Anara məktublar
Materialların hazırlanmasında Əmin Əfəndiyev və Zakirə Əliyevanın tərtib etdikləri "Çağdaşları Anar haqqında" kitabından istifadə olunub.
Hörmətli
Anar müəllim!
Sizin böyük məqalənizi oxudum ("Dədə
Qorqud dünyası" nəzərdə tutulur - red.). Bu
araşdırma zəngin fikirlərlə və mövzuya yeni
baxışla fərqlənir. Bizim bu
möhtəşəm abidə ömür boyu tədqiq
olunmağa layiqdir. Təəssüf ki,
alimlərmiz onunla ciddi məşğul olmurlar. Çoxu ona səthi baxır. Sizin
məqalənizlə dastanın son illərdə meydana
çıxan tədqiqatları arasında çox böyük
fərq var. Məqalənizdə toxunduğunuz məsələləri
siz çox ciddi və dərindən izah edirsiz. Böyük məntiqlə xalqımızın
tarixiylə bağlı problemləri
açırsınız. Amma Sizin bəzi
fıkirlərinizlə razılaşmaq çətindir.
Məsələn, bütün xristian salnaməçilərini
qeyri-obyektiv saymağınız tarixi faktlara uyğun deyil.
Doğrudur, bu qaynaqlarda qeyri-obyektiv fikirlər də az deyil. Amma unutmamalı ki, onlar
öz zamanəsinin adamları idi və əsərlərində
tarixi hadisələrdən danışırdılar. Sizin bu mükəmməl məqalənizdə bir
neçə mübahisəli fikirlər də var. Məsələn,
bəzi etimoloji fərziyyələriniz inandırıcı
deyil, dastanın əsl adı "Kitabi Dədəm
Qorqud"dur". Bu ad dastanın Azərbaycana
məxsusluğunu daha da inandırıcı edir. "Dədəm", yəni mənim dədəm,
bütün türkdilli xalqların içində ən
çox azərbaycanlılar üçün səciyyəvi
ifadədir. Ona görə də
dastanın adını dəyişməyə (yəni "Dədə
Qorqud" şəklində - red.) ehtiyac yoxdur. Mən bu ətraflı, dərin və ciddi məqaləyə
görə Sizi ürəkdən təbrik edirəm. Mənim qeydlərimdən inciməyin. Onlar da ürəkdəndir.
Xalıq
Koroğlu
Moskva
Əziz
Anar!
Bu gün
"Drujba narodov"un Sizin "Əlaqə"
povestiniz dərc olunmuş 12-ci nömrəsi
çıxdı. Əla povestiniz
üçün Sizi təbrik edir və... səbriniz
üçün Sizə təşəkkür edirəm.
Bizi lütfən, gələcəkdə də unutmayın!
Sergey
Baruzdin
18 dekabr,
1978
Əziz
Anar! Sizdən böyük bir xahişim var.
1968-ci ildə Bakıda S.Yaqubovanın "Xalq dastanı
Aşıq Qərib" kitabı çıxıb (Az.SSR Elmlər
Akademiyasının nəşri). Müəllif mənim
fərziyyəmi təsdiq edir ki, Lermontova bu dastanı
danışan adam M.F.Axundov ola bilərdi. Təsəvvür
edirsinizmi, bu, mənim üçün necə
vacibdir!
Kitabın çıxması haqqında "Voprost
literaturı" jurnalında resenziyadan xəbər tutdum. Amma kitabın
özünü Moskvada tapa bilmirəm. Ona
görə də sizi narahat edirəm - bu kitabı Bakıdan
ala bilərəmmi?
Fürsətdən
istifadə edib Sizə ən yaxşı hisslərimi
çatdırır, Sizi və ailənizi Yeni il
münasibətilə təbrik etmək, xoşbəxtlik, rifah
və uğurlar arzulamaq istəyirəm. Atanıza
xüsusi salamlarımı yetirin.
Moskvaya yolunuz düşəndə Bizə gəlin. Sizi görməyə
həmişə şadıq. Ünvanınızı
Mananadan öyrəndim, o da Sizə salam
göndərir.
Sizin
İrakli Andronikov
25 dekabr,
1968
Əziz
Anar, yeni il hədiyyəniz
üçün sağ olun. Kitabı dərhal
oxumağa başladım. "Dantenin yubileyi" ilə əvvəldən
tanış idim. Sizi
yazıçı kimi bu hekayədən tanımışam.
Sonra da kiçik kitabınızda başqa
yazılarınızı oxumuşdum... Bu
bircildlikdə isə çox şey mənimçün
yenidir. Təbii ki, hamısını oxuyacam, ancaq yəqin
ki, məni başa düşərsiz, kitabı tamamlayan
romandan başladım və səhər sübh çağınacan oxudum
("Sizsiz" xatirə-romanı nəzərdə tufulur).
Bu, çox səmimi nəsrdir, Anar, romanda yalnız Sizin
valideynləriniz deyil, onların oğlu da, bəlkə daha
böyük tamlıqla əks olunub. Əgər Sizin
atanız və ananız özlərindən sonra bir misra da
qoyub getməsəydilər, onların həyatı Sizin qəlbinizə
belə məhəbbət, fədakarlıq və vəfa
toxumları səpdikləri üçün dəyərli
olardı.
Əlbəttə, kitabın əsas dəyəri iki
gözəl, istedadlı, bir-biriyçün yaranmış
insanın unudulmaz Abşeron səması altında
keçmiş yarıməsrlik yollarının təsviridir -
bu insanlara bir-birini tam şəkildə anlamağın nadir səadəti,
özlərini övladlarında davam etdirməyin xoşbəxtliyi,
yaradıcılıq bəxtəvərliyi nəsib olmuşdu. Axırda da
faciəvi sonluq.
Çoxları, lap çoxları bu kitabı
böyük həyəcanla və minnətdarlıqla oxuyacaqlar. Amma bu romandan ən
çox müfəəssir olan mənəm. Bu, təəccüblü deyil. Axı mən Sizin valideylərinizlə hələ Siz
dünyaya gəlməmişdən qabaq tanış idim. Nigarın Sizin yaddaşınızda möcüzəvi
şəkildə qalmış qara bereti də yaxşı
yadımdadır. Romanınızda adlarını
çəkdiyiniz Rəfili və Sabit Rəhmanla isti
münasibətlərim vardı. Adlarını
çəkdiyiniz yerlər - Kitab passajı, Krivaya
küçəsi, Parapet, kinoteatrların köhnə
adları (hələ Olginski-Caparidze küçəsində
"Təyyarə" kinoteatrı da vardı, indi orda
Univermaqdır) - bütün bunlar başqa bir həyatın
otuzuncu illərdən gələn əsintisi kimi mənimçün
xüsusi əhəmiyyətə malikdir. Bu
Bakı mənim Bakımdır, haçansa Banderni
küçəsində dünyaya gəldiyim şəhərdir.
Ürəkdən arzulayıram ki, ilin doqquz ayı
günəşli olan səmanızın altında sülh və
xeyir olsun. Qoy aramızdan getmişlərin gözəl kölgələri
yaşayanlara yardım etsin.
Əlinizi bərk-bərk sıxıram.
Leonid
Zorin
Hörmətli Anar Rəsuloviç!
"Lit.qəzet"dəki
məqaləniz mənə böyük zövq verdi
("Literaturnaya qazeta"da (30 avqust 1978) dərc olunmuş
"Zəriflik bağları, kobudluq bağları" məqaləsi
nəzərdə tutulur, bu məqalədə Y.Trifonovayla,
A.Kronla bağlı tənqidi fikirlərlə mübahisə
edir, tənqidçi Y.Andreyevin ittihamlarına cavab verirdim).
Ona görə yox ki, mənim adımı iki dəfə
xoş niyyətlə çəkmisiniz və beləliklə,
dolayı yolla mənim "Yuxusuzluq" romanımı
ardıcıl hücumlardan, məqalənizdə tutarlı
cavab verdiyiniz mövqelərdən müdafiə etmisiniz. Bu, əlbəttə
mənə xoşdur, amma əsas bu deyil. Əsas
odur ki, "LQ" səhifələrində
"belletristika" haqqında diskussiyada da, bundan əvvəlki
diskussiyada da heç kəs bu səviyyəyə qalxa bilməyib.
Siz yalnız birbaşa mübahisə etdiyiniz Y.Andreyevin deyil,
bir çox başqa məqalələrdə də bolluca yer alan köklü vulqar sosiolojı ştamplara,
demoqoqiyaya və manilovşinaya qarşı bizim çətin
peşəmiz haqqında həqiqi professional söhbəti,
sakit tonu və gerçəklik anlayışını
qoyursunuz. İkinci, məni sevindirən Azərbaycan
nəsri və tənqidinin bugünkü səviyyəsi oldu.
1930-31-ci illərdə mən Bakıda
yaşayır və işləyirdim. Bakı
təəssüratlarıyla "Dərin kəşfiyyat"
pyesimi yazmışam. O vaxt Azərbaycanda gözəl
poeziya vardı. Səməd Vurğun sağ idi,
Süleyman Rüstəm və Rəsul Rza ustalar kimi təsdiq
olunurdular, amma nəsr zəif idi, professional tənqid isə
ondan da zəif. İndi Siz iftixarla bir sıra adlar çəkirsiniz,
təəssüf ki, onların hamısı mənə tanış deyil, amma mən Sizə
inanıram. Maqsud İbrahimbəyovun
"Novıy mir"də dərc olunmuş povesti sübut
edir ki, gənc Azərbaycan nəsri çox maraqlıdır.
Sizin məqaləniz məni sövq edir ki, ən
yaxın zamanda müasir ədəbiyyatınız haqqında
təsəvvürlərimi genişləndirim.
Məqaləniz üçün Sizə təşəkkür
edir və cansağlığı, ədəbi uğurlar
arzulayıram.
Aleksandr
Kron
Peredelkino. 31 avqust, 1978
Əziz
Anar!
Pyesinizin tərcüməsini bitirdim, bu günlərdə
Sizə göndərəcəm. İşə
girişəndə və pyeslə daha yaxın təmasda
olanda, o, məni insani cəhətdən cazibəsinə
aldı, onun daxili dramatizmini, hətta tragizmini daha aydın dərk
etdim.
Özü də yalnız Təhminə obrazında yox
(bu, aydındır) daha çox Zaur obrazında. Məişət
dəhşətinin, xeyirxah, hətta sevən mühitin son nəticədə
insanı sındırması, ona səadət arzulayaraq
xoşbəxt olmaq imkanından məhrum etməsi çox
güclü təsir bağışlayır.
Sizdən cavab alandan sonra (əgər tərcümə
Sizi qane edirsə) pyesi "Sovremennaya dramaturqiya"
jurnalına təqdim edəcəm.
Təəssüf
ki, noyabrın axırında mən dramaturqların
seminarına rəhbərlik etməli olacam, bu dramuturqlar,
içi mən qarışıq, Cəfər
Cabbarlının dırnağı da deyil, C.Cabbarlı
möcüzə yaradıb, belə möcüzə yalnız
bir neçə nəsil ədəbiyyatçıların səyiylə
baş verə bilərdi - o, müasir milli dramaturgiyanı
yaradıb, onu klassika səviyyəsinə qaldırıb. Mən və mənim həmyaşlarım artıq
ağarmış başlarımızı onun qara
saçlı başı qarşısında əyirik -
yaşadığı illərin sayına görə o bu
gün bizim oğlumuz yaşındadır, amma hamımız
üçün gördüyü işlərin miqyasına
görə o - Ustaddır. Belə
yaradıcı qüdrətə malik olan sənətkarları
yetirən xalq xoşbəxt olmaya bilməz. Biz bu gün haqlı olaraq çox şeyi
şübhə altıra alırıq, Amma bu gün vaxtdan
asıh olmayan şübhəsiz dəyərlər xüsusiylə
vacibdir. Cəfər Cabbarlının
qeyri-adi istedadı məhz belə dəyərlərdəndir,
bu istedad bizi keçmişlə və gələcəklə
bağlayır.
Dəvət üçün təşəkkür edirəm
və təəssüflənirəm ki, ondan istitfadə edə
bilmirəm. Əgər lazım bilsəniz, bu məktubu ümumi
bayramımızda mənim çıxışım kimi qəbul
edin.
Əlinizi sıxıram. Sizin,
Leonid Juxovitski
Əziz Anar!
Göndərdiyin kitab üçün çox təşəkkür edirəm. Mən onu diqqətlə, böyük maraqla və sənin ağıllı, cilalanmış üslubuna rəğbət hissiylə oxudum. Bu üslubda heç bir sentimentallıq əlaməti yoxdur, o şeylərə ki, sənin ətrafındakıların yazılarında, elə rus nəsrində də rast gəlirsən. Bizim günlərdə "qotikanı" dirçəldən "Əlaqə" əla yazılıb. Realist əsərlər də - "Macal", "Altıncı mərtəbə" gözəldir. Bilmirəm Azərbaycan şeirində vəziyyət necədir, (Fikrət Qocadan başqa digərlərini az oxumuşam), amma nəsriniz şübhəsiz, çox istedadlıdır, sən də bu nəsrin ən görkəmli nümayəndələrindənsən.
Ən
yaxşı arzularla,
Yevgeni
Sidorov
Moskva, 7
sentyabr, 1981
Əziz
Anar, Necə də sənə minnətdaram! Bu saat Leon gəldi
və Rəsuldan salam, çiçək,
səmimi xeyirxahlıq və dərman gətirdi. Məni xəstəxanaya salana qədər bu bizi
xilas edəcək. Məhz sənin həssaslığına
şübhə etmədiyim üçün Leonla qərara gəldik
ki, ən çıxılmaz halda sənə müraciət
edək. Bizə necə kömək
etdiyini izah etmək üçün söz tapmıram. Təcili yardımların ən təcilisini etdin sən.
Düşünürəm ki, hər halda bir macal eləyib
işlərin, həyatın haqqında bizə məktub
yazacaqsan. Leon deyir ki, sən Kinematoqrafiya naziri olacaqsan - bu
doğrudurmu? Məncə, belə nazirlər
yalnız Fransada olur. Mən əvvəlki
təkin "mənəvi poeziyanı"
"estradaçıların" həmləsindən qəhrəmanlıqla
və ümidsizliklə qorumağa çalışıram.
Gördüyün kimi, səhhətimin
bahasına.
Leon və mən səni qucaqlayırıq. Rəsula minnətdarlıq etməyə söz tapmıram. O, bizi xilas etdi.
Yunna
(Morits)
525-ci qəzet.- 2023.- 16 mart.- S.10.