Şəxsiyyətin cazibəsi
TƏRLAN
SEYİDOVUN VƏSİYYƏTLƏRİ
Bu
yaxınlarda Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasında "Azərbaycan ifaçılıq sənəti:
tarixin səhifələri" adlı üçcildliyin təqdimatı
keçirildi. Bu cildlərin qəhrəmanları arasında Tərlan
Seyidovun adını xüsusi qeyd edərdim. Təəssüf,
nəşrin I cildi üçün özü də bir
sıra məqalə yazmış Tərlan müəllimi həmin
təqdimatda görmədik - o, bir neçə vaxt öncə,
80 illik yubileyini qeyd etdikdən sonra dünyasını dəyişmişdi.
Musiqi mədəniyyətimiz və təhsilimiz
üçün çox ağır itkidir...
Xarizmatik şəxsiyyət idi - unikal, təkrarsız. Tərlan
müəllim pianoçu kimi gözəl bir məktəb
keçmiş, Azərbaycan Dövlət
Konservatoriyasını M.Brennerin sinfi üzrə bitirmişdi.
Moskvada - həm Çaykovski adına konservatoriyada, həm də
Gnesinlər adına
musiqi-pedaqoji institutda
təcrübə keçib Bakıya dönəndən
sonra pianoçu və müəllim kimi fəaliyyət
göstərməyə başlamışdı. Eyni zamanda Tərlan müəllimdə elə əvvəlcədən
elmə, araşdırıcılığa maraq oyanır.
Doktorluq dissertasiyası kimi müdafiə etdiyi "XX əsrin
Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika,
ifaçılıq və bəstəkarlıq
yaradıcılığı" adlı fundamental tədqiqat
onun davamlı elmi axtarışlarının nəticəsidir.
Beləliklə,
öz çeşidli araşdırmaları ilə
Tərlan müəllim Azərbaycanda ifaçılıq
musiqişünaslığının əsasını qoyur. Sənətkarın başlıca nailiyyəti isə
1980-ci ildə konservatoriyamızda öz fərdi layihəsi əsasında
qurduğu məktəb-studiya oldu. Burada, musiqişünas
Rəna Səfərəlibəyovanın yazdığı
kimi, tədris prosesinin təkmilləşdirilməsinin
eksperimental yolları
işlənir və musiqi elmi ilə
ifaçılıq praktikasının
yaxınlaşmasının yeni metodları təcrübədən
keçir.
Təxminən
60 il davam edən
yaradıcılıq fəaliyyəti müddətində
Tərlan müəllim 100-dən artıq pianoçu
yetişdirmiş, neçə-neçə faydalı işlər
reallaşdırmışdı: tədris vəsaitləri -
notlar, metodiki araşdırmalar, məktəbin tələbələrinin
iştirakilə tamaşalar, elmi-praktiki konfranslar, müsabiqələr.
Həmin layihələr arasında mən ələlxüsus
"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc
musiqiçilərin tədris repertuarında" adlı
festivalı, habelə Azərbaycanın
bir çox bölgələrindən məktəblilərin və
müəllimlərin qatıldığı "Müxtəlif
ölkələrin musiqi ədəbiyyatını öyrənirik"
və "Musiqiçilərin pedaqoji ustalığı"
beynəlxalq müsabiqələrini qeyd edərdim. Yəni Tərlan müəllim -
miqyaslı təfəkkürə malik insan - musiqi mühitinin,
mülayim desək, həddindən artıq əlvan
olduğu bir dönəmdə
uşaqlarımızın milli ənənəvi sənətdən
uzaq düşməməsi, onların zövqü və mədəniyyəti
uğrunda ardıcıl mübarizə aparırdı. Digər
tərəfdən
fəaliyyətini təkcə Bakı ilə məhdudlaşdırmayaraq,
Tərlan müəllim bütün Azərbaycanı əhatə
etməyə çalışır, vətəninin şəhər
və kəndlərinin müəllimləri və şagirdlərini
də yaradıcılığa səsləyirdi.
Azərbaycanın
Əməkdar İncəsənət xadimi, sənətşünaslıq
doktoru, Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının
professoru Tərlan Seyidovun nəcib işləri, bir-birindən
gözəl, səmərəli layihələri haqqında
martda Akademiyanın böyük zalında ustadın şərəfinə
keçirilən "İthaf" adlı anım məclisində
söhbət getdi. Rektor, Xalq
artisti, professor Fərhad Bədəlbəyli "dost itirmək
çox çətindir" - Tərlan müəllim isə
həqiqətən etibarlı dost və həmkar idi -
etirafı ilə nitqini başlayıb, T.Seyidovla birgə təhsil
illərinə döndü, onun tədris naminə
addımbaaddım reallaşdırdığı işləri,
alim kimi ərsəyə gətirdiyi tədqiqatlarının,
kitablarının əhəmiyyətini nəzər-diqqətə
çatdırdı. Xüsusi olaraq vurğuladı ki, məktəb-studiyaya
Tərlan müəllimin adının verilməsi naminə əlindən gələni
əsirgəməyəcək.
Məclisdə söz alan hər bir kəs - BMA-nın
elmi və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə
elmləri doktoru, professor Gülnaz Abdullazadə, Bəstəkarlar
İttifaqının katibi, professor Zemfira Qafarova, 1994-2002-ci illərdə
məktəb-studiyanın elmi-metodiki işlər üzrə
direktor müavini olmuş, indi ADMİU-nun musiqi tarixi və nəzəriyyəsi
kafedrasının müdiri, professor Kamilə Dadaşzadə,
Mədəniyyət Nazirliyinin incəsənət və
qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun
böyük məsləhətçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva,
bu sətirlərin müəllifi Tərlan müəllimin bir
şəxsiyyət kimi ümdə cəhətlərini -
maarifçi kimi nadir məqsədyönlülüyünü,
polad iradəsini, sənət eşqini,
dürüstlüyünü, ümumiyyətlə, ən uca
amallarla yaşadığını vurğulayırdı.
K.Dadaşzadə müqtədir alim İ.Zemtsovskinin "tədqiqat
işinin çatışmazlıqları ola
bilər, amma əgər müəyyən elmi konsepsiya varsa,
onda xırda xətalardan keçmək
mümkündür" fikrini səsləndirərək,
T.Seyidovun məhz düşünülmüş konsepsiya
çərçivəsində
çalışdığını vurğuladı.
Xatirə
xarakterli çıxışlar arasında səslənən musiqi - məktəb-studiyanın
məzunlarının, tələbələrinin xüsusi bir sevgi ilə ifa etdiyi əsərlər
isə sözdən ikiqat artıq qüvvə ilə məclisin
əsas emosiyasını ifadə edirdi. Bədii rəhbəri
F.Bədəlbəyli olan Bakı Kamera Orkestrinin çıxışı
nurlu kədər
atmosferini bərqərar etdi.
Dirijor pultu arxasında studiya yetirmələri - bu gün artıq ciddi,
sanballı musiqiçilər kimi tanınan Fuad İbrahimovu,
Mustafa Mehmandarovu görüb
qürur duyurduq. İlk musiqi parçası -
F.Bədəlbəylinin "Adagio"sunun dramatik musiqisinin,
hüzn dolu obrazlar aləminin təsir qüvvəsi çox
böyük idi, Fərhad müəllimin təlatüm dolu qəlb
çırpıntılarını çox dolğun ifadə
edirdi. A.Məlikovun "İki qəlbin dastanı"
baletindən Komdenin arzuları (solist Nəzrin Aslanlı),
B.Brittenin Sadə simfoniyasından "Sentimental sarabanda",
habelə məktəbin məzunu,
44 günlük Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin
simli kvartetindən II hissə (simli orkestr üçün
versiya) olduqca ekspressiv səslənərək, hüzn
emosiyasının müxtəlif çalarlarını üzə
çıxardı. Musiqi bölməsində daha bir neçə
bəstəkar öz töhfələrini - Zərif Kərimova
prelüdünü, Nuranə Zeynalova violin və piano üçün
Poemasını (violin partiyası: Emil Hüseynov) Tərlan
müəllimin əziz xatirəsinə ərməğan etdi.
Tural Məmmədlinin kamança və piano
üçün pyesinin adı səciyyəvi idi:
Sızıltı. Mədinə Şahgəldiyevanın səsləndirdiyi
kamançanın zərif, xəfif, qəmli sədaları
sarı simimizə toxundu.
Tərlan Seyidovun ən istedadlı tələbələrindən
biri - düşünən və düşündürən
pianoçu Fəqan Həsənli Şumandan bir parça ifa
edib, işıqlı, amma ithaf məclisi kontekstində ürəyi
göynədən xəyallar aləminə apardı. İncə musiqi duyumlu Nərgiz
Kəngərlinin təqdimatında Azər Dadaşovun "Həmd-Səna"
kompozisiyasının sakit, büllur kimi saf səslənmələri qəlblərə qəribə
bir rahatlıq gətirdi. Coşqun Dadaşovun interpretasiyasında səslənən
F.Əmirovun mahnısının sözləri - Mən səni araram - ürəklərimizdən
xəbər verdi: Biz Sizi hələ çox-çox
aracayıq, əziz Tərlan müəllim!
M.Şuxun
orqan və violonçel üçün "Ave Maria"sı məktəbin
müəllimləri Gülnarə Mirqasım və Tahirə Mustafayevanın ifasında
konsertin səslər palitrasını öz nurlu
çalarları ilə rövnəqləndirdi.
Xatirə
məclisində məktəb-studiyanın bu gün
dünyanın müxtəlif ölkələrində
çalışan, təhsilini nüfuzlu musiqi akademiyalarında
davam etdirən məzunlarının - Murad Abbasov (Almaniya),
Tural Rafael (Norveç), Jalə Rəsulova (Avstriya), Vüsalə
Babayeva (İngiltərə), Mələk Qocayeva (Türkiyə),
Ruslan Biryukov (ABŞ), Tural Kazımovun (Rusiya) videomüraciətlərinın
translyasiyası proqrama xüsusi lirik notlar qatdı. Onların
bugünkü uğurlarının təməlində, şübhəsiz, məktəb-studiyada
qazandıqları biliklər və
vərdişlər durur.
Anım tədbirində
Samara Dövlət Mədəniyyət İnstitutunun kafedra müdiri Tatyana
Svitovanın məktubunun oxunması da önəmli idi: Tərlan
müəllimin vəfatından çox pərişan
olduğunu bildirən T.Svitova azərbaycanlı sənətkarla
görüşlərini səmimiyyətlə yad edir, məktəb-studiyanın
təşkil etdiyi müsabiqələrin əhəmiyyətini,
musiqi təhsilində Azərbaycan təcrübəsinin bir
örnək olduğunu
yazırdı. Həqiqətən də, Tərlan müəllimin
kreativ layihələri hər zaman hər kəsdə heyrət
hissi doğururdu -
Bakı Musiqi Akademiyasının baş
ucalığı idi.
Məclisə
yekun vuran məktəb-studiyanın
tədris işləri üzrə direktor müavini, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, vaxtilə Tərlan müəllimin
tələbəsi, illər onun ən etibarlı köməkçisi,
arxası Sevda Məmmədli kollektiv adından
çıxış edib həyəcanını, göz
yaşlarını çətinliklə cilovlayaraq, ustadın
ənənələrini yaşatmaq naminə dönmədən
çalışacaqlarını
vəd etdi. Ən kiçik məktəblilərdən
ibarət xor kollektivi (bədii rəhbər Aqil Qafulov, solist
Şəfəq Hacıyeva) müəllifi Aytən İbrahimova (elmi-metodik
işlər üzrə direktor müavini, sənətşünaslıq
üzrə fəlsəfə doktoru) olan məktəb himnini
yeni versiyada çox səmimi ifa etdi. Məktəbin müəllimlərinin
də bir-bir səhnəyə qalxıb fidan balalardan ibarət xora
qoşulması hamını duyğulandırdı.
Bütün
məclis boyunca monitorda sərgilənən slaydlar Tərlan müəllimin
zəngin və şərəfli həyat yolunu - gerçəkləşdirdiyi layihələri, görkəmli sənətkarlarla
görüşlərini əks etdirir və söylənilənləri
əyaniləşdirirdi. Aytən İbrahimovanın vida
xarakterli poetik misralarında da o qədər itkidən
doğan ürək ağrısı və həqiqi məhəbbət
var idi!
Məclisin nəcib aparıcısı,
"İthaf" kompozisiyasının ərsəyə gəlməsinə
xeyli enerji sərf etmiş tanınmış rejissor Elvin Mirzəyevin
rolunu da qeyd etməliyəm. Ustadın xatirəsinə layiq -
saxtakarlıq və pafosdan uzaq - bir proqram
alınmışdı.
Tərlan
müəllim əsl yaradıcı idi: o, dolğun, olduqca mənalı
və davamlı bir ömür yaşadı. Onunla günbəgün
çalışmaq, əməkdaşlıq etmək heç
də asan deyildi -
məsuliyyətli, bəzən ifrat dərəcədə
tələbkar idi, müəyyən məqamlarda hövsələsiz
və hətta sərt də ola bilərdi. Amma axı insanları əməllərinə
görə mühakimə etmək lazımdır. Tərlan müəllim isə əməl adamı
idi. O, böyük, xeyirxah, gələcəyimizə hədəflənmiş
neçə-neçə əməli ilə musiqi tariximizdə
silinməz iz qoydu. Bir də: Tərlan müəllimin ümumi
nəcib məqsəd naminə xırda ixtilaflar fövqünə
qalxmaq bacarığı ibrətamizdir.
Bir
çoxlarımıza, T.Məmmədəliyevanın dediyi
kimi, Seyidov mənəvi
ata oldu. Onun yoxluğu sarsıdıcıdır.
Bu məqamda Qara Qarayevin aşağıdakı sözləri necə də mənalı səslənir:
"Əgər insanların ömrü onların
gördüyü işlərə proporsional olaraq uzansaydı
- insanların xoşbəxtliyi naminə, yaxşı yaşam
naminə, xeyirxahlıq naminə, tərəqqinin xeyrinə -
bu, ədalətli iş olardı!" Amma həyatın, təəssüf,
öz qaçılmaz sərt və amansız qanunları
var...
Eyni zamanda inanıram ki, Tərlan müəllimin vəsiyyətləri
unudulmayacaq. Unudulmamalıdır!
Elə bir neçə gün öncə Şirvan şəhəri
uşaq musiqi məktəbində İ.S.Baxın doğum
günü ərəfəsində polifonik musiqiyə həsr
olunmuş konsertin keçirilməsi haqqında kiçik, amma
çox səciyyəvi məlumat oxudum. Ulu
öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
təşkil olunan tədbirlər çərçivəsində
həyata keçirilən bu konsertdə şagirdlər
çaldıqları əsər barədə - onun yaranma
tarixi, musiqi dilinin xüsusiyyətləri haqda məlumat da
verirdilər. Məktəbin fortepiano şöbəsi
müdiri Əfsunə Nağıyeva yazır ki, "həm
ifa, həm də ifa olunanın təhlili Tərlan Seyidovun bizə
öyrətdikləridir. Ruhu şad olsun! Onun akademik musiqi və
təhsil naminə çəkdiyi zəhmət bir çox istedadlı
davamçıların yetişməsinə səbəb
olmuşdur". Çox sevindiricidir! Deməli, Tərlan
Seyidovun ideyaları yaşayır, səpdiyi xeyirxahlıq və
bilik toxumları bəhrəsini verməkdədir.
Zümrüd
DADAŞZADƏ
Professor,
Əməkdar incəsənət xadimi
525-ci qəzet.- 2023.- 28 mart.- S.12;13.