"Heç olmazsa bizi
xatırlayın"
Vulkanlar uzun müddət susub hərdən-hərdən
püskürən kimi, dənizlərin suyu müəyyən
dövrdə enib ayrı bir vaxtda qalxan sayaq, sanki xalqların
milli hissiyyatının da ara-sıra başqa
çağlardakına nisbətən təbii bir ehtiyac kimi
qalxması, coşması var. 1950-60-cı illər həm
Güney, həm Quzey Azərbaycanda elə həmin oyanma,
dirçəlmə dövrlərindən sayıla bilər.
O tayda
onillərlə farsca yazıb-yaratmış Məhəmmədhüseyn
Şəhriyarın ana dilində "Heydərbabaya
salam"ı yaranaraq milyonlarla insanı içəridən
necə silkələmişdisə, burada - Sovet Azərbaycanında
da milli dil, milli dəyərlərə başqa vaxtlarla
müqayisədə artan xüsusi diqqət, bəslənən
daha həssas münasibət aşağıdan yuxarıya, sadə
adamlardan başlamış aparıcı ziyalılara qədər
əksəriyyətdə sezilməkdəydi.
1960-cı
illərdə dil mühitimizdə həyatın ən müxtəlif
sahələrində mütəmadi üzə çıxan
narahatedici məqamlar, xüsusən paytaxt Bakıdakı
umulmaz vəziyyət, Azərbaycan dilinin ikincidərəcəliliyə
yönəldilməsi siyasəti çoxlarını
düşündürsə də, heç də hər kəs
səsini qaldırmağa cürət etmirdi. Nə
qəzet-jurnallarda bu barədə yazmaq, diskussiyalar açmaq
mümkün idi, nə də o çağlar tək olan
radio-televiziyada bu haqda söz açmağa imkan vardı.
Deyəndə, yazanda da ağrılı həqiqətlər
ən yaxşı halda üstörtülü, ezop dili ilə
ifadə edilirdi.
1965-ci
ilin yazında bir dəstə dəliqanlı gənci "Azərbaycan
Milli Dili Müdafiə Komitəsi"ni
yaratmağa sövq edən də elə həmin ehtiyac və
bir də Azərbaycan insanının içərisində
istiqlal duyğularının, azadlıqsevərlik
düşüncələrinin növbəti kükrəyişlərinin
başlandığı etirazçı havalı yeni
dövrün özü idi.
Gizli təşkilatın
qurucularından və rəhbərlərindən olan Allahverdi
Qurbanovun 1965-ci ildə 25 yaşı vardı, Biləsuvar
(ovaxtkı Puşkin) payonunun Qriboyedovka kəndindən idi,
Bakı Neft və Kimya Texnikumunun axşam şöbəsinin
3-cü kursunda oxuya-oxuya Leytenant Şmidt adına
Maşınqayırma Zavodunda çilingər işləyirdi
və həmin zavodun Çapayev küçəsindəki
yataqxanasında qalırdı. Komitənin
ayrı-ayrı üzvlərinin məşvərətə, məsləhətə
toplaşdığı gizli görüş yerlərindən
biri elə onun otağı idi.
İlk
müzakirələri və mübarizələri Azərbaycan
dilinin dövlət dili kimi respublikada geniş və azad tətbiqi
ətrafında isə, tədricən məqsədlərinin
dairəsi genişlənmişdi, Güney Azərbaycan da, Azərbaycanın
SSRİ-dən ayrılaraq müstəqil dövlətə
çevrilməsi fikri də onların uğrunda
çalışdıqları başlıca istiqamətlər
arasında yer almışdı.
Gün
yetişdi ki, Güney mövzusunun Azərbaycan sovet mətbuatında
toxunulmaz həddə çatdırıldığı
çağlarda həmin yataqxanadakı balaca otaqda Allahverdi və
dostlarının bu haqdakı qızğın, bir qədər
də inqilab romantikası qovuşmuş söhbətləri,
o dövrdə hətta əlçatmaz sayıla biləcək
diləkləri onların artıq ahıllıq vaxtlarında
gerçəyə çevrildi.
Çapayev küçəsi dönüb oldu Təbriz
küçəsi, Şmidt zavodu da Səttarxan zavoduna
çevrildi.
Bunlar baş verəndə, həmin baş verənləri
yaxınlaşdıran 1980-1990-cı illərin xalq hərəkatı
dönəmində 1965-ci ildəki mübarizlərin təqribən
heç biri meydanda deyildi. Ancaq bütün bunlar
baş verdisə, arzular həyata qovuşdusa, bunda həmin
köhnə dil müdafiəçilərimizin də xidmətinin
olması heç vəchlə hesabdan
çıxarılmamalıdır. Dama-dama
göl olar. Sonrakı seli yaradan həm də
Allahverdi və məsləkdaşları kimi igidlərin daha qəliz
dövrlərdəki qorxmaz çalışmaları idi.
Tarixin çarxı girdədir. Yenə dolanıb eyni yerdən
keçmək məziyyəti də var. Əgər o vaxt Azərbaycanda
baş qaldırmış və bir çox yönləriylə
antisovet səciyyəli olan bir neçə gizli gənclər
təşkilatı sovet ideolojisi və qanunlarının
bütün sərtliyiylə cəzalandırılsaydı,
alovlu cavanların gözünün odu yerindəcə
alınsaydı, onlar uzunmüddətli həbs və
sürgünlərə ürcah olsaydılar, hökmən
ürkək böyüməyə məhkum kəsilən
sonrakı gəncliyin gücü ilə 20-25 il keçincə
- 1980-1990-larda həmin ovqatın yeni dirçəlişi də
gəlməzdi. Bu ülvi hisslərin
boğulması üçün əlində o dövrdə
yüksək imkan və səlahiyyətlər cəmlənən,
həm də bunu yerinə yetirmək birbaşa vəzifəsi
olan Heydər Əliyev tam fərqli mövqe tutdu.
Və
tarixin fırlanan təkəri bir özünə bəlli olan
hikmət və məntiqlə elə etdi ki, Heydər
Əliyevin özü də 20-25 il sonra
istiqlalçı ideyaların təzə parlayış
dönəmində həmin böyük hərəkatdakılardan
birinə çevrildi.
Heç kəs də dünənki bir nömrəli
kommunistlərdən olan, sabiq DTK generalı Heydər
Əliyevi o qafilədən olan digərləri kimi yad hesab etmədi,
özününkü, yaxını kimi qəbul etdi.
Elə ən
əvvəl bu Allahverdi Qurbanovun özü ki, "Azərbaycan
Milli Dili Müdafiə Komitəsi"nin həbs olunan vur-tut 2
üzvündən biri idi və həmin hadisələrdə
onillər ötəndən sonra Heydər Əliyevi minnətdarlıqla
anır, Vətəndən uzaqlarda, Birləşmiş
Ştatlardakı Klivlənd xəstəxanasında ürək
əməliyyatı edilən o misilsiz şəxsiyyətə
ürəkdən gələn, əsl saf hisslərdən
doğan və heç bir təmənna güdməyən
şeir həsr edirdi (Artıq Heydər Əliyevin həyatda
olmadığı çağlarda - 2004-cü ilin mayında həmin
şeir Biləsuvarda çıxan yerli "Məhsul" qəzetində
dərc ediləcək):
Vətənlə
fəxr edən, ellə sevinən,
Xalqının
dərdini öz dərdi bilən,
Kimsəsiz
cocuğun göz yaşın silən
Qeyrətli
rəhbərə dost demək olar.
Bu
elin-obanın dadına çatan,
Arxa
dayanmağa daim can atan,
Vətəni
hər şeydən müqəddəs tutan
Cürətli
rəhbərə dost demək olar.
Allahverdi,
qeyrət umma namərddən,
O qurtarmaz
səni bəladan, dərddən,
Çıxart
nakəsləri yaddan, xatirdən,
O
böyük Heydərə dost demək olar.
Bu saya sətirləri
yazanda Allahverdi artıq altmışına
çatmışdı, başqalarından xüsusi heç
nəylə seçilməyən sadə rayon adamı idi, Biləsuvarda
kolxozda işləyirdi, 11 uşaqlı iri bir ailənin sahibi
idi və həyatdan, dünyadan bundan sonra, sən deyən, bir
umacağı da yox idi. Qaynar gəncliyinə rəğmən,
elə məqalə, şeir yazmaq vərdişini də
cavanlığındakı həbsindən sonra qatlayıb
qoymuşdu bir qırağa. Bunca uzun
müddət ərzində ikicə dəfə olmuşdu ki, qələm
götürüb ürək sözlərini yazsın və həmin
yazdıqları da mətbuata çıxmışdı.
1990-cı
illərin əvvəllərində, işğala
uğramış Vətən narahat günlərini
yaşayanda elə həmin "Məhsul" qəzetində
"Sözüm qeyrətli oğullaradır" deyə xalqa
üz tuturdu: "Dövran ağır, üzləşdiyimiz
düşmən çox hiyləgərdir. Cəbhədəki
müvəqqəti uğursuzluqlar, torpaqlarımızın
müəyyən hissəsinin əldən getməsi heç
də tam məğlubiyyətimiz deyildir. Azərbaycan
oğulları hələ öz sözünü deməyib.
Qeyrətli Vətən oğulları yalnız
respublika Prezidenti Heydər Əliyevin müraciətindən
sonra ayağa qalxıb silaha sarılıblar.
Mənim
yaşım az deyil. Həyatın
isti-soyuğunu çox görmüşəm. Lakin nikbinliyimi heç vaxt itirməmişəm, həmişə
də sabaha ümidlə baxmışam. Bu
gün də o fikirdəyəm. Yaxın
vaxtlarda olacaq qələbəmizin sevincini indidən duyuram.
Oğlanlarım Seyfullanı da, Qurbanı da cəbhəyə
ata kimi bu arzuyla yola salmışam".
Böyük qələbəmizin sevincini hamımızla
birgə yaşamaq Allahverdi Qurbanova nəsib olmadı, 2015-ci
ildə həyatdan getdi.
1965-ci
ilin payızındakı həbsindən, DTK təcridxanasındakı
çoxsaylı dindirmələrdən sonra 1965-ci il yanvarın 12-də Azərbaycan Ali Məhkəməsinin
cinayət işləri üzrə kollegiyası "Azərbaycan
Milli Dili Müdafiə Komitəsi"nin rəhbərləri
Allahverdi Qurbanov və Paşa Abdulrəhimovun məsələsinə
baxaraq onların hər birini cəzalarını ümumi
rejimli həbsxanada çəkməklə 1 il müddətinə
azadlıqdan məhrum etmişdi. Cəzanın
çəkilmə müddəti 1965-ci ilin sentyabrından -
istintaqın başlandığı gündən
hesablanmışdı və hər iki məhbusu da
vaxtından tez - 1966-cı ilin 13 iyununda azad etmişdilər.
Yəni islah-əmək düşərgəsində
qalmaları beşcə ay çəkmişdi. Ancaq o məqamlar ki istintaq gedişində, dindirmələrdə,
şahid ifadələrində aşkarlanmışdı, onlar
ciddiyyətlə nəzərə alınsaydı, gərək
həbs olunanlara elan edilmiş 67-ci maddənin yuxarı həddiylə
cəza müəyyənləşdirməkdən savayı,
buna başqa ağır maddələri də
qoşaydılar.
Etməmişdilər və bunun da səbəbkarı
Heydər Əliyev olmuşdu.
Çünki aparılmış istintaqdan sonra tərtib
edilmiş təqsirnamə elə kəskin məqamları əhatə
edirdi ki, o vaxt DTK sədri vəzifəsini icra edən Heydər
Əliyevin şəxsi münasibəti və təsiri
olmasaydı, məhbusların aqibətinin daha ağır
sonluqla nəticələnəcəyi labüd idi.
İllər sonra həmin ani görüş barədə
Allahverdi ailə üzvlərinə həmişəlik yadda
saxlamaları və haqqı unutmamaları üçün
söyləmişdi.
...Onu gətirmişdilər
Heydər Əliyevin kabinetinə.
Polkovnik qayıtmışdı ki, nə etmisiniz, nələri
etmək istəyirmişsiz, hamısını bilirik. Başqa
vaxtlar olsaydı, həbsxanada çürüyərdiniz.
Sizin məsələni artıq Moskvada da bilirlər.
Ancaq sizi Moskvaya verməyəcəyəm. Sizi böyüdən valideynlərinizin əməyini
itirməyin, onlara dərd olmayın, dərsinizi oxuyun, təhsilinizi
alın, cəmiyyət üçün xeyirli işlər
görün.
Allahverdi balalarına söyləyirmiş ki, mən o
vaxt bilmirdim bu sözləri deyən Heydər Əliyevdir.
O vaxt mən
subay idim və demək, sizin heç biriniz də yox idiniz. O kişi mənimlə bir aydan bəri təxminən
hər gün davam edən dindirmələrdən sonra o təhər
danışanda başa düşdüm ki, qapım
açılır. O görüş olmasaydı, o kişinin
o yaxşılığı olmasaydı, Allah bilir, indi nə
mən vardım, nə də siz.
...Allahverdi
qayıtdı gəldi və daha heç vaxt siyasətə
qarışmadı, yarımçıq
qırılmış təhsilini tamamladı, Biləsuvardakı
Səməd Vurğun adına kolxozda
işlədi, hətta 1980-ci illərin sonlarında onun
inqilabçı keçmişindən xəbərdar olan
Əbülfəz Elçibəy xəbər göndərəndə
ki, sən də gəl bizə qoşul, razılıq vermədi.
Amma hər halda həbsdən çıxdığı
dövrdən ömrünün sonunacan -
aşağı-yuxarı 50 illik müddətdə ictimaiyyət
gözünə ikicə dəfə qələmiylə,
sözüylə köhnə Allahverdi kimi göründü.
Vətən
təhlükədə olanda, bir də xilaskarı Heydər
Əliyevin həyatı təhlükəylə
qarşılaşanda - öndər ürək əməliyyatına
girəndə...
..."Azərbaycan Milli Dili Müdafiə Komitəsi"
son ittiham sənədlərində 12 göstərilsə də,
çoxsaylı fərdi, iki-bir, üç-bir
görüşlər nəzərə alınmazsa, əslində
15 gizli yığıncaq keçirməyə müvəffəq
olmuşdu.
Gizli təşkilatın iki əsas rəhbərindən
biri Allahverdi Qurbanov həmin yığıncaqlarda nə
deyirdi və niyə onun söylədikləri təşkilata
cəlb edilmişlərə cazibəli gəlirdi?
Deyirdi ki, biz hər vasitə ilə
çalışmalıyıq ki, Azərbaycan dili dövlət
dilimiz olsun. Belə olarsa, kənddən gələn
ata-analarımız, bacı-qardaşlarımız idarə və
təşkilatlarda, mağazalarda heç bir çətinlik
çəkmədən ürəkləri istədiyi kimi
danışa bilərlər. Deyirdi ki, biz
rus dilini öyrəndiyimiz kimi, qoy bu respublikada yaşayan digər
xalqlar da Azərbaycan dilini öyrənsinlər, öyrənmək
istəmirlərsə, gedə bilərlər (Onun bu sözlərini
quyusunu dərin qazmaqçün belə yozmaq cəhdləri də
olacaq ki, guya digər xalqları respublikadan
çıxarmağa çağırırmış).
Deyirdi ki, ruslar və ermənilər respublikada daha artıq
üstünlüyə malikdirlər, azərbaycanlılarısa
sıxışdırırlar, texnikum qurtarmış, ya elə
ali təhsilli, rusca yaxşı bilməyən
azərbaycanlıya verilməyən bir iş-vəzifə orta
təhsilli, amma rusca bilən erməniyə əlüstü
tapşırılır. Deyirdi ki, Azərbaycanda
ruslaşdırma siyasəti aparılır və bunun qorxulu gələcəyi
var. Çünki Bakıya, Sumqayıta, Mingəçevirə
birucdan xeyli miqdarda rus qızları göndərilir və məqsəd
də budur ki, onlar azərbaycanlı oğlanlarla ailə
qursunlar, yavaş-yavaş millət qarışsın.
...Allahverdi
1965-ci il noyabrın 7-də Sovet
İttifaqının baş bayramı sayılan Oktyabr
inqilabının ildönümü günündə
keçiriləcək bayram nümayişinədək gizli təşkilatın
üzvlərinin sayını 500-600 nəfərə
çatdırmaq vəzifəsini qoyubmuş və bu səmtdə
də bütün üzvlər bərk
çalışırmışlar.
Həmin nümayiş vaxtı daha nələri etməli
olduqları haqda Allahverdi Qurbanovun təklif etdiyi və bir
çox üzvlərin də dəstəklədiyi bir para təkliflər
vardı ki, bunları dindirmələr əsnasında "Azərbaycan
Milli Dili Müdafiə Komitəsi" üzvlərinin
neçəsi etiraf etmişdi.
Heydər Əliyev təqsirnamədə əksini
tapmış həmin müddəaların son protokollara
düşməməsini tabeçiliyində olan müstəntiqlərə
tövsiyə etməklə nəhayətdə həm həbslərin
çoxsaylı olmayıb 2 nəfərlə məhdudlaşmasına,
həm də həbs cəzası verilənlərin əməllərinin
ağırlaşdırıcı hallardan təmizlənməsinə
müvəffəq olmuşdu.
Allahverdi təklif etmişdi ki, 7 noyabrda Azərbaycan
dilinin dövlət dili olması haqda
çağırışlarımızı hökumət
qulaqardına vursa, gərək biz radionu ələ keçirək.
Hətta
radionu tutandan sonra nə etməli olduqlarını da söyləyibmiş:
"İstirahət günü radioda muğamat konserti verilir
və saat 2-dən 3-dək hamı radioya qalaq asır. Biz də həmin saatda radionu ələ keçirərək
xalqa müraciət etməliyik. Nə deyəcəklərinin
arasında bu da varmış ki, Şimali və Cənubi Azərbaycanı
birləşməyə çağırsınlar".
Komitə üzvlərindən biri radionu ələ
keçirmək təklifinə şübhə ilə
yanaşaraq oranın mühafizə olunduğunu söyləyəndə,
hücum etsək, bizə atəş açıla bilər
etirazını bildirəndə Allahverdi demişdi ki, ona
görə də çox olmalıyıq. Sayımız
nə qədər artsa, bizə atəş açmağa bir
o qədər çəkinərlər. Digər
tərəfdən, bunu da təklif etmişdi ki, həm də
silahlanaq ki, bizə hücum etsələr,
özümüzü müdafiə edə bilək.
Bu ideyanı da irəli sürmüşdü ki,
sıralarımıza qəbul edilənlərdən müfəssəl
tərcümeyi-hal istəyək ki, aramızdakı
idmançıları, hərbçiləri seçib
ayıra, onlardan gələcək üçün xüsusi
mühafizə dəstələri düzəldə bilək.
...Mən KQB arxivlərində 1930-cu illərdəki xeyli
siyasi repressiya qurbanının cinayət işlərini vərəqləmişəm. Bu məqamlardan bircəsi
barədə həmin işlərdə işartı
olsaydı belə, bir az da şişirdərək
ittiham olunanı çox ləngitmədən güllələrdilər.
Milli dil
mübarizlərinin belə dəlisov və şairanə
deyişlərinə bir çekistdən daha artıq
ağsaqqalcasına, valideyncəsinə yanaşaraq o vaxt cavan
olmasına baxmayaraq, artıq yetərincə müdrik Heydər
Əliyev həmkarlarına belə deyişləri hələ
uşaqlığından ayrılmamış gənclərin
hərəkətə çevrilməyən quruca sözü
kimi qəbul etməyi, məsələni qəlizləşdirməməyi
məsləhət bilmişdi.
O dindirmələr
ki 1965-ci ilin yayında "Azərbaycan Milli Dili Müdafiə
Komitəsi"nin üzvləri ilə aparılırdı, o
şahid ifadələri ki sözbəsöz həmin günlərin
həyəcanlı mənzərəsini yaradır, bir
başqa diqqətəlayiq cəhəti də əyan edir ki, həmin
vaxt Azərbaycanda yeni azad düşüncə
oyanışının başlanmasının da, elə gizli
təşkilat kimi digər birliklərin yaranmasının da əsas
təkan nöqtəsi ədəbiyyat olub.
...Komitə
üzvü Əliş Mahmudov danışırdı, Mirzə
İbrahimovun 1957-ci ildə çıxmış "Azərbaycan
dili" adlı kitabından bəhs edirdi, buradakı məqalələri
öz yığıncaqlarında oxuyub müzakirə etdiklərini
deyirdi. Şəxsən özünün
apardığı təbliğat işlərində Mirzə
İbrahimovun 1956-cı ilin sentyabrında yazdığı
"Azərbaycan dili dövlət idarələrində"
adlı məqaləsini əsas götürdüyünü
etiraf edirdi.
Nə yazırdı Mirzə İbrahimov? Püxtə,
dünyagörmüş Mirzə İbrahimov nəyi necə
deməyin üsullarından yaxşı agahdı, ona görə
də elə yazmışdı ki, bu uşaqların dilə gətirib
məsuliyyətə cəlb olunduqları fikirlər onun təqdimində
hətta senzura - mətbuatda dövlət sirlərini qoruyan
idarəyə belə əcaib görünməmişdi, məqalə
qəzetdə də dərc edilmişdi, kitabda da
çıxmışdı.
Mirzə
İbrahimov belə yazırdı və əslində dillə
bağlı bu mübariz gənclərin
hayqırdıqları da təxminən eyni məzmunlu idi:
"Sovet hakimiyyətinin birinci on ili ərzində dövlət
idarələrində Azərbaycan dilinin işlənməsinə
xüsusi diqqət verilir və təhriflərin
qarşısı alınırdı. Lakin təəssüflə
demək lazımdır ki, son on beş-iyirmi ildə bu cəhətdən
kobud təhriflərə yol verilmişdir. Bəzi
idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə
qarşı biganə, laqeyd münasibət
yaranmışdır. Hələ onu demirik
ki, vətəndaşların azərbaycanca olan ərizələrinə,
yaxud bu və ya digər azərbaycanca olan yazılara ana dilində
cavab verməyən, ya da bunları tamamilə cavabsız
buraxan bürokratlar da tapılır. Belə
bürokratlarla mübarizə bütün partiya və sovet təşkilatlarının,
bütün vətəndaşların borcudur. Respublikanın dövlət, partiya və ictimai təşkilatlarında
Azərbaycan dilinə etinasızlıq göstərən
şəxslər kobud səhvə yol verirlər. Bəziləri də idarənin "xüsusiyyətini"
bəhanə gətirirlər. Məsələn,
deyirlər ki, guya Maliyyə Nazirliyində Azərbaycan dilini
işlətmək çətindir.
Respublikanın dövlət idarələrində və
ictimai təşkilatlarında işlərin azərbaycanca
aparılması qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini
ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz. Sovet quruluşunda
bu, hər bir xalqın pozulmaz hüququdur!"
Vladimir Leninə istinad edə-edə, bu cür diplomatik
yaza-yaza Mirzə İbrahimov dillə bağlı mübarizələrinə
görə nə qədər incidilmişdi. Onda da qalmış
düşüncələrini daha çılpaq, daha siyasətsiz
və mövcud siyasət baxımından da kifayət qədər
siyasətəəks şəkildə çatdıran gənclər
ola!
...Bu gənclər
Bəxtiyar Vahabzadəni, Rəsul Rzanı mütaliə
edirmişlər, Balaş Azəroğlunu, İsmayıl Cəfərpuru,
Söhrab Tahiri oxuyurmuşlar, Pənahi Makulunun "Gizli
zindan"ını bir-birlərinə
ötürürmüşlər.
Ədəbiyyatın onların düşüncəsində
təsiri çox qüvvətliymiş və elə ədəbiyyatçılar
arasında özlərinə dayaq, lider də
arayırmışlar. Allahverdi Qurbanov çox sonralar öz ailə
üzvlərinə bu sirri də açıbmış ki, biz
bir neçə dəfə Mirzə İbrahimovla
görüşə, onunla fikir mübadilələri
aparmağa cəhd etmişdik.
Unudulmaz Bəxtiyar
Vahabzadə özü mənə həm bu, həm də bir
neçə başqa gizli təşkilatın, eləcə də
universitetin içərisində yaranmağa başlayan bir
neçə ayıq düşüncəli qrupun təmsilçilərinin,
millətpərvər baxışlı, bir qədər də
sosialist məfkurəsi ilə tən gəlməyən
etirazçı təfəkkürlü gənclərin ona əməkdaşlıq
istəyi ilə yaxınlaşdıqlarını söyləmişdi.
"Gülüstan" poemasından sonra Bəxtiyar
Vahabzadə nəzarət altında olanlardan, taleyi tükdən
asılılardan idi. Bunu da özü danışırdı
ki, Heydər Əliyevin şəxsi qayğıkeş
münasibəti, müdam ona dayaq durması olmasaydı, bəlkə
də DTK onu o dövrdə girdabına çəkərdi.
Bəxtiyar Vahabzadədən də, onun kimi digər
görkəmli ədiblərimizdən də kimlərin nələri
yazdığını hamıdan yaxşı Heydər
Əliyev bilirdi, çünki əsas süzgəc DTK idi. Və bu da ədəbiyyatımızın
xoş bəxtindən idi ki, məhz o oradaydı.
Bəxtiyar müəllim bunu da söyləyirdi ki, Heydər
Əliyev günlərin birində, görünür ki, mənə
həmin örtülü xəbis hücumlardan birdəfəlik
qurtarmaqçün təklif etdi ki, Lenin haqda bir poema yaz. Dedim, axı mən hara, bu
mövzu hara, çətin olar. Heydər Əliyev də necə
yazmağın yolunu nişan verdi. Dedi ki,
onsuz da Leninin sənin haqqında yazdığın istənilən
məsələ ilə əlaqədar ən dəqiq və ən
tənqidi fikirləri var. Həmin fikirlərdən iqtibas elə,
ardınca da necə istəyirsən yaz, hansı fəlsəfəni
lazım bilirsən, qoy ortaya.
Gerçəkdən
də, Bəxtiyar Vahabzadə bu mövzuda "Leninlə
söhbət" adlı poemasını yazdı, qəlbindən
keçən ən incə və eyni zamanda ən ötkəm
vətənçi düşüncələrini də orada
ifadə elədi. Həmin poemanın hər
bölməsinin yuxarısında verilən sitatlar olmasa, bu əsəri
nə yollasa Leninlə bağlamaq müşkül olardı.
Heydər
Əliyev sonralar dilimiz haqqında sevgi ilə danışanda, əlbəttə,
bu gün belə ucalışlara çatmış azərbaycancanın
hansı yarğanlar və uçurumlar adlamasından da hadisələrin
astarına bələd olan bir insan kimi agah idi və vicdanı
qarşısında da rahat idi ki, ən qarışıq,
mürəkkəb zamanlarda bu yolda əziyyət çəkənləri,
fədakarlıq göstərənləri imkanı
çatdığı qədər qoruya bilmişdi.
Bəxtiyar Vahabzadə qədim ölü dil haqqında
yazdığı və altında da guya həmin mövzunun
ağlına burada deyil, qərib Kasablankada gəldiyini qeyd
etdiyi şeirində əslində göz qabağında
canı alınmağa cəhd edilən öz dilimizdən bəhs
edirdi və bunu oxuyan hər kəsin duyduğu kimi, dövlət
də anlayırdı.
Latın
dili! -
Millət ölüb, dil yaşayır.
"Ana"
deyən, "torpaq" deyən,
"Vətən" deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Sabah bizim
ərzimizin
Sərhədindən
o yana da
Qoşar bu dil.
...Hansı
dilə ölü deyək:
Vətən
varkən,
Millət
varkən,
Kiçik,
yoxsul komalarda
dustaq
olan bir diləmi?
Yoxsa uzun əsrlərdən
keçib gələn,
Xalqı
ölən,
Özü qalan bir diləmi?
(Və məhz
bu və bu qəbil şeirləriylə bağlı Bəxtiyar
Vahabzadə haqqında bir çox hallarda elə bolşevik
sayıqlıqlı öz şair-yazıçı
yoldaşları donoslar yazaraq Azərbaycan Kommunist Partiyasının
Mərkəzi Komitəsinə göndərirdilər, onlar da
açıq-gizli imzalı həmin məktubları Dövlət
Təhlükəsizlik Komitəsinə yollayırdılar və
sədr Heydər Əliyevin 1969-cu il yanvarıın 6-da
respublika rəhbəri Vəli Axundova ünvanladığı
belə bir məktub da qalır ki, şairin 1968-ci ildə
"Gənclik" nəşriyyatında İlyas
Tapdığın redaktorluğu ilə buraxılmış
"Köklər, budaqlar" kitabında gedən bir sıra
şeirlərlə, o sıradan həmin "Latın
dili"ylə bağlı Birinci katibin
tapşırığına əsasən Cəfər Cəfərov
Bəxtiyar Vahabzadə ilə xəbərdarlıqedici söhbət
aparmışdır).
Yəni o çağlar cızığından
azacıq olsa belə qırağa çıxmış
görünən şəxsi
çalışdığı idarədəmi, üzvü
olduğu yaradıcılıq ittifaqındamı, ya təhlükəsizlik
xətti ilə söhbətə dəvət edir,
"ağıllandırırmışlar".
Başqa sözlə, dillə bağlı hətta ən
sətiraltı etiraz təşəbbüsləri belə
dövlətin nəzərində saxlanılırdı və
ona görə də bu istiqamətdə hansısa irəliləyiş
arzulayan insanların bütün bunları əski
inqilabçılar kimi xəlvəti həyata keçirməkdən
savayı çıxış yolu da yox idi.
Ana dilimizin rəsmi kürsülərdən səslənmə
imkanlarının məhdudlaşdırılması Rəsul
Rzanın o çağlar ürəkdən tikan
çıxararaq əl-əl gəzən məşhur
şeirində də əksini tapmışdı. İclaslarda edilən
çıxışları sözbəsöz kağıza alan rusdilli stenoqrafistlər (şairin
özünün sözüylə, "iti yazan
qızlar") dayanmadan işləməyə məcbur olsa da,
Azərbaycan dilində yazmalı olan xanım bekar dayanıb.
Şair sadəcə fəlsəfəsiylə qüssəli
olan mənzərəni cızırdı, bunun adının nə
olduğunu soruşurdu, amma lap soruşmasa da, məntiq, əlbəttə
ki, hər kəsə aydın idi:
Natiqlər
qalxdı kürsüyə,
Natiqlər düşdü kürsüdən.
Qızlardan
ikisi
yazdı,
yazdı, yazdı.
Biri
gözü natiqlərdə
əsnədi, əsnədi, əsnədi.
Bu,
rüsvayçılıq deyil,
bəs
nədir?
Yazıçı Anarın mənə
söylədiyi, atası Rəsul Rzanın bu şeirlə
bağlı ona danışdığı əhvalat da bir daha
sübut edir ki, oyaq düşüncəni ifadə edən,
içərisində etirazçılıq duyulan istənilən
yazı barədə xəbər ən yuxarılara canına
yel dəymədən çatdırılırmış.
Deyir, 1967-ci ildə hansısa iclasda Rəsul Rza da rəyasət
heyətindəymiş, həmişəki kimi, rus dilində
çıxışlar bir-birini əvəz edirmiş və
Birinci katib Vəli Axundov ondan arxadakı cərgədə əyləşmiş
Rəsul Rzaya sarı qanrılaraq pıçıldayır:
"Sizin iti yazan qızlar məsələsidir".
Rəsul
Rza danışırmış ki, mən həmin şeiri
yanvarın sonlarında yazmışdım, çap
olunmasından lap az keçirdi, təəccübləndim
ki, belə bir şeirin olduğunu rəhbərliyə nə
tez çatdırıblar.
Uzun sözün qısası, dil elə həssas sahəymiş
ki, hər təzə tərpəniş hökmən
yuxarıların qeydiyyatına düşürmüş.
...Dil
mübarizlərinin arasındakı şeir yazanlardan biri də
21 yaşlı, Ağdam rayonunun Şıxbaba kəndindən
olan, Şmidt zavodunda fəhlə işləyən, eyni zamanda
Məşədi Əzizbəyov adına
Neft və Kimya İnstitutunun ikinci kursunda təhsil alan
Əliş Mahmudov idi. Axtarış əsnasında onun 2
şeirini də millətçi ideyaların ifadəsi sayaraq əşyayi-dəlil
kimi götürmüş, qovluqdakı sənədlərə
əlavə etmişdilər: "Mənim ürəyimi
bölən kim oldu?" və "Bir söhbətə qulaq
asdım" .
Təbii ki, onunla dindirmələrdə söhbət ədəbiyyat
üzərinə gəlməli idi.
1965-ci il, sentyabrın 6-sı. Müstəntiq
uzaqdan başlayır, şeirlərə çatanacan bir
açıqcanı qoyur masanın üstünə və
soruşur ki, bu, sizə tanışdırmı?
Əliş də nə deyəsidir, söhbətin
hansı tərəfə meyllənəcəyini artıq
anlayıb, başa düşür ki, gizlədiləsi bir
şey yoxdur, açıq danışmaq lazımdır və
danışır da. Deyir ki, bu "otkrıtka"nı
mən xalamgildə gördüm, onlara da xalamın ərinin
İranda yaşayan qohumları göndərmişdilər. Xoşum gəldi, götürdüm, sonra da Allahverdi
bunu məndə görüb istədi, mən də
"yox" deyə bilmədim. Bu "otkrıtka"nın üstündə 2 ürək, 5 gül
şəkli var. Montindəki bağda komitəmizin növbəti
yığıncağında Allahverdi bu şəkli yuxarı
qaldıraraq dedi: "Yaxşı baxın, bu
"otkrıtka" İranda istehsal edilib. İkiyə
bölünmüş ürək ikiyə
parçalanmış Azərbaycanın rəmzidir".
Əlavə etdi ki, bu 2 parça mütləq
birləşəcək. Mən əlimdə
birlik, vahid Azərbaycan bayrağı Təbrizə qədər
gedəcəyəm. Bu yolda ölsəm də,
həmin bayrağı Bakıda qaldırıb, Təbrizə
qədər aparacağam". Cənubi Azərbaycandan
danışanda, dilimizin gələcək taleyindən bəhs
edəndə Allahverdi bizim hamımızı
ruhlandırırdı, deyirdi ki, ola bilsin, hətta biz bu
mübarizə yolunda ölək, ancaq qorxmaq lazım deyil, 20
ildən sonra xalq bizi yad edəcəkdir.
Müstəntiq şeirlərdən söz açır,
onların hansı mövzulara həsr edildiyini xəbər
alır. Əliş də sadədilliklə qayıdır ki,
hər ikisi Cənubi Azərbaycanla bağlıdır,
oradakı qardaşlarımıza azadlıq arzularımı
ifadə edir. Cavab müstəntiqi təmin
etmir. Deyir, axı bu ikinci şeirdə
sizin təsvir etdiyiniz obrazlar var - dombagöz, gödəkçənə
və sarısifətlər. Yazırsınız
ki, mən bir gəlmə gədəyə qulaq asdım, o, 150
ildir bizi soyur. Aydındır ki, bu
yaxınlarda Azərbaycanın Rusiya tərkibinə daxil
olmasının 150 illiyi keçiriləcək. Siz də "Bir söhbətə qulaq asdım"
şeirinizi bu mövzuya həsr etmisiniz.
Nə illah eləyirsə ki, bu şeirim də Cənub
mövzusundadır, sözü keçmir. Çünki
mətləb göz qabağında idi və müstəntiq də
çörəyi qulağına yemirdi.
Müstəntiq bunu da soruşur ki, axı siz niyə
iclaslarını gizli keçirirdiniz? Əliş cavab verir ki, bizim təşkilatın
üzvlərindən olan, Xarici Dillər İnstitutunda oxuyan
İsrafil İbadov elə işlərimizi təzə
başlayanda dedi ki, hələ 1957-ci ildə oxşar fəaliyyətə
görə tutulubmuş. Ona görə təkid edirdi ki, elə
işləməliyik, heç kim bilməsin.
Hər görüşümüzdə bizi
ehtiyatlı davranmağa çağırırdı.
...Sonralar
bu dəstədəkilərin işini daha da
ağırlaşdırmamaq üçün bir qədər
arxa plana atılan, artıq son mühakimələr edilərkən
ümumən yada salınmayan bir məqam da vardı. Əksər üzvlər kimi, həmin zavodda işləyib,
həmin yataqxanada da yaşayan Müsafir Muradov şriftlər
tapıb gətiribmiş ki, vərəqələr
hazırlayıb çap edə bilsinlər.
Orası da diqqətçəkəndir ki, dil mübarizlərinin
hər biri heç bu barədə məxsusi olaraq
düşünmədən dili qorumağın,
yaşatmağın, inkişaf etdirməyin bir səmti üzrə
daha çox fəallıq göstərirmiş. Həmid
Abdullayev gizli yığıncaqlarda ən ardıcıl
iştirak edənlərdən olmaqdan özgə, həm də
hər toplantıda çıxış da edirmiş. Hər dəfə də mövzusu dilin təmizliyi məsələsi
olurmuş. Dilimizin yad sözlərlə
bulaşdırılması, gündəlik
danışığımızın gəlmə alaq sözlərlə
doldurulması onun əsas tənqid hədəfiymiş.
Həmin Şmidt zavodunda işləyərək elə həmin
yataqxanada qalan Polad Hümbətovun yığıncaqlardakı
hər çıxışı komitə üzvlərinə
çox yer edirmiş. Polad əslən Ermənistandanmış
və dillə bağlı fikirlərini söyləyəndə
adətən müqayisələr aparır, oradakı vəziyyətdən
nümunələr gətirirmiş. Deyirmiş
ki, Ermənistanda bütün işləri öz dillərində
aparırlar. Hətta xatırlayır ki, mən
əsgərlikdən gələndə rus dilində
yazdığım ərizəni erməni qız qəbul etmədi,
odur ki, məcburiyyət qarşısında qalaraq ərizəni
erməni dilində bir başqasına yazdırmalı oldum.
...Sovet
dönəmində adətən böyük fəhlə
yataqxanalarında "tərbiyəçi" deyilən bir vəzifə
də vardı və təbii ki, Şmidt zavodunda da
olmamış deyildi. Onların vəzifəsi
yataqxanada ümumi mənəvi-siyasi duruma nəzarət etməklə
yanaşı, həm də vaxtaşırı mədəni tədbirlər
təşkil etmək idi. 1965-ci il
oktyabrın 8-də Şmidt zavodu yataqxanasının tərbiyəçisi
- Əsəd Quliyevi danışdırarkən müstəntiqi
maraqlandıran əsas sual bu idi: Sizin keçirdiyiniz tərbirlərə
"Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nin
üzvləri də qatılırdılarmı və gəlirdilərsə,
özlərini necə aparırdlar, dil məsələlərini
burada da qaldırmağa çalışırdılarmı?
Əsəd deyir ki, biz iyulun ortalarında Xalq artisti
Atamoğlan Rzayevi yataqxanaya görüşə dəvət
etmişdik. Çıxış etdi, hamı da bəyəndi,
sonra tamaşaçılar başladılar sual verməyə.
Cavablarından birində hansı məsələyləsə
bağlı dedi ki, həmin mövzuda dünən
"Baku" qəzetində məqalə çıxıb,
oxusanız, sizə çox mətləblər aydın olar.
O belə
deyəndə Əliş qalxdı ayağa, dilləndi ki, sizcə,
niyə Azərbaycan dilində olan qəzetlərin sayı bu qədər
azdır? Həm də tirajları böyük
deyil? Gedirik köşklərə, rusca qəzet
nə qədər istəyirsən, azərbaycanca yox.
Yəni
bu cavanlar Azərbaycan dilinin hüquqlarını qorumaq məsələlərinə
elə aludə olmuşdular ki, olduqları istənilən
auditoriyada belə söhbətləri
açırmışlar: Şmidt zavodunun sexlərində, zavod
yataqxanasındakı otaqlarda, oxuduqları müxtəlif təhsil
müəssisələrində, arada macal düşəndə,
öz rayonlarına yolları düşəndə orada. Elə Allahverdi Qurbanovu bir də ona görə
ittiham eləyirdilər ki, bir neçə günlüyə
Biləsuvara gedibmiş, orada çalışıb ki, bir həmkəndlisini
tovlayıb öz komitəsinə üzv yazdırsın.
Bu mübarizə artıq onların həyatının
bir parçasına çevrilibmiş, ömürlərinə
əlavə rəng qatıbmış, gündəlik
iş-güclərinə xüsusi məna gətiribmiş və
günlərin birində onları bundan məhrum edib
hamısını çəkirlər adı ağır
DTK-ya.
...Onların
pırtlaşıq dövrlərdə dilə məhəbbət,
millətə sayğı, Vətənə sədaqətlə
gördükləri işləri bir sərgüzəşt
dolu serial kimi gözlərim önündən keçirirkən
Güney Azərbaycanı da düşünürəm,
dilimizin oradakı taleyi haqqında da fikrə dalıram.
Bu cavanların mübarizəsinin bir qanadı da elə
Güneylə bağlıymış.
Bu kədərli
hiss də içimdən keçir ki, bir ovuc cavan sovet
imperiyası daxilində qarşılaşa biləcəkləri
heç bir müsibətə məhəl qoymadan qətiyyətlə
dilimiz uğrunda belə mərdanəliklə mübarizə
apardıqları halda niyə Güney Azərbaycanda həmişə
buradakı soydaşlarından, eləcə də İranda
sakin (başda farslar olmaqla) digər xalqların
hamısından sayca çox olsalar da, onlar da haçansa elə
belə bir ana dilini müdafiə təşkilatı yaradaraq
heç olmazsa öz dillərində ibtidai təhsil
almaqçün nəyəsə nail olmaq xatirinə hərəkət
etməyiblər?
...O gənclər
1965-ci ilin bir neçə ayı içərisində sonra
izi və xatirəsi ömürlərində həmişəlik
qalacaq savab bir iş gördülər.
O vaxt bu
cavanların məhz savab iş gördüklərinə
inandığından, bu əqidə və düşüncə
sahiblərinin Vətənə yaxşı övladlar
olacağına ümid bəslədiyindən həmin vaxt digər
savab işi də unudulmaz Heydər Əliyev gördü. Aldı onları qanadı altına. Onları elə qorudu ki, hətta o gənclərin həbs
olunanları belə onillər sonra da onu xilaskarları kimi
xatırladılar.
Bu, dilin, bu böyük millət ruhunun
hökmüdür. Sən onunçün yaxşı olan nəsə
edirsənsə, o da həmin yaxşılığı sənə
qaytarmağın yolunu da, vasitəsini də həmişə
tapır.
...İndi
xeyli uzaqda qalmış 1965-ci ildə Azərbaycan sevdalı,
milləti daha azad görmək istəyən, ancaq imkanları
ilə güclərinin nisbətini düzgün
hesablamamış, ən əvvəl də sanki sərt
gerçəkliyi unudubmuş kimi böyük nəhənglə
mübarizəyə qalxmaq eşqinə düşmüş
bir dəstə çılğın gənclə
bağlı açılmış çoxcildli cinayət
işinin arasındakı zərflərdə bir vərəqlik
əlyazma da qalır. Paşa Abdulrəhimovun
öz xətti ilə "Cığırlar" adlı
şeiri. İlk baxışda sanki məhəbbət
şeiridir. Ancaq diqqətlə baxınca
misralar ardında başqa mənalar da sayrışır və
istintaqı aparan çekistər də elə o sətiraltı
işarələri duyduqlarından bu bir vərəqi də əlavə
dəlil kimi cinayət işinə qoşmağı
lazımlı sayıblar. Bəlkə də
bu əlyazmanı, bu şeiri başlarına bəla gələndən,
həbsə düşəndən sonrakı illərdən
sonra Paşa özü də unudub. Beləcə,
bir gəncin ürəkaçması və sabahlara ümidlərinin
əks olunduğu şeir sanki yox olub, itib-batıb. Ancaq o şeir də təzədən diriltmək və
misralarında yaşatdığı hisslərin hamıya
çatması üçün günlərin birində
qarşıma çıxmalıymış.
Cığırlar,
ot basmış köhnə
cığırlar,
Gənclik illərindən qalıb yadigar.
Başı
qarlı dağlar, axan bulaqlar
Sizə sirdaş idik bir mən, bir də yar.
Bir bələdçi
kimi bizi bir zaman
Apardın
şərəfli böyük məqsədə,
Deyirdik
çatdırar bu cığır bizi
Çox uzaq görünən bir səadətə.
Yox, yox, itməmişdir o ilkin izlər,
İçdik məhəbbətin ilk şərbətini.
Yaddan çıxmaz heç vaxt gizli görüşlər,
Daddıq biz həyatın xoş nemətini.
Cığırlar,
ot basmış doğma
cığırlar,
Biz köçüb getsək də, siz ki qalarsız.
Gün gələr, qəhrəman ana yurduma
Heç olmazsa bizi xatırladarsız.
Bu vərəq, bu vərəqdəki şeir o fədakar cavanların illərcə kirimişcə qalan köhnə arzusunu hamıya çatdırmaqçün dünəndən sıyrılaraq bugünə gəlib. O şeirdən gələn səs "Azərbaycan Milli Dili Müdafiə Komitəsi"nə qoşulmuş gənclərin hamısının səsidir, bu şeirdən günlərimizə baş alan cığır bizi onlarla canlı olaraq görüşdürən körpüdür. O səsi cavabsız qoymaqmı olar, o cığırdan keçməməkmi olar?!
Sizi ehtiramla xatırlayırıq, səmimi istəklərinizi, çəkdiyiniz əməkləri, cəsarətli niyyətlərinizi məhəbbətlə anırıq, hətta çoxunuzun yarıtələbə-yarıfəhlə ola-ola kasıb cibindən millət adına görülən iş üçün hər ay boğazından kəsərək ayırdığı, qanan nəzərində milyonlarca dəyəri olan manatları da yaddan çıxarmırıq.
El üçün ağlayanların gözlərinin yaşını silənlər də, o gözlərdən şəfqətlə öpənlər də həmişə olacaq.
Heç unudularsınızmı?
16 mart 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 18 mart.- S.10-11-12.