"İndi milli geyim tərzinə
qayıtmaq çətin olsa da, ənənələri qoruyub saxlamaq mənəvi
borcumuzdur"
Sevimli Novruz bayramı qapımızın
kandarından boylanır
artıq. Gəlişi ilə torpağı
oyadan, baharı gətirən Novruz həm də milliliyə dönüş,
mənəvi birliyimizin
ifadəsi kimi xalqımız üçün
önəm kəsb edir. Bu günlərdə
istər efir məkanlarında, istərsə
də Novruz bayramı tədbirlərində
xanımlarımızın, bəylərimizin əynində
bir-birindən gözəl
milli geyimlərimiz göz oxşayır.
Biz də bayram
öncəsi sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Günel Seyidəhmədli ilə məhz milli geyimlərimizdən, onların
mənəvi dəyərindən
danışdıq.
- Günel xanım, Azərbaycan milli geyimlərinə hazırkı
münasibətdən razısınızmı?
- Milli geyimlərimizin formalaşması XIX əsrin
sonu XX əsrin əvvəllərində başa
çatdı və Azərbaycanın SSR-nin tərkibinə qatılması
ilə də yavaş-yavaş qarderobumuzdan
çıxmağa başladı.
Milli geyimlərdən istifadə
ənənəsinə müstəqillik
dövründə qayıdış
oldu. İndiki dövrdə milli
geyimlərə xüsusi
önəm verilir, bu istiqamətdə müvafiq addımlar atılır. Amma düşünürəm
ki, bütün bunlar kortəbii, pərakəndə və həvəskar səviyyədə
olmamalıdır. Ümumilikdə bizim milli geyimlərə
indiki münasibətimiz
qısa zaman kəsiyində nəsə
hazırlayıb təqdim
etmək xarakteri daşıyır. Amma milli
geyimlərimizə yetərli
diqqəti verib, onu olduğu kimi bizə təqdim etmək istəyən "etno fashion"la məşğul
olan şəxslər
də var.
- Müasir dövrümüzdə
milli geyimlərə müraciət vacibdirmi?
- Düşünürəm ki,
vacibdir. Hazırda dünyada "etno
fashion" anlayışı aktualdır və modanın geriyə dönmək xüsusiyyəti
bizə imkan verir ki, unudulan
biçimləri, tikiş
növlərini, elementləri,
detalları yenidən
canlandıraq, onlara yeni nəfəs verək. Milli geyim bizim milli kimliyimizi müəyyənləşdirən məqamlardan biridir. Düşünürəm ki, milli geyimlərimizdən istifadə
qaydalarını müəyyənləşdirmək
və elmi surətdə tədqiq etmək vacibdir.
- Bir sıra modelyerlər
milli geyimlərə müraciət edirlər. Amma nədənsə heç
biri digərinin işini bəyənmir, milli geyimin ruhunu
yansıtmadığını düşünür. Modelyerlərimiz milli geyimlərə müraciət edərkən
nisbətən daha dəqiq mənbə kimi nələrdən istifadə etməlidirlər?
- Bəli, bu cür
şikayətlərə tez-tez
rast gəlirik. Əslində, bu, düzgün
yanaşmadı. Tənqid olmasa,
inkişaf olmaz. Fikrimcə, tənqid edən tərəf daha çox sənətşünaslar,
etnoqraflar və bu sahə üzrə
mütəxəssislər olmalıdırlar.
Belə tənqidlər əsaslı
olur və nəticədə modelyerlər,
milli geyim istehsalı ilə məşğul olanlar öz səhvlərini aradan qaldırırlar.
Mənim
də rastıma müasir üslubda tikilmiş, adı milli geyim çıxır,
mən milli geyimlərlə heç əlaqəsi olmayan geyimləri tənqid edirəm. Bu, adi geyim deyil
ki, onu bildiyimiz
kimi, ordan-burdan, bir-iki elementi oxşadaraq tikib təqdim edək. Bu, Azərbaycanın milli geyimidir, bizim maddi mədəniyyətimizin
tərkib hissəsidir,
onu təhrif etmək olmaz. Biz bu geyimləri
olduğu kimi indiki və gələcək nəsillərə
çatdırmalıyıq. Bunun üçün moda evlərinin və milli geyimlərlə məşğul olan modelyerlərin üzərinə
böyük məsuliyyət
düşür. Gərək
onlar birinci növbədə entoqrafiyanı
yaxşı bilsinlər,
bölgələrə səfər
etsinlər, diyarşünaslıq
muzeylərində orijinal
geyimlərlə tanış olsunlar, onların biçimini, tikişini öyrənsinlər.
Bununla yanaşı, milli geyimlərimiz haqqında yazılan elmi tədqiqat işlərindən,
kitablardan da əlavə mənbə kimi istifadə edə bilərlər.
- Bəs geyimin ruhu deyəndə nə nəzərdə tutulur? Ən çox müşahidə
olunan səhvlər nələrdir?
- Geyimlərimiz öz dövrünün estetikasını,
gözəllik ideallarını,
simvollarını, bəzəklərini,
tikiş çeşidlərini,
parça zənginliyini,
üslub xüsusiyyətlərini,
bu kimi digər
vacib nüansları özündə əks etdirir. Modelyerlər geyimləri ərsəyə
gətirən zaman bu özəlliklərə
fikir verməlidirlər.
Kommersiya
məqsədi ilə tikilən milli geyimlərdə heç bir estetik zövqdən
və milli dəyərdən söhbət
gedə bilməz.
Hətta
bəzi modelyerlər və tikiş evləri milli geyimlərlə rəqs paltarlarını səhv salırlar. Bəllidir ki, Azərbaycan
qadınları ətəkləri
geniş, üst-üstə
tumanlar geyinirdilər və "milli geyim hazırlayanlar" parça çox getməsin deyə onu karkasla əvəzləyir
ki, bu da
böyük səhvdir.
Yaxud parça seçimi, habelə, bəzək elementlərindən və
rənglərdən düzgün
istifadə edilməməsi
müşahidə olunan
ən böyük səhvlərdəndir.
- Müasir geyimlərlə bağlı da danışmaq istərdik.
Bu sahədə mənzərə necədir?
- Müasir dövrdə dəb sürətlə dəyişir. Modanın bir-birinə zidd
olan differensassiya etmə və ümumiləşdirmə xüsusiyyətləri
dəbin qısa zaman kəsiyində dəyişməsini təmin
edir. Hazırkı dəb sərbəst
və rahat geyimlərdir. "Sport"
geyimlər gündəlik
geyimimizə tamamilə
daxil olub. Təsəvvür edin, iki-üç il
bundan öncə gecə geyimin altından krossovka geyinmək zövqsüzlük
sayılardı və
bu, heç kimin ağlına belə gəlməzdi. Amma bu gün
klassik və gecə geyimlərinin altından sport ayaqqabı
geyinmək normal haldır.
Geyim və görünüş
estetikası sadələşdirmə
yolu ilə gedir.
- Nə zamansa müasir geyimlərdə milliliyə dönüş
ola bilərmi?
- Bütün xalqlarda milli geyim ənənəsi
XX əsrin əvvəllərində
başa çatıb.
Sonra yeni həyat tərzi ilə bağlı olaraq mobil geyimlər ortaya çıxıb.
Ona görə də indi milli geyim
tərzinə qayıtmaq
çətin olsa da, ənənələri
qoruyub saxlamaq mənəvi borcumuzdur.
Milli geyimlərimiz müasir dövrdə praktik deyil. Amma müasir dövrdə
milli geyimlərin yenidən tərtibinə,
eləcə də milli elementlərin gündəlik qarderobumuzda
istifadəsinə xüsusi
yer verilir və bu, cəmiyyət
tərəfindən, xüsusi
ilə qadınlarımız
tərəfindən sevə-sevə
daşınır. Məsələn,
2014-cü ildə kəlağayı
UNESCO-nun qeyri-maddi mədəni
irsin reprezentativ siyahısına daxil edildikdən sonra bu baş geyimi
müasir qadınların
qarderobunda əvəzolunmaz
bir yer tutdu.
İndi demək olar ki, hər
bir azərbaycanlı qadının qarderobunda kəlağayı var. Bundan
əlavə, milli geyim elementlərindən olan buta, bafta,
şanagüllə kimi
elementlər, yaxud da yelpazə qol biçimi və üst geyim kimi müasirləşdirilmiş
arxalıqlar gündəlik
geyimlərimizə artıq
sirət edir.
- Novruz bayramı ərəfəsindəyik. Novruzda geyimlər
necə olmalıdır?
- Novruz bayramında milli geyimlərə müraciət simvolik xarakter daşıyır. Novruz bizim milli bayramımız olduğu üçün bəylərin və xanımların daha çox milli geyimlərə, milli aksessuarlara üstünlük verməsi gözəldir. Milli geyimlərimiz, əlvan libaslar, arxalıqlar, çuxalar, araxçınlar, kəlağayılar milli ornamentdə olan bəzək əşyaları və sair bayram ab-havasını daha da gücləndirir, ətrafa xoş əhval-ruhiyyə bəxş edir. Novruzda geyimin necə olması barəsində heç vaxt standartlar müəyyənləşməyib, amma onun milli geyim olması kifayətdir.
- Sizcə, milli geyimlərimizin yaşadılması və təbliği üçün nə kimi işlər görülməlidir?
- Bu gün
milli geyimlərin və milli
elementlərin müasir geyimdə istifadəsinə
baxsaq, görərik ki,
bu ənənə yavaş-yavaş
öz yerini tutmağa başlayır. Gələcəkdə
bu tendensiyanın daha da doğru istiqamətdə
formalaşması ümidvericidir. Milli geyimlərin yaşadılması və təbliği
üçün il ərzində
müxtəlif tədbirlər keçirmək mümkündür,
necə ki, keçirilir.
Yaxud respublika miqyasında milli geyim günü və ya "etno fashion" festivallar təşkil etmək olar. Bu, həm də turizm sənayesinin bir elementinə çevrilə
bilər. Milli geyimlərin
təbliği üçün
əsaslı elmi tədqiqatların aparılması
da vacibdir. Milli geyimlərin 15-ə yaxın
növü olub.
Bu geyimlərin hər birinin konstruktiv və nəzəri şəkildə
öyrənilməsinə ehtiyac
var. Milli geyimlərin təbliği məsələsində
modelyerlərin çiyinlərinə
məsuliyyət düşür.
Bu cəhətdən Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Rəssamlıq
fakültəsinin Dizayn
kafedrasının müəllimləri
Fəxriyyə Xələfova,
Aysel Əzizova, Nəzakət Əhmədovanın,
o cümlədən, digər
modelyerlərdən Könül
Vəlibəylinin, Gülnarə
Xəlilova və başqalarının adlarını
çəkmək olar
ki, onlar milli geyimlərə, eləcə də elementlərə istinad edərək öz geyim kolleksiyalarını yaradıblar. Bu sahədə
fəaliyyət göstərən
"Alaca" milli geyim evinin də
adını çəkmək
lazımdır. Son olaraq milli geyimləri
bir fənn kimi tədris proqramına daxil etmək, bu fənni həm sənətşünaslara, həm
geyim dizaynerlərinə,
həm də lazımi ixtisaslara tədris etmək yaxşı olardı.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 18 mart.- S.23.