Hardan çıxdı bu papaq?

 

Esse

 

Bayram yaxınlaşdıqca elementlərini daha çox görməyə başlayırıq. Bayramın hər atributu isə mənə bir başqa maraqlıdır. Bəziləri o qədər gözəldir ki. Məsələn, xonça bəzənməsi, səməni cücərdilməsi kimi. Bəziləri elə qəribədir ki, kosa-keçəlin şit zarafatları kimi. Burdan yola çıxaraq Novruzla bağlı maraqlı gələn suallarıma ağlabatan görünən cavabları sizlərlə bölüşmək istəyirəm.

Başlayaq elə Bahar qızımdan. Şəxsən mənim ağlıma batmır. Mənim ağlım almır ki, orta əsrlərin Azərbaycan kişisi qadınını bəzəyib-düzəyib Kosa ilə Keçəlin yanına salsın ki, bu da Bahar qızı. Deyirlər ki, Sovet Bahar qızını Qar qızına oxşatmaq, milliliyimizə öz çalarlarını qatmaq üçün bu obrazı aktuallaşdırıb. Biz bu günün Bahar qızını altmışıncı illərdən sonra keçirilən tədbirlərdə görürük.

Bu arada, bu mövzudan danışarkən ilk bahar qızı, gözəl aktrisamız Səfurə İbrahimovanı xatırlamamaq günah olardı. 1967-ci ildə Novruz bayramı keçirilərkən ilk bahar qızı olan  Səfurə xanım bu zərifliyi, gözəlliyi ilə bu obrazın haqqını sözün əsl mənasında verib. Çox güman o dövrdə yaradılan bir obrazda kifayət qədər senzura izi var.

Fəqət bahar qızının Sovetin məhsulu olmadığını, tarixən mövcud olduğunu deyənlər var.

Məsələn, Mirzə İbrahimov xatirələrində yazır: "Anam mənə deyərdi yaz gələndə yeraltı dünyanın hökmdarı öz qızı Yazxanıma anası günəşlə görüşməsi üçün bircə gün icazə verir".

 

Burdan da göründüyü kimi, Novruzda bir qadın, qız obrazı da var. Ümumiyyətlə, qadınla ana təbiət arasında paralellərin aparılarsa, yazın da bolluğun, artımın aparıcı olması bizə yazı qadın kimi təsəvvür etməyə imkan verir.

İstənilən halda mifologiyaya söykənsək belə, o Yazxanımın bu Bahar qızı olması inandırıcı deyil. Ümumiyyətlə, nədənsə mən bu bayramda Bahar qızını qəribsəyirəm.

Ən çox qəribsədiyim isə Kosa Keçəlin yersiz şitlikləridir. Məncə, bu gün gördüyümüz Kosa ilə Keçəl ilkin variantlarından, babalarımızın bizə qoyub getdiyi halından xeyli fərqlənir. Bu gün onların obrazında klassik üslubun detallarından çox müasir dövrün sırışdırdığı məqamları görürük. Məsələn, Kosa ilə Keçəl niyə ənlik, kirşanla boyanır? Axı bizim  "Yeddi oğul istərəm" filmində gördüyümüz obrazlar neçə gözəl təbiidir. Əsl, bayram ab-havasında. Keçəl ilə Kosa özündə ən qədim təsəvvürləri özündə əks etdirir.

Keçəl məzhəkə yaradır. Kosa mayallaq aşır, məzhəkə çıxarır ki, insanların stressini götürsün. Kosa obrazlılığın tipidir, qroteksdir. Onun bədən hərəkətləri, geyimi, davranışı, geyindiyi təşkülah, ləbbadə, zınqırovlar, qurşaq, çömçə... Bunların hərəsinin öz mənası var hər birində teatral ünsürlər özünü göstərir.  Kaş arxaik mədəniyyətdə necə idilərsə, bu gün onları elə görə bilərdik.

"Yeddi oğul istərəm" filmindəki kimi, "Dəli Kür" filmində Novruz adətləri ilə bağlı maraqlı bu gündən xeyli fərqlənən məqamlar özünü göstərir. yaxşı ki, hər iki film var. Hər ikisi bu bayramı adama bir başqa sevdirir bayramla bağlı həqiqətə aparan bəzi suallar yaradır. Mən hələ "Dəli Kür" romanındakı orijinallığı demirəm. Əlbət, bu gözəllikdən filmin payına az düşməyib. Məsələn, biz "Dəli Kür" filmində papaqatma görmürük, əvəzində bacadan gələn qurşağı görürük. Əslində, bu səhnə papaqatma mövzu ilə bağlı önəmli bir mesajdır. Papağını canı bahasına qoruyan Cahandar ağaların papağı ayaqlar altında gəzərdimi heç? İnandırıcı gəlirmi sizə? Lap tutaq ki, bunu böyüklər yox, uşaqlar edirdi. Yox, yenə burda bir tərslik var. Bəs yaxşı, bu adət hardan gəlir, niyə məhz papaq?

Ümumiyyətlə, papaqatma çox mübahisəli mövzudur.  Bu mövzuda mənə inandırıcı gələn, ağlabatan görünən iddialardan biri ilkin variantda qapılara atılan nəsnənin şal, qurşaq olması, zamanın tələbi ilə papağa keçməsidir.

Keçmiş dövrlərdə qızlar papaq atmırdı, oğlanlar da bellərinə qurşaq bağlayır, çiyinlərinə xurcun asırdılar. Təbii ki, biz bu gün "Tarqovu"da qurşaqlı, xurcunlu oğlanlar görmədiyimizə görə, məsələnin necə bu yerə gəlib çıxdığını anlaya bilirik. Dövr dəyişir, insanlar dəyişir, insanların geyim tərzi dəyişir, hətta tikdikləri evin belə quruluşu dəyişir. Axı indi evlərin, mənzillərin bacası, damı orta əsrlərdəki kimi deyil. Yazıq Şamxallar qurşağı hardan sallasın? Təbii ki, bu səbəbə tutunub papaqla barışmağın tərəfdarı deyiləm. Çünki istəsək, papağın da alternativini tapa bilərik. Əgər məqsəd adət yaşatmaqdırsa...

Bir son olaraq Novruz kulinariyasından bir neçə kəlmə danışmaq istərdim. Bilirik ki, Novruz süfrəsi şirin şirniyyatları sevir. Şəkərbura, paxlava, şirin qoğal məlum məsələdir, ancaq deyirlər ki,  Novruzda şorqoğalı olmayıb, çünki şorqoğalı aclıq, göz yaşı rəmzidir. Bu, yas məclislərində olub. Sonradan Novruz süfrəsində qoyulmağa başlanılıb.

Bayram süfrəsinə qoyulmalı olan  "S" hərfi ilə başlayan yeddi nemət sırasında soğan, sarımsağın da çox vaxt adı çəkilir. Bayram, süfrə, soğan, sarımsaq. Sizcə , qəribə deyil?

Əziz oxucular, mən nə kulinaram, nə də folklorşünas. Ümumiyyətlə, hərşeyşünaslardan heç xoşum gəlmir. Məncə, hər kəs öz bildiyi mövzuda danışsa, daha yaxşı olar. Mən hər mövzuda konservativ adam da deyiləm, deyəm ki, niyə bahar qızı var, ya da niyə indi bacadan xurcun sallamırlar. İstəsək də, istəməsək də, hamımız zamanın gedişatında verilmiş hökmlərə tabeyik. Fəqət  kimsə papaq atacaqsa belə, əvvəl nə atıldığını bilib, bunu etsə, daha yaxşı olmazmı?  Bilməkdən kimə ziyan gəlib ki?

 

Aytac SAHƏD

525-ci qəzet.- 2023.- 18 mart.- S.19.