Xan qızı ilə son görüş
Qarabağda,
xüsusən onun Aran hissəsində vaxtilə böyük
hörmət-izzət sahibi olan, kişi qeyrətli, gözəl,
məsum Saray xanım Cərciz peyğəmbərin türbəsini
tikdirən Mirhəsən ağanın qızı idi. Mirhəsən
ağa türbəni aşıqlı (Beyləqanda kənd,
camaat) Hacıqulu kişinin köməyi ilə tikdirib... Saray xanım da atası kimi xeyirxah, haqqın, ədalətin
keşiyində sayıq dayanan, kasıb və sadə
insanların yaxın dostu olan bir insan idi. O, həmişə
ehtiyacı olanların əlindən tutur, kömək göstərirdi.
Heç kimin xətrinə dəyməyən,
insanpərvər, xoşqılıqlı bir qadın olan Saray
xanımın necə təmiz, pak insan adını qürur və
şərəflə daşıyan bir xanım olduğu təkcə
Beyləqanda deyil, bütün Qarabağda səs
salmışdı. Saray xanım Xan qızı Natəvanla
yaxından tanış olub, onlar,
aradakı yaş fərqinə baxmayaraq, rəfiqəlik edib,
bir-birinə hörmət, etibar bəsləyiblər. Xurşidbanu Natəvanın gerçək tarixi
şəxsiyyətinin və yaddaşlardakı
obrazının bir qədər də aydınlanmasına Saray
xanımın vaxtilə söylədiyi xatirələr, əhvalatlar
da özünəməxsus ştrixlər, həqiqi cizgilər
əlavə edib. Bu mətn də məhz
onların əsasında qələmə alınıb.
... 1895-ci
ilin mart ayının ilk günləri idi. Örənqalada
qışlamaq üçün məskunlaşan Xalac obası
çox sərt keçən qışın qarından,
çovğun-boranından heyvanları qorumuş, yaza itkisiz,
salamat çıxmışdı. Artıq
yazın ilıq nəfəsi ətrafı bürüsə də,
bir neçə gün idi ki, havadan rütubət, çəkilmirdi.
Göy üzünü tala-tala bulud
almışdı. Boz ay özünü,
boz üzünü açıq göstərirdi. Göy gah qızarır, gah da boz rəng
alırdı. Qış dəyələrində
ocaq üçün gərmə qalağının
qurulmasına hələ də ehtiyac var idi. Obada toran qovuşur, axşam düşürdü.
"Xan qızı arxı" tərəfdən
gələn çapar söylədi ki, Natəvan xanım
oğlu Mehdiqulu xan və onları müşayiət edən dəstə
Novruz bayramından on gün sonra Cərgis peyğəmbərin
qəbrini ziyarət etməyə gələcəklər.
Natəvan xanım xəstə olduğuna
görə, ona məsləhət görüblər ki,
müqəddəs ocağı ziyarət edib ondan şəfa
diləsin.
Natəvanın Beyləqana gələcəyindən ən
çox sevinən obanın qənirsiz gözəli, Seyid Mirhəsən
ağanın qızı Saray xanım idi. O, yaxşı bilirdi ki, Natəvan
müqəddəs ocağın ətrafında qurulacaq bərli-bəzəkli
dəyələrdə yox, elin tanınıb-seçilən
adamı Məmo bəyin muxrusunda məskən salacaq. Məmo
bəy ilxısını, dəvəsini bir yerə
toplayıb başına toplaşanlara üz tutdu:
- Şuşadan hörmətli qonaqlar gələcək,
içində də Xan qızı və oğlu Mehdiqulu xan
olacaq.
Ortalığı, küzü və qaytabanı
kürüyüb yaxşıca təmizləyin, hər tərəfdə
təmizlik işləri aparıb, əməlli-başlı səliqə-sahman
yaradın...
...Məmo
bəyin atlı dəstəsi
Şuşadan gələn qonaqları qarşılamaq
üçün deyilən vaxtda yola çıxdı.
Şuşalıları "Xan qızı arxı"nın qırağındakı hamar, torpaq yolda
çox da gözləmədilər. Şuşadan
gələnlər günortadan xeyli keçmiş Məmo bəyin
atlılarına yaxınlaşdılar. Natəvan
və Mehdiqulu xan faytonda yanaşı əyləşmişdilər,
arxalarında isə qaravaşın başı
görünürdü. Faytonun
qabağında Sərçəgöz ləqəbli Abbas
"Ceyranbasar" adlı ingilis yəhərli, Qarabağ
cinsindən olan atın belində şəstlə
oturmuşdu. Faytonu müşayiət edənlər
isə silahlı kişilər idi. Natəvanın
başına örtdüyü saçaqlı tirmə
şalın altından qızıl papağın
qabaqlığı bərq vururdu.
Natəvan
xəstə, uzun yol yorğunu olsa da, göy otlaqlara,
yamyaşıl yamaclara, "Xan qızı arx"ına qədər baş alıb gedən
Yorğan dərəsini seyr etdikcə
yaxşılaşır, eyni açılırdı.
Məmo bəyin atlıları qonaqları müqəddəs
ocağın ətrafında qurulmuş çadırlara gətirdilər. Şuşadan əziz
qonaqların, Natəvanla Mehdiqulu xanın gəldiyini eşidib
bilən yaxın obaların kişi və
qadınları hamısı görüşə tələsirdilər.
Onlar da ziyarət mərasimində iştirak edib
bir ağızdan şəfa diləyəcəkdilər.
Qonaqlar və görüşə gələnlər də
dəyələrdə yerləşdirilmişdi. Geniş
çay süfrəsi açıldı. Natəvan,
Mehdiqulu xan, Məmo bəy şirniyyatla dolu süfrələrdə
iri, sarı mis samovarın mixəkli, hilli,
darçınlı çayından içə-içə
şirin söhbət edirdilər.
Süfrəyə
hər adam üçün ayrıca iri
boşqablarda xub bişmiş bozartma qoyuldu. Natəvan
acıtmalı çörəklə ona çəkilən
payın hamısını iştahla yedi. Adamlar
süfrədən əl çəkəndə "Allah
qurbanlarınızı qəbul eləsin" deyirdilər.
Yaxın obaların camaatı Natəvanla, Mehdiqulu xanla xudahafizləşib
öz obalarına sarı üz tutandan sonra Xan qızı
oğluna pıçıltı ilə dedi:
- Sabah da,
birisi gün də bizə qurulan bu dəyələrdə
qalarsınız. Mən gecələmək
üçün Saray xanımgilə gedəcəyəm.
Məndən ötrü narahat olmayın, obada
geniş alaçıq qurublar.
Natəvan
qulluqçusu, qaravaşı ilə faytona əyləşib Məmo
bəyin atlı dəstəsinin nəzarəti
altında Örənqalaya getdilər. Məmo bəy
Mehdiqulu xanla müqəddəs ocağın yanında
şuşalı qonaqlar üçün hazırlanmış
dəyədə qaldılar.
Natəvanın gəlişini səbirsizliklə gözləyən
obanın qız-gəlinləri dəyələrin
ağzını, yanlarını süpürüb təmizləmişdilər. "Xan qızı
arxı"ndan səhənglərlə, güyümlərlə
sudan daşıyıb, toz olmasın deyə
hər yerə su səpmişdilər. Özlərinə,
üst-başlarına səliqə-sahman salan, əyinlərinə
qanuz tuman, əsmə kofta, başlarına
"qonşupartdadan" deyilən qırmızı şal
örtən, incə bellərinə gümüş toqqa
vuran, qırmızı almayanaqlı oba qız-gəlinləri
yeni qurulan alaçığın yanına
yığışıb intizarla Natəvanın yolunu gözləyirdilər.
Obanın hər tərəfini diqqətlə nəzərdən
keçirən Natəvanın gözləri qız-gəlinlər
arasında Saray xanımı arayırdı. Qaravaşa
"bura çox şənliklidir, könül oxşayan məkandır"
deyirdi. Natəvanın gözü boyu uzun,
qızıl papaqlı, qızıl toqqalı, yumru
qızıl sırğa taxmış, toppuş biləyinə
qızıldan qolbaq vurmuş, boynuna saçaqları da
qızıldan olan və sinəsinə qədər uzanaraq bərq
vuran, zərli paltar geymiş oba gözəlinə
sataşdı. Bu, Saray xanım idi. O,
faytonun qabağına keçərək, Natəvana kömək
edib faytondan düşürdü və onlar mehriban bacılar
kimi qucaqlaşıb öpüşdülər. Obanın qız-gəlinləri Natəvanla əl
tutuşub görüşdülər. "Xoş
gəlmisən, Allah ziyarətini qəbul eləsin, budəfəki
gəlişin də bizim üçün toy-bayramdır"
- dedilər.
Saray xanım Xan qızını muxruya dəvət etdi. Muxru geniş
və rahat idi. Alaçığın
çubuqlarının burnu evin ortasındakı dəyirmi
çoşquya bağlanmışdı ki,
muxru-alaçıq yaxşı görünsün. Daram çəkilmiş zəncirlər ortadakı
uzun mıxa elə bağlanmışdı ki, muxru daha
hündür və yaraşıqlı
görünürdü. Alaçığın
üstünə Həllac Vəlinin uşaqlarına möhkəm
təpiklətdirib sıx hazırlanan göy,
qırmızı naxışlı ağ
keçə salınmışdı. İçəriyə
isə keçə, palaz döşənmişdi.
Divarlardan at naxışlı, dəvə qatarı
təsvir olunan gəbələr asılmışdı. Yan tərəflərdən bütün muxrunu əhatə
edən və qapıya qədər çatan çətən
tutulmuşdu. Çətənin
üstünə qalın çit parça çəkilmişdi.
Gün yenicə qürub etmişdi. Alaçığın
yanında qurulmuş dəyədə şam yeməyi
hazırlamaq istəyən qadın Saray xanıma
yaxınlaşıb soruşdu:
-
Xanım, şam yeməyinə nə hazırlayaq?
Saray
xanım onu xeyli kənara, alaçığın arxa tərəfinə
çəkib dedi:
- Təzə süfrə, stəkan-nəlbəki, boşqab, çaynik, güllü padnos, qənddan gətirin. Şirniyyatı, şəkər, nabatı, noğulu, rəngli yumru şirnini, şirin kökəni bol edin. Şam yeməyində süfrələrdə quzu soyutması, bağır-beyin, kişmişli canınaçəkmə, plov, dovğa qoyun. Həm də təzə pendir, çiyə, böyründə tuluq yağı, kətə, fəsəli, qaymaq, üstündə də beçə balı. Çörəyin də çeşidi müxtəlif olsun: yuxa, fətir, lavaş, acıtmalı, təndir çörəyi...
Saray xanımla Natəvan alaçığın yuxarı başında əyləşmişdilər. Qaravaş və obanın qız-gəlinlərindən bir neçəsi isə çoşküdən aşağıda. Çay süfrəsi də, şam yeməyi də Saray xanım deyən kimi oldu. Natəvan öz-özünə məəttəl qalmışdı: bu bəy alaçığı, bu geniş düzənlik, qoyunlu-quzulu, atlı-dəvəli oba, ona burada göstərilən isti, mehriban münasibət xəstəliyini unutdurmuşdu. Sakitcə hər təamın dadına baxır, razılıq əlaməti olaraq başını yüngülcə tərpədirdi.
Şam yeməyindən sonra iki xanım xeyli söhbətləşdilər...
Oba adamlarından böyük hörmət və qayğıkeşlik, qonaqpərvərlik, mehribanlıq görən Xan qızı üçüncü gün idi ki, Saray xanımın qonağı idi. Sabah isə Şuşaya yola düşəcəkdilər. Müqəddəs ocağın ətrafında qalan şuşalılar gəlib Natəvanı buradan götürməli idilər. Xan qızı "ah, bir də qismət olacaqmı müqəddəs ocağa gəlmək, könül oxşayan, adamın zövqünə yatan bu məkana gəlib bir-iki gün burda qalmaq. Saray xanımın alaçığında onunla şirin-şirin, duzlu söhbətlər etmək, bu cür saysız-hesabsız ləziz təamlardan dadmaq" deyə düşünürdü. Çünki artıq onun ağrıları sakitləşdiyindən özünü çox rahat, sağlam hiss edirdi.
...Bir dəfə Tiflisdən Məmo bəygilə dörd nəfər atlı gəlir. Onlar evə çatıb Məmo bəyi soruşurlar. Saray xanım deyir ki, Məmo bəy evdə yoxdur. Gələnlər bildirirlər ki, Arazın o tayına keçməlidirlər. Təqib olunurlar. Saray xanım Alıhüseyni çağırıb deyir ki, bu adamları o taya keçirməlisən. Atlılar gedərkən onlardan biri barmağındakı üzüyü çıxarıb Saray xanıma göstərir. Deyir ki, xanım, bu adamları sağ-salamat o taya keçirsələr, bu üzüyü sizə göndərəcəyik. Onda bilərsiniz ki, biz Arazı sağ-salamat keçmişik. Əgər göndərməsək, bilin ki, bizi öldürüblər.
Onlar Arazı sağ-salamat keçib üzüyü Saray xanıma göndərirlər. Bu hadisədən üç gün sonra Camal bəyin oğlu Cəmil bəylə NKVD-nin nümayəndəsi Saray xanımgilə gəlirlər. Saray xanımdan soruşurlar ki, üç gün bundan qabaq sizə kimsə gəlmişdi?! Saray xanım qorxmadan cavab verir ki, hə, gəlmişdilər. Kişi evdə olmadığına görə, özüm göndərdim onları Arazın o tayına... Sən demə, o adamlar axtarışda olanlar imiş. Buna baxmayaraq, qadının kişi kimi cavabı hökumət nümayəndələrinin xoşuna gəlir, Saray xanıma bir söz deməmiş geri dönürlər...
Bir Azərbaycan qadını kimi, çox qürurlu, məğrur, mətin və cəsarətli olan Saray xanım həyatı boyu əsl xanım-xatın ömür sürüb. Camaat, el-oba arasında böyük hörmət və nüfuz qazanan Saray xanım 1986-cı ildə 112 yaşında vəfat edib. Məzarı Ağcabədinin Yeni Qaradolaq kənd qəbiristanlığındadır. Yerli və ətraf bölgələrdən olan insanlar Saray xanımın məzarını tez-tez ziyarət edir, xatirəsini ehtiramla anırlar.
Adil
MİSİRLİ
525-ci qəzet.- 2023.- 17 mart.- S.14.