Aqil ABBAS: "Qazandıqlarım itirdiklərimi
heç vaxt əvəz edə bilməz"
Dəfələrlə ondan müsahibə almaq fikrinə
düşsəm də, bəzən səbəbli, bəzən
də səbəbsiz olaraq alınmayıb. Mən də
gözləmişəm, bilmişəm ki, nə vaxtsa bu
müsahibə baş tutacaq. Amma sosial
şəbəkə üzərindən bütün mətbu
yazılarının oxucusuyam. Xeyli vaxt dövlət televiziyasında
qonşu redaksiyalarda
çalışdığımız xanımı İradə Tuncay onun
yazılarını elə təqdim edir ki, oxumadan keçmək
olmur. Özü ilə isə keçən ilin sentyabr
ayında ilk dəfə olaraq üz-üzə gəldim. Həmkarım İradə xanımı
kitabımın təqdimatına dəvət etmişdim.
O da tək gəlməmişdi. Və həmişə
çılğın çıxışlarını izlədiyim
millət vəkilinin o təqdimatda iştirakı mənim
üçün gözlənilməz olsa da, təəccüb
doğurmadı, çünki bu gəliş şəhid adına olan bir ehtiram idi.
Yaxın günlərdə ömrünün 70
yaşına çatan bu insandan müsahibə
hazırlamağı redaksiyadan bir tapşırıq olaraq
alsam da, düşündüm ki, deməli, gözlədiyim
vaxt çatıb. Əlaqə saxladım və ertəsi
günə vaxt təyin elədi. Mən də
sual yükümü tutub deyilən vaxtda ünvana gəldim.
"525-ci qəzet"dənəm" deyəndən
sonra azca gözləməyimi söylədi. Gözlədim
və çox keçməmiş dedi ki, buyurun, başlayaq.
Elə ilk sualı verməyə hazırlaşırdım ki,
arada belə bir dialoq oldu:
- Məni
tanıyırsan?
-
Tanıyıram.
-
Hansısa bir əsərimi
oxumusan?
- Oxumasam
da, sosial şəbəkələrdə bütün
yazılarınızı izləyirəm.
-
Oxumamısansa, məndən necə müsahibə alacaqsan?
- Tərtib
etdiyim suallarla.
Düzü, içimdə iradla razılaşmasam da,
bunu büruzə vermədim. Və bundan sonra
keçdik müsahibəyə. Artıq oxucu bu gün
kiminlə görüşəcəyini anlasa da, mən öz növbəmdə
müsahibimizi təqdim etməyə borcluyam. Beləliklə,
müsahibimiz yazıçı-publisist, Əməkdar
jurnalist, millət vəkili Aqil Abbasdır.
- Yaman
narahat dünyamız var...
- Demək
ki, biz də narahatıq. Məmləkətimin
halı necədisə, mən də eləyəm. Aqil
Abbas başqa cürə ola bilməz.
- Elə əvvəldən
başlayaq...
- Ağcabədinin Bayat kəndində doğulmuşam. 10
yaşım olanda ailəmiz Ağdama köçüb. Məktəbi əla qiymətlərlə bitirb Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsinə daxil
olmuşam. Fəaliyyətə müəllimliklə
başlasam da, tez zamanda yolum dəyişdi və ədəbi
mühitə gəldim. 1977-ci ildən
başlayan yol hələ də öz axarındadır.
- Dediniz
ki, Ağcabədidən Ağdama köçdünüz...
- Ailə
böyük, kənd yerində də şərait yox. Və atam bizi bu şəraitsizlikdən qurtarmaq istəyirdi.
İki yol vardı - ya Ağcabədiyə, ya da
Ağdama köçmək. Ağcabədinin
Hindarxdan aşağı bütün kəndləri Ağdamla
bağlıydı, çünki çox yaxın idi. Həm də Ağdam şəhər idi. On orta məktəb, dörd texnikum, üç
kinoteatr, iki musiqi məktəbi vardı orada. Bu
inkişafa görə də atam Ağdama köçməyə
qərar verdi.
- Səkkiz
bacı-qardaşı boya-başa çatdıran Məhəmməd
kişi və Solmaz anadan danışaq...
- Atam
ziyalı insan idi. İxtisasca iqtisadçı
olsa da, ədəbiyyatı, tarixi gözəl bilirdi. Fars, kürd, erməni dillərində səlis
danışıb, hətta almanca da azdan-çoxdan yeri
düşəndə fikrini izah edərdi. Gözümü
açandan evimizdə kitab görmüşəm, zəngin
kitabxanası vardı Məhəmməd kişinin. Evin ilk övladı olduğumdan atam bütün
gücünü mənim üzərimdə sınayıb.
Adımı da Aqil qoyub ki,
ağıllı-kamallı olum. Səkkiz
övladın içində ən yaxşı oxuyan mən
olmuşam. Ata nənəm vardı, ona bibi
deyirdik. İslama bağlı,
oruc-namazlı olan nənəm çoxlu hədislər bilirdi.
Həmin hədislərdən, Peyğəmbərdən,
imamlardan çox danışardı mənə. Bir də gözəl bayatılar bilirdi nənəm.
Bunları eşidə-eşidə
böyümüşəm. Anam Solmaz
xanım üç sinif oxumuşdu. Hecalaya-hecalaya
nəsə oxuyub başa vura bilirdi. Amma mənim
dərc olunan bütün yazılarımı uşaqlara
oxutdurub qulaq asardı. Birinci sinifdən
onuncuya qədər bütün dəftərlərimi anam
saxlamışdı. Sonralar onları mənə verdi, amma sonda hər şey kimi, o dəftərlər
də erməninin vurduğu odların içində yandı.
Atam bütün övladlarına ali təhsil
verdib. Adı-sanı, imkanı olan bu insan
hamımızı oxutdurmağı vacib bilib.
- Və
siz də yaxşı oxumusuz...
-
Yaxşı oxuyan mən olmuşam, bir bacım da ortabab. Məktəbdə qiymətlərimin hamısı
"5" olub. Futbol oynaya bilməmişəm,
həmişə "zamen"də oturmuşam. Uşaqlar məni çox sevirdi, çünki
hamısının məsələ-misalını həll
edirdim. Amma tələbəlikdə tam əksi
oldu, qiymətlərim "2" və "3" olub, yəni
yaxşı oxumamışam. Özümün
sevdiyim fənlər vardı - fəlsəfə, etika, estetika.
Bu dərsləri yaxşı oxuyardım,
xüsusən də fəlsəfəni. Hətta
Elmi kommunizmi də oxuyurdum. Amma ixtisas fənlərini
sevməmişəm. Universiteti bitirəndən
sonra "Elm və həyat" jurnalında işləməyə
başladım və o zaman anladım ki, oxumamaqda çox səhv
etmişəm. Beş il ərzində dilçiliyə, ədəbiyyatşünaslığa
aid keçdiyimiz bütün universitet dərsliklərinin
hamısını aldım, onları iki ilə oxudum və
imtahanı da "Elm və həyat" jurnalında işləyən
çox savadlı ziyalı Əlisa Nicata verdim.
-
Yazıçı Aqil Abbas jurnalistikadan da yan keçməyib...
- Mən yazıçıyam, amma jurnalist kimi də fəaliyyətim var. Xalq yazıçısı Anarın bir yaxşı sözü var, biz universitetdə oxuyanda demişdi bunu: "Jurnalistika təcili yardımdır, yazıçılıq stasionar xəstəxana". Jurnalist nöqsanları daha tez tapır, redaktə ilə yazını səliqə-səhmana salır. Yazıçılıq böyük zəhmət tələb edir. Burda ruh, təxəyyül öz işini görür. Mən ədəbiyyata yazıçılıqla 70-ci illərdə gəlmişəm, jurnalistikaya isə çox sonralar.
- Bugünkü medianın vəziyyəti...
- Azərbaycanda
bu gün mətbuat var ki? Üç-dörd qəzetlə
media olur? Medianın vəziyyəti çox
acınacaqlıdır və təbii ki, onun bu durumu məni qətiyyən
qane etmir. İndi xəbərçiliklə
məşğul olan saytların və sosial şəbəkələrin
dövranıdır. Mənim
üçün jurnalistika Rusiya jurnalistikasıdır -
maarifçi və araşdırıcı. Zamanında bizim "Ədəbiyyat və incənət"
qəzeti əldən-ələ gəzərdi. "Qobustan" jurnalı mətbuatda bir inqilab
etmişdi. Bu gün
gördüyümüz mənzərə cılız xəbərçiliyin
sensasiyaya çevrilməsidir - birini oğurladılar, biri
qoşulub qaçdı, at gəlib örkəni apardı.
Bu gün bütün kütləvi informasiya vasitələrinin
öhdəçiliyi budur. Sanki söz
veriblər ki, bu millətə maariflənmək lazım deyil. Müəyyən mətbu
orqanları bununla mübarizə aparır, amma bu da çox zəifdir.
Çünki gücləri sosial şəbəklərə
yetmir. Sosial şəbəkə də nə
istəyir, onu da edir. Türklərin bir məsəli var:
"At izi it izinə qarışıb". İstəyən tənqid
edir, biri təhqir edir, üçüncüsü böhtan
atır. Bu gün Jurnalistika fakültəsində
savadlı müəllmlər savadlı kadrlar yetişdirir.
O savadlı kadr gəlir mətbuata, Aqil və ona bənzərlər
deyir ki, gör kim kimi şərlədi,
kim kimi oğurladı, kim kimə sataşdı, get, axtar tap və
onlardan yaz.
- Yəni...
- Yəni
redaktorlar, mətbuatı idarə edənlər oxucunu bu
günə saldığı üçün artıq o,
bunları oxumaq istəyir. Fəlakətin həqiqi
üzü budur.
-
Ağdama çox bağlısınız...
- Mən
bütün Vətənimə bağlıyam. Onun
daşına, kəsəyinə, koluna, meşəsinə,
suyuna, çiçəyinə, ağaclarındakı
yarpaqlara, ən dar çığırına - hər yerinin
vurğunuyam. Əsərlərimdə də
oxucuya həmişə bu sevgini, insan olmağı, ədaləti
hər şeydən üstün tutmağı
aşılamağa çalışmışam. Mənim üçün Kürdəmirlə
Şuşanın fərqi yoxdur. Yəqin
ki, oxucu bu müqayisəni niyə etdiyimi anlayacaq. Yəni Azərbaycanın hər nöqtəsi məmləkətimdir.
- 23 iyul
1993-cü il...
- Ayın
24-də mən artıq Ağdamda idim. İşğal xəbərini,
camaatın yollarda ac-susuz qaldığını eşidən
kimi 4-5 nəfər dost yığışıb
imkanımız yetən yardımla köməyə getdik. Həmin günü xatırlayanda göz
yaşları məni boğur. Aramızda
bölgü apardıq və mənim payıma çörək
düşdü. Təxminən
üç ton çörək apardım. Əsgərlər
götürməyib dedi ki, camaat yollarda neçə
gündür çörəksizdir, onlara aparın. O mənzərəni
ömrümün sonuna qədər unuda bilmərəm. Maşını saxlamağa imkan yox idi. Yük maşının qapısını
açıb əsgərlərlə birlikdə sağa-sola
çörək atırdıq, insanlar da havada onu tuturdu.
Çörəkli şəhər olan Ağdamın
əhalisini bu vəziyyətdə görmək hələ dərdin
başlanğıcı idi. Atam
işğal gününə qədər Ağdamı tərk
etmədi.
- Və
27 ildən sonra...
- Bunu dəfələrlə
demişəm, indi də deyim. İt qoxu ilə
yiyəsini tapan kimi, mən də iyləyə-iyləyə
evimizi dərhal tapdım. Hamı
çaş olub qalmışdı, çünki bir istinad
nöqtəsi belə, yox idi. Mən isə
birbaşa həyətimizə girdim.
- Siyasətə
gələn yol...
- Bu, yəqin
ki, millət vəkilliyinə işarədir. Yazıçı
da, jurnalist də siyasətin bir üzvüdür. Sən siyasətə gəlmək istəməsən
də, özü səni çəkir. Mən
də bunu görüb deputatlığa namizədliyimi verdim və
ardıcıl dörd çağırışdır ki,
seçilirəm.
- Amma
seçicilər çox vaxt səs verdikləri millət vəkilindən
razı qalmır...
- Millət
vəkili dövlətlə xalq arasında vasitəçi
olan rəsmi bir təmsilçidir. Seçicilər
millət vəkilinin səlahiyyət və vəzifəsini
çox vaxt unudur. Seçici millət vəkilindən
iş istəyir və düşünmək belə istəmir
ki, mən icraçı deyiləm. Millət vəkili onun istəyini
müəyyən dairələrə çatdıraraq,
yardımçı ola bilər, lakin icra
edə bilməz. Mənə zəng vurublar ki,
Ağcabədidə yüz artezian quyusu yanıb. Dövlətin bunu təmir etməyə gücü
çatmırsa, millət vəkili nə edə bilər?
Birini Aqil Abbas öz gücünə, ikincisini
bir dostdan xahiş etməklə düzəltdirə bilər,
bəs sonra? Bax, belə olan halda
seçici narazılığı yaranır. İş
axtaranlara bir dəfə dedim ki, kəndlinin torpağı var,
onu əkib-becərib ailəsini dolandırmalıdır. Bu sözümə görə məni topa tutdular.
Bu gün əgər məmurlar yerlərində
olsalar, Azərbaycan cənnətə dönər. Seçici millət vəkilindən aşırı
istəyinə diqqət etməlidir.
- Yaman
çılğınsınız...
- Uşaq
vaxtından gələn xarakterdir. Məktəbdə
də belə olmuşam, universitetdə də. Tələbə vaxtı bir müəllimin
sözü xoşuma gəlmədiyi üçün
mübahisə edib onu vurmuşdum. Cəzam
da universitetdən qovulmaq oldu, lakin sonra bərpa olundum. Vilayət Quliyevlə birlikdə oxumuşduq, o, bu
haqda məqaləsində də yazmışdı.
- Aqil
Abbas və ilham pərisi...
- Vallah,
bu, şairlərin uydurmasıdır. İndiyə
qədər nə ilham pərim olub, nə də özü gəlib
məni tapıb.
- Təsəvvür
edək ki, bir göz qırpımı deyilən
vaxtınız var...
-
Ağdamlı çağlarımda, bir də
babalarımın yurdu Kəlbəcərdə olmaq istərdim.
Vəssalam.
-
Qazandıqlarınız və itirdikləriniz...
- Ad-san
qazandım, yazıb-yaratdım, uğurlar əldə etdim. Lakin qazandıqlarım itirdiklərimi heç vaxt əvəz
edə bilməz. Mən mənim olan
Ağdamı itirmişəm, mən anamın,
qardaşımın məzarını itirmişəm. Və
bunları mənə qaytara biləcək qazandığım
ola da bilməz. Düzdür, bərpa
işləri gedir, amma onu görməyə ömrüm
çatmaz...
- 44
günü çox gözlədik...
-
Çünki belə lazım idi. O yola çatmaq asan deyildi. Bunun diplomatiyası, hərbi sənayenin güclənməsi,
xalqın mütəşəkkilliyi və daha nə qədər
problemlər vardı. Və bunlar bir-iki
günə həll oluna biləcək məsələlər
deyildi, ona görə də uzun yol gəldi. Mən bu qələbəyə həmişə
inanmışam. 25 il ərzində bütün
çıxışlarımda, yazılarımda demişəm ki, kim
bayrağımızın Şuşada
dalğalanacağına inanmırsa, kəndir alıb
özünü assın. İnsanın inamı
həmişə olmalıdır. Onu da
demişdim ki, Şuşada bayrağımızı
görüb, himnimizi eşidərəmsə, ürəyim
partlayacaq. Amma belə olmadı, Allah buyurdu
ki, hələ yaşa.
- Mətbuat
əhlinə sözünüz...
- Qələm
dostlarımdan xahiş edirəm ki, düzü düz, əyrini
əyri yazsınlar. Qərəzli olub heç kəsin
hüququnu pozmasınlar. Tənqidi belə,
sevgi ilə yazsınlar. Guya dediklərimi
eşidəcəklər ki???
SÖZARDI:
Aqil Abbasla müsahibə vur-tut 50 dəqiqə çəkdi. Bu vaxt ərzində o, suallara da cavab verə bildi,
telefon zənglərini də qəbul etdi, hətta çəkilişə
gələnlərə belə, masahibə verib yola saldı.
Qalan üç-dörd sualımı isə
yolda cavablandırdı. Sonuncu suala
çataçatda yenə də onun əsərlərini
oxumadan müsahibəyə gəldiyimi bir daha vurğuladı
və bunu yazıda qeyd etməyi də tapşırdı.
Aqil müəllim, dedikləriniz hamısını nəzərə aldım. Sağlıq olsun, sizdən daha bir müsahibəni Ağdamda götürəcəyimə ümid edirəm. O Ağdamda ki, işğalından cəmi 20 gün əvvəl orada ezamiyyətdə olmuşdum. Məndən bu qədər...
Tamilla M-zadə
525-ci qəzet.- 2023.- 18 mart.- S.16;17.