Türk Ədəbiyyatı Vaqfı Xalq yazıçısı Anar
haqqında iki kitab
yayımladı
Bu günlərdə Türkiyənin
nüfuzlu ədəbiyyat
təşkilatı olan
Türk Ədəbiyyatı
Vaqfında «Tedev» Yayınlarından Xalq yazıçısı Anar
haqqında iki yeni kitab işıq
üzü görüb;
İmdat Avşarın
tərtibatı ilə
məqalələr toplusu
- «İki əsrin qovşağında bir yazar: Anar» və
Pərvin Nurəliyevanın
müəllifi olduğu
«Çağının önündə
bir yazar:Anar». Birinci kitab Türkiyənin
önəmli söz-sənət
adamlarının, alimlərinin
yazıçının 85 illik yubileyinə yazdığı məqalələrdən
ibarətdir. Burada
Əli Yavuz Akpınar, Ataol Bəhramoğlu, İsa Həbibbəyli, Yəhya Akengin, Nəsrin Qaraca, Əhməd Bican Ərcilasun, Fikrət Türkmən, Yaqub Çelik, Əli Abdin Qaraca, Gökhan Tunc, Gülzar Məmmədova, Abuzər Bağırov, İmdat Avşar kimi türk dünyasının
önəmli imzalarının
yazıçının həyatı
və yaradıcılığını
incələyən yazıları
yer alıb. Pərvin Nurəliyevanın
kitabında isə Anarın Türk dünyası qarşısında xidmətləri
və ümumtürk ədəbiyyatına aid araşdırmaları
haqqında məqalə-esselər
yer alıb. Kitabı Türkiyə türkcəsinə çevirən
yazıçı-tərcüməçi,
«Türk Ədəbiyyatı
dərgisi»nin baş redaktoru İmdat Avşardır.
Türk
Ədəbiyyatı Vaqfının
rəhbəri, şair
Sərhat Kabaklı bu cür kitabların
çapının son dərəcə
vacib olduğunu bildirib: «Beş il öncə İstanbulda Ustad Anarın 80 illik yubileyini qeyd edəndə demişdik ki, əziz dostumuz
çox yaşasın,
yaratsın, biz də onun növbəti yubileylərin təbrik edək. Bu dəfə
yubiley çərçivəsində
işlərimiz daha genişdir. Arzumuz odur ki, Anarımızı yeni nəsil türk oxucusu tanısın, sevsin. Anarımız deyirəm ona
görə ki, Anar bütün türk dünyasının
ortaq dəyəridir.
Həm Pərvin Nurəliyevanın
kitabından, həm də İmdat Avşarın tərtib etdiyi məqalələr toplusundan bir daha anladıq ki, Anar qardaş
xalqların və onların ədəbiyyatının
yaxınlaşması üçün
necə böyük işlər görüb.
Mən əziz Anar müəllimi təbrik edirəm. Qalan ürək sözlərimi
Türkiyədə, İstanbulda
düzənləyəcəyimiz tədbirlər deyəcəm...»
Kitabların tərtibatçısı və tərcüməçisi,
Azərbaycan Yazıçılar
Birliyinin Türkiyə
təmsilçisi İmdat
Avşar bu il Türkiyədə Anar yubileyi ilə
bağlı planların
geniş olduğunu bildirib: «Ustadın yubileyinə həsr etdiyimiz bu iki
kitab görmək istədiyimiz işlərin
uğurlu bir başlanğıcıdır. Arzum o idi
ki, bu dəfə yeni yazılar qələmə alınsın, yeni kitablar
çıxsın. Tərtib etdiyim kitabda imzası olan hər
kəs öz tanıdığı, sevdiyi Anarı təqdim edir
türk oxucusuna.
Hal-hazırda Ustadın nəsr əsərlərini də
Türkiyə türkcəsinə yenidən çevirirəm,
yaxınlarda üç romanı çapdan çıxacaq İstanbulda.
Anar Türk
dünyasının yaşayan Dədə
Qorqud ödülünün
sahibidir. Məhz belə dəyərlərimizi
təbliğ etməyə, gənc nəsilə tanıtmağa
ehtiyac var. Bu işlərdə böyük
çabalar göstərən, hər cür dəstəyini əsirgəməyən
əziz Sərhat Kabaklıya, Türk
Ədəbiyyatı Vaqfı ailəsinə çox
minnətdaram...»
525-ci qəzet.- 2023.- 15 mart.- S.9.