Azərbaycan-Böyük Britaniya əlaqələri

TARİXDƏN ETÜDLƏR: FAKTLAR, HADİSƏLƏR, XATİRƏLƏR

 

(Əvvəli ötən sayımızda)

 

Böyük Britaniya və Azərbaycan arasında XIX əsrdən XX əsrin əvvəllərinə qədər olan dövrdə formalaşmış iqtisadi və ticarət əlaqələrindən danışarkən elm, təhsil və mədəniyyət sahəsində olan əlaqələr barədə söz açmamaq mümkün deyildir. Bununla bağlı ilk növbədə 1892-ci ildə Londonda keçirilən IX Beynəlxalq Şərqşünaslar Konqresində "Şiə dinində məzdəki inancları" mövzusunda məruzə etmiş gənc jurnalist, türkoloq, Sorbonna Universitetinin tələbəsi Əhməd Ağaoğlunu (Əhməd bəy Ağayev) qeyd etmək yerinə düşər. Əhməd bəy sonradan Azərbaycan və Türkiyənin görkəmli dövlət xadimi, siyasətçi və hüquqşünas kimi fəaliyyət göstərmişdi. Həmin məruzənin mətni Kembric Universitetinin nəşr etdiyi topluya daxil edilmiş, həmçinin İran şahı adından ona təqdim olunan qiymətli hədiyyə ilə - yüksək karatlı brilyantla bəzədilmiş üzüklə mükafatlandırılmışdı.

Böyük Britaniya və Şimali İrlandiyanın Şərq Tərcümələri Fondu tərəfindən ictimai xadim və şair Aleksandr Xodzkonun Azərbaycan mədəniyyətindən bəhs edən kitabı 1842-ci ildə Londonda ingilis dilində nəşr edilmişdi.

O dövrdə Azərbaycanın yaradıcı ziyalılarının nümayəndələrini narahat edən mühüm məsələlərdən biri də dünya klassiklərinə münasibət olmuşdur. Tədqiqatçılar getdikcə daha tez-tez dünya ədəbiyyatı klassiklərinin əsərlərinə müraciət edirdilər. Dünya ədəbiyyatının ən məşhur klassikləri arasında Uilyam Şekspirə xüsusi yer verilirdi. 1893-cü ildə tanınmış azərbaycanlı pedaqoq və jurnalist şuşalı Haşımbəy Vəzirov "Otello" faciəsini Azərbaycan dilinə tərcümə etdi. 1904-cü ildə isə Şuşada "Otello" ilk dəfə Azərbaycan səhnəsində tamaşaya qoyuldu. "Hamlet" faciəsi dramaturq şuşalı Əbdürrəhim bəy Haqverdiyevin tərcüməsində dərhal Müsəlman Dram Artistləri Cəmiyyətinin truppasının repertuarına daxil edildi. 1908-ci ildə mətbuatda "Otello" və "Kral Lir"lə yanaşı, "Hamlet" faciəsinin də Bakıda "Nicat" dram truppasının repertuarına daxil edilməsi barədə məlumat verilmişdi.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılıq irsinin öyrənilməsi və tədqiqi sahəsində də ingilis alimlərinin xidmətləri kifayət qədər əhəmiyyətlidir. XVIII əsrdən başlayaraq Nizaminin əsərləri ingilis şərqşünasları arasında xüsusi maraq doğuran mövzuya çevrilir. Şərqin ən böyük mütəfəkkir şairlərindən birinin yaradıcılığına belə maraq həm də Avropada Şərq xalqlarının mədəni irsinə diqqətin artması ilə əlaqədar idi. Hələ 1771-ci ildə İngiltərədə Oksford Universitetinin professoru Uilyam Consun təkidi ilə Nizaminin yaradıcılıq irsinin hərtərəfli öyrənilməsi barədə qərar qəbul edilmişdi. Həmin ildən başlayaraq "Nizami və mühiti" mövzusu Oksford və Kembric universitetlərində tədris və tədqiqat  obyektinə çevrilmişdi. V.Consun ilk elmi məqalələrinin birində Nizaminin şeirləri haqqında kifayət qədər maraqlı məlumatlar yer almış və şairin əlyazmalarının nəşrinin zəruriliyi ilə bağlı məsələ qaldırılmışdı.

"Leyli və Məcnun" poemasının ingilis dilinə tam tərcüməsi şərqşünas Ceyms Atkinson tərəfindən 1836-cı ildə Londonda nəşr olunmuşdu. Bu nəşr 1894 və 1905-ci illərdə Londonda təkrar buraxılmışdı ki, bu da ingilis elmi ictimaiyyətinin bu mövzuya sonsuz maraq göstərməsinin böyük göstəricisi idi. Bu nəşrlər sayəsində Nizami təkcə Britaniya adalarında deyil, Britaniya imperiyasının tərkibində olan müstəmləkə ölkələrdə də tanındı. Eyni zamanda maraqlı bir faktı da qeyd etmək lazımdır ki, Nizaminin "Xosrov və Şirin" poemasının ingilis dilinə tərcüməsi hələ də nəşr olunmamış qalır və Britaniya Muzeyinin kitabxanasında əlyazması şəklində saxlanılır.

İngilis (şotland) türkoloqu, şərqşünas Elias Con Uilkinson Gibbin (1857-1901) fəaliyyətində Azərbaycan poeziyasının görkəmli klassiki Füzulinin ədəbi irsinin öyrənilməsi və tədqiqi mühüm yer tutmuşdur. O, xarici şərqşünasların bir çoxunun əksinə olaraq, Füzuliyə Azərbaycan şairi kimi baxırdı. Bu həqiqəti o, ilk dəfə elmi ictimaiyyətə təqdim edərək, eyni zamanda Füzuli yaradıcılığının əsas xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırdı. Gibb öz tədqiqatlarında Füzulini insan ruhunun tərcümanı, klassik şairi kimi göstərmiş və onun yaradıcılığını Şərqdən çıxan günəşə bənzətmişdir.

İngilis yazıçı-şərqşünası Edvard Braun (1862-1926) da Füzuli yaradıcılığını yüksək qiymətləndirərək onun tərcümeyi-halı və yaradıcılığını tədqiq etmişdir. 1902-ci ildə E.Braun Kembric Universitetində ərəb dili kafedrasında işləyirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrindən ayrıca söz açmağı vacib hesab edirik. AXC hakimiyyəti illərində Böyük Britaniyanın diplomatik nümayəndəliyi Rusiya-Asiya Bankının Bakı filialının ofisinin binasında - Kladbişenskaya 11, indiki Mehdi Hüseyn küçəsində yerləşirdi. Bakıdakı diplomatik missiyaya Rusiya-Asiya Bankının Bakı filialının direktor müavini vitse-konsul rütbəsinə malik olan Hevelke Teodor Uilyam rəhbərlik edirdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti   Böyük Britaniya arasında diplomatik əlaqələr de-fakto Böyük Britaniyanın Tbilisidə yerləşən Qafqazda Ali komissarı tərəfindən həyata keçirilirdi.

Antiazərbaycan qurumu olan Bakı Kommunası tərəfindən vaxtılə milliləşdirilmiş neft mədənləri və zavodlar, Xəzər ticarət donanmasının gəmiləri də AXS Hökumətinin 1918-ci il 5 oktyabr tarixli Dekreti ilə neft şirkətlərinə və gəmi sahiblərinə qaytarılmış və bununla hökumət xüsusi mülkiyyət hüququnu yenidən bərpa etmişdi. Bundan sonra ölkənin neft sənayesində ingilis kapitalı daha üstün mövqe tutmağa başladı və "Royal Dutch/Shell" şirkəti bir sıra şirkətləri himayəsinə götürdü. Noyabrın 17-də ingilis hərbi qüvvələri Bakını bolşeviklərdən müdafiə etmək adı altında Abşerona daxil oldu. İngilislər burada öz hərbi donanmalarını yaratmağa başladılar. Noyabrın 29-dan etibarən Xəzər Ticarət Donanmasının bütün gəmiləri ingilis komandanlığının sərəncamına keçdi. Onlar neft sənayesini də nəzarətə almaq üçün "Britaniya Neft Müdiriyyəti"ni təsis etdilər.

1919-cu ildə AXC hökuməti İngiltərədəki ən iri şirkətlərdən biri olan "Kosmos" şirkəti ilə müqavilə bağladı. Müqaviləyə əsasən şirkət Azərbaycanda yığılmış xammalı Qara dəniz limanları vasitəsilə ixrac etmək və onun satışını təşkil etmək öhdəliyi götürmüşdü. Eyni zamanda, Britaniyanın "Vickers Limited" şirkəti krekinq zavodunun qurulması üçün texniki avadanlıqların istehsalına lisenziya alan ilk şirkət olmuşdu...

Bu mövzuda 20-ci əsrin əvvəllərində baş vermiş bəzi tarixi hadisələrdən danışarkən Azərbaycanın görkəmli hərbçisi, Rusiya İmperatorluğunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri (28.12.1918 - 28.04.1920), həmçinin Sovet Azərbaycanının hərbi xadimi Səməd bəy Mehmandarovun adını da xüsusi qeyd etmək lazımdır. General Səməd bəy Mehmandarov Birinci Dünya müharibəsi illərində döyüş əməliyyatlarının uğurla aparılmasına görə Böyük Britaniyanın "Müqəddəs Mixail" və "Georgi" ordeni - "Böyük Xaç Cəngavəri" ilə təltif edilmişdi.

Həmçinin qeyd etmək lazımdır ki, 1919-cu ildə gənc AXC hökumətinin qərarına əsasən, Xalq Maarif Nazirliyi tərəfındən xarici ölkələrə göndərilən tələbələrdən 1 nəfərinə İngiltərənin ali məktəbinə göndərilməsi barədə rəsmi sənəd təqdim olunmuşdu.

Maraqlıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti sovet-bolşevik rejimi tərəfindən işğal edildikdən sonra Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi siyasi mühacirət nümayəndələri 1921-ci ilin martında Londonda müttəfiqlərarası konfransda iştirak etmişdi. Bu konfransda Azərbaycan nümayəndə heyəti bütün səylərini Qafqazda bolşevik işğalına qarşı durmağa qadir olan yeganə real qüvvə kimi Atatürk Türkiyəsi ilə anlaşma əldə edilməsinə yönəltmişdi.

Burada onu da vurğulamaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində Böyük Britaniyada nəşr olunan azərbaycanlı mühacirlərin dövri nəşrləri yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Həmin dövrdə Britaniyada çıxan "Aydınlıq" (London) və "Odlar ölkəsi" (Edinburq) mətbu nəşrləri respublikada gedən ictimai-siyasi prosesləri, xüsusən də Qarabağ ətrafında baş verən hadisələri diqqətlə izləyir və dərhal reaksiya verirdilər.

Əlbəttə, AXC dövründə buradakı ingilis hərbi mövcudluğuna (17 noyabr 1918 -13 avqust 1919-cu illər) münasibət məsələsinə də toxunmaq maraqlı olardı. Lakin nəzərə almalıyıq ki, burada məqsəd bu mövzuda dərc edilmiş çoxsaylı kitab, jurnal, məqalə və s. nəşrlərdə əksini tapan tarixi faktlara hər hansı bir yenilik gətirməkdən ibarət deyildir. Həmin çoxsaylı tədqiqatlara, analitik yazılara əsaslanaraq, hesab edirik ki, Britaniyanın hərbi mövcudluğuna AXC-nin münasibətinin birmənalı olmadığı barədə fikir söyləmək olar. Azərbaycanın o vaxtkı rəhbərliyi bir tərəfdən gənc respublikanın ictimai həyatının demokratikləşdirilməsində, siyasi hakimiyyət institutlarının möhkəmləndirilməsində general Uilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının fəaliyyətini qəbul edirdi. Digər tərəfdən, İngiltərənin hərbi komandanlığının siyasətinin bəzi təzahürləri Azərbaycan üçün qəbuledilməz sayılırdı. Lakin o dövrdə ingilis qoşunlarının ölkəni tərk etməsi AXC rəhbərliyi tərəfindən həm məmnunluq, həm də həyəcanla qarşılanmışdı. Çünki o dövrdə Azərbaycan özü ilk növbədə, Rusiyada vətəndaş müharibəsində ağqvardiyaçı qüvvələrlə toqquşan bolşevik hökumətindən müstəqilliyinə qarşı qaynaqlanan təhdidləri dəf etməli olmuşdu.

Yekun olaraq qeyd etmək lazımdır ki, XVI əsrdən XX əsrin sonlarına qədər olan dövrdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin bütün spektrlərini əhatə etmək üçün bir qəzet məqaləsi kifayət deyildir.

Lakin buna baxmayaraq, tarixi keçmişimizin daha çox dərinliklərinə nəzər saldıqca, keçmişimizlə bağlı obyektiv təqdimat üçün daha çox imkanların yarandığını görürük. Bu mənada, fikrimcə, toxunduğumuz mövzunun əvvəlki bütün tədqiqatçılarına hörmətlə yanaşaraq, hər halda Britaniya qoşunlarının o dövrdə Azərbaycanda mövcudluğu ilə bağlı yeni araşdırmaların aparılmasını vacib hesab edirik. İnanırıq ki, bu cür araşdırmalar ilk növbədə, Böyük Britaniyanın milli və digər arxivlərinin materiallarının verə biləcəyi məlumatlar nəzərə alınmaqla edilməlidir.

Düşünürük ki, bir çox Azərbaycan ali təhsil müəssilərinin Böyük Britaniya universitetləri ilə əməkdaşlıq etdiyini nəzərə almaqla, bu tədqiqatlara Böyük Britaniya universitetlərində təhsil alan azərbaycanlı tələbələr və aspirantları da cəlb etmək olar.

Britaniya arxivlərinin materiallarının öyrənilməsi yəqin ki, 1918-ci il sentyabrın 20-də 26 Bakı komissarının güllələnməsi iə bağlı məsələyə də əlavə aydınlıq gətirə bilər. Yaşlı nəsil Bakı komissarları haqqında hələ də nələrisə xatırlayır. Çünki onlar haqqında vaxtilə güllələnmiş inqilab qəhrəmanları kimi məktəbdə tarix dərslərində çox danışılırdı. Amma bu gün həmin komissarların əslində kim olduqlarını və nəyə görə güllələndiklərini az adam bilir. Sovet tarixşünaslığına görə, Bakı komissarlarının Krasnovodsk yaxınlığındakı (indiki Türkmənbaşı) Ağcaqum dəmir yolu stansiyasında güllələnməsi haqqında qərar Zakaspi müvəqqəti hökuməti və Britaniya hərbi missiyası tərəfindən verilmişdir. Amma digər tədqiqat materiallarında ingilislərin həmin vaxtda Krasnovodskda olmadıqları qeyd edilir. Ümumiyyətlə, bu məsələ ilə bağlı ziddiyyətli məqamlar həddən artıq çoxdur. SSRİ Ali Məhkəməsinin səyyar iclasının sədri P.Kameron 1926-cı ildə keçmiş Rusiya İmperiyasının Zakaspi müvəqqəti hökumətinin başçısı F.Funtikovun məhkəməsindən sonra öz xidməti hesabatında qeyd etmişdi ki, "komissarların Bakıdan çıxarılması şəraiti və onların güllələnməsi heç də sona qədər aydınlaşdırılmadı".

Burada müxtəlif vaxtlarda KİV-də Bakı komissarlarının güllələnməsi ilə bağlı təqdim olunmuş materiallarda əksini tapmış fikirlərin bir neçəsini xatırlatmaq istərdik.

1989-cu ildə akademik Püstəxanım Əzizbəyova dövlət nümayəndə heyətinin tərkibində Hindistana etdiyi səfərdən geri dönəndən sonra respublika televiziyasında sensasiya doğuran bir açıqlama verdi və Dehli Dövlət Muzeyində Stepan Şaumyanın nəşr etdirdiyi "26 Bakı komissarı" kitabının saxlanıldığını bildirdi.

Güllələnməyən komissarlardan olan Anastas Mikoyan da öz xatirələrində yazırdı ki, Hindistanda rəsmi səfərdə olarkən yerli hakimiyyət orqanlarına "26-lar işi" ilə bağlı sorğu verib. Maraqlıdır ki, Hindistan arxivində belə bir qovluq olsa da, Mikoyanın həmin səfərindən sonra onun boş olduğu ortaya çıxdı...

SSRİ Xalq artisti Rəşid Behbudov da Stepan Şaumyanın Hindistanda yaşaması ilə bağlı fikirlərini açıqlamışdı. Maraqlıdır ki, Hindistanın şimalında qastrol səfəri zamanı yerli müxbirlərdən biri ona ötən gün məşhur həmyerlilərindən birinin burada dəfn olunduğunu bildirmişdi. Rəşid Behbudov bu həmyerlinin kim olduğunu soruşduqda ona "Şaumyan" deyə cavab vermişdilər. Görünən odur ki, bu gün də "Hindistanda komissarların müəmmalı şəkildə yoxa çıxması" ilə bağlı şayiələrin davam etməsi təəccüblü deyil.

Komissarların bəzilərinin bu ölkədə olmasının hind izləri barədə digər həm azərbaycanlı, həm də britaniyalı alimlərin, tarixçilərin, mütəxəssislərin, jurnalistlərin fundamental tədqiqatlarında da qeyd olunur. XXI əsrin əvvəllərində Sahil bağında dəfn edilmiş "26-ların" məzarları oradan köçürülərkən onlarının sayının 26 olmadığı meydana çıxmışdı...

Yuxarıda deyilənlərin kontekstində yazıçı-publisist Hüseynbala Mirələmovun 2021-ci ildə nəşr olunmuş "Şərəfsizlik tarixi", yaxud Vernadski prospektində kitabı diqqətəlayiqdir. Müəllif publisistik üslubdan və ədəbi priyomlardan geniş istifadə edərək, kitabda həm uzaq keçmişə, həm də müasir dövrə aid konkret faktları əks etdirən 38 hadisəni təsvir etmişdir. "Stepan Şaumyan" başlıqlı hissədə bu faşistin başçılıq etdiyi daşnak-erməni ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin bəzi epizodları əksini tapmışdır. Bu hissədə erməni gənclərin Şaumyan haqqında dedikləri də çox xarakterikdir: "1920-ci ildə Şaumyan və digər Bakı komissarlarının cəsədləri Ağcaqumdan gətirilərək Bakıdakı "Sahil" parkındakı məzarlıq-abidə kompleksində yenidən basdırılmışdır. 2009-cu ilin yanvar ayının 24-də orada aparılan abadlıq işləri adı altında Azərbaycan millətçiləri məzarlığın başqa yerə köçürülməsini təşkil etmişlər. Məzarlığın köçürülməsinə ilk etirazlar Ermənistan Kommunist Partiyasının baş katibi Ruben Tovmasyandan gəlmişdi, bununla belə köçürülmə baş tutmuşdu. Köçürülmə zamanı azərbaycanlılar anatomik tədqiqatlar da keçirmişlər və Steopanın nəşinin digər nəşlər arasında olmadığını bildirmişlər. Düzü, bu xəbərin feyk olub-olmadığını düşünmədən biz ermənilər buna sevinmiş, qəhrəmanımızın taleyinin Ağcaqum çöllərində namərdcəsinə bitməməsi xəbərini bayram etmişdik. Mənbələr Stepanın Krasnovodsk ermənilərinin dəstəyi ilə güllələnməkdən qurtularaq Hindistana qaçması iddiaları ilə çıxış edəndə sevincimizin həddi-hüdudu olmamışdı".

Düşünürük ki, müəllifin bu məlumatının şərh və təhlil edilməsinə ehtiyac yoxdur. Bu məlumatlar, eləcə də digər mütəxəssislərin, bu mövzuda mövcud materialların müəlliflərinin fikirləri Böyük Britaniya, həmçinin Hindistan arxivlərinin materialları əsasında yeni tədqiqatların aparılmasının zəruriliyini inandırıcı şəkildə göstərir. Əminik ki, bu mövzuda yeni tədqiqatlar hərtərəfli təhlil edildikdən və əvvəlki tədqiqatların nəticələri nəzərə alınmaqla sistemləşdirildikdən sonra bu mövzu ətrafında cəmiyyəti maraqlandıran, lakin bu günə qədər qaranlıq qalan bir çox suallara cavab tapılacaqdır.

 

Rövşən AĞAYEV

525-ci qəzet.- 2023.- 17 mart.- S.10;11.