Nizami Gəncəvinin böyük Azərbaycan şairi
olduğunu dünya elmi ictimaiyyəti qəbul edir
XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir.
Qapalı rejimə malik olan Sovetlər İttifaqı dövründə
həmin dəmir çərçivənin içərisində
olan Azərbaycan Sovet Respublikası Nizami Gəncəvi kimi qüdrətli Azərbaycan şairini əsasən SSRİ hüdudları
daxilində tanıtmaq
və təbliğ etmək imkanlarına malik olmuşdur. Təəssüf
ki, XX əsrin əlli-altmışıncı illərində Azərbaycanla
müqayisədə Qərb
ölkələrinə daha
açıq olan İran rejimi fürsətdən istifadə
edərək, öz məqsədlərinə uyğun
şəkildə böyük
Azərbaycan şairi Nizami Gəncəvini dünyaya İran şairi, hətta bəzən fars şairi kimi təqdim edib.
Lakin ölkəmizin dövlət
müstəqilliyi qazanmasından
keçən dövr
ərzində Azərbaycan
alimlərinin obyektiv reallığın ifadəsi
olaraq, qədim arxiv sənədləri və əlyazmaları əsasında Nizami Gəncəvinin azərbaycanlı
soykökünə malik
olması haqqında apardıqları tədqiqatlar
Birləşmiş Millətlər
Təşkilatının qəbul
etdiyi beynəlxalq dillərdə: ingilis, rus, alman, fransız,
ərəb dillərində,
hətta fars dili vasitəsilə də dəfələrlə
dünya ictimaiyyətinə
çatdırılmışdır. Çoxəsrlik Azərbaycan tarixinə
"Nizami Gəncəvi
İli" kimi daxil olmuş 2021-ci ildə təkcə Milli Elmlər Akademiyası əməkdaşlarının
görkəmli Azərbaycan
şairi və mütəfəkkiri haqqındakı
məqalələri və
kitabları beyəlxalq
miqyasda 14 dildə Planetimizin bütün qitələrində yayılmışdır.
Artıq
dünya ictimaiyyəti
Nizami Gəncəvinin
milli kimliyi haqqında İranın əsassız uydurma bəyanatlarına yox, Azərbaycan alimlərinin təqdimatlarına daha çox maraq göstərir.
Nizami Gəncəvinin
Azərbaycan şairi olması haqqında ən mötəbər mənbələrdən biri
də dahi şairin özünün
qələmindən çıxmış
"Xəmsə" poemalar
xəzinəsidir. Dövrün ədəbi ənənəsinə
uyğun olaraq fars dilində yazılmış "Xəmsə"
poemalar dəstinə daxil olan əsərlərin
hamısında Nizami Gəncəvi özünün
türk kimliyi ilə iftixar etdiyini açıq-aşkar
bəyan etmiş, əsərlərində yüz
dəfələrlə Azərbaycan
atalar sözləri və məsəllərindən,
frazeoloji birləşmələrdən,
doğma Azərbaycan xalqına məxsus olan sözlərdən istifadə etmişdir. Nizami Gəncəvinin poemalarında
XII əsrdə baş
vermiş Gəncə
zəlzələsindən və
Kəpəz dağından
söz açılmış,
ata-baba yurdu olan oğuzların qədim məskənlərindən
biri kimi tanınan Gəncə şəhəri ilhamla tərənnüm edilmişdir.
Məlum
olduğu kimi, Gəncə şəhəri
XII əsrdə Azərbaycan
Atabəyləri dövlətinin
paytaxtı kimi tarixə düşmüşdür.
Nizami Gəncəvinin
atası Yusif kişi və
babası Zəki Müəyyəddin də
azərbaycanlı idi.
Nizami Gəncəvinin atası və anasının məzarları da şairin Gəncə şəhərindəki məqbərəsinin
yerləşdiyi qəbiristanlıqdadır.
Şeyx Nizami Gəncəvi adı ilə böyük şöhrət
qazanmış Nizami Gəncəvinin mənsub olduğu nəslin davamçıları sonrakı
əsrlərdə də
Gəncə şəhərində
yaşamışlar. Azərbaycan Xalq
Cümhuriyyəti hökumətində
Milli təhlükəsizlik
naziri vəzifəsində
çalışmış Nağı bəy Şeyxzamanlı da mənşə etibarilə
Şeyx Nizami Gəncəvinin mənsub olduğu nəslin nümayəndəsidir. Hazırda dünyanın
müxtəlif ölkələrində
Şeyxzamanov, Şeyxzamanlı
soyadı ilə yaşamaqda davam edən, Nizami Gəncəvi ilə eyni şəcərədən
olan azərbaycanlı
sülalələr vardır.
Bütün bunlara görə İran İslam Respublikası rejiminin rəsmi nümayəndələrinin və bəzi elm adamlarının Nizami Gəncəvinin İran şairi olduğunu diqqətə çatdırmalarının heç bir elmi əsası yoxdur. Əksinə, İran alimlərinin özləri də dəfələrlə bəyan etmişlər ki, Nizami Gəncəvinin fars dilində yazılmış əsərlərindən türk iyi gəlir. Ona görə də İran alimlərinin Nizami Gəncəvidən İran şairi kimi bəhs etmələri həmin ölkənin rejiminin təsiri ilə irəli sürülən qeyri-elmi, yanlış mülahizələrdir.
Son aylarda İran
İslam Respublikasında düşünülmüş
şəkildə yenidən Nizami Gəncəvinin
İran şairi kimi qələmə verilməsi obyektiv elmi reallıqdan çox uzaq olub, müstəqil Azərbaycan
Respublikasına qarşı həmin ölkədə yönəldilmiş
növbəti haqsız təhdidlərdən biridir.
Tam yanlış olan
belə münasibət isə İrana
qonşuları ilə münasibətlərin gərginləşdirilməsinə
səbəb olmaqdan başqa
daha heç nə vəd
etmir.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin
deputatı, akademik,
525-ci qəzet.- 2023.- 16 mart.- S.7.