Mədəniyyətimizin qəlb göynədən
itkiləri
Esse
Artıq tez-tez gözümüzü
ölüm xəbərlərinə
açmağa alışmaqdayıq. Azərbaycan mədəniyyəti,
ictimaiyyəti üçün
önəmli simalar bir-birinin ardınca cavan canlarını da götürüb köçünü çəkir
bu fani dünyadan.
Ya zəlzələdən, ya
vəlvələdən - hərəsi
bir səbəbdən
"əlvida" deyir
bizə heç gözləmədiyimiz anda.
Bu qəfil gedişlərə
alışmamış, özümüzü
bu yoxluqlara öyrətməmiş başqa
birinin gedişini seyr etməli oluruq.
Bir müddətdir
ki, Azərbaycan mədəniyyəti, ictimaiyyəti
hüznlü "yarpaq
tökümünü" yaşayır. Onun "ən gözəl
budağındakı" "ən şux yarpaqlar" bir-bir tökülürlər. Özü də
kimsənin gözləmədi,
hətta ona yaraşdırmadığı bir
zamanda.
Deyəcəksiniz ki, ölümün də yaraşanımı
olur? Bəli, fikrimcə, ölümün
də yaraşanı olur. Və biz fanilər nə
özümüzə, nə
də yaxından tanıdığımız, gündəlik
ünsiyyətdə olduğumuz,
sevdiyimiz insanlara yaraşdırırıq ölümü.
Hər gün televiziya, radio, mətbuat vasitəsiylə
evlərimizə qonaq olan, şəxsi ünsiyyətdə olmasa da, gördükləri işlərlə doğmalarımıza
çevrilən məşhur
simalar arasında da həmin o ölümü yaraşdırmadıqlarımız
var, sözsüz ki...
Onlardan bəzilərini xatırlayıram...
Bu günlərdə tanınmış
teleprodüser, rejissor,
Əməkdar mədəniyyət
işçisi Oqtay Əliyevin qəfil ölümü həmin sarsıdıcı gedişlərdən
oldu. Cəmi 54 yaşlı prodüser
ailəsiylə bayram keçirmək üçün
gedərkən ürək
tutması səbəbindən
yaranan yol qəzasında dünyasını
dəyişdi.
Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində
dünyaya göz açan, telejurnalist Elçin Əlibəylinin
qardaşı, Əməkdar
artist Dilarə Əliyevanın
həyat yoldaşı
Oqtay Əliyev illər boyunca hazırladığı müxtəlif
proqramlar, serial və filmlərlə Azərbaycan
televiziya məkanına
yeni nəfəs, yeni ruh gətirib,
neçə-neçə istedadların
üzə çıxmasına
səbəb olmuşdu.
O, həyata keçirdiyi
bir-birindən maraqlı,
fərqli layihələrlə
adını televiziya məkanımıza qızıl
hərflərlə yazdırmağı
bacarmışdı. Buna görədir ki, Oqtay Əliyevin ölümü təkcə
ailəsi, sevənləri
üçün deyil,
bütün ictimaiyyətimiz
və mədəniyyətimiz
üçün çox
ağır itkilərdən
oldu.
Hər kəsin
bayram əhval-ruhiyyəsinə
kökləndiyi günlərdə
- martın 22-də aldığımız
bu faciəli xəbər son zamanlar itirdiyimiz məşhurları
bir daha xatırlatdı, yerləri
dolmayacaq insanların artıq olmadığı
gerçəyini yenidən
üzümüzə vurdu.
Xatırladıq ki, cəmi bir ay öncə indi özünün dəfn olunduğu "Qurd qapısı" məzarlığında Oqtay
Əliyev Xalq artisti Ramiz Novruz
haqqında düşüncələrini
bölüşmüş, onu itirməyin ağırlığından bəhs
etmişdi. Fevralın 20-də cəmi 67 yaşında itirdiyimiz Ramiz Novruz da
Azərbaycan mədəniyyətinin
ən ağır və əvəzolunmaz itkilərindən oldu.
Ondan bir ay öncə isə Əməkdar artist Tünzalə
Əliyevanın vəfatı
ilə sarsılmışdı
incəsənət mühitimiz. Hər kəsin
"Toppuş bacı"
kimi tanıdığı
aktrisa uzun sürən xəstəlikdən
sonra 49 yaşında dünyaya gözlərini əbədi yumdu. Tünzalə Əliyeva Oqtay
Əliyevin layihələrində
çıxış edən,
rejissorun həyat yoldaşı Dilarə Əliyeva ilə birgə verilişlərdə,
seriallarda çəkilən
aktrisalardan idi. Onların həm də çox yaxın dostluğu vardı. Dilarə Əliyeva iki ay öncə itirdiyi rəfiqəsinin yoxluğuna
alışmazkən ömür-gün
yoldaşını, həyatdakı
ən yaxın dostunu, dayağını itirməyin faciəsi ilə baş-başa qaldı.
Son dövrlərin ən
ağır itkilərindən
biri də müğənni Rəhim
Rəhimlinin qəfil ölümü oldu deyə bilərik. 45 yaşlı müğənni
bircə anın içində bu dünyayla vidalaşdı.
Oqtay Əliyevdən
cəmi 20 gün öncə Azərbaycan ictimaiyyətinə çox
ağır zərbələrdən
biri isə azərbaycanlı ilahiyyatçı,
din xadimi, ictimai xadim, "Mənəvi Dünya" Milli-Mənəvi
Dəyərlərimizin Təbliği
İctimai Birliyinin təsisçisi və sədri Hacı Şahinin ölümü
oldu. Martın 2-də qəfil
ürəktutmasından dünyasını
dəyişən 48 yaşlı
ilahiyyatçının yoxluğu
təkcə bir din xadiminin deyil, onu sevənlər üçün gözəl
bir insanın, mərhəmətli dostun itkisi idi. Buna görə
də onu tanıyan, tanımayan hər kəsi dərin yasa qərq etdi.
Bəli,
həyat da elə məhz budur... Bir gün gələn,
bir gün mütləq gedəcək.
Nə yazıq ki, əcəl məşhura,
qeyri-məşhura, yaxşıya,
pisə baxmır.
Bu dünyadakı missiyasını, vədəsini
tamamlayan hər kəs ona əmanət
edilən canı sahibinə qaytarmağa, haqq dünyasındakı yerini tutmağa gedir.
Adlarını çəkdiyimiz, çəkmədiyimiz
məşhurlar da özlərinin əbədi
dünyasını qazananlardandır. Lakin onların fərqi həm də ondadır ki, onlar az
yaşlarına rəğmən
bu dünyada öz sənətləri,
işləri ilə iz qoymağı, milyonların yaddaşında
əbədiləşməyi bacardılar.
Bütün bunlar bir daha
insan oğluna ölümün varlığını, əcəlin
hər an kürəyimizdə dolaşan isti nəfəsini
xatırladır. Yaşından, statusundan,
tutduğu mövqedən, maddi
durumundan asılı olmayaraq,
ölüm hər kəs üçün
var və o, bir gün gələcək.
Əsas olan odur ki, bu həyatı bizə
verilən vaxt ərzində tam mənasıyla yaşamağı və
yaşatmağı bacaraq. Elə yaşayaq ki,
doğulmağımıza sevinənlər gedişimizə
ürəkdən ağlasınlar...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 28 mart.- S.14.