Ruhumuzun bahar fəsli

 

Esse

 

Mən baharda möcüzələrə daha çox inanıram. Bu fəsli mənə çox sevdirən uşaqlıq xatirələrimdir.

Uşaqlıqda sakit təbiətli olsam da, heç sözə baxan uşaq olmamışam. Evdə tək qalıb əlimə keçən bütün əşyaları bir-birinə qatmağı sevərdim. Valideynlərim onların sözünə baxmağım üçün məni dilə tutar və ətrafımda biz uşaqların bütün hərəkətlərindən xəbərdar olan nağıl qəhrəmanlarının varlığına inandırardılar. Xüsusən də mənə hər axşam kitab oxuyan bacım ilin hər fəslinə uyğun rəvayətlər, xəyali qəhrəmanlar uydurardı. Əgər özümü yaxşı aparırdımsa, həmin sehrli dostlarım mənə hədiyyələr gətirərdi. Uşaqlıqda bahar fəslində bütün uşaqların dostu olan "Bahar bacı" kimi sehrli varlığın gəlməsinə inanırdım. Bu Bahar bacı Novruz bayramı günü  meşənin ən qaranlıq hissəsində çiçək açır, bir neçə saat ərzində böyüyüb insan görünüşü alırdı. O,  sehrli çiçək idi və başında saçalların əvəzinə çiçəklər bitirdi.  Bacımın sözlərinə görə, yalnız böyüklər həmin Bahar bacını görə bilərdi.  Onu görə bilmək üçün uşaqların vaxtı-vaxtında yemək yeyib tez böyüməsi lazım idi.  Bahar bacı hər yerdə idi.  Yemək yemək istəməsəm, ya da nəsə dəcəllik  etsəm, Bahar bacı bunu bilib məndən küsərdi. Bacımın sözlərinə görə, Novruz bayramı axşamı  sehrli Bahar bacı  dünyadakı bütün evləri bir-bir gəzib valideynlərdən uşaqların özlərini necə apardığını xəbər alardı. Onun  uşaqlara hədiyyəsi üzərində gül şəkilləri olan açıqcalar olurdu. Uşaqlıqda belə açıqcaları  toplamağı çox sevdiyimdən, bu fəsildə daha sözə baxan olurdum. Nəticədə  evdə heç gözləmədiyim yerlərdən tez-tez açıqcalar tapardım. Bir dəfəsində qəzet köşkündə həmin açıqcanın eynisini görsəm də, bacım bu, onlardan deyil, o açıqcadakı gül şəkilləri sehrlidir və zamanı gələndə canlanıb açıqcanın içindən çıxacaq demişdi. Mən də onların sehrli olduğuna inanırdım. Əlimdəki şəkillərin yaxın zamanda böyük gül bağçasına çevriləcəyini səbirsizliklə gözləyirdim. Nəsə səhv edəndə isə bacımgil Bahar bacı adından mənə məktublar yazardılar. Həmişə təəccüblənirdim ki, o, tək halıyla dünyadakı bütün uşaqların necə izləyir. Uşaqlıqda baharı  nağılların gerçəkləşdiyi fəsil kimi tanımışdım. Bəlkə də, hazırda uşaq kitabları yazmağıma səbəb uşaqlıqda sehrli nağıl qəhrəmanlarının varlığına inanaraq böyüməyimdir.  Belə bir uşaqlıq keçirdiyimə görə minnətdaram, təxəyyülümü buna borcluyam. Bəzən reallıq çərçivələrini qırmaq insana cəsarət verir. Ən inanılmaz uğurlar da ilk öncə bir xəyal, arzu ilə başlayır. Bahar fəsli gələndə  uşaqlıqda xəyal etdiyim sehrli gül bağçamı xatırlayıram.

Əslində baharda təbiətdə, canlıların həyatında baş verən dəyişikliklər elə bizim uşaqlıqda inandığımız nağıllar qədər sehrlidir. Bəyəm qurumuş, heç bir həyat əlaməti olmayan ağacın bir yaz günü tumurcuqlaması möcüzə, nağıl deyilmi? Bahar yeni arzular, həyatın oyanışıdır,  təbiətin səsi hər yerdə eşidilir.  Kimsə xoşbəxtliyi təsvir elə desə,  onu bahar fəslinə bənzədərəm. Bəzən yaz yağışı yağsa da, güclü külək əssə də, parlayan günəş həmişə bizi işıqlandırır. Bahar fəslində zaman deyil, həyat sürətlə axır. İnsan da xoşbəxtsə çöhrəsində, ürəyində güllər açır, gözləri bahar günəşi kimi şəfəq saçır. Qış, payız, bütün fəsillər bir-birini əvəz etsə də,  ürəyimizdə bahar fəslini yaşada bilsək, elə həyatda əlvan rənglərdə görünər.

  Mark Tvenin "İnsan nədir" kitabında gənc və yaşlı adamın söhbətində yaşlı adam xoşbəxltik haqda bir fikir deyir: "İnsan bədbəxt bir temperamentlə doğulmuşsa, heç nə onu xoşbəxt edə bilməz və əksinə, xoşbəxt bir tepramentlə doğulmuşsa, onu heç nə bədbəxt edə bilməz". Yəni xoşbəxtliyin açarı kənarda deyil, bizim özümüzdədir. İnsanın xoşbəxtliyi elə düşüncələrindən asılıdır. Yaşamaqdan qorxmayaq, həyatı yaşamaqda gecikməyək. Bu fəsildə təbiət də canlanır. Sən də canlan, dostum!

 Bir müddət əvvəl filosof Senekanın "Həyatın qısalığı və xoşbəxt həyat haqqında" kitabını oxumuşdum. Bu kitabı oxumağı demək olar ki, ətrafımdakı insanların çoxuna tövsiyə etmişəm. Kitabda Seneka həyata dair fikirləri ilə dostuna müraciət edir. Bu kitabı oxuduqdan sonra insanın zaman, həyatla bağlı fikirləri dəyişir. Kitab eramızdan əvvəl yazılsa da, sanki müasir dünya insanı üçün yazılıb.  Bu, həm də onu sübüt edir ki, min illiklər keçsə də, insanın təbiəti eyni olaraq qalır. Eramızdan əvvəlki insanın istəkləri, həyatla bağlı fikirləri indikindən fərqlənmir.  Onun  fikrinə görə, həyatın həqiqətən yaşadığımızı hissəsi çox azdır. Var olmağın qalan hissəsi sadəcə zamandır və insansa dolu bir qaynaqdan qidalanırmış kimi zamanını boşuna sərf edir. Seneka "Yaşamağı öyrənmək bir ömür sürər, amma ölməyi də öyrənmək bir ömür sürər. Bir şeyləri ertələmək ən böyük zaman israfıdır, ertələmək  hər bir günümüzü bizdən qoparıb alır. Yaşamaq üçün ən böyük əngəl sabaha tutunub bu günü tükəndirən gözlətdilərimizdir. O halda dərhal yaşa" - söyləmişdir.

İnsan nəyə inanırsa, onu yaşayır. Nəyi görmək istəyirsə, elə onu da görür. Sən tikanları deyil, üzərindəki çiçəkləri gör, dostum. Uşaqlar kimi həyatdan möcüzəli hədiyyələr gözlə. Ruhun hər zaman bahar fəsli kimi olsun !

 

Günel İMRAN

525-ci qəzet.- 2023.- 17 mart.- S.12.