Güney Azərbaycanda nəşr məsələlərinə
bir nəzər
(Əvvəli
ötən sayımızda)
Nurəddin
Müqəddəm - Aydın Duman da uşaqlar
üçün ən çox əsər yazan müəlliflərdəndir.
Yazarın "Tülkü, tülkü tünbəki",
"Şirin dilim" (Təbriz: - "Aydın sav", 2017),
"Boyaqlar", "Gözəl Təbriz", "Şirin
nağıllarımız" (Təbriz: - "Aydın
sav", 2018), "Mən kiməm", "Cik-cik",
"Meyvələrin qonuşması" (Təbriz: -
"Aydın sav", 2019), "Balım", "Hər
şey bir rəsimdən başlandı" (Təbriz: -
"Aydın sav", 2020)
Payız
adlı sənətkarın sərgisinə
Biletsiz də
girmək olar,
Daha dərin,
daha özəl bir baxışla
Çoxlu
gözəl şəkilləri görmək olar...
- deyən Aydın Duman uşaqlara həsr elədiyi
bu kitablarda balaca oxucularının gözləri önündə
bir sənətkar ustalığı ilə doğanın
bütün alanlarının sərgisini düzənləyib...
İsveçdə
çap olunan "Bir əsgərin xatirələri"
kitabında (Malmö, 2017) Mirmusa Haşımi başına gələn
olayların təhkiyəsini qurub... "Bir əsgərin xatirələri"ni ana dilində - Azərbaycan türkcəsində
qələmə ala bilməməsini ən böyük kədəri
sayan M.Haşımini qəmdən qurtaran və arzusuna yetirən
ünlü şair və çevirmən Kərim Güləndam
olur.
Təbrizin
"Əxtər" yayım evi şeirləri - ədəbiyyatın
dili və türkoloji alandakı aktiv fəaliyyəti ilə
çağdaş milli məfkurənin gəlişməsi
üçün Güneydə böyük bir məktəb
yaratmış professor Əli Daşqının 2018-ci ildə
"Azərbaycan tarixi", 2020-ci ildə isə "Azərbaycan
və dünya tarixi", "Vətəndaş
hüququ", "Kor bayquş", "Təbrizli Saib",
"O da məndim, bu da mənəm" kitablarını
yayınlayıb.
Daha
çox dördlüklər və sərbəst şeirlər
yazan Mehdi Əziminin də son çağlarda "Tərlan dərəsi"
(2015) və "Döyüşdən dönməyən əsgər"
(2018) adlı iki şeir toplusu oxucu sevgisi qazanan kitablar
sırasında yer alıb... Fikrimizdən
keçənləri, türlü-türlü
düşüncələrimizi qələm rahatlıqla bu
kitabların vərəqlərinə köçürüb.
Qələm dəyərli oxuculara anlatmaq istəyir
ki, "Ağlımızda, duyğularımızda Azərbaycan
birdir. Ədəbiyyat bu mövzunu həmişə
bizə doğma təqdim edir - həsrəti, əhvalımızdakı
doğmalığı. Ədəbiyyat
xilas nəsnəsi kimi öncə fərdin içinə gəlir.
Bu mənada xalqı yetkin fərdlər təmsil
edir. Ədəbiyyat adına söz
deyən kəs bundan sonra daha məsuliyyətli
olmalıdır. Çünki insansız,
ulussuz, bəşərsiz ədəbiyyat yoxdur. Ancaq böyük söz qalır. Bundan sonra necə söz deyəsən ki, təzə
olsun, insanı, ulusu yaşatsın, yaratsın. Kürəsəlləşmə dünyanı
ağzına alır, dünyada ümidsizlik artır. Ədəbiyyat ümidsizliyə təkan verir, yoxsa
ümidsizlikdən ötəyə çatdırır? Ədəbiyyat dünyanı, insanı mənaya
çatdırmaq yoludur. Burada yeni-yeni
obrazlar tapılmalıdır. Hamımıza tanış
obrazlar elə çatdırılmalıdır ki, o, daim bizə
doğma olsun, özümüzə, ulusumuzun sabahına olan
ümidimizi, inamımızı artırsın..."
Güney Azərbaycan şairlərinin yazılarında
bu inad, bu inam, bu doğmalıq var. Bu inad ötəri,
keçici deyil. Daim zamanla çulğaşır, zamana
dov gəlir, zamanın üzərində qətiyyətlə
yüksəlir. Doğulduqları
böyük məkanda - Güney Azərbaycanda ana dilinə
basqı və qadağalar olsa da, onlar bu çətin,
çıxılmaz şəraitdə dilimizi qoruyur, Ana dilində
yazıb-yaradır və ardıcıl olaraq ulusal
düşüncə ilə özlərini kökləməyə
çalışırlar. Güney
yazarları, aydınlar ulusu, xalqı maarifləndirmək
yönündə bu gün də inamlı, inadlı
çabalar göstərir, dirənirlər. Yol çox
uzun, həm də çox çətin yoldu, amma
yolçuları da inamlı, qətiyyətli, əzmkar və
dönməzdirlər... Bizim olan, amma hələlik uzaqda qalan
o yola varmaq, o yolu yaxın etmək üçün
yolçular əzmlə irəliləyirlər... Bu
yönlü işlərimizdə bir missiyamız var: Güney ədəbiyyatını
daha yaxından tanımaq və bütün dünyaya
tanıtmaq...
Güney
Azərbaycanda yeni şeir prosesinin klassik quruluşdan tamamilə
qopa bilməsə də, keçmiş məhdudlaşdırıcı
lokal kulturizm kontekstindən uzaqlaşdığını, əski
məzmunlu şeir ortamına nisbətən həm dil, həm
gözəllik fəlsəfəsi, həm də
düşüncə və dünyagörüşü
baxımından gözə çarpacaq dərəcədə
irəlilədiyini söyləyən tanınmış
şair və eleştirmən-tənqidçi Ərəstu
Mücərrədi "Güney Azərbaycan ədəbiyyatı
indi" məqaləsində bildirir ki, "qıvraq
addımlarla irəliləyən şeir prosesinə mərkəzin,
qonşu ölkələrin, habelə dünyada gedən yeni ədəbi
axımların mexanizmi təsirsiz ötməyib. Bu gün klassik şərq şeiri növü qəzəl
və eləcə də qoşma janrı artıq öz yerini
sərbəst (sərt qafiyələnmə qaydalarından və
digər ənənəvi şeir əlamətlərindən
azad olan) şeir formasına verib. Müasir oxucu rəğbətini
qazanmış sərbəst şeir, həyat məsələlərinə
və ictimai olaylara avanqard düşüncələrlə
baxır və çağdaş həyat qaydalarını
yeni estetika şərtləri ilə müdafiə edir və
eyni halda dünyanın qabaqcıl ədəbi axımları
ilə ayaqlaşmağa çalışır..."
Ə.Mücərrədi
onu da vurğulayır ki, "bir çox dəyərli modern
şeir yazan şairlərin - o cümlədən də, Həmid
Asəfi, Hüseyn Misri, Zaman Paşazadə, İsa Zeyni,
Süleyman Məhəmmədi, Qadir Cəfəri, Arəş
Sai, Bəhnaz Muğanlı, Mürtəza Səlmaninin və
b. əsərləri işıq üzü görməsə
də, zaman-zaman şeirləri dövrü mətbuatda
çap edilib, habelə ictimai şəbəkələrdə,
şəxsi səhifələrdə yayımlanıb və rəğbətlə
qarşılanıb. Lakin digər bir ədəbi
axım da vardır ki, qoşma və çarpaz səpkili
qafiyə şeirləri yazmalarına baxmayaraq, dil və
içərik aspektində olduqca yenidirlər və onların
yaradıcılığı intim lirika ilə yanaşı,
yeni ictimai məzmunu da ehtiva edir. Əli Cavadpur ("Mənim
dəli yaşıdlarım" poeması, "Səsində
bir hekayə var"), Rüqəyyə xanım
Haşımzadə ("Xan sənəm",
"Qırmızılar", "Orda məni
danışırlar") və Nadir İlahi ("Bu qəfəs
də uçdu bəlkə") həmin axımın
adlım təmsilçiləridir.
Güney Azərbaycanda son illərin ədəbi
yekunlarına nəzər saldıqda burada yaşayan xalqın
özünəməxsus kültürü, ədəbiyyatı,
kitab mədəniyyəti, sözyaratma qüdrətinin
olduğu apaydın görünür. Möhtəşəm
mədəniyyət yaradan bir xalq, susmayan dili,
özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya tarixindən heç
vaxt silinmir, əbədiyaşarlıq qazanır.
Bu məqamda
yenə də qəbir daşlarını daima
üstümüzə kölgə saldığına görə
önəmsəyən Ramin Cahangirzadənin "Daş
yağışını" xatırladım...
Daş
üstündə əyləşən qoca
Çəliyini
göyə tutub
Tanrıdan yağmur istəyir.
Buludları hardasa gizlətmişdi tanrı.
Axı
bir zamanlar
Daşlarla
tanrının arasında
Böyük bir müharibə gedirdi.
Min illərdir
daşlar
Tanrıya qalib gəlmişdi.
Tanrı
daşların acığına
Yağdırmadı
buludlarını..
Görəsən,
daşlar
Yenə ayağa qalxacaqlarmı?!!
Doğrudan
da, misraların alt qatındakı mənaları asanlıqla
anlayan oxucunun içində istər-istəməz belə bir
sual doğulur və cavabını almaq istəyir: - Görəsən,
daşlar yenə ayağa qalxacaqmı?! Və
daşların qalibiyyəti bağrı çatlamış
torpaqlara məlhəm yağışı yağdıracaqmı?!
Güney xalqı bir daha azadlıq nəğməsini
oxuya biləcəkmi?! Qəribədir, bu məqamda
Türkan Urmulunun "Hələ də ən sevdiyim"
şeirini oxuduqdan, gənc bir yazar qızın sətirlərin
arasından boy verən böyük Azərbaycan sevgisinə,
öləsiyə Ana dili sevdasına tanıq olduqdan sonra, bir
daha əmin oldum ki, əlbəttə, Güney xalqı
azadlıq nəğməsini bir daha, özü də əbədi
olaraq oxuya biləcəkdir!
Sözardı:
Dörd il öncə hələlik bu
yazını bitirdiyim günlərdə Təbrizdə
doğulub böyümüş söz adamı, mənim də
çox təqdir etdiyim yöndə - klassika ilə
çağdaşlığı bir araya gətirərək
maraqlı əsərlər qələmə alan Qulamrza
İbrahim oğlu Danişvər Azəryarla
görüşdüm, onun ağrı-acılarla dolu həyat
hekayəsini dinlədim və yaradıcılığı ilə
tanış oldum. Azəryarın gözəl səsindən və
qüsursuz şeir oxusundan çox etkiləndim... Onu dinləyir
və düşünürdüm: Bir xalqın
el-obasının əsir alınması, dilinin yasaqlanması
onun ən böyük, daim sızlayan, sağalmaz
yarasıdı... Və o xalq nə qədər ki, öz
bağımsızlığına qovuşmayıb, dili
yasaqlardan qurtulmayıb, onun Azəryar kimi şairləri hələ
çox yaranacaq, "Lalam mən" kimi şeirlər
yazacaq, doğal haqq və hüquqları uğrunda
savaşacaqlar:
Yenə
payız şəhərimə çəkdi rəng,
İl başladı mədrəsələr
çaldı zəng.
Haray gəldi
mədrəsədən dəng-dəng
Çantamı
mən götürmüşəm əlimdə,
Eyvay, yenə dilim qaldı evimdə.
Dərs
verilir dünyanın hər yerində
Uşaqlara
öz ana dillərində
Hərə
oxur öz baba tarixin də
Mənsə
burda özgə dildə ağlıram,
Dəftərimi tərsədən varaqlıram.
Əvvəl
günü, düşdü dilim dəyərdən,
Atalara pedər
deyildi birdən
Ana oldu
madər, yuxu oldu xab
Hər sözümə tərsədən aldım cavab.
Başlandı
fikrimdə o gündən əzab
Anam yalancıdır, yoxsa müəllim?!
Doğrusu hansıdır bəs mənim dilim?!
Nədən yasaq olub mənim öz adım?!
Niyə çatmır elə, səsim, fəryadım?!
Azəryaram, öz dilimə bağlıyam.
Yeri
vardır, vay deyəm, qanağlıyam,
Bu dərdə mən, bir ömürdür
dağlıyam.
Odda
yanır, ayım, günüm, ilim də!
Eyvay, yenə
dilim qaldı evimdə!
Ədəbi proses bu gün Güneydə
bütün hızıyla davam edir, yazarlar ordusu yeni-yeni əsərləri
ilə öz sevgili oxucularını sevindirməkdə, Azərbaycan
türkcəsini "lal"lıqdan qurtarmaq uğruna
çaba göstərməkdədirlər... Və
bu ardıcıl çabalar öz bəhrəsini
sözsüz ki, verəcək. Əslində son zaman İranda
baş verən olaylar və artıq aylardır davam edən kütləvi
etiraz dalğaları Güney xalqının Uluyurd hərəkatına
başlamağa qadir olduğunun göstərgəsidir. O
gün isə uzaqda deyil...
Esmira FUAD
525-ci qəzet.-
2023.-16 mart.- S.14.