Pərvindən yeni kitab
Yazıçı-publisist, «Qobustan» dərgisinin
baş redaktoru, Filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın
«Anar yaradıcılığında
zaman və insan» adlı dərs vəsaiti işıq üzü görüb. Kitab
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı
ilə «Qanun» nəşriyyatında işıq
üzü görüb.
Elmi redaktoru Akademik İsa Həbibbəylidir.
Dərs vəsaiti Ali məktəblərin
tələbələrinin Xalq
yazıçısı Anarın
yaradıcılığını dərindən mənimsəməsi
və sənətkarın
aid olduğu dövrü
öyrənməsi üçün
faydalıdır. Burada yazıçının bioqrafiyası
və ayrı-ayrı
əsərlərinin vəhdət
şəklində təhlili
ilə həm Sovet dövrü, həm də müstəqillik illəri
Azərbaycan ədəbiyyatı
tarixinin mənzərəsi
yaranır... Qeyd edək ki, dərs vəsaiti Xalq yazıçısı
Anarın 85 illik yubileyinə ithaf olunub.
Kitabın müəllifi «Anar
dünyası» esselər
kitabından sonra yazıçının yaradıcılığına
ayrı yöndən yanaşmağa çalışdığını
bildirib: «Təxminən
son beş ildə üzərində
işlədiyim, zaman-zaman
əlavələr etdiyim
və yazıçın
nəsrini bütöv
halda təhlil etməyə çalışdığım
bu kitabın Anar müəllimin 85 illik yubileyi ərəfəsində çapdan
çıxması təsadüfi
deyil. Əlbəttə öncəki esselər
kitabımdan sonra daha fundamental araşdırma
ortaya qoymaq istəyirdim. Amma kitabın
yazılmasından çox
onun çapa hazırlanması daha çətin məqamdı.
Bu yolda Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun,
hörmətli elmi məsləhətçim, akademik
İsa Həbibbəylinin
dəstəyini xüsusi
qeyd etməliyəm. Elm yolunda hər
bir uğurlu işə dəstək olan İsa müəllim
bu kitabın da elmi məsləhətçisidir.
Həmçinin Qanun nəşriyyatı
və rəhbəri Şahbaz Xuduoğlu çox qısa müddətdə kitabın
işıq üzü
görməsi üçün
hər cür çaba göstərdilər.
Buna görə bütün «Qanun» ailəsinə minnətdarlığım
sonsuzdur. Və əlbəttə
bu böyük xəzinəni bizlər üçün yaradan Ustadım Anar müəllimə təşəkkür
eddirəm. Arzu edirəm ki, yazıçı çox
yaşasın, çox
yazsın, oxucularını
hər zaman sevindirsin...»
Qeyd edək ki, bu
günlərdə Pərvinin
Türkiyədə, Türk
Ədəbiyyatı Vaqfı
yayınlarından «Çağının
önündə bir yazar:Anar» adlı
kitabı da işıq üzü görüb. Bu kitabda isə Xalq
yazıçısı Anarın türk
dünyası qarşısında xidmətləri, ümumtürk ədəbiyyatına verdiyi töhvələr geniş
araşdırılıb. Kitabın Türkiyə türkcəsinə
yazıçı-tərcüməçi, «Türk
ədəbiyyatı» dərgisinin baş redaktoru İmdat Avşar çevirib.
525-ci qəzet.- 2023.- 15 mart.- S.9.