Naxçıvanda səhnə sənəti:
140 illik şanlı tarixə bir söhbətlik baxış
(Əvvəli ötən
sayımızda)
- Naxçıvan Teatrının
Azərbaycan səhnəsinə
və kinematoqrafiyasına
bəxş elədiyi
simalardan da oxucularımıza məlumat
verməniz pis olmazdı.
- Naxçıvan Teatrı
Azərbaycan səhnəsinə
bir sıra müqtədir sənətkarlar
bəxş etmişdir. Eyni zamanda
milli kinomuzun ən gözəl nümunələrində də
biz Naxçıvan Teatrından
pərvazlanan, həmçinin
ömrünün sonunadək
bu qədim sənət ocağında
fəaliyyət göstərən
aktyorlarımızın simalarına
rast gəlirik. Elə böyük sənətkarımız
Rza Təhmasibdən başlayaq. Onun həm rejissor olduğu "Arşın
mal alan" (1945) filmi dünyanın 134 ölkəsində nümayiş
etdirilmişdir. Bir kinorejissor kimi məşhurlaşan R.Təhmasib
eyni zamanda "Fətəli xan",
"Qanun naminə",
"Bakıda küləklər
əsir", "Ən
vacib müsahibə"
filmlərində müxtəlif
xarakterli obrazlar yaratmışdır. Tamaşaçılar isə onu ən
çox Qaloş obrazı ilə tanıyır.
Əli Xəlilov
da R.Təhmasibin rejissorluğu ilə çəkilmiş "Onu
bağışlamaq olarmı?"
filmindəki primus düzəldən
- Şahmar rolu ilə məşhurlaşmış,
sonralar isə bir çox filmlərdə epizodik rollara çəkilmişdir.
"Nəsimi" filmində
Əmir Teymurun baş məsləhətçisi
Mövlana Əli obrazını Naxçıvan
Teatrının aktyoru,
o vaxt MSSR-in Əməkdar
artisti Yusif Haqverdiyev canlandırmışdır.
Teatrımızın daha bir məşhur
aktrisası, Xalq artisti Zəroş Həmzəyeva 1986-cı ildə
lentə alınmış
"Yay gününün
xəzan yarpaqları"
filmində Səməngül
roluna çəkilmişdir.
1960-cı
illərin ortalarında
ali ixtisas təhsillərini başa vurub təyinatla Naxçıvan Teatrında
bir neçə il fəaliyyət göstərdikdən sonra
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrının aparıcı
aktyoru olan, Xalq artisti Tariyel
Qasımov və indiyədək "Azərbaycanfilm"
Kinostudiyasında çalışan
Əməkdar artist, "Əhməd
haradadır?" filmindəki
şofer Əhməd obrazı ilə məşhurlaşmış Elxan
Qasımov sonralar bir çox filmlərdə yaddaqalan, maraqlı rollara imza atmışlar.
- 140 illik bir sənət
məbədindən danışırıq.
Teatrın müxtəlif
illərdə yubileyləri
keçirilib və bir tədqiqatçı kimi Siz bunlardan
daha əhatəli xəbərdarsınız...
- Teatrın ilk yubileyi - 40 illiyi, 1923-cü ildə keçirilib və bu münasibətlə
"dövlət dram teatrı"
adını alıb. 50 illiyi kollektiv
səviyyəsində, səthi,
60 illiyisə Naxçıvan
Vilayət Partiya Komitəsinin xüsusi qərarı ilə İkinci Dünya Müharibəsinin sonlarına
yaxın - 1944-cü ildə
qeyd olunub. 70 illiyi 1953-cü ildə Stalinin ölümü səbəbilə
təxirə salınıb.
80 illiyinini ndiki, möhtəşəm binasında,
böyük təmtəraqla
keçirilməsi nəzərdə
tutulsa da, yeni binanın açılışı bir
il gecikməklə, muxtar respublikanın 40 illik yubiley təntənəsi
münasibətilə, 1964-cü il oktyabr ayının
15-də baş tutub. Doqquz gün sonra, oktyabrın 24-də teatrın
yeni binada pərdələri ilk dəfə
olaraq "Məhsəti"
tamaşasının premyerası
ilə açılmışdır.
Bu tarixi hadisə
də teatrın 80 illiyinin qeyd olunması kimi qiymətləndirilmişdir. 90 illiyisə demək
olar ki, bu münasibətlə keçirilən müxtəlif
tədbirlərdə - teleradio
verilişlərində, o cümlədən,
teatrın yaradıcı
qruplarının tarlalarda
kolxozçularla, fabrik
və zavodlarda fəhlələrlə, təhsil
müəssisələrində tələbə və şagirdlərlə, muzey
və kitabxanalarda ziyalılarla görüşlərində
xatırlanmışdır.
1983-cü
ildə qədim sənət ocağının
100 illiyinə hazırlıq
prosesinin getdiyi bir zamanda bir
qrup şəxs tamamilə uyğunsuz faktlara əsaslanan "dəlillər"lə muxtar
respublika rəhbərliyinə
yanlış məlumat verərək teatrın yaranma tarixinin 1886-cı ilə
aid olduğunu "sübuta"
yetirib yubileyin təxirə salınmasına
nail oldular. Üç
il sonra
Azərbaycan KP Mərkəzi
Komitəsinə edilən
müraciət əsasında
Naxçıvan teatrının
100 illik yubileyinin keçirilməsi haqqında
qərar qəbul olundu. Bu münasibətlə
teatr binasının əsaslı təmiri səbəbindən saxtalaşdırılmış
yubiley 1987-ci ildə qeyd olundu. Bu "yubiley"ə qədər isə teatrın neçə-neçə
sənətkarı dünyasını
dəyişdi.
1990-cı illərin ortalarına
qədər Azərbaycanda,
o cümlədən, muxtar
respublikadakı ictimai-siyasi
vəziyyət səbəbindən
110 illiyin qeyd olunması da mümkün olmadı. 2006-cı ilin əvvəllərindən
teatr rəhbərliyi yenə də yanlış tarixlə 120
illiyin keçirilməsi
üçün Azərbaycan
Respublikasını Mədəniyyət
Nazirliyinə müraciət
hazırlamaq istəyirdi.
Həmin
məsələ teatrın
Bədii Şurasında
müzakirə olunarkən
Şura üzvü kimi etirazımı bildirib bu dəfə
qədim sənət ocağının yubileyini
dəqiqləşmiş tarixi
faktlar və sənədlər əsasında
qeyd olunmasını təklif etdim. Bu təklif səs
çoxluğu qazanmadı
və respublika Mədəniyyət Nazirliyinə
teatrın 120 illiyi barədə məktub hazırlanması qərara
alındı.
"Xalq qəzeti"nin
2006-cı il 26 mart tarixli
nömrəsində "Milli
teatrımızın doğuluşu,
yaxud Naxçıvan Teatrının neçə
yaşı var?!" adlı məqaləm dərc olundu. Bundan sonra uzun müddətdən
bəri Naxçıvan
Teatrının tədqiqilə
məşğul olduğumdan
onun yaranma tarixini dəqiq göstərən faktları,
sənədləri və
fotoşəkilləri Muxtar
Respublika Ali Məclisinin
tələbinə əsasən
oraya təqdim etdim. Muxtar respublika rəhbərliyi tarixi faktlar və sənədlər əsasında Naxçıvan
Teatrının 120 illiyinin
ötdüyünü vurğulayaraq,
2008-ci ildə tamam olacaq 125 illiyə hazırlıq görülməsi
barədə tapşırıq
verdi. Respublika Prezidentinə ünvanlanmış
məktub əsasında
möhtərəm cənab
İlham Əliyev
2008-ci ilin yanvarın
31-də "Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrının
125 illiyi haqqında"
tarixi Sərəncam imzaladı. Lakin təəssüf ki, tədbirin təşkilatçılıq tərəfi bu Sərəncamın layiqincə
həyata keçməsinə,
arzuolunan nəticəni
əldə etməyə
imkan vermədi. Həmin ilin sentyabrında qeyd olunan 125 illik sanki üç
əsri əhatə edən bir sənət
məbədinin yubileyini
deyil, hər hansı bir tədbiri xatırladırdı.
Teatrın keçdiyi yol
barəsində hazırlanmış
bəsit məruzədən
sonra, heç bir əlavə çıxış, təbrik
sözü olmadan S.Vurğunun "Fərhad
və Şirin" tamaşası göstərildi.
Yubileyə Azərbaycanın dövlət teatrlarından
və respublikanın mədəniyyət nazirliyindən,
həmçinin Teatr Xadimləri İttifaqından
bir nəfər belə dəvət olunmamışdı.
Sonrakı illərdə isə teatrın 130 və 135 illiklərinin xatırlanmaması
belə müəmma olaraq qalmaqdadır.
- Bu il isə
Naxçıvan Teatrının
140 illik yubileyidir...
- Hər bir təşkilatın, müəssisənin yubileyi əlamətdar tarix, təntənəli mərasimdən başqa, hesabat, qət edilmiş onilliklərə nostalji və qürurverici bir nəzər, əldə edilmiş nailiyyətlərlə fəxarət duyğularını paylaşmaq, son uğurların mükafatlandırılması deməkdir. Teatr yubileyi də eynilə. Bütün inkişaf etmiş ölkələrdə qəbul olunmuş vahid qaydaya əsasən teatrın yubiley günündə keçirilən təntənəli mərasimdə yaradıcı heyət tam tərkibdə səhnədə əyləşir. Ölkə, şəhər rəhbərliyinə aid yuxarı təşkilatların nümayəndələrinin, fəxri qonaqların, dəvət olunmuş görkəmli sənətkarların - həmkarların təbrik nitqləri dinlənilir, teatrın veteranları tərəfindən maraqlı xatirələr söylənilir və ara-sıra əvvəlki və yeni quruluşlardan səhnəciklər nümayiş etdirilir. Sonda dövlət mükafatlandırılması varsa, onların təqdimatı icra olunur. Teatrın keçdiyi yaradıcılıq yolunu əks etdirən sərginin foyedə olması da zəruridir. Son texnologiyalardan istifadə olunmaqla məzmunlu slaydın nümayiş etdirilməsi də məqsədəuyğundur. 140 illiyi niyə də belə qeyd etməyək!
- Əvvəlki dövrlərdə teatrların respublikamızın ayrı-ayrı bölgələrinə, hətta xarici dövlətlərə qastrolları bir ənənə şəklini almışdı. Bu, teatr sahəsində işin bir parçası idi. Şəxsən mən son 10-15 ildə Lənkəran Teatrının və Türkiyənin Trabzon Teatrının Naxçıvana qastol səfərlərini xatırlayıram. Özüm də uzun illər mətbuat sahəsində, jurnalistika ilə məşğul olduğumdan Naxçıvan Teatrının son 20 ildə uzağı 5 qastrol səfərini yada sala bilirəm. Düzdür, muxtar respublikanın rayonlarına səfərlər olur, amma qastrol bir az geniş məfhumdur. Sizcə, teatrın bu istiqamətdəki fəaliyyətində nələr çatışmır?
- Əvvəla onu xatırlatmaq istərdim ki, sovet dövründə bütün müttəfiq respublikaların dövlət teatrlarında tətbiq olunan ciddi qanunlardan, eyni zamanda ənənələrdən biri də qarşılıqlı qastrolların həyata keçirilməsidir. Qastrollar adətən yay fəslində, yəni teatr mövsümü başa çatdıqdan sonra - iyun-iyul aylarında icra olunurdu. Məsələn, Naxçıvanda son tamaşa göstərilməklə mövsüm bağlanır və teatr bir həftə və ya on gün sonra Quba-Qusar-Xaçmaz bölgəsinə bir neçə tamaşa ilə qastrola gedirdi. Məhz həmin vaxtlarda Gəncə Teatrı zəngin bir repertuarla - 6-7 tamaşa ilə muxtar respublikanın qonağı olurdu. Beləcə də Azərbaycanın digər teatrları. Qastrol səfərləri iyul ayının sonlarında başa çatır və kollektivlər geri dönərək avqust ayının 1-dən məzuniyyətə buraxılırdılar. Sentyabrın ortalarında və ya sonlarında dövlət teatrlarının yeni mövsümü başlayırdı.
Müstəqillik illərinin əvvəllərində, xüsusən də 1990-cı illərin ortalarınadək qastrol səfərləri dayandırılmışdı. Lakin 90-cı illərin əvvəllərində Naxçıvan MR Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin Türkiyə Respublikası və İran İslam Respublikasının rəhbərlərilə bağladığı müqavilələrə əsasən mədəni mübadilələr zəminində Dövlət Musiqili Dram Teatrı və Dövlət Kukla Teatrı 1992-1996-cı illərdə bu ölkələrin bir neçə şəhərində qastrol səfərlərində olmuşdur.
1996-cı ildən başlayaraq "Ümid" körpüsündən keçməklə ilk dəfə İstanbul, sonra isə Ankara və Van dövlət teatrları Naxçıvan şəhərində qonaq oldular. Ən son, qeyd etdiyiniz kimi, Trabzon Teatrı burada olmuşdur. Azərbaycan teatrlarından isə Dövlət Akademik Milli Dram Teatrı iki dəfə, Lənkəran Dövlət Dram Teatrı isə bir dəfə Naxçıvana gəlmişdir.
Belə yaradıcılıq mübadilələri, yəni qastrol səfərləri qarşılıqlı olaraq teatrların kollektivlərinə yeni stimul verir, yeniliklər öyrənilir, müzakirələr aparılır və sair. Bu gün belə səfərlərin təşkili təkcə teatrların təşəbbüsü ilə deyil, yuxarı dövlət təşkilatlarının, xüsusən də mədəniyyət nazirliklərinin dəstəyilə həyata keçirilməlidir.
(Ardı var)
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə
doktoru, dosent, şair-publisist
525-ci qəzet.- 2023.- 15 mart.- S.15.