçiliyi,
heyrətli ülgüləryaratma məziyyəti də
bütün yolu boyu ona xas olmuş əvvəlki gücündə!
Bugünün Anarı da elə cavan Anar qədər hər
yazısı ilə, hər çıxışı ilə,
hər addımı ilə canayatandır, ürəklərdən
xəbər verəndir, yolaçandır, baxaraq, öyrənərək
daha neçə-neçə bu cür yenilərini
doğurmaqçün qəlibdir.
Ülgülər, qəliblər, davam etdiriləsi
çeşnilər yaratmaq bizim qüdrətli duyğu və
düşüncə adamlarımıza keçmişlərdən
xas olan üstünlükdür. Bu da, bir növ,
yaradıcılıqdakı Azərbaycan brendidir. Əbubəkr Əcəmi Naxçıvaninin
memarlıqdakı yeniliklərini Yaxın və Orta Şərqin
neçə tikincəri bir nümunə, dəstxət olaraq
iqtibas etdi, başladılar ona oxşar yaratmağa. Nizami "Xəmsə" doğurdu, bu
"Beşlik" dönüb oldu müxtəlif dillərdə
yazan yüzlərlə tanınmış şairin 7 əsr
boyunca sadiq qaldığı, cazibəsindən çıxa
bilmədiyi nümunə. Eyni şəkildə filosoflarımız
Şihabəddin Yəhya Sührəvərdi də, Bəhmənyar
Azərbaycani də, lüğətçimiz Məhəmməd
Hinduşah Naxçıvani də, ulduzşünasımız
Nəsirəddin Tusi də, söz sərkərdəmiz
İmadəddin Nəsimi də, şah şairimiz Xətai də,
rəssamımız Sultan Məhəmməd də, fikirlə
ifadənin ilahi qovuşma nöqtəsini bulmuş Məhəmməd
Füzuli də, daha sonralar təmsilatı ilə Mirzə Fətəli
də, "Molla Nəsrəddin"i ilə Cəlil
Məmmədquluzadə və Ömər Faiq Nemanzadə də...
yol, örnək, məktəb, mayak oldular.
Və Anar da Azərbaycan yaradıcı
dühasının bir millətinki və tək yurdunku olmaq
çərçivəsindən çıxaraq daha geniş
fəzalara qanadlanmaq, bənzənən olmaq, ülgülər
vermək kimi müstəsna keyfiyyətinin XX-XXI əsrlərdəki
hələ ki son təzahürüdür.
Odur ki,
"Anar kimdir" sualına cavab axtaranlar, Anarın
böyüklük həddi barədə düşünmək
istəyənlər və o cümlədən, istəməyənlər
söhbətin hansı səviyyədən getdiyini heç
vaxt yaddan çıxarmamalıdırlar! Bu, zəka və qələm
uçuşlarının elə qatıdır ki, o
hündürlüyə təyyarələr qalxa bilmir,
yaradıcı fəzanın o layında kosmik raketlər
süzür.
...Düz
37 il əvvəl Anarın sonra əl-əl gəzəcək
kitablarından olacaq "Dünya bir pəncərədir"
işıq üzü gördü və mən həmin kitab haqda o
çağlar gündə 600.000 sayda çıxan "Azərbaycan
gəncləri"ndə "Anarla üz-üzə"
adlı məqalə yazdım. Məqalə fərqli
əks-sədalar oyatdı. Azərbaycan
Televiziyasının ovaxtkı sədri Elşad Quliyev məni
dəvət etdi, yazını çox bəyəndiyini
söylədi və yanımdaca Telefilmə göstəriş
verdi ki, ssenarimlə eyni adlı
tammetrajlı sənədli-publisistik film çəkilsin. Azərbaycan
yazıçılarının lap az sonra
baş tutan qurultayındakı hesabat məruzəsində isə
həmin məqaləm kəskin tənqid edildi. Təbii
ki, adicə bir qəzet məqaləsinə vəzifəsi ədəbi
mühitin 5 illik mühüm nəticələrini qiymətləndirməkdən
ibarət Yazıçılar İttifaqının hesabat səciyyəli
məruzəsində yer ayrılması mənə görə
deyildi, Anara qarşı qısqanclıqla bağlı idi.
Və Anara, ən yumşaq halda elə qısqanclıq
adlandıra biləcəyimiz, bu təhər kəc münasibət
gəncliyindən başlamış indiyədək həmişə
ara-sıra pırtlayıb ortaya çıxdı və yelin
qayadan heç nə apara bilmədiyi sayaq, həmişə də
çax-çax onların öz başını
ağrıtdı, Anar öz işində oldu, bir-birindən
gözəl yeni əsərlərini yaratmaqla sevənlərini
bir qədər də fərəhləndirdi, dargözləri
daha şiddətlə yandırdı.
Beləcə,
37 il qabaq uca Anara alçaq münasibətlərin
də varlığını yaxın məsafədən
duyaraq dəyər və qənimət olan seçilmişimizə
qarşı belə umulmaz yanaşmalara təəccüblənsəm
də, köhnə arxivlərə dalıb ədiblərimizin
daha əvvəlki onillərdə hansı girdablara
sovrulduqlarını sənədləri-sübutları ilə
bilincə hər halda nisbətən şükürlü
günlərdə yaşadığımızı
anladım.
Anar
1938-ci il martın 14-də doğulub. Demək, onun işıqlı dünyaya doğru yolu
9 ay, 9 gün, 9 gecə öncə başlanıb. Məşum 1937-ci ilin qorxunc iyunundan. O ayın
3-də Azərbaycan kommunist (bolşeviklər) partiyasının
nəhs XIII qurultayı keçirilmişdi, bir silsilə
şair, yazıçı və alimimiz rəsmən "xalq
düşməni" elan edilmişdi və artıq ertəsi
gün tuthatutlar başlamışdı, lap tezliklə
istedadla çağlayan neçə qüdrətli qələm
adamımızı qayıdışsız itirmişdik. Anar və onun yaş nəslinin illər sonra
parlayacaq, ədəbiyyatımızın, elmimizin, mədəniyyətimizin
güvənc və ümidinə çevriləcək
neçə təmsilçisi sanki tarixin, taleyin
üzrxahlığı və millətimizə göylərin
sovqatı kimi məhz o dövrdə dünyaya gəldilər.
Gəldilər ki, işığı azalan
dünyanı yenə işığa qərq etmək məsuliyyəti
və yükünü ömürləri boyu şərəflə
çəksinlər.
Necə
ki, 1039-cu ilin minlərlə insan ömrünü aparan, viranəliklər
törədən Gəncə zəlzələsindən sonra
təbiətin xəcalətdənçıxması kimi Pərvərdigar
Gəncəyə və Azərbaycana Nizami kimi misilsizi
bağışlamışdı.
...Böhranlı
illərin burulğanlarını geridə buraxaraq
yaşamasıyla, ölkədə və xaricdəki
nüfuzuyla, şəksiz ki, Anara borclu olan
Yazıçılar Birliyinin sədri vəzifəsini belə
ona çox görən tək-tük nankor və nadanların
hərdən-hərdən tərpəşdiyi, abır-həya
və qədir-qiymət pərdələrinin aradan
götürüldüyü indiki əyyamlarda bu həqiqəti
də anlayanlar hələ yetərincədir ki, Anar, dünyaya
çiyinlərində millət yükünü
daşımaq VƏZİFƏsi ilə gələnlərdəndir!
İndiyədək
hərəsinin öz adı olan yüzlərlə kitabı nəşr
edilmiş Anarın bütün kitablarının ortaq bir
adı var: "Millətin kitabı". Həm
də bu Millət Kitabı elə təkcə kitablardan ibarət
deyil. Anarın millət quruculuğu yolunda
gördüyü hər iş bu möhtəşəm
kitabın yeni səhifəsi, təzə fəsli deməkdir. 1970-ci illərdə, sovet adamının sözü
və gözü qıpıq, qələmi və fərdiyyəti
küncə qısnanmış olduğu çağlarda
Anarın yaratdığı "Qobustan" toplusu kimi bir saf
havalı mənəviyyat adası məgər həmin Millət
Kitabının ayrıca bir bölümü
sayılmazmı?! Anarın bütün digər
yazıları və çalışmaları öz yerində,
onun "Qobustan"ı ilə doğurduğu mühit Azərbaycan
zövqü və milli düşüncəsinin, istiqlal təfəkkürünün,
bütün yönləriylə azadlıq duyğusunun şəkillənməsi
və irəliləyişlərinə heç bir çəki
vahidi ilə nişan verilə bilməyəcək
münbit təsir göstərdi.
İlk gəncliyindən
bu anınadək Anar millətin və yurdun müqəddəratı
ilə bağlı irili-xırdalı bütün məsələlərdə
daim ən sağlam mövqedə dayandı, Vətən və
xalq mənafeyi susmamağı umanda o, haçansa, kimdənsə,
nədənsə çəkinərək qətiyyən
yaxasını bir kənara çəkmədi, cəsarət
və qətiyyətlə hər zaman sinəsini qabağa
verdi, sözünü həmişə vaxtında və
şax dedi, bütün ifratlar və xıltlardan azad duru, tərtəmiz
və dürüst azərbaycançılıq duyum,
düşüncə və yaşam tərzini müdam bir millət
müəllimi olaraq şüurlara səpdi.
Damarlarında
bu millətin xalis qanı axan hər kəsin belə mərd,
ötkəm, vəfalı, vergili övladla qürur duymaq
haqqı, həm də onu daim əziz tutmaq borcu var!
Vətən
və milləti Anar kimi övladlar böyük edir və bu
gün yalnız Azərbaycanın da deyil, bütün türk
dünyasının böyüklük ölçülərindən,
barmaqla sayılacaq qədər az meyar
şəxsiyyətlərindən olan Anar sağkən abidələşmiş
nadirlər zümrəsindəndir.
Yəqin ki, yüzfaizli gerçək olduğuna
inandığım bu sözləri Anarın da olduğu bir məclisdə
dilə gətirsəydim, ona xas dərin təvazökarlıq
və incə hazırcavablıqla dərhal bu deyişi zarafata
salacaqdı.
Necə ki, bir dost məclisində şərəfinə badə
qaldıranlardan biri Anarı "canlı klassik"
adlandırarkən anındaca gülə-gülə düzəliş
etdi: "Yox, mənə canlı klassik demə, artıq
yaşlaşmışam, yarımcan klassikəm".
...Muzdur mənşəyi
ilə öyünməyin dəb və yaşamağın
daha münasib olduğu şura hökuməti dönəmində
bir tərəfdən Məmmədxanlı, bir tərəfdən
Rəfibəylilər uruğunun budağı, pöhrəsi
kimi dünyaya gələn, xan-bəy, köklü-köməcli
ziyalılıq təməlləri üstündə boy atan
Anar qandan, şəcərədən gələn bu əsilzadəliyə
zəkasıyla, istedadıyla, nəcibliyiylə, həyat tərziylə
elə bir kübarlıq artırmağı bacardı ki, onu
görməmək, etiraf etməmək, ehtiram bəsləməmək
mümkünsüzləşdi. Azərbaycan müstəqilliyinin
qurucularından olan babasını - Cümhuriyyət dönəmindəki
ilk səhiyyə naziri və Gəncə valisi Xudadat bəyi
elə gəlişinin lap əvvəlində ən qəddar
düşmənlərindən sayaraq məhv etmiş, bu
damğanı da var olduğu müddətcə qüvvədə
saxlamış sovet hökumətinin gizli nəzərlərində
sona qədər etibar edilməyənlər sırasında yer
alan Anarın soyu və milləti qarşısında bir ali
xidməti də budur ki, ən qart əyyamlarda da şanlı
babaların ruhunu şad etdi, istiqlal ocağımızı ən
azı ürəklərdə sönməyə qoymayanlardan
oldu. Bunlar millətin və yurdun şərəf tarixinin elə
səhifələridir ki, gərək hamı bilə...
...Anar
yazı-pozuya başladığı gənc
çağlarından həmişə xalqla üz-üzə,
səs-səsə olub. Ancaq Anarla millət
arasındakı yaxınlığın,
doğmalığın hər kəsə nəsib olmayan bu məsud
həddi haçandır daha yüksək pilləyə
yüksəlib.
Sovet dönəmində də, müstəqillik
dövründə də dövlət Anarı həmişə
diqqətdə saxladı. Bu sözün
bütün mənalarında.
Və dövlət o dönəmdə də, bu dövrdə
də Anara verə biləcəyi yüksək təltifləri
əsirgəmədi.
Lakin tarix
və tale də Anara onillər ərzində Vətənə
və millətə sədaqətli xidmətinə və
doğurduğu solmaz əsərlərə görə öz
mükafatını verib - milləti ilə daim ürək-ürəyə
olmaq səadətini.
Dünən,
bu gün və bütün sabahlar içində!
Bir qələm
və düşüncə adamı üçün bundan
böyük nə təltif olar ki!
12 mart, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 14 mart.- S.8.