Tanınmayan diplomlar
Hər il yüzlərlə azərbaycanlı gənc
təhsil almaq üçün xaricə üz tutur: universitetə
daxil olur, illik təhsil haqqı ödəyir, imtahanlarda
iştirak edib diplom alır. Ölkəyə
qayıdandan sonra onlar diplomların tanınmaması problemi ilə
üzləşirlər. Demək olar, hər il xaricdə təhsil alan yüzlərlə məzunun
diplomu ölkədə tanınmır. Ali təhsil
haqqında sənədi tanınmayanlar arasında Rusiya,
Ukrayna, Türkiyə, Belarus və Gürcüstan universitetlərində
təhsil alanlar üstünlük təşkil edir.
Xarici
dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması həmin dövlətlərin
səlahiyyətli orqanlarının verdiyi, ali təhsil
proqramının uğurla bitirilməsini təsdiqləyən,
bu və ya digər dərəcə verən hər hansı sənədin,
diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan
ərazisində qüvvədə olmasının təsdiqidir.
Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil
sahəsində ixtisaslarının tanınması və təsdiqinin
müəyyən edilməsi (nostrifikasiyası) Lissabon
Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il
tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm
və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı
Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.
Təhsildə
Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin
sədri Ülkər Səttarovanın sözlərinə
görə, quruma diplomların tanınması ilə
bağlı edilən müraciətlərin böyük əksəriyyəti
Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Rusiya və bəzi
Qərb dövlətlərində təhsil alan məzunlardır:
"Tanınmada üç əsas məsələ nəzərə
alınır. Birincisi, namizəd tələbə təhsil
almaq niyyətində olduğu ali təhsil
müəssisəsinin həmin ölkədə
akkreditasiyasının olub-olmamasına fikir verməlidir. Bəzi hallarda vətəndaşlarda elə bir fikir
formalaşır ki, namizədin seçdiyi universitet Fransa və
ya İsveçrədədirsə, araşdırma aparmağa
ehtiyac yoxdur. Belə yanaşma
kökündən yanlışdır. Avropa ölkələrində
də akkreditasiyadan keçmədən fəaliyyət
göstərən universitetlər var. Mütləq şəkildə
xaricdə təhsil almış hər bir tələbə
ölkə ərazisinə qayıtdıqda həmin ali məktəbin diplomunu tanıtmalı və
ixtisas ekvivalentini müəyyən etdirməlidir. Yəni bu, Azərbaycanda tədris olunan ixtisaslarla bərabər,
oxşar olması kimi başa düşülür. Əgər Azərbaycan ərazisində qanunla
tanınmayıbsa, onda tələbənin əldə etdiyi
diplom keçərsiz sayılır və əmək fəaliyyətini
icra etməkdə bir çox problemlərlə qarşılaşa
bilir. Xarici dövlətlərin ali təhsilə
aid kvalifikasiyalarının tanınması üçün
yekun təhsil sənədini verən ali təhsil müəssisənin
təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən
akkreditə olunması başlıca şərtlərdən
hesab edilir. Bu səbəbdən, vətəndaşların
seçdikləri ali təhsil müəssisəsinin
dövlət akkreditasiyasına sahib olduğuna əmin
olmaları tövsiyə olunur".
Nostrifikasiya
prosesindəki standartlardan söz açan İdarə Heyətinin
sədri vurğulayıb ki, Agentliyin hansısa "qara
siyahı"sı yoxdur: "Biz tələbənin təhsil
aldığı universitetin həmin ölkədə
akkreditasiyasının olub-olmamasına baxırıq. Təbii ki, başqa problemlərlə də
rastlaşırıq. Misal olaraq, Ukrayna
universitetləri ilə bağlı bir çox problemlər
olur. Vətəndaşın sənədlərinə
baxdığımız zaman məlum olur ki, tələbə
dörd il ərzində cəmi 20 gün həmin
ölkədədirsə, hüquqşünaslıq diplomu
alıb. Təbii ki, bu, heç bir məntiqə
sığmır". O bildirib ki, Nazirlər Kabinetinin
müvafiq qərarı ilə təsdiq edilən "Xarici
dövlətlərin ali təhsilə aid
kvalifikasiyalarının tanınması Qaydaları"na əsasən,
orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələri
üzrə xarici ixtisasların tanınması zamanı təhsilalanın
hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə
nəzərdə tutulmuş təhsilin
normativ müddətinin yalnız yarısı qədər təhsil
aldığı ölkənin ərazisində olması
tanınma haqqında müsbət rəy üçün
kifayət hesab edilir.
Ülkər Səttarova deyir ki, bakalavriat və
magistratura səviyyələri ilə yanaşı, xarici
dövlətlərdə tam orta və orta ixtisas təhsili
üzrə əldə edilmiş sənədlərə də
apostil verilməsi (leqallaşma) tələb olunur. Xarici ali
təhsil müəssisələrinin rus, ingilis və türk
dillərində təqdim etdikləri təhsil sənədlərinin
notarial qaydada tərcümə olunmuş təsdiqinə
ehtiyac olmayacaq. Həmçinin, müvafiq ali
təhsil səviyyəsi üçün müəyyən
edilmiş minimal kredit sayını toplamayan və dissertasiya
işi yazmayan şəxslərin ali təhsil kvalifikasiyalarının
şərti tanınması həyata keçirilir. Belə ki,
həmin şəxslər yerli ali təhsil
müəssisələrinin birində çatışmayan
kreditləri toplamalı (praktik dərslərdə) və
magistr dissertasiyası hazırlayaraq müdafiə etməli
olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin
şəxslərin ali təhsil
kvalifikasiyalarının tam tanınması mümkün hesab
ediləcək.
Təhsil
eksperti Kamran Əsədovun sözlərinə görə, bu
gün Azərbaycanda keçirilən qəbul imtahanlarında
keçid balı toplaya bilməyən
abituriyentlər xarici ölkələrdə, daha çox qardaş
Türkiyədə distant və ya fərdi (individual) qrafik
üzrə təhsilə üstünlük verirlər. Xaricdə
təhsil xidməti göstərən şirkətlər
valideyin və abituriyentlərin məlumatsızlığından
istifadə edərək onları təhsilin bu formasına
yönəldirlər: "Həmin universitetlər, ixtisaslar
ölkəmizdə tanınsa da, təhsilalma forması bizim
normativ hüquqi aktlara uyğun olmadığından
diplomları tanınmır. Təəssüflər olsun ki,
xaricdə təhsil alan azərbaycanlıların
yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil
şirkətləri, bəzən isə tələbə məlumatsızlığı
olur. Tələbələr lazımi
araşdırma etmədən və kifayət qədər məlumat
əldə etmədən xaricdə təhsil üçün
müraciət edirlər. Sonda isə illərini,
zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda
tanınmayan diplom əldə edirlər. Nəticə
etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik
çəkirlər".
Ekspert
deyir ki, hazırda xarici ölkələrdə yalnız əyani
və qiyabi təhsil alanların diplomları tanınır:
"Amma bu formada təhsilalmanın özü də diplomun
tanınması demək deyil. Qiyabi təhsil
alanlar həmin ölkənin ərazisində azı 15 gün,
əyani təhsil alanlar isə semestr müddətində 90
gün olmalıdırlar. Əgər onların semestr ərzində
təhsil aldıqları müddət bundan az
olarsa, diplomların tanınması ilə bağlı
ünvanlanan müraciətə imtina cavabı verilir.
"Xarici dövlətlərin ali təhsil
sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)
Qaydaları"nın 3.7-ci bəndinə əsasən
diplomların tanınmasına aid mənfi qərar bir neçə
xüsusi hallarda verilə bilər. Tələbə ali təhsil müəssisəsində tələb
olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin
olmaq üçün Elm və Təhsil Nazirliyi tələbənin
xarici pasportunda ölkədən
giriş-çıxış möhürlərinə diqqət
edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə
həqiqətən təhsil aldığı ölkədə
yaşayıbmı və kifayət qədər vaxt
keçirib, yoxsa keçirməyibi?! Buna görə
də tələbələr
çalışmalıdırlar ki, üzrlü səbəblərdən
dolayı ölkədən giriş-çıxış
etsinlər və diqqətli olsunlar. Təhsilin
məzmunu mənimsəmək üçün tələb olunan
minimal dil biliklərinin olmaması, yəni sizin burada hər
hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq
üçün sizin İELTS və ya TOEFL
sertifikatınızın olması sizə çox köməklik
edəcək".
Təhsil eksperti Elçin Süleymanov hesab edir ki, tələbənin
həqiqətən xaricdə oxuması, təhsil
aldığı universitetin leqal və ya qeyri-leqal
olmasının araşdırılması, tələbənin
təhsil aldığı dili bilib-bilməməsi kimi hallar
yoxlanılmalıdır. Ümumi olaraq tələbə əgər
leqal universitetdə qanuni şərtlər ilə təhsil
alırsa, onun diplomu ölkədə tanınır. Xarici diplomun ölkəmizdə tanınmama səbəblərindən
biri distant təhsil forması ilə bağlıdır. Ölkədə distant təhsil etibarlı
sayılmadığı üçün mənfi
cavabların sayı da çox olur. Tələbələr
lazımi araşdırma və kifayət qədər məlumat
əldə etmədən xaricdə təhsilə müraciət
edirlər. Sonda isə illərini boş
yerə sərf edir, Azərbaycanda tanınmayan diplom
alırlar. Xüsusilə bəzi ölkələr
var ki, onların özü belə o diplomu tanımır.
Sorğu göndərilən zaman bu kimi problemlər gün
üzünə çıxır.Amma bununla belə, nə bizim
diplomların bəzi xarici ölkələrdə, nə də
tam əksinə - bizdə tanınması məsələsi həll
olunub. Ona görə də diplomların
tanınmasında problemlər yaşanır. Diplomların tanınmaması ilə bağlı isə
müraciət edən şəxslərə geniş
açıqlamalar göndərilir. Diplomu
tanınmayan şəxslər məhkəməyə
müraciət edə bilərlər. Bu
zaman geniş araşdırmalar aparılır. Ekspertiziya nəticələrinə əsasən
öz ixtisası üzrə müəyyən biliyin
yoxlanılması prosesi gedir. Şəxs
öz sahəsi üzrə imtahan verir onun biliyi
yoxlanılır. Minimum bal topladıqdan
sonra tələbənin diplomunun ölkədə
tanınması prosesi sürətlənir".
Ekspertin fikrincə, xaricdə oxumağa gedən şəxs, ilk növbədə "o ölkənin diplomu bizim ölkəmizdə tanınacaqmı?" sualına cavab tapmalıdır. Amma nüfuz xətrinə, "təki xaricdə oxuyum" deyənlər çox vaxt bunun sonunu düşünmürlər. Ona görə, xaricdə təhsil seçimi edərkən ölçüb-biçmək lazımdır ki, qayıdanda belə problemlərlə qarşılaşmasınlar: "Problemin əsas səbəblərindən biri xaricdə təhsil şirkətlərinin tələbə və valideynlərin məlumatsızlığından istifadə etməsidir. Tələbələr lazımi araşdırma və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsilə müraciət edirlər. Sonda isə illərini boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom alırlar.
Təhsil eksperti Qoşqar Məhərrəmov diplomların tanınması ilə bağlı təkcə bizim ölkədə deyil, dünyada problemlə qarşılaşanların çox olduğunu bildirib. Bunun səbəbi abituriyentlərin xaricdə təhsil məsələsini əvvəlcədən yaxşı araşdırmamalarıdır. Hər hansı universitetə oxumağa gedən abituriyent Təhsildə Keyfiyyət Təminatı Agentliyi vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Abituriyentlər bu barədə məlumatlı olsalar, diplomu ölkəmizdə tanınmayan universiteti seçməyəcəklər. Mütləq hansısa formada araşdırma aparmalı, əlaqədar qurumların saytlarına baxmalı, informasiya əldə etməlidirlər.
Ekspertin sözlərinə görə, diplomları tanınmayan bir qisim abituriyentlər də var ki, ali məktəbdən qəbul alsalar da, universitetdə normal təhsil almayıblar: "Onlar dərsə getməyiblər, asan yolla məzun olublar. Onların pasportunda ölkədən çıxış-girişlə bağlı qeydlər olsa da, müsahibə zamanı kəsilirlər. Agentlik məzundan tələb edir ki, təhsil aldığı ölkənin dilində danışsın. Bu zaman şübhələr meydana çıxır. Tələbə Ukraynada, Rusiyada, Gürcüstanda təhsil aldığı ali məktəbin proqramının və tədrisinin dilini bilmirsə, prosedurdan keçə bilməyəcək. Ona görə də, tələbələr ayıq-sayıq olmalı, əvvəldən araşdırma aparmalıdırlar. Bu şərtlərə əməl edəcəkləri təqdirdə, heç bir problemlə qarşılaşmayacaqlar".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 18 mart.- S.20.