Böyük hərflərlə ANAR  

 

Anarı yazıçı olaraq ilk dəfə "Keçən ilin son gecəsi"ndə tanımışam.  1960-cı ildə qələmə alınmış bu hekayəni oxuyanda çox gənc idim.   Anar nəsrinin ovsunlayıcı gücü yaşımın azlığına baxmayaraq, o gənclik dövrümdə  hər cümləsi ilə tutmuşdu məni: "...bir gün gələcək, hamısı böyüyəcək, boya-başa çatacaq yuvasından qanadlanan quşlar kimi bir-bir uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha! Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə düşsələr, səndən məndən isə aparacaqlar, necə ki, biz bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan isə gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir. Amma bax, mən, vallah belə fikirləşirəm. Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır, amma qurtara bilmir, o itmir, batmır, sonrakı nəslə qalır, o işi sonra gələnlər tamamlayırlar. Dünyada heç itmir, batmır, heç kəs ölmür..."

Bəlkə həmin vaxtlar məni xüsusilə təsirləndirən məqam o idi ki, bu hekayənin insanlar tərəfindən rəğbətlə qarşılandığı o illərdə mənim   ədəbiyyata xüsusi vurğunluğum başlamışdı, ilk qələm təcrübələrim rayon qəzetində işıq üzü görürdü. Yəni o illərdə nəsr, xüsusilə şeirlərinə vurğun olduğum bir şairin oğlunun möcüzəvi nəsri ürəyimin ritmi ilə üst-üstə düşmüşdü, məni riqqətə gətirmişdi. Bəlkə yazıçı Anarla tanış olmaq arzusu da "Keçən ilin son gecəsi"ndən sonra yaranmışdı. Mən ürəkdən istənən arzuların gerçəkləşdiyinə inanan insanlardanam...

...O hekayənin yazılmasının üstündən bir igidin ömrü keçəcəkdi. Az qala 20-25 il sonra - 1980-ci illərdə  Lənkəranda şəxsən tanış olacaqdıq, Lerik dağlarını  Anarla Elçin Əfəndiyevlə birlikdə gəzəcəkdik, uzun əsrlərin o tayından ulu əcdadlarımızdan bizə əmanət qalan tarixi abidələrə birlikdə baxacaqdıq... Elçin  1986-cı ildə işıq üzü görən ilk kitabımın - "Tənha durna uçuşu"nun ön sözündə bu unudulmaz məqamları da qeyd edəcəkdi: "Hüseynbala Lənkəranda yaşayır biz Lerik dağlarını birlikdə (Hüseynbala, Anar mən) dolaşmışıq, uzun-uzun əsrlərdən bizə yadigar qalmış abidələrə birlikdə baxmışıq, qədim qəbiristanlıqları qarış-qarış gəzmişik ulu babalarımızın qüdrətindən, qəhrəmanlığından, eyni zamanda böyük sənətkarlığından xəbər verən, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq əzəmətli monumental qoç heykəllərinin qarşısında birlikdə dayanmışıq, düşünmüşük..."

Həmin vaxt oradakı düşüncələrimin  olduğunu indi tam xatırlamasam da, "Keçən ilin son gecəsi"ndən üzü bəri başlanan indiyədək davam edən  Anar nəsrinə yaradıcı heyranlığımın da həmin düşüncələrin arasında yer aldığından əminəm.

Anarla ilk şəxsi tanışlığım zamanı da onun "Adamlar hamısı nəsil-nəsil bir-birlərinə bir şey verirlər" - cümləsini yenidən xatırlamışdım ürəyimdə təsdiqləmişdim. Anası Nigar Rəfibəylinin mənsub olduğu ləyaqətli bir nəslin bütün əsalətini özündə daşıyan Anar həm poeziyasına heyran olduğum yaradıcılığına "Rəsul Rza haqqında yeddi nəğmə" adlı əsərimi həsr etdiyim, modern olduğu qədər milli şair Rəsul Rzanın oğludur. Yeri gəlmişkən, elə həmin əsərdən  bəzi cümlələri xatırlatmaq yerinə düşər: "Rəsul Rzanın şeirləri hansı formada yazılmasından asılı olmayaraq xalqın bədii təfəkküründən bəhrələnir. Elə buna görə bu qüdrətli sənətkarın yazılarında torpağa bağlılıq hissi çox güclüdür. Rəsul Rza yaradıcılığının səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, o, Azərbaycan poeziyasını yeni bədii ifadə vasitələri, yeni şeir formaları ilə zənginləşdirmişdir". Anar özündən əvvəlki nəsillərindən aldığı bütün bu mənəvi zənginlikləri  təkcə təkrarolunmaz şəxsiyyətinin özəyində yox, həm özünün bəşəri yaradıcılığının mahiyyətində daşıyan təvazökar olduğu qədər böyük, böyük olduğu qədər sadə bir yazıçıdır.

"Keçən ilin son gecəsi"ndən sonra isə oxucu diqqətimin lövbəri yazıçının sovet rejiminin tufanlarının  tüğyan elədiyi bir vaxtda mənəvi boşluğu damğalayan " liman"ında bənd aldı. düşünürəm ki, bu əsərdən sonra Anar  təkcə mənim yox, elə bütün oxucularının qəlbində hərf-hərf, söz-söz, cümlə-cümlə, əsər-əsər böyüdü. Onun oxuculara yaxşı tanış olan çoxsaylı əsərlərinin hələ keçən əsrdən böyük bir pərəstişkar ordusu topladığı da gün kimi aydın həqiqətlərdəndir. Anar yazıçı kimi oxucu qəlbində mərtəbə-mərtəbə ucalmağın kitabını isə  "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə yazdı. 80-ci illərin gəncliyinin əldən-ələ ötürüb acgözlüklə oxuduğu bu misilsiz eşq romanı həm bir mənəviyyat epopeyası idi.

Anar böyük yazıçı olmaqla bərabər, həm həssas bir insandır. "Hər yerindən duran uğursuzun" ona daş tolazlamağa çalışmasını bəzən müstəsna təmkinlə qarşılayacaq qədər  səbirli, bəzən layiq olduqları sərtliklə cavablandıracaq qədər ötkəm ruhludur.

Anarın vətəndaş mövqeyi  "Yaşamaq haqqı"ndadır, söy-kökümüzə sayğısı "Dədə Qorqud"dadır, mənəvi qoruyucu gücü "Qobustan"dadır. Bütün əsərlərində bu ya digər dərəcədə Anar özü var, eyni zamanda hər bir əsərində Anardan nələrsə var. Anar həm  "Sizsiz"i yazacaq qədər xeyirli bir övlad, həm "Gün keçdi" dadında ssenari müəllifliyinə qadir bir insan ruhu sərrafıdır.

Anar hansı mövzuda yazmasından asılı olmayaraq böyük vətənpərvər yazıçıdır, çünki hər bir əsərində bədii sözün ecazkar gücüylə çəkilmiş doğma Vətəni, xalqı tərənnüm edən tabloları  var.

Anarın vətənpərvərliyi təkcə öz əsərlərində deyil, başqa müəlliflərin yaradıcılığına bildirdiyi diqqətli münasibətdə öz əksini tapır. Misli görünməmiş erməni qəddarlığının danılmaz faktlar tarixi sənədlər əsasında bədii ümumiləşdirmələrlə 2021-ci ildə yazdığım "Şərəfsizlik tarixi", yaxud Vernadski prospektində" sənədli prozasına Xalq yazıçısı Anarın yazdığı ön sözdə bir daha bunun şahidi oldum bu, mənə həm bir yazıçı kimi sonrakı yaradıcılığımda əlavə stimul verdi: "Tarix boyu qonşu millətlərə qarşı erməni vəhşətindən bəhs edən xeyli kitab nəşr olunub. Bu barədə türk, rus, ingilis, amerikan, fransız, gürcü müəlliflər, hətta nadir hallarda hayların özləri yazıb. Bu kitabların bir çoxuyla - Azərbaycan, türk, rus dillərində rus dilinə tərcümələrdə tanış olmuşam. Həmin kitablarla müqayisədə belə Hüseynbala Mirələmovun salnaməsi Quzey Güney Azərbaycanda, hətta Rusiya ərazilərində ağlasığmaz erməni qəddarlığı haqqında ən dolğun zəngin məxəzdir.

Hüseynbala Mirələmov humanist Azərbaycan ziyalısı, yazıçısı kimi əsərinin sonunda erməni personajlarına da rəhm eləyir. Onlar yazdıqları yalançı "şərəf tarixi"ndən imtina edib xalqlarının bəd əməllərindən özlərinin yanlış əqidələrindən peşman olub düz yola çıxırlar.

Təki yalnız bədii əsərlərdə deyil, real həyatda da belə olaydı.

Mənə görə, elə bununçün Hüseynbala Mirələmovun əsəri Türkiyə türkcəsinə, rus ingilis dillərinə, bəlkə ilk növbədə erməni dilinə çevrilib geniş yayılmalıdır".

Xalq yazıçısının bu arzusu da onun vətəndaş kimliyinin   millətimizin həqiqətlərini dünyaya çatdırmaq arzusunun ən bariz göstəricilərindəndir.

Anar yaşanmış bütöv bir zamanın özüdür, məşhur bir ədəbi epoxanın həm layiqli təmsilçisi, həm qüdrətli lokomotividir. O, keçmişlə gələcəyin qovuşuğunda indimizin olduğu nöqtədə qərar tutmuş mənəvi dəyər ünvanlarımızdandır. Yaradıcılığının zənginliyi, çoxşaxəliliyi və şəxsiyyətinin hər yönü ilə təkcə Azərbaycan ədəbiyyatında deyil, dünyanın bir çox yerindən görünür, çünki aid olduğu hər yerə, xüsusilə də oxucu qəlbinə adını böyük hərflərlə yazdırmağı bacarıb ANAR. Ədəbiyyata, yaradıcılığa həsr etdiyidolu-dolu yaşadığı bu şərəfli ömrün hər hərfinin böyüklüyündə ANAR yaşayır və daim yaşayacaq!

Dəyərli Xalq yazıçımızın 85 illik yubileyi mübarək Novruz bayramı öncəsinə, ilin son çərşənbəsinə təsadüf edir. Bu müqəddəs gündə yubilyara Novruzun çərşənbələri rəngində səmimi arzularımı çatdırıram! Doğma və əziz Anar müəllim, Sizə bundan sonrakı ömrünüzdə də alovu ilə hər maneəni aşmağa qabil olan odun əbədiyaşarlığını, dənizlərin və dağların üzərindən keçərək onların gücünü özündə daşıyan rüzgarın enerjisini, qayım-qədimliyi ilə yanaşı, hər bahar təzədən yenilənən, yaşıllaşan, hər şeyə can verən, həyat bəxş edən ana torpağın gümrahlığını və  özündə minillərin yaddaşını daşıyan suyun ömrünü arzulayıram!

 

Hüseynbala MİRƏLƏMOV

yazıçı-publisist

525-ci qəzet.- 2023.- 15 mart.- S.11.