"Yoxluğu məni
hər gün daha çox yandırır..."
VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ARAZ CƏFƏROVUN HƏYAT YOLDAŞI MAHİRƏ XANIMIN XATİRƏLƏRİ
Üstündən üç
ilə
yaxın zaman keçməsinə baxmayaraq, 44 günlük Vətən müharibəsinin hər birimizə
yaşatdığı qürur və şəhidlərimizin hüznü
qəlbimizdə
hələ də təzə, canlıdır. Üç minə yaxın şəhidimizi oxucularımıza daha yaxından tanıtmaq, onların həyat hekayələrinə birlikdə şahid olmaq üçün yazılarımıza davam
edirik. Bu yazımızda
Azərbaycan Silahlı
Qüvvələrinin müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən
müharibəsi şəhidi
Araz Cəfərovdan danışacağıq.
Araz Səmədağa oğlu
Cəfərov 1993-cü il yanvarın 28-də
Cəlilabad rayonunun Qarazəncir kəndində
anadan olub. Kənd orta məktəbində təhsilini alıb. Orta məktəbi bitirdikdən
sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini
uğurla başa vurduqdan sonra da həyatını hərbi sahəyə bağlayıb - ordu sıralarında müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXHQ) kimi xidmət edib. Araz Cəfərov Vətən
müharibəsinin ilk günlərindən
döyüşlərə qoşulub. Ağır döyüşlərdə qəhrəmanlığı ilə
seçilib. O, Laçın
uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olub. Müharibə bitəndən sonra
axtarışlar nəticəsində
şəhid Araz Cəfərovun nəşi
tapılıb və dekabrın 2-də doğulduğu
Qarazəncir kəndində
dəfn olunub.
Şəhid Araz Cəfərov ailəli idi, bir qızı və bir oğlu
yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin
sərəncamına əsasən
Araz Cəfərov şəhadətindən sonra
"Vətən uğrunda"
və "Laçının
azad olunmasına görə" medalları
ilə təltif edilib.
lll
Əziz şəhidimiz Araz Cəfərovu daha yaxından tanımaq üçün ömür-gün
yoldaşı Mahirə
xanımla həmsöhbət
olduq.
Mahirə
xanım deyir ki, Arazın hərbi formaya, silaha və vətəninə sevgisi o
qədər böyük
idi ki, məhz
bu sevgi onu hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıtmağa
məcbur etmişdi:
"O, hərbi formasını
geyinəndə tamamilə
dəyişirdi, sanki başqa adam
olurdu, çox sevinirdi. Onun qəlbində Vətəninə
qarşı sonsuz eşq vardı. Bu eşq idi
onun sənətinə,
formasına da bağlılığını yaradan. Elə bu səbəbdən
də Vətəninə
xidmət üçün
yenidən ordu sıralarına qayıtdı".
Bu gün sonsuz sevgi və dərin
hörmətlə xatırlayır
Arazı Mahirə xanım. Onunla keçirdiyi ağır
günləri belə
onsuz həyata dəyişmək istəmir.
Çünki Araz varlığı, sevgisiylə
onun həyatına əsl yoldaş olmağı bacarmışdı
deyir gənc qadın:
"Biz Arazla ailəliyimizin
ilk vaxtlarında çox
çətinliklərlə üzləşdik. Onda uşaqlarımız hələ körpə idilər. Xeyli sıxıntılarımız oldu. Amma ikimiz əl-ələ
o sıxıntıların öhdəsindən gəlib,
hələ təzəlikcə
xoş günlərə
çıxmışdıq ki, Araz müharibəyə
getdi və şəhid oldu.
Araz yoxluğun
içində belə
mənə hər şeyin ən gözəlini yaşatdı. O, hər
zaman çalışdı
ki, mən heç nədən, əsas da sevgidən,
qayğıdan korluq çəkməyim. Ən doğmalarımdan
belə görmədiyim
diqqəti, qayğını
Arazdan gördüm.
O, mənə elə bir sevgi, elə
bir xoş günlər yaşatdı
ki, qalan ömrümün axırına
kimi bəsimdir.
Araz mükəmməl
ata idi, uşaqlara həm ana, həm də
ata qayğısı ilə yanaşardı. Hərdən mən kənarda qalardım, onlar üçün lazım olan hər şeyi
Araz özü edərdi. Övladları ilə bağlı
çox arzuları vardı. Onların hamısını indi mən yerinə yetirəcəyəm..."
Müharibə... Ananı baladan,
balanı atadan, yarı yardan ayıran o məşum gün... Məhz onun gəlişi
ilə bitdi daha bir ailənin
məsud günləri,
məhz onunla ucaldı əbədiyyətə
daha bir şəhid ruhu. Həmin günləri Mahirə xanım belə xatırlayır:
"Əvvəllər müharibə haqqında heç bir şey danışmazdı
bizə. Müharibə başlayandan sonra
isə imkan olduqca zəng edirdi, danışırdıq.
Son danışığımız Laçında ikən oldu, məni, uşaqları soruşdu və dedi ki,
anama da zəng edirəm indi. Son sözləri
bu oldu. Araz mənimlə vidalaşmadı,
son söz, vəsiyyət
kimi mənə heç nə demədi. Adi necə danışırdıqsa,
eləcə də danışdıq. Sanki heç
vaxt ayrılmayacağıq
kimi...
Amma mən səsindən hiss etdim ki, təlaşlıdır,
harasa tələsir...
Araz noyabrın
4-də vurulmuşdu. Amma neytral
zonada qaldığından
nəşini götürmək
olmurdu. Dekabrın 1-də nəşi götürüldü, 2-si bizə
təhvil verildi.
Onlara boş yerə şəhid deməyiblər. Həqiqətən də ailələrini,
övladlarını qoyub
Vətənin köməyinə
tələsən, vətəni
üçün canını
belə verən oğullar Allahın ən sevimli qonaqlarıdır.
Şükür olsun ki, Arazı
gətirəndə mən
onu son dəfə gördüm, alnından öpdüm. O, elə səliqəli, elə qəşəng idi ki. Onu son dəfə canlı
olaraq necə görmüşdümsə, eləcə
də qalmışdı.
Sanki yuxuya getmişdi,
sadəcə bədəni
buz kimi idi. Bir də bir az şaxta qaraltmışdı...
Arazsız həyatımız davam edir, bəli, amma onun yoxluğu
məni hər gün daha çox
yandırır. Onun qayğıkeşliyinə, yol göstərməyinə,
özünə ehtiyacım
var. O, bizim üçün
elə bir şərait yaratdı ki, özündən sonra heç nəyin korluğunu çəkməyək. Bəli, bu
gün biz maddi cəhətdən elə də böyük sıxıntılar yaşamırıq,
amma Arazsız bunların heç biri gözümdə deyil. Bunların heç biri
Arazın yoxluğunu doldurmağa, qəlbimdəki
yaranı sağaltmağa
yetmir. Mən bir ömür
yoxsulluq çəkməyə
razı idim, təki Araz yanımda olaydı. Onsuzluq çox çətindir.
"Zaman yaraları
sağaldır" deyə
bir söz var. Amma yox, bu
acını, bu yaranı zaman sağalda bilməz. Əksinə, zaman keçdikcə Arazsız
həyat məni daha çox yandırır..."
Ancaq bütün
məhrumiyyətlərə baxmayaraq, Arazla, onun əbədiyyətdəki
varlığı ilə
fəxr edir Mahirə xanım. Arazsız
həyatının tək təsəllisi də məhz bu qürur hissidir,
bəlkə də. Bəli, indi Vətən
torpağında minlərlə Araz uyuyur, torpağın üstündə isə
Mahirə kimi şəhid yarları
onların əmanətlərini və xatirələrini yaşatmağa and
içiblər. Allah yar
və yardımçıları olsun!
Şahanə Müşfiq
525-ci qəzet.- 2023.- 16 mart.- S.13.