Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli
ötən çərşənbə sayımızda)
Sən hər şeyi
həmin dostundan daha çox bizə borclu olduğuna görə
etmisən, axı sənin dostluğun nə vaxtsa belə
yaxın olmuşdumu? Biz
özümüzü (həm də rahibələri nəzərdə
tutur - tərcüməçi) sənin bacıların, sənin
uşaqların adlandırırıq və güman edirik ki,
bu əziz olan bir münasibətin əlaməti olduğunu
ifadə edir. Əgər biz nankor
olmağı bacarsaydıq, bizə məlum olanları sənə,
bu kilsəyə, bu mehrablara, bu divarlara danışa bilməzdik.
Sən bu binanın bünövrəsini yeganə
qoyansan, bu, bütünlüklə sənin işindir
(Abelyarın Paraklet monastırının əsasını
qoyduğuna şarə edir - tərcüməçi). Sən burada yaşamasan da, əvvəllər
quldurları, qatilləri ilə tanınan bu yerə belə
şöhrət və müqəddəslik verməzdin.
Bizim xidmət etdiyimiz Allah burada yerləşdirdiyi
ziyansız rahibələrdən başqa heç nəyi
görmür. Bu cavan üzümlük
ancaq sənə borcludur, sən onu becərməyə və
yaxşılaşdırmağa tam qayğı göstərirsən.
Bu, sənin həyatının ən vacib
işlərindən biri olmağa borcludur. Bizim
müqəddəslikdən təcrid olunmağımıza
baxmayaraq, andlarımız və həyat tərzimiz bizi
bütün şirnikləmələrdən, azmalardan qoruyur.
Bizdəki ləyaqət təbiətə və
qadına bəxş edilmiş bir şeydir. Allahın üzümlüyünü salmaq heç
də kiçik zəhmətin işi deyildir. Allahın mərhəməti, həmin kilsə
üçün adamların daimi duaları hər ikisinin
işini bəhrəli etməlidir.
Sən bu dünyanın yaxşı şeyləri ilə
dolu olanlarla və yerin piyi ilə qidalananlarla danışanda
İncildəki kəhrəbaların donuzun qabağına səpələnildiyini
xatırladın ("Yeni Vəsiyyət"dəki -
"İncil"dəki pritçanı yada salır - tərcüməçi)
və sən günahsız qoyunlara laqeydlik göstərdin.
Sən mənə yazanda, məhz öz arvadına
yazacaqsan, nikah belə məktublaşmanı qanuni etmişdir və
sən ən kiçik hay-küyə də yol vermədən
məni məmnun edəcəksən. Mən öz əmimdən
qorxmuram. Burada sənin də qorxmağın
üçün heç nə yoxdur. Sən məni
görə bilərsən, mənim çəkdiyim ahları
eşidə bilərsən və heç bir təhlükə
hiss etmədən bütün dərdlərimin şahidi ola bilərsən. Beləliklə,
sən yalnız göz yaşları və sözlərlə
mənim ağrımı yüngülləşdirə bilərsən.
Mənim bəzi bədbəxtliklərimə sən
səbəb olmusansa, mənim bütün rahatlığım
üçün də sən bir alət olmalısan.
Sən xatırlamaya bilməzsən ki, (çünki
sevgililər yaddan çıxara bilməzlər) sənin
mülahizəni dinlədiyim bütün günlərdə mən
həzz fazasını yaşamışam. Sən
olmayanda mən özümü hamıdan gizlətdim ki, sənə
məktub yazım. Məktubun sənin əlinə
düşməsi o qədər də asan məsələ
deyildir.
Mən özümə nifrət edirəm ki, səni sevə bilmişdim. Mən özümü daim həbsxana şəraitində əzdim, bu, səni sakit və yüngül bir şəraitdə yaşada bilər. Qüsur heç vaxt heç nəyi bu qaydada ilhamlandırmır, bu, bədəni əsir etmək üçün olduqca çoxdur. Mənim qəddar əmim heç də sevdiyim bir adam deyildir. Lakin o, heç bir səbəb olmadan da təqsirkar idi. Mən səni həmişə olduğundan artıq sevirəm. Ona olan mənim qisasım da məhz belədir. Ömrümün sonuna qədər səni sevəcəyəm. Əgər keçmişdə sənə heyranlığım elə saf deyildisə, indiki dövrdə mənim ağlım və bədənim səni sevir. Digər hansısa bir xoşbəxtliyə nisbətən, sənin ürəyinə sahib olmaqdan daha çox həzz duyurdum və həm də səndə bir ləyaqətli adamı qiymətləndirirdim.
Müstəsna qaydada bunu istəməsəm də, sizə ərə getməyimə razılıq verdim, baxmayaraq ki, bilirdim ki, kiminsə arvadı olmaq adı dünyada şərəfli, dində isə müqəddəs sayılır. Ancaq sənin məşuqən olmaq adı daha böyük lətafətə malikdir, çünki məşuqə daha sərbəstdir. Mən kiminsə arvadı olmaq adına nifrət edirəm, ona görə də məşuqə sifətində daha xoşbəxt yaşa bilərəm. Mən Abelyarla onun məşuqəsi kimi yaşamağı dünyanın digər bir imperatriçəsindən daha yüksək səviyyə hesab edirəm. Mən Yer üzünün Kralının qanuni arvadı olmaqdansa, sənə itaət göstərməyimlə daha xoşbəxt idim. Var-dövlət və dəbdəbə isə heç də məhəbbətin lətafəti deyildir.
Məhəbbət deyil, ancaq var-dövlətə sahib olmaq arzusu qadını əfəllərin ağuşuna atır. Heyranlıq deyil, yalnız ambitsiya belə nikahları meydana gətirir. Mən inanıram ki, onlar həqiqətən də bu yolu seçməklə müəyyən şərəf və fayda əldə edirlər, lakin heç vaxt düşünə bilmərəm ki, bu yol vurğunluq ittifaqının həzlərinə malik olmaq yoludur, uzun müddət ayrı şəkildə mövcud olmuş ürəklərin axırda birləşməsi vaxtı onların zərif və heyranedici sevincləri hiss etmələridir. Belə nikah şəhidləri daim böyük talelərə malik olmağı istədikləri halda, onu itirdiklərini düşünərək vərəmləyirlər, solurlar. Arvad görür ki, ər onun malik olduğundan daha varlıdır və ər isə arvadın ondan daha yaxşı paya sahib olduğu qənaətinə gəlir. Məhz muzdluya xas olan andları onların peşmançılığına səbəb olur və bu peşmançılıq da nifrət yaradır. Tezliklə onlar ayrılırlar və ya bunu arzu etməyə başlayırlar. Qızıl üçün narahat istək və işgəncə verən ehtiras məhəbbətin özündən deyil, saxta məhəbbət yolu ilə digər fayda əldə etmək məqsədini güddüyünə görə onları cəzalandırır.
Mən inandırılmışam ki, bir-birlərini sevən iki fərdin ittifaqı əsl azadlıqdır, onlar gizli meylləri ilə birləşmişlər və biri digərinin ləyaqətlərindən məmnundur. Onların ürəkləri doludur və başqa bir ehtiras üçün burada yer yoxdur: onlar sevinc həzzinə görə daim sakit yaşayırlar.
Bir vaxt var idi ki, biz bir-birimizin ləyaqətlərinə inanan cütlük idik. Mən sənin ağlına əmin olmaya bilərdimmi? Hansı ölkə, hansı şəhər sənin onun sakini olmağını arzulamazdı?
Sənin bizim cinsin məhəbbət düşkünlüyünü çox cəlb edən nüfuzun, sənin havan, sənin davranış qaydan, ağlının itiliyini ifadə edən gözlərindəki işıq, sənin çox asan və bəlağətli dediklərin, bütün məsələlərə razı qalmağı təmin edən cavabı verən danışığın, qısaca deyilsə, hər şey sənin xeyrinədir. Bu məsələdə sən digər alimlərdən fərqlənirsən, onlar bütün biliklərinə, hazırcavablılıqlarına baxmayaraq, qadını fəth edə bilən danışıq aparmaq qabiliyyətinə malik deyillər. Qadın isə daha az beyin payına malikdir (Bu sözləri Eloizanın özünə aid etmək böyük ədalətsizlik olardı - tərcüməçi).
Mənə həsr etdiyin kiçik nəğmə, hər şeyin ən kiçik eskizi min gözəlliyə malik olmaqla, dünyada sevgililər qalana qədər uzun müddət yaşamağa qadir olacaqdır (Məgər Eloizanın öz məktubunda ifadə etdiyi hisslər də uzun əsrlər boyu yaşamağa qadir deyilmi? - tərcüməçi). Bu nəğmələr mənə ünvanlansa da, digər qadınların da şərəfinə oxunacaqdır. Onların seçimi və təbii ifadələri sənin məhəbbətindən danışmaqla, digərlərinə də öz ehtiraslarını bəyan etməyə kömək edəcəkdir.
Çox sayda qadın sənin mənə bəslədiyin hisslərin özləri üçün olmasına iddia etdilər və öz gözəlliklərini qiymətləndirməkdə bu, onlara köməklik göstərdi. Mən çoxlarının sənin ehtirasın üçün ah çəkdiklərini görmüşəm. Digərləri isə ümidsizlikdən və paxıllıqdan məni qınayırlar ki, sənin ağlının bəxş etdiklərindən başqa, mənim heç bir məlahətim yoxdur və ya sənin sevgilin olmaqdan başqa onlardan da heç bir üstünlüyüm yoxdur. Mən düşünürəm ki, öz ləyaqətlərinə görə sənə borclu olmaqla yanaşı, xüsusən xoşbəxtəm ki, sənin kimi sevgilim vardır və həzz alan bir adama vurulduğuma görə bundan gizli qaydada həzz alırdım, bu vaxt o, məni öz məşuqəsi kimi ilahə səviyyəsinə qaldırırdı. Mənə ünvanladığın bütün tərifləri sevinclə oxudum və necə az şeyə layiq olduğumu ifadə etmədən, sənin yazdığın kimi bircə ona inanıram ki, sənə həzz verdiyimə daha çox əmin olmalıydım.
Həmin xoşbəxt vaxt haradadır? Mən öz sevgilimə ağı deyirəm və mənim bütün sevincim keçmişin ağrılı xatirəsindən başqa bir şey deyildir. Mən onu sevirdim; mənim məhəbbətim onun cinayəti və cəzalandırılması üçün bir səbəb oldu. Gözəlliyim ilk dəfə onu heyran etdi. Bir-birimizdən həzz almaqla biz sakitliyin və xoşbəxtliyin ən parlaq günlərindən keçdik. Əgər o, cinayət idisə, həmin cinayətə mən hələ də vurulmuşam. İradəmin əleyhinə olandan savayı, mənim heç bir peşmançılığım yoxdur, ona görə də mən indi günahsız olmalıyam. Onlar öz kor qəzəbləri ilə gecə yatan vaxtı sənə zorakılıq şəklində olan bir sürpriz verdilər. Onda sənin Eloizan harada idi? Mən öz sevgilimi müdafiə etsəydim, necə şad olardım. Öz həyatımın bahasına da olsa, səni zorakılıqdan qoruyardım. Məhəbbət məni burada titrədir və hətta sözlərdən də mülayim şəkildə məhrum edir. Sən bilirsən ki, sənin biabır olmağından başqa heç nə məni həyəcanlandıra bilməz. Bədbəxt Eloiza! Bundan uzaqlaşmaq arzusu sənə xoş ola bilərdi. Sənə təklif edilən əli uzaqlaşdıra biləndə, sən buxur yandırdın, o vaxtdan sənin ürəyin boşaldı və tabe oldu. Ancaq sən özünü həsr etdiyin və qurban verdiyin vaxtdan tərk olundun və yaddan çıxdın. Ürəyin də fatehin ehtiramını qazanmaq üçün belə tezliklə təslim olmuşdu. (Abelyara müraciətlə - tərcüməçi) Ancaq mən indiyədək sənin tərəfindən sevilmək istəyimi gizli surətdə qoruyub saxlayıram. Sən isə məktubunda bütünlüklə mənim olduğuna etiraz edirsən. Mən özümü sənə təklif etdim, sən mənim ürəyimə, mən isə səninkinə malik oldum; heç nəyi geri istəmə. Haqq qaydasında sənə məxsus olan ehtirasımı daşımağa da borclusan.
Sən həm də, nəhayət, məni sevməyini dayandırmağa borclusan. Məni niyə tərk edəndə aldatmadın? Sən ən azı ölən ehtiras barədə zəif bir işarə versəydin, mən bu aldadılmadan xoşlanardım. Səni görməyi ciddi qaydada arzulayıram, lakin bu, qeyri-mümkündür. Mənim bütün arzularım ürəyin diktə etdiyi belə məktublardır, onları da əl kifayət qədər sürətlə yaza bilməz. Mən özümü necə də aldadırdım ki, sən bütünlüklə mənimkisən və çalışırdım ki, həmişə sənin qanunlarının altında yaşayım. Yalnız ölüm mənə bunları tərk etdirməyə qadirdir və onda mənim külüm burada rahatlıq tapacaq və sənə sonuncu itaətimi və həsr olunmağımı göstərmək üçün sənin külünün gəlməsini gözləyəcəyəm.
Mən indi buradayam və burada da qalacağam. Bura bədbəxt
məhəbbətimin və qəddar qohumumun məni məhkum
etdiyi yerdir. Allaha nişanlanmış
adamların arasında (Rahibələr özlərinin
İisusa nişanlandıqlarını iddia edirlər - tərcüməçi)
mən isə kişiyə nişanlandım. Mən insan arzusunun quluyam.
Dini icmanın başında mən təkcə Abelyara
vuruldum. Mən
necə də monstram! Ey Allah! Məni maarifləndir,
mən etiraf edirəm ki, günahkaram, lakin öz
günahlarıma görə ağlamaqdan uzağam, yalnız
öz sevgilim üçün ağlayıram.
Xeyirxah
Allah! Bütün bunlar nədir? Mən səhvlərimə görə
özümü danlayıram, səni isə öz səhvlərinə
və niyyətinə görə ittiham edirəm. Mən
köhnə ehtirasın qəlbimə hakim kəsildiyinin
gücünü daha möhkəm hiss edirəm. Mən hisslərimə məğlub oldum. Məhəbbət mənim ağlımı narahat
etdi və iradəmi pozdu (Sonra Abelyara müraciət
qaydasında yazır - tərcüməçi). Mən qərara gəlmişəm ki, səni daha
sevməyim, məni sənə bağlayan zəncirləri
qırıb dağıtmağa çalışanda mən
özümü aldatdım və bütün cəhdlərim
sənə daha sıx bağlanmağıma xidmət etdi.
Yazığın gəlmək xatirinə bədbəxtə
kömək et ki, öz arzularından imtina etsin - özündən
və bu mümkünsə, hətta səndən imtina etsin!
Əgər
sən sevgili bir atasansa, məşuqənə kömək et, uşağa təskinlik ver. Əgər sən
mənim xahişimi yerinə yetirsən, mən
dindarlığımı davam etdirəcəyəm. Mən burada məktubu yekunlaşdırmağı
düşünürdüm, lakin bu vaxt sənin əleyhinə
şikayətlənirəm ki, ürəyimi boşaldım və
sənə bütün paxıllıqları və məzəmmətləri
danışım.
Mən Göylərə yalvarıram ki, sən mənim
üstümdə belə hakimiyyətə malik olmayasan, hətta
burada da mən səni dünyada heç vaxt sevmədiyin kimi
sevirəm. Mənim 22 yaşım var idi, burada başqa kişilər
də mövcud idi. Mən isə sevgilim
Abelyardan məhrum oldum və indi mən özümü
qadın monastırında diri-diri basdırıram. Mən ötüb keçən gözəlliyimin bu
qalıqlarını, bu dul qalmış gecələri və
darıxdırıcı günləri sənə görə
qurban verirəm. Onlara sahib ola bilmədiyin
vaxtdan Göylərə təklif etmək üçün
onları sənin üstündən götürürəm,
heyif ki, belə olur! Lakin bu, mənim ürəyimin,
mənim günlərimin, mənim həyatımın ikinci dərəcəli
qurban verilməsidir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 15 mart.- S.14.