Tanıdığımız və tanımadığımız Hacı Məmmədov

 

(Əvvəli qəzetin 10 mart tarixli sayında)

 

Hacı Məmmədov dünya klassiklərinin, Avropa bəstəkarlarının əsərlərini mütaliə etməyi və dinləməyi çox sevirmiş. Ən çox bəyəndiyi xarici bəstəkarlar Çaykovski və Bethoven olub. O,  yerli və xarici bəstəkarların müxtəlif janrlarda yazdığı mürəkkəb quruluşlu əsərləri tarda ilk dəfə ifa etməklə tarın çox geniş imkanlara malik olduğunu təcrübədə sübut edən ilk Azərbaycan tarçısıdır. Bununla belə, həmişə deyirmiş ki, tarın imkanları tükənməzdir. Biz bu alətin imkanlarının olsa-olsa 50 faizindən istifadə edirik.

lll

Qeyri-adi istedadı Allah vergisi olsa da, Hacı müəllim çox çalışqan tarçı olub. Onun məşqləri bəzən saatlarla davam edirmiş. Adi vaxtlarda isə hər gün saat 21.00-dan 22.00-a qədər məşq edərmiş. Yorulanda, fikirli olanda ən sevdiyi məşğuliyyət şəkil çəkmək və mütaliə etmək imiş.

lll

Jurnalist dostlarımdan birinin elə bir qeydi var ki, Hacı Məmmədov tarı erməni Saqomon Seyanovun əlindən alıb Azərbaycan xalqına qaytardı. Çox dəqiq fikirdir. Həqiqətən də bütün sərvətlərimiz kimi musiqimizi, tarımızı da özəlləşdirib öz adlarına çıxmaq istəyən etməni musiqi mafiyasının süqutunda Hacı müəllimin xidmətləri misilsizdir. Hacı müəllimə qədər Bakıda tar ifaçılığı sahəsində necə deyərlər, meydan sulayan və tarın erməni aləti olması yalanına zəmin hazırlayan Soqomon Seyranov mifi məhz Hacı Məmmədov fenomeni sayəsində darmadağın olub. Ustad öz ifaları ilə sübut edib  ki, yalnız azərbaycanlının əlində möhtəşəm səslənən, Azərbaycan xalqının ruhunu ifadə edən bu alət heç cür erməni aləti ola bilməz. Hacı Məmmədovun kölgəsində qalıb yavaş-yavaş cırtdanlaşan Soqomon çıxış yolunu şələ-küləsini yığışdırıb öz xarabasına getməkdə görür. Amma fitnə-fəsadından qalmır, ustada məktub yazıb onun ustalıqla ifa etdiyi qədim Azərbaycan xalq rəqslərinin not yazılarını istəyir (Heç şübhəsiz, həmin not yazılarını "qədim" erməni mənbələrinə transfer edib erməniləşdirmək məqsədilə. Lakin Hacı müəllim bu çirkin niyyətin də üstündən çalın-çarpaz xətt çəkir).

lll

Hacı Məmmədovun adı ətrafında yaradılan saxta miflərdən biri də onun guya notu bilməməsi ilə bağlıdır. Bu fikri söyləyənlər Hacı müəllimin cəmi 1 il ali musiqi təhsili almasını əsas götürürlər. Lakin bu, Bəşir Səfəroğlunun yaratdığı personajın sözü olmasın, boş-boş qırıldatmaqdan başqa bir şey deyil. Əvvəla, ona görə ki, Hacı Məmmədov kimi fenomenal musiqi duyumuna, yaddaşa malik şəxs üçün 1 ildə notun incəliklərini, sirlərini öyrənmək bir udum suyu içmək kimi asan bir iş idi. İkincisi, ustad Azərbaycanı və Qərb bəstəkarlarının mürəkkəb quruluşa malik elə əsərlərini repertuarına daxil edib və ustalıqla çalıb ki, notu bilməyən tarçı ifa etmək bir yana, onların heç adlarını çəkməyə belə cəsarət etməzdi. Və nəhayət, Tahir müəlimin atasının ayrı-ayrı əsərlərin not yazıları üzərində saatlatla işləməsi, yeri gələndə onları redaktə etməsi barədə dedikləri, düşünürəm ki, bu məsələyə son nöqtəni qoya bilər.

 

lll

 

Bir də görürsən hansısa ustad sənətkar haqqında danışdığın yerdə  sözünü kəsib deyirlər ki, böyük sənətkar idisə nə üçün tələbələri olmayıb, niyə özündən sonra özü kimi 5-6 davamçısını yetişdirməyib ki, varislik ənənələri davam etsin?

Hacı müəllim də ara-sıra belə yersiz qınağa, giley-güzara məruz qalan sənətçilərdəndir.

Zahirən bu suallar məntiqi görünür

  bu məntiqə görə, məsələn, Hacı Məmmədov özündən sonra mütləq 5-6 Hacı Məmmədov (Habil Əliyev  ən azından 3-4 Habil Əliyev, yaxud maestro Niyazi heç olmasa 1-2 Niyazi) qoyub getməli imiş. Amma elə mənim yazdığım bu cümlənin məzmunundan görünür ki, həmin sual cümlələri məhz mühakimə prosesində yol verilmiş məntiqi səhv səbəbindən boş sözlər yığınağından başqa bir şey deyil. Adətən, məzmunca bir-birindən fərqli anlayışlar arasındakı sərhədlər süni şəkildə silinəndə, onlar bir-birinin içində əridilib eyni mənada işlədiləndə belə səhvlər qaçılmaz olur. "Yaradıcı şəxs" və "pedaqoq" anlayışları isə daban-dabana zidd olmasalar da, hər halda bir-birindən fərqli mənaları bildirən anlayışlardır.

"Yaradıcı" sözü əslində məşğul olduğu sahədə rasional yox, intuitiv düşüncənin diktəsi ilə yeniliklər edən, yeni üslub, ifa tərzi, sonda isə məktəb yaradan şəxslərin qeyri-rəsmi (lakin ən dəqiq) tituludur və çox maraqlıdır ki, onlar həmin yeniliklər, ifalarının ayrı-ayrı məqamları barədə heç vaxt rasional düşüncənin dili ilə danışa bilmir, ən yaxşı halda buna çətinlik çəkirlər. Çünki həmin məqamlar adi təfəkkürün alqoritmi ilə izah oluna bilməyən məqamlardır. Məsələn, maestro Niyaziyə sual versəydin ki, siz filan əsəri ifa edərkən filan yerdə nə üçün filan jesti etdiniz, o, qətiyyən bu suala gözlədiyiniz sığallı cavab verməyəcək, üstəlik, bir-iki yağlı ifadə ilə sizi yaxşıca  acılayacaqdı. Yaxud "Nə etdiniz ki, siz özünüzə qədər olan bütün "Orta mahur"lardan fərqli "Orta mahur" çaldınız" sualına Hacı Məmmədovun ən yaxşı və yumşaq cavanı "Vallah, nə bilim. Ürəyim istədi, çaldım da" - olacaqdı...

Demək istədiyim odur ki, yaradıcı şəxsin etdikləri, yaratdıqları dərsliklərdən öyrəndiyinin yox, yaradıcılıq fəhminin, intuisiyanın məhsuludur. Ona görə də trans vəziyyətində etdiklərinin izahını verə bilmir (və verə də bilməz!!!).

Elə isə izahını, şərhini verə bilmədiyi təcrübəni onun başqasına öyrətməsi, daha doğrusu, bunu ondan gözləmək, tələb etmək hansı məntiqə sığır?

Ən yaxşı halda o, başqasına özünü, yaxud digərini mexaniki təqlid etməyin texniki üsullarını, ən pis halda isə yamsılamağı öyrədə bilər. Amma gün kimi aydındır ki, nəticə əslin (yəni orijinalın) solğun kölgəsindən o yana keçməyəcək.

Elə isə sual olunur: Bizim Hacı Məmmədovumuz (Habil Əliyevimiz, Niyazimiz) varsa, onları yamsılaya-yamsılaya onların kölgələri rolunu oynayan niyazilərə, hacılara, habillərə nə ehtiyac var?

Hacı (Habil, Niyazi) olmaq ücün gərək anadan Hacı (Habil, Niyazi) doğulasan, bəd ayaqda sinəndə onların ürəklərini gəzdirəsən.

Bu, məsələnin birinci tərəfi.

İkincisi, adları çəkilən korifeylərin pedaqoji fəaliyyətlə məşğul olmamaları heç də onların öyrətmən (yəni müəllim) statusundan tam kənarda qalmaları anlamı vermir. Məncə, əksinə, bütün yaradıcı dühalar kimi onların da yaradıcılıq fəlsəfəsi, üslubu, bütünlükdə hər birinin qoyub getdiyi irs öyrəndikcə öyədən, əsl sənətin sirlərini açan tükənməz bir məktəbdir və hər kəs o məktəbdən öz istəyi, qabiliyyəti, istedadı miqyasında nə isə öyrənir, zənginləşir və irəli gedir.

O ki qaldı həmin sənətkarların sinif otaqlarına girib tədris proqramı üzrə dərs deməmələrinə, sizi inandırıram, bununla nə yeni Hacı yaranacaqı, nə də yeni Niyazi, yaxud Habil. Adi bir misal. Musiqi səltənətimizin sonuncu nəhəngi olan Arif Məlikov uzun illər Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında müəllimlik etdi. Onun dərslərinin birində mən   olmuşam və qeyd-şərtsiz deyə bilərəm ki, Arif müəllim cani-dildən dərs deyən müəllimlərdən idi

Bəs hanı yeni Atif Məlikovlarımız?

Başqa nəhəngimiz - Fikrət Əmirov həmişə deyirdi ki, məni Azərbaycan xalq musiqisi bəstəkar edib. Deməli, o, ən yaxşı dərslərini kimlərdənsə yox, xalq musiqimizdən, muğamlarımızdan almışdı.

Elə bu yazıda adları çəkilən dühaların da həyatı bu mənada çox ibrətamizdir - dünyanın sayılıb-seçilən dirijorlarından olan, bu elitar sənətə bir sıra yeniliklər gətirən Niyazinin, ümumiyyətlə, dirijorluq təhsili yox idi (!!!), Hacı Məmmədovun cəmi bir illik, Habil Əliyevin isə o illərin terminologiyası ilə desək, texnikum təhsili olub. Amma ustad görməmək, təhsil qıtlığı onlara öz sahələrinin korifeyləri kimi yetişməyə mane olmadı.

Hacı müəllim pedaqoji fəaliyyətlə məşğul olmasa da, onun tar ifaçılığı sənətində kəşf etdiyi "qızıl tarazlıq qanunu" neçə-neçə tarçılar nəslinin yetişməsində məhək daşına çevrilmişdir. Bu qanunu belə ifadə etmək olar: "Texnika baxımından nə qədər mükəmməl ifaçı olsan da, bu virtuozluq çalınan əsərin ruhunu bütövləşdirməyə xidmət etmirsə - bir qara qəpiyə də dəyməz və əksinə - muğamın tələb etdiyi virtuozluğa tam yiyələnməyən tarçalan heç bir vəchlə özünü tarzən hesab edə bilməz".

lll

Hacı Məmmədovun müşayiətçi tarzən kimi fəaliyyəti ayrıca bir söhbətin mövzusudur.

Məsələ burasındadır ki, televiziyanın arxivində onun bu statusda çıxış etdiyi heç bir lent yazısı yoxdur. Radionun qızıl fondunda isə belə lentlər çox azdır. Mən bu faktlar ətrafında düşünüb müəyyən qənaətlərə gəlmiş və yazılarımın birində həmin fikirləri bölüşmüşdüm. Təkrar olsa da, onları qısaca qeyd edəcəm.

1. Hacı müəllim xanəndələrə münasibətdə çox tələbkar tarçı olub, muğam dəstgah kimi ifa olunanda  onun nəinki bütün şöbələrinin, hətta ən xırda guşələrinin də oxunmasını tələb edirmiş.

2. Tarın hələ reallaşdırılmamış imkanlarını üzə çıxarmaq və bu fonda özünün də yaradıcılıq məramının üfüqlərini genişləndirmək ustad üçün prinsipial əhəmiyyət daşıyan məsələ idi. Xanəndəni müşayiət etmək isə onun təklif etdiyi "oyunun" iştirakçısı olmaq, daha çox onun ifa manerasının, yozum fəlsəfəsinin reallaşmasına kömək etmək anlamına uyğun gəlir. Hacı müəllimin yaradıcılıq məramı isə sadəcə olaraq bu çərçivəyə sığmırdı.

Elə fikirləşirdim ki, bu qənaətlərlə kifayətlənib son nöqtəni qoymaq olar. Lakin Tahir müəllimin mənə danışdıqları daha bir qənaətin yaranmasına səbəb oldu. Sən demə, toy şənliklərində solo ifa üçün Hacı müəllimə olan sifarişlər bəzən limiti keçirmiş. Amma qəribə burasındadır ki, işlərin bu sayaq gedişi heç də Hacı müəllimin ürəyindən olmurmuş: "Atam bəzən toylardan qanıqara qayıdırdı. Səbəbini soruşanda, deyirdi ki, sənətkarın qabağına şəstlə pul atıb "filan şeyi çal" deyənləri anlamıram. Sənət meydanı bazardı, nədi? Muğamların ifasına bu qiymətləri kim qoyub? - "Orta mahur" - 25 manat", "Segah" - 20 manat"...

Məncə, şərhə ehtiyac yoxdur.

lll

61 yaşında "Tardan muğayət olun" deyərək son vəsiyyətini edən tarçı Fəxri xiyabanda dəfn olunub. 2002-ci ildə naməlum şəxslər onun məzarı üstünə qoyulmuş bürünc büstünü oğurlayıblar.

Çox təəssüf... Mən bu yazının belə  bir sonluqla bitməsini istəməzdim. Ona görə də özümü belə bir yalanla ovundurmaq istəyirəm ki, büstü Hacı Məmmədov sənətinin pərəstişkarları ürəklərindəki Hacı Məmmədov sevgisinin böyüklüyünə təslim olaraq oğurlayıblar...

Qoy bu da ustadın adı ətrafında mənim yaratdığım mif olsun!

 

Əlisəfdər HÜSEYNOV

525-ci qəzet.- 2023.- 17 mart.- S.13.