Azərbaycan-Böyük Britaniya əlaqələri
TARİXDƏN ETÜDLƏR: FAKTLAR, HADİSƏLƏR, XATİRƏLƏR
Azərbaycan-Böyük Britaniya əlaqələri
tarixən coğrafi məsafə və siyasi şəraitə
baxmayaraq, istər ticarət, istərsə də mədəniyyət
sahəsində davamlı olaraq inkişaf edib və
dövrümüzdə də bu proses davam etməkdədir.
Bu məqalədə
XVI əsrdən XX əsrin əvvəllərinədək olan
dövrdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf
tarixinə dair çoxsaylı tədqiqat əsərləri əsasında,
lakin müfəssəl və bitkin məlumat verilməsinə
iddia etmədən ölkələrimizin siyasi, iqtisadi və mədəni
əlaqələrini əks etdirən etüdlərdən bəzi
fakt və epizodlar barədə söz açmaq istərdik.
Azərbaycan-Böyük Britaniya əlaqələrinin
inkişafını dərindən araşdıranda bu əlaqələrin
bir çox sahələri əhatə etdiyini görmək
mümkündür. Qarşılıqlı əlaqələr
özünü həm mədəniyyətdə, həm incəsənətdə,
həm də onların inkişafını özündə əks
etdirən müxtəlif əlamətdar tarixi hadisələrdə
göstərir. Xüsusən XIX əsrdə
və XX əsrin əvvəllərində neft sənayesinin
inkişafı Azərbaycan-Böyük Britaniya münasibətlərinin
inkişafına əhəmiyyətli təkan verib.
Qeyd edilməlidir ki, Azərbaycan-Böyük Britaniya əlaqələri
Azərbaycanda Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər
sülalələrinin hakimiyyəti dövründə də
mövcud olub.
XVI əsrin 60-70-ci illərində Səfəvilər
dövləti Xəzər-Volqa yolu ilə Rusiya ərazisindən
keçməklə, Avropa ölkələri ilə xarici ticarət
əlaqələri qurmağa çalışırdı.
Bundan istifadə edən Moskvada fəaliyyət
göstərən bir ingilis şirkəti Səfəvilər
dövlətinin ərazisində möhkəmlənməyə
cəhd edirdi. İngiltərənin Rusiya
ilə və onun ərazisi vasitəsilə isə Şərq
ölkələri ilə ticarətində monopoliya quran bu
şirkət Səfəvilər dövlətinin geniş ərazisindən
ilk növbədə ingilis mahud parçalarının ticarəti
üçün sərfəli bazar kimi istifadə etmək istəyirdi.
İngiltərənin
Səfəvilər dövləti ilə əlaqə yaratmaq
istəyinin səbəbi ingilis kraliçası Elizabet
Tüdorun Şah Təhmasibə 25 aprel 1561-ci il
tarixli məktubunda aydın şəkildə göstərilirdi.
Həmin məktubda kraliça ingilis ticarət
kapitalının nümayəndəsi Entoni Cenkinsona
yoldaşları, xidmətçiləri, faytonları,
aşpazları ilə birlikdə Şah Təhmasibin
bütün mülklərində sərbəst səyahət
etmək, yerdəyişmə etmək, istədiyi qədər
qalmaq, lazım bildiyi vaxtda geri qayıtmaq üçün icazə
verilməsi barədə mühafizə fərmanının
verilməsini xahiş edirdi.
Conas
Hanvey (1712—1786), ingilis taciri
İngiltərə
kraliçası yazırdı: "Əgər belə
müqəddəs qonaqpərvərlik və xeyirxah ümumi
insani xidmətlər xoş niyyətlə bərqərar
olarsa, özümüz tərəfindən, dövlətlərimiz
və təəbələrimiz tərəfindən səmimiyyətlə
dəstəklənərsə, bunlara möhkəm riayət
edilərsə, o zaman biz ümid bəsləyirik ki, Uca
Tanrı bizə yardımçı olacaq. Bizim
üçün şərəf və zinət
baxımından və xalqlarımızın böyük
faydası naminə bu kiçik başlanğıcdan
böyük nəticələr yaranacaq".
Ümumiyyətlə,
həmin dövrdə ingilislər Azərbaycana 6 dəfə səfər
etmişdilər, lakin şirkət agentlərinin Tomas Benister və
Cefri Duketin rəhbərliyi altında 1568-ci ildən 1574-cü
ilə qədər davam edən beşinci
səfəri bunlardan ən məhsuldarı olmuşdu.
Səfəvilər dövlətinə gəlincə, təbii
ki, İngiltərə ilə ticarət əlaqələrinin
genişləndirilməsi onun üçün də sərfəli
idi. Məhz buna görə də Şah Təhmasib
ingilis ticarət kapitalının nümayəndələri ilə
danışıqlar zamanı ticarət əlaqələrinin
inkişaf perspektivləri ilə bağlı məsələlərə
xüsusi diqqət yetirirdi.
Bu mənada
Şah Təhmasibin 1566-cı il mayın
29-da Moskvadakı ingilis şirkətinin nümayəndəsi
Artur Eduardsla apardığı danışıqlar
xarakterikdir. Həmin danışıqları təsvir
edən ingilis səyyah göstərirdi ki, şah bizdə
hansı malların olduğunu və hansı malları almaq
istədiyimizi soruşdu. O, Britaniya ilə qonşu olan
digər ölkələr, onların malları, eləcə də
Kral Filip ilə də maraqlandı. Şah həmçinin
İngiltərənin Rusiyada və Moskoviyada (Moskvada)
çoxdanmı ticarət etdiyini, İngiltərədən
Rusiyaya nə qədər vaxta gəlmək lazım
olduğunu, Kolmoqoryadən Həştərxana səyahətin
neçə həftəyə və başa gəldiyini
soruşdu.
Şah Təhmasib
Moskvadakı ingilis şirkətinin nümayəndələri
ilə danışıqlardan sonra xüsusi Fərmanla ingilis
tacirlərinə böyük imtiyazlar verdi.
Şah fərmanına uyğun olaraq ingilislər
Səfəvilər dövlətinin bütün ərazisində
sərbəst, rüsumsuz ticarət etmək və ticarət məntəqələri
yaratmaq hüququ qazandılar. Eyni zamanda,
ingilis tacirləri dövlətin himayəsi altına
alındı.
XVI-XIX əsrlərdə Azərbaycanda olmuş digər
ingilis səyyahlarının, ticarət nümayəndələrinin
təəssüratlarını əks etdirən bir sıra
materiallar var. Onlardan biri 1580-ci ilin mayında Bakıda və Dərbənddə
olmuş Moskvadakı ingilis şirkətinin əməkdaşı
Kristofer Berrounun öz səfərinin təfərrüatları
haqqında ətraflı qeydləridir. Belə qeydlərdən
biri XVI əsrdə Azərbaycanda olmuş yuxarıda adı
çəkilən Entoni Cenkinsonun Abdulla xanın
Şamaxıdakı yay iqamətgahında gördüyü
qızıl və gümüş saplarla toxunmuş
xalça haqqında verdiyi məlumatlardır.
Buradaca
qeyd etmək lazımdır ki, XVI əsrdə Azərbaycanda
çoxlu fırça ustaları yetişmişdi və onlar
sənət emalatxanaları - "karxana"lar
təşkil etmişdilər. O dövrdə Səfəvilərin
bütün malikanələrində böyük hörmətə
malik görkəmli miniatürçülərin bütöv nəsli
yetişmişdi. Həmin sənətkarlar
arasında miniatürləri London muzeylərində
saxlanılan Sultan Məhəmmədi xüsusi qeyd etmək
lazımdır.
Yeri gəlmişkən,
Təbrizdə toxunan Ləçəkturunc kompozisiyalı məşhur
Şeyx Səfi xalçası (sahəsi 56,12
kvadratmetr, 1539) bu gün də Londonun Viktoriya və Albert Muzeyində
(Dekorativ və Tətbiqi Sənət Muzeyi) saxlanılır. Bu eksponat ornamental xalçaların ən
yaxşı nümunələrindən biri və Təbriz
xalçaçılıq məktəbinin bənzərsiz
incisidir.
XVI əsrdə
Azərbaycanda olmuş ingilis ticarət agenti Cefri Duket
yazırdı ki, Bakı ətraflarında hasil edilən
"nafta" adlanan qara yağ karvanlarla, qatır və
eşşəklərlə daşınır ki, bu da o zaman
Abşeron yarımadasının yataqlarından xeyli həcmdə
quyu neftinin çıxarılmasından xəbər verir. 1689-cu ildə Şirvana səfər etmiş ingilis
missioneri ata Villot qeyd edirdi ki, Səfəvi
şahlarının Bakı neftindən əldə etdiyi illik
gəlir 7 min tumən təşkil edir.
1741-ci ildə ingilis-rus ticarət şirkətinin
direktorlarından biri olmuş Conas Hanvey Bakıya göndərilmiş
və ona burada neft mədənlərindəki vəziyyəti yerində
öyrənmək tapşırığı verilmişdi. C.Hanvey
Bakıdan qayıdandan sonra 1754-cü ildə "Xəzər
dənizində ingilis ticarətinin tarixi icmalı" adlı
geniş əsər yazmışdı. Burada
o, Bakı regionunda neft hasilatının hazırkı vəziyyətini
geniş təsvir etmişdi. O, əsərdə "əbədi
məşəli" olan Suraxanı məbədini də ətraflı
təsvir edərək, burada 40 və ya 50 atəşpərəst
missionerin olduğunu vurğulamışdı. O, həmin
insanları induslar adlandırır və
qeyd edirdi ki, induslar (hindlilər, əslində həmin insanlar
Hindistanın Multanı vilayətindən Bakıya gəlmiş
atəşpərəstlər idi - R.A.) öz ölkələrindən
gəlmiş və burada cüzi gəlirlə dolanırlar.
C.Hanvey
yazırdı: "Yerli induslar inandırırlar ki, məşəl
daşqın dövründən bəri həmişə
mövcud olub və onlar əmindirlər ki, o, yalnız
dünyanın sonu gələndə sönəcək və
onun bu yerdə çıxmağına maneçilik törədilərsə,
o, başqa yerdə zühur edəcək... Onların
burada məşğuliyyəti təkcə özlərinin
deyil, başqa insanların da günahlarının
bağışlanması üçün dua etməkdir və
onların burada olma müddəti dua etmək üçün
öhdəlik götürdüyü şəxslərin
sayından asılıdır. Onlar
alınlarına zəfəran sürtür və
sarı-qırmızı inəyə böyük hörmətlə
yanaşırlar. Çox az libas geyinərlər
və xüsusi mömin imtiyazı ilə fərqlənən
şəxs bir qolunu başı üzərinə və ya bədəninin
digər hissəsinə uzadaraq davamlı olaraq eyni vəziyyətdə
saxlayır".
1747-ci ildə bölgəyə başqa bir ingilis səyyahı
- Rusiyanın Persiyadakı səfirliyində cərrah işləyən
Con Kuk səfər etmişdi. O, "Atəşgah"ı
(söhbət hazırda Suraxanıdakı atəşpərəstlərin
dini məbədindən gedir. R.A.) belə təsvir edirdi:
"Fevralın 11-də elçimiz öz məiyyətinin bir
çox insanları ilə bu məşhur məşəli
görməyə getdi. Harada ki, necə deyərlər, heyrətamiz
binalar görmək olar, bizim dəstəmiz yalnız bir
acınacaqlı vəziyyətdə olan zal və
dindarların yaşadığı başqa bir həddən artıq
acınacaqlı vəziyyətdə olan otaq
gördü. Onların sayı həmin vaxt
40-dan çox olmazdı. Bizim adamları
indi qeyd etdiyim otağa çox həvəslə buraxdılar.
Orada protestant kilsələrində bizim xorlar üçün
arası kəsilmiş yerə bənzər bir yer var idi ki, həmin
yeri mehrab adlandıra bilərik...."
Britaniyanın
“Faydalı Biliklərin Yayılması Cəmiyyəti”nin 1844-cü ildə buraxdığı xəritə
İngilis Corc Foster 1782-1784-cü illərdə Kəlküttədən
Kəşmir, Herat, Xorasan, Mazandaran, Xəzər dənizi vasitəsilə
Həştərxana və daha sonra Rusiyadan keçərək
İngiltərəyə səyahət etmişdi. Fosterin öz
səyahətinin tam təsviri onun ölümündən sonra
işıq üzü gördü. Onun Bakı, neft mədənləri,
"əbədi məşəllər"dən bəhs edən
təsvirləri maraq doğurur, həmçinin Şirvan və
Şamaxı haqqında məlumat verilir.
Persiyadarus xidmətində işləyən
şotlandiyalı həkim Con Bell 1715-1718-ci illərdə Azərbaycana
tez-tez səfər edirdi. Onun qeydlərində Azərbaycan torpaqları, o cümlədən,
Şamaxı, Bakı, Təbriz, Dərbənd və s. şəhərlər
haqqında mühüm məlumatlar var idi. XVIII əsrin
əvvəllərində ingilis səyyahı Piter Henri
Brüs də Azərbaycanda olmuş, xatirələrini qələmə
almışdı.
1838-ci ildə
Britaniyanın Faydalı Biliklərin Yayılması Cəmiyyəti
"Thepennycyclopdia" ensiklopediyasını nəşr etdi,
həmin ensiklopediyaya
görə, o dövrdə Qarabağın müsəlman
əhalisi ermənilərdən təxminən 10 dəfə
çox olmuşdur. Həmin ingilis mənbəsində
həmçinin Rusiya hakimiyyət orqanları tərəfindən
o zaman Qarabağ torpaqlarında İrandan
köçürülmüş ermənilərin kütləvi
şəkildə məskunlaşdırılması da təsdiq
edilir. Qeyd olunan mənbəyə görə, "1832-ci
ildəki rəsmi gəlir bəyannaməsinə görə,
Qarabağın əhalisi bəzi nestorilər və
qaraçılardan başqa, 13965 müsəlman türk və
1491 xristian erməni ailəsindən ibarət olub".
Britaniyanın
"Faydalı Biliklərin Yayılması Cəmiyyəti"
tərəfindən 1835-ci ildə tərtib edilmiş və
1844-cü ildə nəşr hazırladığı
memorandumda Azərbaycan haqqında məlumat verərək qeyd
edirdi ki, XIX əsrin 60-cı illərinə olunmuş xəritədə
də Azərbaycan əraziləri, o cümlədən, Ermənistan
Respublikasının indiki əraziləri daxil olmaqla, göstərilir.
1864-cü
ildə İngiltərənin Təbrizdəki konsulu Keyt Abbot
Kral Coğrafiya Cəmiyyəti üçün qədər hətta
Persiya və Türkiyədən İrəvan,
Naxçıvan və Qarabağa bir neçə yüz
min erməninin
köçürülməsindən sonra belə buraların əhalisinin
əksəriyyətini hələ də müsəlman
türklər (azərbaycanlar - R.A.) təşkil edirdi.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın çar
Rusiyasının tərkibində olduğu illərdə
Böyük Britaniya ilə Azərbaycan arasında XIX əsrin
sonu-XX əsrin əvvəllərində formalaşmış əməkdaşlıq
əlaqələrinin inkişafına Bakıda neft
istehsalının inkişafı xüsusi təkan vermişdi. Artıq XIX əsrin
sonlarında İngiltərə kapitalı Bakı rayonunda
özünə möhkəm yer tutmuşdu. Burada çoxsaylı Britaniya şirkətləri
aktiv şəkildə fəaliyyət göstərirdilər.
1898-1903-cü illərdə İngiltərə şirkətləri
Bakı rayonunun neft
47 milyon rubl həcmində sərmayə
qoymuşdular. Bakı zavodlarının istehsal
etdikləri neft məhsulları Londonda keçirilmiş (1881)
ümumdünya sərgisində də nümayiş
etdirilmiş və ekspertlərin yüksək qiymətini
almışdı.
Məşhur
ingilis səyyahı və yazıçısı Çarlz
Marvin 1882-1883-cü illərdə Qafqaz, Bakı, Xəzər
sahillərinə səfər etmiş, bu bölgələrdə
neft biznesinin miqyasına heyran qalmış və təəssüratlarını
özünün "Rusların Hindistana doğru irəliləməsi"
(1882) və "Ruslar Mərv və Heratda" (1883)
kitablarında təsvir etmişdi.
Azərbaycanın
neft sənayesi o zaman getdikcə dünya neft inhisarçısının
- dünya neft ticarətində lider mövqeləri ələ
keçirməyə və neft xammalı bazasını daha da
genişləndirməyə çalışan ingilis-holland
"Royal Dutç Şell"in ciddi səyləri ilə
qarşılaşırdı. Neft sənayesinin milliləşdirilməsindən
əvvəl Azərbaycanda fəaliyyət göstərən
109 səhmdar cəmiyyətindən 37-si (43,4
%) Britaniya kapitalına (100 milyon funt-sterlinq) məxsus
idi. 1904-cü ildə İngiltərənin ağ neftə olan tələbatının
47%-i Azərbaycandan gələn tədarük hesabına
ödənilirdi. Bir çox Avropa ölkələrinə,
o cümlədən, İngiltərəyə tədarük
edilən Bakı neftindən alınan sürtkü
yağları Amerika sürtkü yağlarını rəqabətdə
uğurla sıxışdırırdı.
Qeyd etmək yerinə düşər ki, 1901-ci ildə
Bakı dünya neft hasilatının yarıdan çoxunu
istehsal edirdi.
İstehsal olunan neftin və ondan alınan neft məhsullarının
əhəmiyyətli hissəsi Avropa ölkələrinə
ixrac olunurdu.
Artıq bir əsrdən çox vaxt keçməsinə
baxmayaraq, Böyük Britaniya, İtaliya, Portuqaliya, Türkiyə,
İsrail və digər ölkələr bu gün də Azərbaycan
neftinin daimi alıcıları sırasında qalmaqda davam
edirlər.
Avropada enerji böhranı və enerji
çatışmazlığı riskinin artması fonunda Azərbaycan
rəhbərliyi Avropa İttifaqının xahişini nəzərə
alaraq, Aİ ölkələrinə mavi yanacağın tədarükünün,
özü də təkcə öz istehsalı hesabına
deyil, həm də tranzit hesabına, artırılması
üçün tədbirlər görür. Bir
sözlə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin
təmin edilməsində etibarlı strateji tərəfdaş
kimi çıxış edir.
"2021-ci ildə Avropa bazarına ixracımız təqribən
8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım
çox sürətlidir. Ümumi həcm
isə 24 milyard kubmetrdir. Ötən yay
Avropa Komissiyası və Azərbaycan arasında
imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər
təchizatı iki dəfə artıracağımız nəzərdə
tutulur. Beləliklə, Avropa İttifaqına təchizat
minimum 20 milyard kubmetr səviyyəsində olacaq" - bu fikirləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2023-cü il yanvarın 19-da Davos Dünya
İqtisadi Forumu çərçivəsində keçirilən
"Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel
iclasında bəyan etmişdi.
XIX əsrin 80-ci illərinin
ikinci yarısı - 90-cı illəri həm də ingilis
sahibkarları tərəfindən Azərbaycanda biyan
zavodlarının tikilməsi ilə də əlamətdar
olmuşdur ki, bu da ölkənin aran rayonlarında bitən bol
biyan bitkisinin emal edilməsi ilə əlaqəli idi. Belə ki, 1890-cı ildə ingilis vətəndaşı
A.Urkhardt Ucarda biyan kökü emalı zavodu tikdirmiş, burada
1893-1894-cü illərdə 250 min pud biyan kökü preslənmişdi.
1890-cı ildə başqa bir ingilis sahibkarı
İ.Bliss Yelizavetpol (Gəncə) stansiyasının
yaxınlığında geniş bir ərazi satın
almışdı. Blissin özü Türkiyədə
yaşayırdı və burada biyan kökü alıb
İngiltərə və Amerikaya tədarük etməklə
məşğul olurdu. O, öz agentlərini Azərbaycana
da göndərmişdi və onlar Yelizavetpolda biyan
kökünü presləyib ondan biyan şirəsi
hazırlayan böyük zavod tikmişdilər. 1892-ci
ildə bu zavodda 45, 1898-ci ildə isə artıq 63
işçi çalışırdı. 1894-cü ildə Blissin şirkəti Kürdəmirdə
də biyan kökü emalı zavodu tikdirmişdi. XIX əsrin sonlarında Kürdəmir zavodunda 200 min
rubldan artıq məbləğdə məhsul istehsal
edilmiş, burada işçilərin sayı isə 200 nəfəri
ötürdü.
Beləliklə,
Azərbaycanda qida və əczaçılıq sənayesi
üçün çox vacib xammal olan yabanı halda bitən
biyan kökünün bolluğu xarici sahibkarları buraya cəlb
edirdi ki, onlar da qısa müddətdə Azərbaycanda biyan
kökünün emalı üçün 4 müəssisə
tikmişdilər və aran rayonlarının əhalisindən
biyan kökünü çox ucuz qiymətə alaraq, onun
emalı ilə məşğul olmağa
başlamışdılar.
(Ardı var)
Rövşən
AĞAYEV
525-ci qəzet.- 2023.- 16 mart.- S.12;13.