"Nizami Gəncəvi
türk mənşəyini əsərlərində
açıq-aşkar söyləyib"
ZƏHRA
ALLAHVERDİYEVA: "İRANIN CƏHDLƏRİ SIRF
SİYASİ XARAKTER DAŞIYIR"
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva "525"ə müsahibə verib.
- Zəhra xanım, İran daim böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami
Gəncəvini "fars
şairi" kimi təqdim etməyə çalışıb. İranın Nizami Gəncəvinin adı ilə manipulyasiya etməkdə məqsədi nədir?
- Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı
və mənşəyi
haqqında İranın
ciddi təhriflərə
yol verməsi və onu "fars şairi" kimi təqdim edərək dünyaya yanlış informasiyalar ötürməsinin səbəbləri
sırf siyasi xarakter daşıyır. Bu gün elm aləminə
tam şəkildə aydın
olur ki, Nizami Gəncəvinin milli mənşəyi haqqında yanlış fikirlər təkcə orta əsrlərdə şairin əsərlərinin
üzünü köçürən
katiblərin xətası
üzündən baş
verməyib. Bu yanlışlıqların əsası
XVII-XVIII əsrlərdən başlayaraq Çar Rusiyası və İran imperiyalarının
Qafqazda siyasi maraqlarına uyğun olaraq, bu siyasətdə
katalizator rolunu oynayan ermənilərin və onların havadarlarının qərəzli
uydurmalarından qaynaqlanır.
Məlumdur ki, aparılan uzunmüddətli məkrli
siyasətin nəticəsi
olaraq, XIX əsrdə
Rusiya və İran arasında bağlanmış Gülüstan
(1813) və Türkmənçay
(1828) müqavilələrinə əsasən Azərbaycan-Rusiya
və İran arasında bölündü.
Şimali Azərbaycanda sonuncu
olaraq Dərbənd xanlığı Rusiyaya birləşdiriləndə, işğalçılar
və onların erməni nökərləri
belə hesab etdilər ki, artıq Azərbaycanda
"türk məsələsi"
həll olunur. Lakin işğalçının gözlədiyi
kimi olmadı. Azərbaycan xalqı həm cənubda, həm də şimalda müstəmləkə şəraitində
öz tarixini, mənsub olduğu türk dilini, mədəniyyətini, ədəbiyyatını
yaşatdı. 20-ci illərin sonu və 30-cu illərin ortaları, ümumiyyətlə,
Azərbaycanın taleyi
təhlükə qarşısında
idi. Nə idi bu təhlükə? Ermənilərin təhriki ilə Qafqaz regionunun coğrafi-siyasi xəritəsinin
dəyişdirilməsi, Şimali
Azərbaycanın bir çox ərazilərinin
ermənilərə verilməsi,
ümumiyyətlə, Azərbaycan
adının silinməsi
fikri gündəmə
gətirilirdi. Oxşar proseslər
Cənubi Azərbaycan
xanlıqları İrana
ilhaq olunandan sonra da başlanmışdı.
Amma xalqın güclü müqaviməti işğalçıya
imkan vermirdi.
1925-ci ildə türk-Qacarlar
nəslinin sonuncu şahı Sultan Əhməd
şahı devirərək
şovinist fars
Pəhləvilər sülaləsinin
banisi Rza şah hakimiyyətə gəldikdən sonra bu proses gücləndirildi.
Məlumdur ki, fars, yəni
Persiya əslində İranın bir əyaləti idi. 1935-ci ildə Rza
şah İranı arilərin, yəni hind-irandilli tayfaların torpağı elan etdi və bu
məqsədlə bu ərazilərdə yaşayan
türklərin, o cümlədən,
Azərbaycan türklərinin
dillərinin saxtalaşdırılması
həyata keçirilməyə
başladı. Bu proses
onun oğlu Məhəmməd Rza şah dövründə də davam etdirildi.
Həmin
dövrdən etibarən,
Şərqin farsdilli poeziya nümayəndələrinin,
o cümlədən, Azərbaycan
şairi Nizami Gəncəvinin mənşəyinin
saxtalaşdırılması işinə ciddi cəhdlər göstərildi.
- Sizcə, İran nəyə əsaslanıb
bu cür iddialar irəli sürür?
- Onlar dil faktorunu
əsas gətirərək
fars dilində
yazan şairlərin mənşəyini İrana
bağlayırlar. Amma özlərinə
sərf etmədiyi üçün o dövrün
əsl həqiqətlərini,
əsrlərlə gedən
siyasi-ictimai prosesləri
nəzərə almaq
istəmirlər. X-XI əsrlərdən başlayaraq,
Şərq xalqlarının
ədəbi inkişafı
tarixində müstəsna
rolu olan farsdilli ədəbiyyat təkcə iranlılara məxsus deyildir, həm də digər müxtəlif sivil xalqların mühüm iştirakı
və fəaliyyətilə
yaradılmış müştərək
mədəni sərvətdir.
Farsdilli poeziyanın həmin dövrlərdə yayılaraq
inkişaf etməsi səbəbləri Şərq
regionunda baş verən siyasi-ictimai səbəblərlə bağlıdır.
Hegemon dövlətlər həmişə
mərkəzləşdirilmiş imperiya yaratmaq məqsədi ilə vahid dil birliyi
ideyasını irəli
sürüblər. Məsələn, ərəb xilafəti bu cür mərkəzləşdirilmiş
dövlət və vahid ərəb dili siyasəti yeridib. Ərəb xilafəti zəiflədikdən
sonra geniş Şərq regionunda yaranan türk Samanilər dövləti Mavəraünnəhr, Əfqanıstan
və İranın böyük bir hissəsini idarə edirdi. Bu hökumətin
paytaxtı Buxara şəhəri idi.
Samanilər dövləti
mərkəzləşdirilmiş idarəçilik sistemi yaratmaq məqsədi ilə öz tərkibinə daxil olan və etnik
tərkibi zəngin olan Əfqanıstan və İranın böyük bir hissəsində əsas yerli əhalinin dəri (fars)
dilində danışdığını
nəzərə alaraq,
bu dilin rəsmi dövlət dili və ədəbi
dilə çevrilməsinə
şərait yaratdılar.
Beləliklə, IX əsrdən başlayaraq,
farsdilli ədəbiyyatın
İran, Hindistan, Orta Asiya, Azərbaycan,
Türkiyə və başqa ərazilərdə
yayılması prosesinə
başlandı.
Samanilər dövründə Buxara,
Səmərqənd, Bəlx
və Mərvdə yaşayan türk əsilli alim, filosof və şairlərin də fars dilində
mühüm əsərləri
yarandı. Türk əsilli müəlliflər
farsca yaranan bu poeziyaya sadə
üslub, xalqın müdrik düşüncə
tərzini və çoxsaylı türk sözləri gətiriblər.
Amma bu o demək deyildir ki, türk
şairləri öz ana dillərində şeirlər yazmırdılar.
Bu sənətkarlar həm də öz doğma türkcələrində gözəl
şeirlər yazıblar.
Samanilər dövləti devrildikdən
sonra, 840-1032-ci illərdə
Mərkəzi Asiyada hakimiyyətdə olan türk-islam dövləti
Qaraxanilər öz milli dil ənənələrini
qoruyub saxlamağa üstünlük verdilər.
Mərkəzi Asiyada türk
sənətkarlarının ana dilində əsərləri yarandı.
Yusif Xas Hacibin "Kutadqu-bilik",
Mahmud Kaşqarinin "Divani-lüğət
it-Türk", Əhməd
Yüknəginin "Ətəbat
əl-həqayiq"əsərləri buna parlaq sübutdur.
XII əsrdə Nizami Gəncəvinin Şirvanşah Axsitandan "Leyli və Məcnun" əsərinin fars dilində yazılması sifarişini alarkən düşdüyü vəziyyət, doğma ana dilinin sıxışdırılması haqqında söylədiyi beytlər danılmaz faktdır. Təsadüfi deyil ki, görkəmli şərqşünas-alim Əbdürrəhman Tahircanov məsələ ətrafında tədqiqat apararkən qeyd edirdi ki, Nizami Gəncəvi ilk öncə özünün türkcə Divanını Şirvanşah Axsitana göndərib və onu "öz Divanının hamisi" adlandırıb. Odur ki, Şirvanşah Nizamiyə "Leyli və Məcnun" əsərini farsca yazmağı sifariş edərkən şair türkcə şeirlərinin yayılmaması qayğısından məyus olub. Bu, bir həqiqətdir. Bizə düşmən kəsilən qüvvələr yazılmış türkcə olan əksər mətnləri də sıradan çıxarıblar.
- Nizami Gəncəvinin türk olduğuna dair çoxsayda faktlar var. İstərdik ki, bu faktları daha detallı sizin dilinizdən eşidək.
- Bəli, Nizami Gəncəvi öz türk mənşəyini əsərlərində açıq-aşkar söyləyib. Nizami Gəncəvinin babası Zəki Müəyyəd-dinəslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və "Müəyyəd-din" (Dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülmüşdü.
Nizami Gəncəvinin anası Azərbaycanda əsil-nəcabətili, zadəgan nəslindən olan bir türk qızı idi. Gəncədə dünyaya göz açmışdı. Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə "Xacə" titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Diqqəti mənbələrdə dəqiq şəkildə öz əksini tapan bir fakta yönəltmək istəyirəm: Türk sultan saraylarının qaydalarına əsasən, səlcuqlar və atabəylər üç vəzifəni - saray mühafizəçiliyini, silah-sursat anbarını və xəzinəni yalnız türklərə etibar edirdilər. Saray rəisi - Xacə vəzifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Əlimizdə olan mənbəyə əsasən, Xacə Ömər döyüşdə yaralanıb və aldığı yaradan çox cavan - otuz yaşlarında vəfat edib. Onun ölümünə söylənən bir ağıda Ömərin cəsur türk olduğu xatırlanır. Elə bu faktın özü təsdiq edir ki, Nizaminin anası əsil-nəcabətli türk qızı olub.
Nizami Gəncəvi öz adını "Üveys" adlandırıb. "Üveys" adında - türklərin totemlə bağlı kökü və tamğa işarəsi var. Qədim ərəblər Oğuza - "Üveys, yəni "Qurd balası" adını veriblər. Qədim ərəb və fars lüğətlərində "Üveys" qurd adıdır.
Bu faktlardan göründüyü kimi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.
- Azərbaycan Prezidenti X Qlobal Bakı Forumunda çıxışında Nizami Gəncəvi ilə bağlı xüsusi vurğu etdi. Onun Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunduğunu dedi. Bu barədə istərdim fikirlərinizi bildirəsiniz.
- Cənab Prezident İlham Əliyev Qlobal
Bakı Forumunda öz
çıxışında söylədiyi sözlərlə
dövlət başçısı olaraq
müdrikcəsinə dünyaya bir mesaj verdi.
Prezident bu mesajla tarixi
faktlara söykənərək Nizami Gəncəvinin vətəni, şəxsiyyəti
və milli mənsubiyyəti haqqında dürüst həqiqətləri bütün dünya liderləri
və ictimaiyyətinə çatdırdı. Məlumdur ki, Nizami söz
sənəti ilə bərabər, vətəni Azərbaycana,
doğma torpağı Gəncəyə,
mənsub olduğu türk
xalqına məhəbbətini də dünyaya
car çəkib. Vətən haqqında
Qətran Təbrizinin, Xaqani Şirvaninin yanıqlı misraları mütəxəssislərə
məlumdur. Nizami də özü
haqqında bir çox
mətləbləri incə şəkildə söyləyib. Nizaminin doğma Gəncəsinə
məhəbbəti ana-bala məhəbbəti
kimi təmənnasız və hüdudsuzdur. Ona xəzinələr
vəd edilsə belə, öz Gəncəsini
heç zaman tərk
etməyib. Şair özünün
ülvi vətən məhəbbətini
- hətta İraqın xəzinələrinə belə dəyişmədiyini
elan edib. Dövlət
başçısı "Onun müdrikliyi və istedadı Azərbaycan
xalqının istedadını və müdrikliyini
təcəssüm etdirir" fikri ilə çox mühüm bir məqama toxundu. Nizami Gəncəvi
əsərlərində şəxsləndirilmiş hər bir kamil obrazın, mərifət
sahibinin, ədalətli hökmdarın
arxasında mütəfəkkir, filosof-şair
özü və onu
yetirən müdrik, sülhsevər Azərbaycan
xalqı dayanır. Nizami Gəncəvinin
ölməz humanist ideyaları öz doğma
xalqının mənəvi dəyərlərindən
qaynaqlanıb. O, mənsub olduğu
Azərbaycan xalqı kimi həmişə
başqa millətlərə böyük məhəbbət və rəğbət
bəsləyib, zülm etməməyi təbliğ
edib, əsərlərində hər bir xalqın dilinə, tarixinə, mədəniyyətinə
hörmət və sayğı ilə yanaşıb. Nizami bütün bəşəriyyəti
mənəvi kamillik zirvəsinə,
insanlığa xidmət etməyə səsləyib, bu çağırışlarla özünə
əbədilik qazanıb.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2023.- 14 mart.- S.6.