ANA SÜDÜNƏ İÇİLƏN AND  

 

Biz onların hamısını itirə bilərdik.

Demirəm bu cavanları ucdantutma güllələyəcəkdilər, ya Sibirə sürgün edəcəkdilər. Daha qart 1937-ci il deyildi, artıq yumşaq 1965-ci il idi, bu cür əməllərə görə cəza növü dəyişmişdi. Belələrini ya dəlixanaya göndərirdilər, ya da uzunmüddətli həbsə atırdılar, ya sürgün edirdilər. Ancaq istənilən halda gənc insanlar idilər, taleləri şikəst olacaqdı, ömrün ən gözəl illərini dustaqlıqda keçirəsi olacaqdılar, orada, Allah bilir, başlarına nələr gələcəkdi, üstəlik, səhhətləri də zədələnəcəkdi.

Həmin ruhi xəstəxanalardan çıxıb gələnlərin sonradan elə yarımadam kimi yaşamaları barədə az eşitməmişik ki! Ən pisi də - adları qalacaqdı ləkəli. Sovet hökumətinin onları gizli nəzarətində saxlaması bir yana, elə adi adamlar da onlara bir az köntöy baxacaqdılar. Siyasi səbəblə türmə çəkib qayıtmışların işə düzəlməsi də, vəzifə pillələri ilə irəliləməsi də, lap elə ailə qurması da müəyyən çətinliklərə bağlanacaqdı. Çox da ki, 1930-cu illərin siyasi repressiyaları xeyli vardı ki, arxada idi. Çox da artıq 1960-cı illər idi. Üstdən bir qədər dəyişsə də, cəmiyyət həmin cəmiyyət idi, içdən sovet həminki sovet idi, həmişəki siyasəti də öz yerində.

Kim idi bu cavanlar, neyləmişdilər, onları etdiklərinə görə nə gözləyirdi və necə oldu ki, Heydər Əliyev onların qanının arasına girə bildi?

İş ondadır ki, heç özləri də bilmədən onları Heydər Əliyevlə birləşdirən vacib bir cəhət vardı.

Hərçənd onların heç biri Heydər Əliyevi heç tanımırdı, ömürlərində bircə dəfə belə görməmişdilər.

Haradan da tanıyaydılar ki, Heydər Əliyev o vaxtlar Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini idi və belə vəzifələrdə çalışanların nə qəzetlərdə şəkilləri çıxırdı, nə onları televiziyada göstərirdilər.

...Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları 1965-ci ilin ilk noyabr günlərində keçirdikləri əməliyyatla bir neçə gənci həbs edərək istintaq təcridxanasına gətirdilər. Bir ay davam edən dindirmələr, 7 iri cildə sığan şahid ifadələri və digər sübutedici dəlillər toplanandan sonra açılmış 133 saylı kollektiv cinayət işi üzrə dekabrın 3-də artıq istintaqı yekunlaşdıraraq onları 67-ci maddə üzrə müqəssir bilir, məsuliyyətə cəlb edilənlərə hökmlərin verilməsi üçün işi məhkəməyə yönəltməyə hazırlaşırdılar.

İndi Azərbaycanın Cinayət Məcəlləsində belə bir maddə yoxdur. Yəni sıra nömrəsi 67 olan maddə var, amma məzmun başqa məzmundur. Sovet dövründə belə maddələrlə kiminsə mühakimə edildiyini eşidirdilərsə, köks ötürürdülər ki, evi yıxıldı, bu məsələylə KQB məşğuldur, hansısa yollarla can qurtarmaq mümkünsüzdür.

"Milli və irqi hüquq bərabərliyinin pozulması" adlanan bu maddə dövləti cinayətlər qəbilindən idi.

Tarix boyu Azərbaycanda ən müxtəlif irqlərin və xalqların təmsilçiləri rahat yaşayıblar, həm də sadəcə rahat deyil, heç yerdə olmayan kimi rahat.

Bəs bu həbs edilənlər kimlərin irqi və milli heysiyyəti əleyhinə nə etmişdilər ki, onları qorxulu sayaraq dəstəylə nəzarət altına götürmüşdülər?

Bu həbs olunan gənclər antisovet fəaliyyətdə, millətçilik məqsədləri güdən "Azərbaycan Milli Dili Müdafiə Komitəsi" adlı gizli təşkilat yaratmaqda, sıralarına böyük bir dəstə həmfikirlərini toplayaraq ardıcıl iş aparmaqda ittiham edilirdilər.

Mübarizələri və adları tarixin dünənində qalmış o cavanların macəralı və başucaldan tarixçəsini minnətdarlıqla anıram.

Həmişə onunla iftixar etmişəm ki, bizim millət heç vaxt müti olmayıb, öz istiqlalı, haqları uğrunda mübarizələri ən amansız dövrlərdə də dayandırmayıb. Bütün təzyiqlərə, təqiblərə, həbslərə, sürgünlərə, ölümlərə baxmayaraq, Sovetin var olduğu bütün dövrlərdə bu xalqın içərisindən dəyanətli oğullar yetişərək xalqın səsinə çevriliblər, hətta həyatlarının ən ciddi təhlükələrə məruz qalacağından çəkinməyərək təşkilatlanıblar, birləşiblər, iki daşın arasında da iş görməyi bacarıblar.

Bu gənclər də həmin şərəfli millət yolunun yolçuları olmuşdular.

O cəfakeşlərin hər birinin bu əziz, bu bəlalı dilimizin xatirinə zərrəcə olsa belə çəkdikləri əməklərə və qatlaşdıqları əziyyətlərə görə hər zaman anılmaq haqqı var.

Bu gənclər dilimizi sevirdilər, bu xalqın övladı olmalarıyla qürur duyurdular və yaşları iyirmi ətrafında dolanan o cavanların hərəsi bir rayondan gəlmişdi, hərəsi fərqli peşənin, təhsilin sahibi idi və onları bir yerə yığan, riskli bir niyyətə kökləyən də elə dilimizə məhəbbət olmuşdu.

Və haradan ağıllarına gələrdi ki, elə həmin sevgi yolunda çalışmalarına görə çıxılmaz tələyə düşəcəklər. Bu, nə şəkildəsə bəlkə ağıllarına gələ də bilərdi, çünki öz aralarındakı söhbətlərdə mümkün təhlükələri də gözlərinin altına aldıqlarını dəfələrlə dilə gətirmişdilər, hər biri əhd də eləmişdi ki, hər sınağa mətanətlə tab gətirəcəyik. Amma heç cür təsəvvür etməzdilər ki, müqəddəratlarının həll edildiyi, sanki kitablarının bağlandığı son məqamda Əlahəzrət Tale onların qarşısına bu dili onlardan heç də az sevməyən güclü bir ixtiyar sahibini çıxaracaq.

...Böyük Heydər Əliyev ana dilimizin aşiqi idi və bu göyçək, bu şirin dilin gücünü də yaxşı bilirdi. Həm də bu hiss onda lap erkən, yetirmələrini dilə sevgi ilə sehrləməyə qadir bilgin müəllimlərdən dərs aldığı uşaqlıq, yeniyetməlik illərindən başlamış, həyatı boyu da onunla birgə olmuşdu.

Zahirən sanki elə hər azərbaycanlı öz dilini sevir, ya məntiqlə, gərək ki sevə. Ancaq bizim olan və sərvət sayılan nəyimiz varsa, məgər hamısını onların layiq olduğu ucalıqda tuturuqmu, qədrini qədərincə bilirikmi, ürəyimizdə və düşüncəmizdə onlara bəsləməli olduğumuz məhəbbətə yer ayırırıqmı?

Heydər Əliyev varlığı ilə dilimizə güc verməyi bacaranlardan, dilimizə canlı varlıq kimi baxanlardan, dilimizə bütün başqa xidmətlərindən əlavə cazibəli nitqi ilə azərbaycancanın sanbalını, hörmət-izzətini artıranlardan idi.

Ömrün qürubunda Heydər Əliyev vəsiyyət və nəsihət edirdi: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur".

O, bir çoxlarının bilmədiklərini bilən idi və onun ən xırda ayrıntıları ilə agah olduğu, əksərən başqalarının xəbərsiz qaldığı bir həqiqət də bu idi ki, XX əsrin arxada qalan onilləri ərzində dilimiz əleyhinə və dilimiz uğrunda kimlər hansı mübarizələr aparıb, ana dilimiz naminə kimin az, ya çox hansı xidmətləri olub.

Və onun illərcə ürəyində, yaddaşında daşıdığı, kimsəylə bölüşmədiyi bir sirr də bu idi ki, sovet əyyamlarında Mərkəzin yürütdüyü dil siyasətinin icraçısı olmalı olduğu halda bu siyasətə əks gedərək milli dilin haqlarını qorumaq yolunda çılğın mübarizələrə qatılan neçə cavanı cəzalandırmalı olduğu halda ağır cəzalardan necə xilas edib.

Məftunu olduğu və zəngin nitqində gözəlliklərini göstərməkdən ləzzət aldığı dilimizdən şövqlə bəhs edərkən bəlkə də başqalarının ifasında ümumi fikirlər kimi səslənə biləcək elə qənaətlərini bölüşürdü ki, əslində o kəlmələrin hər birinin ardında təsirli tale hekayətləri dayanırdı.

Kürsüdə böyük Heydər Əliyev idi və sadəcə çox sevdiyi yox, həm də zaman-zaman incidilmiş olması səbəbindən nəvazişli duyğular bəslədiyi dilimizin ömür hekayətini söyləyirdi: "Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər".

Bu sözləri o, müstəqil Azərbaycanın öndəri olduğu 1990-cı illərdə deyirdi və "ağır dövr" adlandırdığı da uzaqlarda əriyib itən məchul zaman deyil, elə 30-40 il əvvəlki çağlardı. Bu sözlərin ardında nələr, hansı sərgüzəştlər gizlənirdi?

...Əl atıb aralarından seçmədən elə birincisini götürdüyüm, 1965-ci il avqustun 30-da qələmə alınmış bu vərəq ayrıca qovluğu dolduran onlarca ərizədən biridir və hər biri məzmunca buna oxşar başqa xeyli diləkçəni öz dəstxəti ilə bir çox başqası da yazmışdı: "Mən, Həsənov Misir, Azərbaycan xalqının namuslu bir övladı kimi anamın halal südünə and içirəm ki, ana dilimizin sıxışdırılıb aradan çıxarılmasına heç vaxt razı olmayacağam. Xalqımızı bu rüsvayçılıqdan azad etmək üçün mənim Azərbaycan Milli Dili Müdafiə Komitəsi üzvlüyünə qəbul olunmamı xahiş edirəm. Xalqım və Komitə qarşısında söz verirəm ki, heç bir çətinlikdən qorxmayaraq axıra qədər çalışacağam".

1960-cı illərdə Azərbaycanda rəsmən belə bir komitənin olması gümanı ilə o dövrün mətbuatını araşdırmağa, soraq kitablarını vərəqləməyə cəhd etməyin.

Dövlət belə bir komitə təsis etməmişdi və o dövrdə də bir dəstə adamın yığışaraq hansısa ictimai təşkilat yaratmaq ənənəsi yox idi. Əksinə, nəinki belə təşəbbüs edənlərin, hətta bu fikrə düşənlərin olmasından duyuq düşüncə o adları məxfi "qara siyahı"lara salırdılar.

Ancaq 1965-in yayında belə komitəni Azərbaycanda bir dəstə ürəyi və düşüncəsi alovlu gənc yaratmışdı, 60-a yaxın üzv artıq vardı, hələ üzvlüyə qəbul edilməkçün daha neçə yeni müraciətçinin də ərizəsi növbədə idi.

Bu, tarixdir, şərəfli tarixdir, gərək bütün bunları biləsiniz!

1965-ci ilin mayından avqustunadək bu gizli təşkilatın üzvləri mütəmadi olaraq o dönəmdə indiki Şəhidlər xiyabanının yerində olan, S.Kirovun Bakının hər nöqtəsindən görünən abidəsinin də ucaldığı və adını daşıyan Mərkəzi mədəniyyət və istirahət parkında, Nəbatat bağı ətrafında, Dənizkənarı parkda, 8-ci Kilometr qəsəbəsində, Montin adına qəsəbədə və şəhərin başqa yerlərində görüşərək yığıncaqlarını keçirirmişlər.

Axtarış zamanı gizli təşkilatın rəhbərlərindən olan Allahverdi Qurbanovun yataqxanadakı otağından təşkilatın digər başçısı Paşa Abdulrəhimovun xətti ilə yazılmış bir ümumi dəftər tapılmışdı ki, orada 56 nəfərin adı vardı.

Dəstənin digər üzvü Şamil Quliyevin mənzilində aparılan axtarış zamanı isə üzvlüyə qəbul olunmaqçün müraciət etmiş daha 18 nəfərin ərizəsi götürülmüşdü. Demək, gizli təşkilat yenicə yaransa da, sıralarını sıxlaşdırmağa başlayıbmış və bunca tez üzə çıxarılmasaydılar, bəlkə də bir neçə ay sonra üzvlərin sayı qat-qat artacaqmış.

İzlərinə düşülməsi də təsadüfən olmuşdu. Təşkilat üzvləri qarşısında qoyulan əsas vəzifələrdən biri bu idi ki, təbliğatımızı gücləndirməli, hər birimiz sıralarımıza yeni üzvlər cəlb etmək üçün çalışmalıyıq. Əslində bununçün də artıq təşkilatda üzv olanların imkanları və meydanı geniş idi. Əksəri zavodda işləyirdi, texnikumda, ali məktəblərdə oxuyurdu, oturub-durduqları, ünsiyyətdə olduqları adamlar az deyildi. Ancaq bununla da kifayətlənmirdilər. Hər yeni üzv gəldikcə həvəsləri də çoxalırdı, dairəni daha da genişləndirmək üçün səyləri artırırdılar. Hətta fikirləşirmişlər ki, komitənin ehtiyaclarını ödəməkçün üzvlük haqqını bir qədər artırsınlar və gələcəkdə o hesabdan bir maşın da alsınlar. Çünki komitə qanadlarını açdıqca (bunasa çox ümidliydilər və inanırdılar) rayonlarda da iş görmək, bəzən lap təcili xəbər aparıb-gətirmək lüzumu yaranacaqdı və öz avtomobilləri olarsa, bu məsələlər də daha əlverişli həllini tapacaqdı.

Elə təzə üzvlər cəlb etmək gedişatında da özləri hiss etmədən düşmüşdülər qarmağa. 1965-ci il iyulun 18-də "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin başçılarından olan Paşa Abdulrəhimov gəlir İnqilab bağındakı çayxanaya, baxır ki, digər masalar dolsa da, özü kimi cavan bir oğlan tək oturub. Yaxınlaşır, icazə alıb əyləşir, tezcə də tanış olub başlayırlar söhbətə. Paşa sözü yönəldir sevimli mövzu səmtə, gəlir Azərbaycan dili, milli hüquqlar, azərbaycanlıların respublikada ermənilər və ruslarla müqayisədə daha aşağı vəziyyətdə olmasının üzərinə. Elə söhbət edə-edə buradan da qalxıb gedirlər Dağüstü parkda gəzməyə. Paşa həmsöhbəti ilə müəyyən qədər isinişəndən sonra gizli təşkilatlarından da söz açır, təklif edir ki, ərizə yaz, sən də bizə qoşul. Həmsöhbəti imtina edir. Belə olanda Paşa yarızarafat-yarıciddi qayıdır ki, onsuz da geci-tezi var, biz məqsədimizə çatacağıq, onda sənin kimi bizə qoşulmaqdan boyun qaçıranlar, qorxaqlar, milli hərəkatı dəstəkləməyənlər boğazından asılacaq.

Və adını açmadığım həmin şəxs ertəsi gün ərizə yazır. Ancaq gizli təşkilata üzv olmağa deyil, DTK-ya. Və çekistlər də ləngimədən düşürlər izə, təbii ki, bu dəstəyə öz adamlarından da qoşurlar və mənzərə tam aydınlaşandan sonra dil uğrunda mübarizlərin qapılarını döyürlər.

O ərizə yazanın adını indi aşkarlamağa lüzum yoxsa da, Sovetin mənəm-mənəm vaxtında Azərbaycan dili uğrunda mübarizə aparmış və başı ağrımış həmin unudulmuş naməlumları bu gün millətin tanımasına ehtiyac var. Bu siyahı heç vaxt heç yerdə görünəsi-bilinəsi deyildi. Necə ki, yarım əsrdən çoxdur arxiv səssizliyində dilsiz-ağızsız, kənar gözlərə görünmədən qalmaqdaydı.

Bəlkə bir belə adı bu yazı içərisində ard-arda oxumaq kiməsə yorucu da gələcək. Amma onlar millət üçün çalışmış cavanlardır, vaxtilə adları bu dəftərdə olduğu üçün onları məhşər ayağına çəkirmişlər, barı indi həmin dəftərdəki siyahıda keçən adlarını sağdırlarsa özləri (həyatda olanları varsa, yaşı səksəni keçmiş olmalıdır), ya balaları görüb öyünsün ki, əziyyətlərimiz itmədi, bizi də qiymətləndirən, yada salanlar oldu. Bir çoxsəhifəli şagird dəftəri, adlar, soyadlar, qarşılarında telefon nömrələri: Səməd Nurullayev, Rzaxan Gəncəliyev, Kamal Bayramov, Zahid Kazımov, Həşim Qasımov, Gülağa Qasımov, Nadir Dadaşov, Şamil Şəfiyev, Rauf Vəliyev, Nurulla Səlimov, Ağalar Xudiyev, Mahmud Abbasov, Allahverdi Talıyev, Müsafir Muradov, Binan Seyidəliyev, İxman Mustafayev, Aslan Məmmədov, İskəndər Musayev, Əyyub Atakişiyev, Cəbrayıl Məmmədov, Zakir Həsənov, Həmid Abdullayev, Səfa Hümmətov, Allahverdi Qurbanov, Şamil Quliyev, Aslan Aslanov, Əvəz Mahmudov, Arif Həsənov, Zülfüqar Qurbanov, Baba Mirzəyev, Nazim Adilov, Kamil Sadıxov, Gəncəli Əliyev, Tapdıq Əliyev, İsrafil İbadov, Sücəddin Nəcəfov, Nurəli İsayev, Sabir Yusifov, Eyvaz Cəfərov, Fazil Əliyev, Fazil Əskərov, Yusif Orucov, Heydər Nəcəfov, Vidadi İsmayılov, Qaçay Rüstəmov, Nadir Abbasov, Baxşəli Baxşəliyev, Əliş Mahmudov.

Və bu adları bu dəftərə yazan Paşa Abdulrəhimov.

Onlar əvvəlincilər idilər, düşünürmüşlər ki, gün gələcək, həm də lap tez yetişəcək ki, komitə üzvlərinin indi bir neçə dəftər vərəqinə sığan adları neçə-neçə ümumi dəftərə yerləşməyəcək.

...Onlar göz açıb sovet dövlətini görmüş, sovet məktəbində oxumuş gənclər idilər və günlərin birində onları milli heysiyyət məsələləri narahat edərək bir yerə yığmış və yollar aramağa sövq etmişdisə də, söhbətlərini Lenindən, Sovet Konstitusiyasından başlamışdılar və özlərinə dayağı, arxanı əvvəl bu istiqamətdə aramağı qət etmişdilər.

Gizli təşkilatın 2 əsas rəhbərindən biri - Şamaxının Çarğan kəndindən olan, 1938-ci il təvəllüdlü, o vaxt Bakı limanında sürücü işləyə-işləyə Teatr İnstitutunun ikinci kursunda oxuyan Paşa Abdulrəhimov 1965-ci il noyabrın 1-i və 2-də DTK müstəntiqinə verdiyi izahatında bildirirdi ki, dilimizə münasibətdə respublikada baş verənlər bizi narahat edirdi və bu ilin aprel-may aylarında bir dəstə dost hər görüşümüzdə bu barədə narahatlığımızı bölüşürdük. Ona görə də qərara aldıq ki, yalnız danışmaqla, dərdləşməklə iş keçməz. Dilimizin müdafiəsinə qalxaq, Azərbaycan dilinin dövlət dili olması üçün mübarizəyə başlayaq. Hələ sayımız az olduğu üçün təşkilati məsələlərə baxmadıq. Amma qət etdik gələn yığıncaqlarda sıralarımız cəlb etdiyimiz üzvlərə Lenin milli proqramını, konstitusiyanın bizə verdiyi hüquqları oxuyub təhlil edək, oradan özümüzə dayaq axtaraq.

Bizə çox təsir edirdi ki, Azərbaycan dilində qəzetlər azdır, hansı idarəyə müraciət edirsən, tələb olunur ki, ərizəni rusca yaz və bütün sənədləşmələr də rusca aparılır. Biz Leninin 1922-ci ildə XII qurultaya yazdığı o məktuba əsaslanırdıq ki, orada bəziləri işin xatirinə rus dilini milli respublikalara yeritməyi pisləyirdi, deyilirdi ki, bu heyvərələr belə siyasətlə həmin xalqları narazı salacaqlar.

Paşa müstəntiqə bunu da deyir ki, şəxsən nə mən, nə yoldaşlarım cinayət kimi qiymətləndirilə biləcək bir iş tutduğumuzu düşünmürdük. Çünki biz qanunlara əsasən ana dilimizə hörmət bəslənməsi məsələsini qaldırırdıq.

Qərara alıblarmış ki, noyabrın 7-də əllərində şüarlar nümayişə çıxsınlar və o plakatlara da Leninin şəkillərini yapışdırsınlar. Yəni biz nə istəyiriksə, qanun çərçivəsində istəyirik.

Doğrudan da, məntiqlə bu cavanların birləşib öz milli dillərinin, həqiqətən də, aşağılanan hüquqlarının müdafiəsinə qalxması nəinki cinayət deyildi, hətta bundan ötrü adamı məsuliyyətə cəlb etmək əcaib görünürdü. Ancaq 1965-ci il idi. Kreml belə hərəkətlərin hamısını qatı millətçilik, sovet xalqları arasına ədavət salmaq, böyük ölçüdə dövlətin siyasətinə zidd getmək kimi dəyərləndirirdi.

O cəsur cavanlar ki bu yola üz tutmuşdular, təcridxana kamerasında, istintaq əsnasında bunun cinayət sayıla biləcəyini düşünmədiklərini söyləyirdilərsə də, ağıllı oğlanlar idilər, anlayırdılar ki, gerçəklikdə belə deyil, əgər dilimiz respublikada bu şəkildə küncə qısnanırsa, söz yox, bunun baisi elə dövlətin siyasətidir.

Ona görə də hansı təhlükəli yola hansı müqəddəs iş naminə çıxdıqlarını bilərək bu mübarizəyə qoşulmuş həmin unudulmuşların ən fəallarının adlarını dünəndən bugünə gətirmək istədim.

Dilimizin hər hansı şəkildə cüzi olsa belə incidilməsinə rast gələndə indi əksəri həyatdan getmiş o mübarizləri ehtiramla xatırlayın və düşünün ki, talelərini bu yolda alovlarla qarşı-qarşıya qoymaqdan çəkinməyən oğullar olub.

Heydər Əliyev o vaxt sədr müavini idi, həmin hadisədən az öncə - martın 31-də ona polkovnik rütbəsi verilmişdi.

Bu cinayət işinin istintaqı başlananda həcmin iriliyi səbəbiylə və məsələnin milli dillə əlaqədar olması ucbatından məhz azərbaycandilli müstəntiqlərdən ibarət geniş istintaq qrupunun yaradılması xahişiylə ona müraciət edilmişdi.

Təsəvvür edirsinizmi, köhnə vaxtlar - 1930-40-cı illər olsaydı, DTK-da tək-tək istisnalar nəzərə alınmazsa, əsasən ermənilərin və rusların çalışdığı çağlarda belə istintaq aparılsaydı, bütün başqa xırdalıqlar bir yana, bu adamları danışdırıb protokollar tərtib etməyin özü nə qədər müşküllər yaradardı.

Bəs həbs edilmiş bu zavallıların dediyi də eyni şey deyildimi?

Ona görə elə işlədiyi idarədə də kadrların milliləşməsini müəyyən idarəedicilik səlahiyyətləri əldə etdiyi ilk vaxtlardan başlayaraq gerçəkləşdirməyə çalışmış Heydər Əliyev milli məsələlərdə daim mühafizəkar baxışlardan aralı oldu. Onu məhz bu cəhəti də həmişə seçdirdi, ətrafındakı bəzən ondan da artıq səlahiyyət sahibi olan, amma milli məsələlərdəki mövqeyi ilə başqa qeyri-azərbaycanlılardan fərqlənməyənlərdən ayırdı.

Elə "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nə qoşulanların da hərəkətlərini o, ideologiya əleyhinə düşmən hərəkət kimi yox, donkixotluq, uşaqlıq hesab edirdi, onillər sonrakı etiraflarından anlaşıldığı kimi, qəlbinin dərinliyində onları haqlı da sayırmış, gizli rəğbət də bəsləyirmiş.

Axı o sözləri ki o cavanlar deyirdilər, dildə o vaxt bunlar rəsmən etirazla qarşılansa da, həqiqət idi və bunların danılmaz gerçəklər olduğunu Heydər Əliyev bişkin bir çekist və cəmiyyətşünas, insanşünas kimi hər kəsdən yaxşı bilir və duyurdu. Üç onillik sonra dil baxımından o əyyamları "ağır dövr" adlandıranda, dil uğrunda mübarizə aparmışları yüksək qiymətləndirəndə Heydər Əliyev məhz elə həmin düşüncəni ifadə edirdi və ad çəkməsə də, qiymətləndirdiyi mübarizlərin arasında həmin dil müdafiəçisi gənclər də vardı.

Heydər Əliyev 1960-cı illərdə belə millətçi fikirlərə və hərəkətlərə görə istintaqa cəlb edilmiş cavanların əksəri ilə özü görüşmüşdü, məsələnin həbsə qədər irəliləməsinin qarşısını almışdı, öyüd-nəsihət verərək onların gənc ömrünü şikəst olmaqdan qorumuşdu.

Bu mətləbdən həmin taleyi yaşamış bir neçə nəfərin özlərinin bilavasitə mənə söylədiklərindən xəbərdaram.

"Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin işi ilə ilkin tanışlıqdan sonra isə DTK sədri general-mayor Semyon Sviqunun mövqeyi tam əksinə idi. O, bu işi söndürmək yox, daha mütəşəkkil bir cinayət kimi təqdim etmək, Moskvaya da sıralarında onlarla şəxsi birləşdirən bir antisovet-millətçi təşkilatı ifşa etdiyini çatdırmaq idi. Əlbəttə ki, bu, həm də çoxsaylı həbslərə gətirib çıxarmalı idi.

4-ü nağd içəridə idi. Azı 10-15 nəfər də həbs hədəfinə götürülmüşdü. O dəftər ki təşkilatın rəhbəri Allahverdi Qurbanovun yataqxanadakı otağından tapılmışdı, həmin siyahıdakı cavanların hər biri şahid qismində hər dəfə dindirməyə çağırılanda daha geri qayıtmayacaqlarını zənn edirdilər.

Kim idi o dəftərdəkilər, necə olmuşdu ki, onlar bu yola qoşulmuşdular?

İstintaqa cəlb edilmişlərdən biri - Əliş Mahmudov əlavə sual gözləmədən özü etiraf edirdi ki, gizli təşkilat 1965-ci ildən fəaliyyətə başlasa da, onda bu cür düşüncələr daha əvvəl - 1963-cü ildə yaranmışdı.

Və söylədikləri də açıqca göstərir ki, Əliş kimi cavanların bu təşkilata üz tutması kiminsə təbliğatına uymaqdan daha əvvəl daxili ehtiyacdan doğub. Həyat özü deyib ki, belə et!

Bu təşkilata qısa müddətə xeyli gəncin qoşulması gerçəkdən də acınacaqlı olan vəziyyətdən doğurdu. Əliş Mahmudov kənddən Bakıya savad, dolanışıq, gələcək ardınca gələn, hələ rus dilini yaxşı mənimsəyə bilməmiş və buna görə hər addımda yalnız çətinliklərlə qarşılaşmayıb həm də burunlanan, heysiyyətinə toxunulan oçağkı minlərlə azərbaycanlı cavanlardan biri idi. Dərd ürəklərini deşirdi, dərk edirdilər ki, buna sonsuzacan dözmək olmaz, ancaq qarşıdakı dağ da aşılmaz kimi görünürdü. Onların təşkilat yaratma, nəyəsə nail olma cəhdi suda batanın caman çöpünə ümid yeri kimi baxması qədər olsa da, hər halda səbir etməkdən, susmaqdan, mənliyinin əzilməsinə dözməkdən hərəkətə gələrək nə qədər illüziyalı görünsə də, məqsədə doğru addım atmaq qat-qat əhəmiyyətli idi.

Əliş başına gələnləri elə dilimizin başına gələn qəziyyə kimi nağıl edir. Deyir ki, Razin (indi A.A.Bakıxanov) qəsəbəsindəki neft avadanlıqlarını quraşdırma idarəsində fəhlə işləyirdim. Bir dəfə iş icraçısına azərbaycanca yazdığım ərizəmi verəndə qayıtdı ki, bu, yaramaz, get, rus dilində yaz gətir. Mən rus dilini bilmədiyimi söyləyəndə, dedi ki, eybi yoxdur, istəyirsən səninçün mən yazım. Bu, mənə ağır gəldi. Çünki universitetə qəbul olunmaqçün hazırlaşırdım və mənə yer elədi ki, necə ola bilər, bəlkə də savadı məndən aşağı birisi mənim yerimə ərizə yazsın. Bu arada baş mühəndisimiz gəlib çıxdı. O da iş icraçısı deyəni təkrarladı. Mən çox həyəcanlandım, hirsimdən ağladım. Kövrəlməyim baş mühəndisi mütəəssir elədi, əlini yellədi, "Cəhənnəmə, qoy hansı dildə yazır-yazsın", - dedi. Şmidt zavodunda işlədiyim vaxt növbəti dəfə eyni halla rastlaşdım. Məzuniyyətə çıxmalıydım, sex rəisinə ərizə yazdım. Ərizəmi qəbul etməyinə etdi, ancaq bir neçə gün sonra məni təcili işə çağırtdırdı ki, ərizəni təzədən, rusca yazmalısan. Bu, direktorun göstərişidir. Çünki mühasibatda və kadrlar şöbəsində işləyənlər Azərbaycan dilini bilmir. Ancaq o da qəbul etmək istəməyərək söylədi ki, gərək ərizə rusca ola. Vəziyyəti belə görəndə qərara aldım ki, bu sexdən çıxıb başqa sexə keçim. Ora buradan da betər. Həmin sexin müdiri bir erməni qadın idi. Ona ana dilində yazdığım məzuniyyət ərizəmi təqdim edəndə dedi ki, mütləq rusca yazmalısan. Getdim komsomol təşkilat katibinin yanına, şikayətləndim. O, həmin erməni sex müdiri ilə danışsa da, bir başqasına ərizəmi rusca yazdırmayınca mənə məzuniyyət vermədilər. Bir müddət sonra barmağımı əzmişdim, zavodun tibb məntəqəsinə getdim. Həkim barmağımı sarıyanda rus dilində yaxşı danışmadığımı mənə irad tutdu, ruscanı mükəmməl öyrən dedi, sizin dilin heç qrammatikası yoxdur. Belə-belə sözlər məni mütəmadi olaraq çox ağrıdırdı. Bir gün dilimizin müdafiəsinə qalxan təşkilatın yarandığını zavoddakı iş yoldaşım Rzaxan Gəncəliyev mənə bildirəndə tərəddüd etmədən həmin komitədə olmaq istədim.

O dövrdə dilə münasibətdə öz şəxsi nümunəsində belə köntöy yanaşmalarla qarşılaşan Əlişlər nə qədər idi?

Saysız-hesabsız!

Əgər müqavimətlər, təqiblər, belə hərəkətlərə görə cəzalanmaq təhlükəsi olmasaydı, dilin müdafisəinə qalxan açıq fəaliyyət göstərən təşkilata qoşulmaq istəyənlərin miqdarı da elə həmin təhər saysız-hesabsız olardı.

Bütün bu gedişatı içəridən və ən kiçik ayrıntıları ilə müşahidə edə bildiyindən, Azərbaycan cəmiyyətini rentgenlə görürmüş kimi olduğundan, seyr etdiklərini də qəlbinə yaxın tutduğundan və Azərbaycan dilinin respublikada aparıcı mövqedə dayanmasının zəruriliyinə ürəkdən inandığından Heydər Əliyev bu hadisələrdən az sonra daha geniş səlahiyyətlərlə respublikaya rəhbərlik etməyə başlayanda ana dilində çıxışlara üstünlük verməyə başladı.

Onun respublika başçısı kimi 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetində, özünün də məzunu olduğu bu ali məktəbin 50 illiyi mərasimində ilk dəfə ana dilində məruzə etməsi əvvəlcə şaşqınlıq, ardınca heyranlıq və minnətdarlıq oyatmışdı, çoxlarına da bir işarə olmuşdu ki, düzlənin, xətt dəyişir...

Heydər Əliyevin özünün açıq şəkildə dilimizə qahmar çıxması və şəxsən ana dilimizin müdafiəsində dayanması hələ bir neçə il sonra olacaq.

Hələliksə, 1965-ci ilin dekabrı idi, o, məzuniyyətdə olan sədrin vəzifəsini icra edirdi və dilimizi müdafiə etmək naminə təşkilatlanmış, bu payız günlərində özləri DTK təcridxanasında qara-qura fikirlərin məngənəsində çırpınan, hamılıqla ağır cəzalarını gözləyən, valideynlərinin hərəsi isə bir rayonda övladlarının dərdi ilə hər gecəni səhərədək yuxusuz qalan cavanları necə xilas etmək barədə düşünürdü...

14 mart, 2023

 

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet.- 2023.- 16 mart.- S.8-9.