Hər gün yollara boylanar...
Vətən deyəndə şəhidlər,
şəhidlər deyəndə
torpaq, şərəf,
qürur yada düşür. Məşhur bir kəlamda
deyidiyi kimi, torpaq uğrunda ölən varsa - Vətəndir. Adı and yerinə
çevrilən, igidliyi
dastanlara sığmayan
şəhidlər Azərbaycanın
haqqını və şərəfini ucaltdılar.
Şəhidlərin doğum tarixinə nəzər salanda 19-20 yaşlı gənclərin torpaq sevdası adamın bütün varlığını
titrədir, göz yaşları yanağımızda
şırım açır,
qəlbimiz odlanır,
dərdimizin ağırlığından
qəlbimizdən ah qopur,
fəqət, həm də bir qürur
hissi başımızı
dikəldir, şərəfimizi
ucaldır, düşünürsən
ki, qüdrətli, azman və cəsur xalq bir ölər, min dirilər. Bu igidləri
böyüdən anaların,
ataların dözümü,
iradəsi, övlad yerinə al-qırmızı
bayrağımızı sinəsinə
sıxaraq, "təki
Vətən yaşasın"
deyən valideynlərin
sonsuz kədəri qarşısında sözlər
də aciz qalır. Sevgilisini, həyat yoldaşını
müharibəyə yola
salan, əllərində
hələ toy xınasının
rəngi solmayan gəlinlərin nələr
çəkdiyini kim bilər, gündüzlər
toxdaq görünsə
də, gecələr səhəri göz yaşları ilə açar, lal baxışları adamın
ürəyini dəlib
keçər. Atalarının
məzarını qucaqlayıb
soyuq daşı öpən, onun ruhu ilə səssiz
danışan iki körpə uşağın
o anda, nələr düşündüyünü kim bilər?!
Vətən torpağını bütöv
edərək ömürləri
yarı yolda qırılan şəhidlərə
uca Allahdan rəhmət diləyir, şəhid analarının
əllərindən öpür,
şəhidlərin ömür-gün
yoldaşlarının polad
mətanəti qarşısında
baş əyir, əfsanəyə çevrilən
bir həyat hekayəsini, onlara təsəlli olacaq bir əhvalatı yada salmağı özümə
borc bildim.
Bu həyat hekayəsi,
əfsanəyə çevrilmiş
bir həqiqət qardaş Türkiyənin Ərzurum mahalının Tikkir (Çığdemli)
kəndində baş
verib. Bu tərəflərdə
Mustafa ilə Gülbaharın
dillərdə dastana çevrilən eşq hekayəsini bilməyən
yoxdur. Bir-birini ürəkdən, candan sevən bu gənclərin ailələrinin razılığı
ilə onların evlənmələrinə izn
verilir. Fəqət bərabər nə
qədər olduqları
bilinməz, səfərbərlik
elan edilir, ölkədəki bütün
gənclər, oxuyan-oxumayan
hərbi xidmətə
çağrılır.
Mustafa da sevgilisini
evdə qoyaraq ayrılır, əslində,
bu ayrılıq o günlərdə ölümə
getmək idi. Bəlkə
bir daha Gülbaharını görməyəcək,
"gülüm" deyə
onu doyunca oxşamayacaqdı... Ayrılıq zamanı Gülbaharın iki gözü çeşmə olur, amma əldən nə gəlir ki?! Qəhrəman, fədakar türk
qızları kimi, o da Mustafasını qürurla, inamla yola salır, gedişini uğurlayır.
Həsrət, hicran Gülbaharı üzür. Aradan aylar, illər
keçir, fəqət
Mustafadan bir xəbər gəlmir.
Gözləri Mustafasını uğurladığı yollara
baxan Gülbahar hər keçən gün gül kimi solur, için-için
əriyir, ağlamaqdan
gözlərində yaş
da qalmır. Gəlinin bu durumu qayınanasını
və qayınatasını
çox üzür.
Bir gün qayınatası Gülbaharın
hər sabah
Mustafanın yolunu gözləməsinə, sanki,
uçan quşlardan da xəbər istəməsinə o qədər
üzülür ki, dayana bilmir, bir əfsanə danışır. Huma quşu əfsanəsini...
Huma quşu,
həm də cənnət quşu adlandırılır. Gözlə görünməyəcək yüksəklikdə
dayanaraq, heç vaxt yerə toxunmadan uçan, bəzi mənbələrdə
isə ayaqlarının
olmadığı bildirilən
əfsanəvi quş...
Huma quşu həm də xoşbəxtlik, firavanlıq, səadət
rəmzi hesab olunur. Yuvasından havalanan və
çox yüksəkliklərdə
günlərlə uçan
Huma quşunu atası Mustafaya bənzədir və Huma quşunun xəbər gətirəcəyinə
işarə edərək
gəlininə təskinlik
verir. Əfsanəyə
görə, Huma quşunun yüksəkliklərdən
səsi gəlir:
"Yar qoynunda bir cüt suna
bəslənir, sən
ağlama, kirpiklərin
islanır, mən ağlayım ki, bəlkə könül usanar". Burada "yar qoynunda bir
cüt suna" - gəlinin iki cocuğuna işarədir...
Şəhid ailələrinə, onların
övladlarına, qazilərə
baş çəkmək,
onlara təsəlli vermək, gücümüz
çatan qədər
kömək etmək hər birimizin boynunun borcudur. Unutmayaq
ki, soyuq, biganə
münasibət onların qəlbini qırır, onları incidir, həyata küskün
baxırlar. Vicdanı olan kəs bunu etməməlidir, bir kəlmə
şirin sözü, xoş münasibəti,
doğmalığı onlardan əsirgəməməliyik.
Vətən müharibəsindəki şərəfli
Qələbəyə görə ordusu, əsgəri,
generalı, cəngavər igidləri ilə fəxr edən,
torpaqlarımızın azadlığı uğrunda
həyatını qurban verən şəhidlərin
əziz xatirəsini uca tutan,
qaziləri öz övladları kimi sinəsinə sıxan xalqımızın
milli-mənəvi dəyərlərini unutmamalıyıq,
düşünməliyik ki, şəhid
ailələrinə və qazilərə hər birimizin ehtiram borcu var.
Salman
ALIOĞLU
525-ci qəzet.- 2023.- 17 mart.- S.12.