Xalq yazıçısı -
Anarın 85 yaşına
Bəşəriyyət əsrlərdir ki, perpetuum-mobile, yəni fasiləsiz, dayanmadan işləyən
əbədi mühərrik arzusundadır.
Hətta
Leonardo da Vinçi kimi universal zəka sahibi də müəyyən şübhələrinə
baxmayaraq, ilk baxışdan
inanılmaz görünən
bu fantastik ideyaya ömrünün illərini vermişdi.
Və yəqin ki, heç fərqinə də varmamışdı
ki, yeganə əbədi mühərrik
insanın yaradıcı
zəkası, düşünən
beyni, döyünən
ürəyi ola
bilər. Yalnız insan övladının yaratdıqları özündən
sonra da bəşər nəslinə
ən müxtəlif hisslər aşılayan, onu yaşamağa və sevməyə, gözəl və böyük işlər
görməyə, dosta
məhəbbət, düşmənə
nifrət bəsləməyə,
dünyanı dəyişdirməyə
təlqin edən perpetuum-mobileye - əbədi
mühərrikə çevrilə
bilər.
Çünki əvvəldən söz olub və sona
da söz qalacaq. Bir də həyatını bütünü
ilə sözə, sənətə, yaradıcılıq
adlı bitib-tükənməyən sevdaya
verənlər...
Xalq yazıçısı, hörmətli
Anarın 85 yaşı tamam olur. Bu uzun və
hadisələrlə zəngin
ömrün zənnimcə,
70 ili ədəbiyyata,
sözə verilib. Ən azı, son 55 ilə şəxsən şahidlik
edə bilərəm.
İnanıram ki, yazıb-yaratdıqlarının
mühüm bir hissəsi bundan sonra onilliklər, yüzilliklər boyu yaşayacaq. Dünyaya Azərbaycanı
və Azərbaycan xalqını tanıdacaq.
Həm də yalnız milli hüdudlarla məhdudlaşmayacaq. İnsanlara ən
müxtəlif hisslər
aşılayacaq. İntəhasız söz və
fikir fəzasında öz müstəqil ömrünü sürüb
hesablandığı hədəflərə
doğru gedəcək.Niyə
də perpetuum-mobilə
hesab olunmasın?
Anar ömrünün bu yetkin çağında da az qala hər gün
sözə və ədəbiyyata sadiqlik nümunəsi göstərir.
Başqaları üçün ikinci dərəcəli, əhəmiyyətsiz görünən
məsələlər də
əgər ədəbiyyatın
taleyi və sabahı ilə bağlıdırsa, Anar müəllim üçün
son dərəcə prinsipial
xarakter daşıyır.
Yorulmadan,
usanmadan digər canlı "klassiklərin"
əl yelləyib keçəcəkləri epizodlara
da vaxt, enerji sərf etməyi özünə borc bilir.
Bu vacib ədəbi
missiyanın davamlı
olmasını arzulayıram.
Dəbdə olan bir ifadə
var - "son ensikolpedist". Nədənsə ensiklopedist təfəkkürlü,
hərtərəfli insanları
çox vaxt keçmişdə axtarırırıq.
Göz önündə olanları
görməyə isə
sanki çətinlik çəkirik. Anar
- yazıçı, dramaturq,
ssenarist, şair, tərcüməçi, kinoşünas,
ədəbiyyatşünas, tənqidçisi, rejissor,
memuarist, sənətşünas,
ictimai xadim, natiq və
s. keyfiyyətləri ilə
tam bir ensiklopedist deyilmi?
Çağdaş mədəniyyətimizin perpetuum-mobilesinə və
ensiklopedist zəhmətkeşinə
doqquzuncu onilliyə doğru yolda möhkəm cansağlığı
və yorulmazlıq arzuları ilə...
15 mart 2023-cü il
Vilayət QULİYEV
525-ci qəzet.- 2023.- 18 mart.- S.15.