Heredotun və
Homerin dilindən düşməyən Pedasa
Bura yaşılın
daha yaşıl, mavinin daha tünd,
ağacların daha çox, torpağın daha xoş, heyvanların rahat olduğu, çoxlarının
bilmədiyi, bilənlərin
isə gəlmədiyi
bir yerdir. Dörd yanının
meşə ilə əhatə olunduğu, giləmeyvə kollarının
rəngli daş-qaş
kimi hər tərəfdən parıldadığı,
zeytun, küknar, çinar və daha əvvəl görmədiyim ağaclar
burada əzəmətli
şəkildə göy
üzünə naz satır. Sanki təbiət al-əlvan çiçəkləri, ətirli
gülləri, yamyaşıl
otlar bəzəkli süfrə kimi torpağın üstünə
örtüb. Buranın sakinləri
də, başı da, başçısı
da təbiətdir.
Cənnət təsvirlərinə
bənzəyir - amma cənnət deyil, üç min beş
yüz il əvvəl tərk edilib - xarabalıq da deyil. Bura
Pedasadır. Sağa baxarkən Egey
dənizinin, sola baxarkən
Ağ dənizin, yuxarı baxanda tərtəmiz göyüzünün,
aşağı boylananda
yaşıllıqdan dibi
görünməyən möhtəşəm
mənzərəsinin sehrinə
qapıldığın Pedasa
antik şəhərdir.
Təbiətin səxavəti
Bir vaxtlar burada insanların yaşadığını
bilmək, keçmişin
ayaq izlərini təqib edərək həmin yerləri kəşf etmək həyəcanı o qədər
güclü olur ki, qədim şəhərin təpənin
başında yerləşən
mərkəz nöqtəsinə
çıxmaq üçün
30-40 dəqiqə vaxt
sərf etdiyinin fərqinə belə varmırsan! Ətraf o qədər yalnız,
insansızdır ki, öz-özünə düşünürsən,
necə olur əsrlər boyu fərqli dinlərin, irqlərin, mədəniyyətlərin
tarix yazdığı
belə bir yerdə səndən başqa ikinci bir ziyarətçi yoxdur. Ətrafa fövqəladə bir səssizlik hakimdir. Meh əssə, yarpağın,
külək başlasa,
otun titrəməsini eşidirsən. Birdə
quşlar, böcəklər
var, cəh-cəh səsləri ətrafı
bürüyən, günəş
altında xumarlanan həşəratların çıxardığı
qarmaqarışıq səslər
sənə bircə an da olsun
insansızlığı hiss etdirmir. Əvvəlcə düşünürsən ki,
təbiət bu qədim şəhərə
bir az
daha səxavətli davranıb, zənginləşdirdikcə
zənginləşdirib. Sonra təbiətin
həmişə əliaçıq,
səxavətli olduğu
ağlına gəlir,
Pedasanın qüsursuzluğunun
səbəbi insanların
buralardan uzaq olmağı, bu ərazilərə üz tutmamaqlarıdır.
Unudulan xalqlar
Yarımadanın ən qədim
sakinləri leleqlər
olub. Leleqlər, Egey bölgəsinin
aborigen xalqlarındandır.
Onları pərən-pərən salan isə Troya savaşı idi. Bu savaşdan sonra hərəsi
bir tərəfə yayılır. Anadolunun qərbində - qədim
yunanlardan öncə mislər, leleqlər və karyalılar yaşayırdı. Savaşdan sonra
mislər Anadolunun şimal qərbində, karyalılar cənub qərbində, - yəni indiki Milasda, leleqlər isə Halikarnas yarımadasında
- hazırkı Bodrumda
yaşamağa başlayırlar.
Qədim
yunan qaynaqlarına görə, karyalılar və leleqlər, Egeyin qədim xalqlarından olub. Ancaq buna baxmayaraq, mütəmadi bir hücuma, savaşa və bunların nəticəsi olaraq köçə məruz qalıblar. Leleqlər
haqqında ilk məlumat
qaynağı tarixin
atası Heredotdur. Onun yazdığına görə,
leleqlərin tarixi bu torpaqlardan daha qədimdir.
Pedasa antik şəhər Konacıq
bölgəsinin Gökçələr
ərazisinda yerləşir. Ona görə
də, yerli əhali leleqləri gökçəlilər adlandırır.
Şəhər Halikarnasos yarımadasının
ən önəmli leleq ərazisini əhatə edir. Tapınaqları, fərqli üslubda
daş məzarları,
saray qalıntıları,
qüllələri, yolları,
nekropolları, akrapolu,
qala divarları ilə Pedasa; Konacıq yüksəklərində
Torba limanınadək
uzanan geniş bir ərazini əhatə edir. Təməlində heç bir
yad maddə istifadə edilməyən
Pedasa antik şəhəri leleqlər
tərəfindən yonulan
daş bloqlarının
üst-üstə yığılması
ilə qurulub. Antik qayalarda izlərini təqib edib, araşdırdığımız zaman
görürük ki, Homerin "İliada" dastanınında leleqlər
haqqında və Pedasanın adından bəhs edilir.
Pedasa leleqlərin
son yaşayış bölgəsi
olub. Ancaq təəssüf ki, hazırda ərazidə qala divarlarından başqa heç nə qalmayıb. Təbii ki, bunda savaşların, hücumların,
yağmalamaların, təbiət
hadisələrinin də
rolu olub. Bəzən də başqa tikintilərdə istifadə
etmək üçün
daşlarını daşıyıblar.
Tarixdəki ən yaxşı
daş ustaları leleqlərdən çıxıb,
elə ən yaxşı daşçılıq
da onlara məxsusdur. Bu xalq dayanıqlı sement və kirəc daşları ilə tikdikləri sağlam və möhkəm abidələrlə
də tanınıb.
Leleq tikililəri min illər keçməsinə baxmayaraq,
Qədim Yunanıstanın
və digər xalqların sərt və qatı təzyiqlərinə rəğmən,
silinməyən izlər
olaraq günümüzə
qədər gəlib çıxıb. Antik şəhərdəki
ilk arxeoloji qazıntı
işləri 1919-21-ci illərdə
fransızlar tərəfindən
həyata keçirilir
və ilk tapıntılar
həmin vaxt üzə çıxarılır.
2008-ci ildə başlayan
yerli arxeoloqların qazıntılarından sonra
isə tarixi dörd min ilə yaxın olan tapıntılara imza atılır. Qazıntılarda ilk olaraq ortaya
çıxarılan Afina
Tapınağı, qədim
dönəmin ən önəmli müqəddəs
kültür mərkəzlərindən
biri olma özəlliyini daşıyır.
Şəhərin girişində Pedasa
ziyarətçilərini qarşılayan
ilk tikili olması ilə bərabər, yarmadananın tanınan, bilinən ən qədim ilk tapınağıdır.
"Müqəddəs yol"
Müqəddəs Afina məbədi
ilə bağlı çox hekayələr, rəvayətlər, əfsanələr
var. Heredotun qələmə
aldığı hekayə
isə belədir:
"Pedasalıların başına
pis hadisə gəlmədən əvvəl
buradakı rahiblərin
saqqalları bir gündə uzanır. Bu hadisə
şəhər tarixində
üç dəfə
təkrarlanır. Üçündə də leleqlər fəlakətə bərabər
acılar yaşayırlar".
Məbəddə eradan əvvəl
VII əsrə aid tapıntılar
buranın həmin dönəmdən etibarən
müqəddəs kimliyə
sahib olduğunu göstərməkdədir.
Müqəddəs Afinaya aparan
cığır isə
"müqəddəs yol"
adlandırılıb. Guya kim
bu yola ilk addımını atsa, arınmağa başlayırmış.
Şəhərdəki akropolda yeni bir yaşayış
ərazisi planı
var. Yuxarı Qala hardasa 200 metr uzunluğunda olub, daxili müdafiə divarları və qüllələrlə dəstəklənib
iki çöl divarları ilə əhatələnib. Divarlar 200 metr
uzunluğunda və
200 metr qalınlığında
olub əsas qaya üzərindən Akropolu əhatəsinə
alıb. Akropolun
şərqində yarımadaya
hakim Müşahidə Qülləsi və mərkəzində megaron
planlı (idarəçi)
Bəy evi mövcuddur.
Akropolun təpəsində başlayıb,
Konacığın alçaqlıqlarına
qədər davam edən nekropol ərazisi, leleqlərin inancları haqqında ciddi məlumatlar verməkdədir.
Bodrumun mərkəzinə olduqca yaxın bir məsafədə yer alan və
yönləndirmə lövhələri
ilə asanlıqla tapılabilən Pedasa
"trekking" sevərlər üçün olduqca gözəl və uzun məsafə qət edəcək yüksəklikdə bir yerdir. Əraziyə avtomobil girişi
yoxdur.
Pedasadan
Bodrum Qalasına uzanan yol
Pedasada aparılan
arxeoloji qazıntılar
zamanı əldə edilən əsərlər
Bodrum Qalasında Fransız qülləsində
sərgilənir. Bu əsərlər
görənləri heyran
edir.
Üç min illik qədim
şəhərdə qızıl
zinyət əşyaları,
savaşçılara aid qalxanlar,
qılınclar, bürünc
bazubəndlər, metal və
bürünc qablar, fil dişindən hədiyyə əşyalar,
sümükdən hazırlanmış
alətlər,
saxsı qablar, amforalar da qazıntılar
zamanı çıxan
əsərlər arasındadır.
Qazıntılar zamanı Müqəddəs
Afina məbədindən
çıxarılan və
eradan əvvəl V-IV
əsrlərə aid olduğu
ehtimal edilən edilən bir cüt gözdür. Göz qapaqları
bürüncdən, gözlərin
ağı incidən,
bəbəklər isə
mavi və yaşıl dəyərli
kristaldan hazırlanıb.
Bu gözlərin nəzir-niyaz yerinə basdırıldığı düşünülür.
Eyni zamanda ölülərin yandırıldığı
məzardan keramika qablar da aşkarlanıb. Bu qabların ölülərə
hədiyyə olaraq qəbirlərə qoyulduğu
deyilir. Müqəddəs Afina həmin
dönəmlərdə Ağ
dənizin şərqində
xüsusi diqqətdə
olan bir yer olub, buna
görə də Suriya, Fələstin, Yaxın Şərqdən
gələn əşyalara
burada çox rast gəlinir. Üzərində Kipr simvollarını
daşıyan əşyaların
da olduğu aşkarlanıb. Fərqli kültürlərin
izlərinə rast gəlinir Pedasada.
Yenə
talan, yenə yağmalama, yenə insan...
Pedasa Bodrumun bağrında yerləşən ən qədim və gizli bir cənnətdir. Ancaq təəssüf ki, bu qədim şəhərin böyük 170 hektarı 1 il əvvəl iş insanlarından birinə 35 milyona türk lirəsinə satılıb.
Bu az deyilmiş kimi, antik şəhər talana məruz qalıb. Pandemiyanı fürsət bilən xəzinə dəllalları qızıl əldə etmək məqsədi ilə ərazini qazaraq üç min beş yüz illik tarixi olan abidəyə ciddi zərər veriblər.
Tarixi tarix edən insanlardır, tarixi puç edib gözdən salanlar da insanlardır, tarixi heç edib onu yağmalayan, satan, talayan yenə insanlardır. Bəzən sənə elə gəlir ki, dünya dağılmadan, son insan ölmədən əvvəl insanın dünyaya olan bu müəmmalı düşmənliyi bitməyəcək. Gəmidə oturub, gəmiçi ilə dalaşmaqdır dünyaya açılan savaş. Bəzən bu təzadlardan, durulmayan insanlardan, insanlıqdan, təbiətə bıçağı sümüyünə qədər dirəyən zalımlardan zalımlıqdan çox yorulur insan.
Türkan
TURAN
525-ci qəzet.- 2023.- 18 mart.- S.21.