"Həm sağalmaz
yaramız, həm də ən böyük
qürurumuzdur"
Şəhid Arif Qeybiyevin
həyat yoldaşı İranə xanım qəhrəman
döyüşçümüzlə bağlı xatirələrini
bölüşür
Ən böyük
həsrətimiz olan Qarabağımıza qovuşmaqla,
müqəddəs torpaqlarımızın
azadlığı ilə
nəticələnən 44 günlük Vətən müharibəsinin əziz
şəhidlərindən biri
də Arif Qeybiyevdir. O, 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində
doğulub. 2002-ci ildə
E.Ağayev adına
Səncəri kənd
tam orta məktəbinə
daxil olub. 2012-2016-cı illərdə Astara Pedaqoji Kollecinin idman fakültəsində orta ixtisas təhsili alıb.
A.Qeybiyev orta məktəb dövründə idmanın
atletika növü ilə məşğul olub. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə
düşüb. Bundan başqa,
atletika üzrə dəfələrlə birincilik
qazanıb. 2015 Avropa Oyunlarının iştirakçısı olub.
Tarixi İpək yolu üzərində yerləşən
qədim Astarada alovqoruyanların müşayiəti
ilə keçirilən
Məşəl Yürüşündə
A.Qeybiyev də iştirak edib.
O,
2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb.
İlk xidmət yeri Bakıda Daxili İşlər Nazirliyinin
Daxili Qoşunları olsa da, sonra
xidmətini Naxçıvan
Muxtar Respublikasında
xüsusi təyinatlıların
bölüyündə davam
etdirib. Hərbi xidmətini 2018-ci ilin yanvar ayında
başa vurub. Ordu sıralarında xidmət etmək üçün 4 dəfə
sənəd verdikdən
sonra istəyinə
nail olub. 2018-ci ilin oktyabr ayında
hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar
ayında tankçı
kimi yenidən hərbi xidmətə başlayıb. Həmin ilin
avqustunda təyinatı
Füzulidə yerləşən
hərbi hissəyə
verilib və şəhadətinə qədər
xidmətini orada davam etdirib.
Tankçı A.Qeybiyev 2020-ci il sentyabrın 27-də
başlanan Vətən
müharibəsi zamanı
Füzuli uğrunda gedən döyüşlərdə
savaşıb. Sentyabrın
27-də Füzuli döyüşlərində
onun dostu, tankçı Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz
tankından çıxaraq
100-200 metr aralıda olan dostunun tankına
çatıb dostunu xilas etmək istəyərkən erməni
snayperinin gülləsinə
tuş gələrək
şəhid olub. Astaranın Ərçivan qəsəbəsində
dəfn olunub.
Arif Qeybiyev şəhadətindən
sonra "Vətən
uğrunda", "Füzulinin
azad olunmasına görə", "Xocavəndin
azad olunmasına görə", "Cəsur
döyüşçü" medalları ilə təltif edilib.
Ailəli olan şəhidimizin Gülnur adında qız övladı yadigar qalıb.
Əziz şəhidimizi daha yaxından tanımaq, xatirəsini bir daha anmaq üçün
ömür-gün yoldaşı
İranə xanımla
həmsöhbət olduq. İranə
xanım sevimli həyat yoldaşını
dərin hüzn və qürur hissi ilə xatırlayır:
- Arif haqqında nə qədər danışsam, bitməz. Hardan başlayım, özüm
də bilmirəm.
O qədər gözəl
insan idi ki, sadəliyi ilə seçilirdi. Onu hamı çox istəyirdi, hər kəslə dil tapmağı bacarırdı.
Tez əsəbiləşir, amma
tez də hirsi soyuyurdu. Çox kövrək, yanımcıl,
gülərüz idi.
O, mənə təkcə
həyat yoldaşı
deyildi, hər bir doğmamı əvəz edə bilirdi. İkimiz də Astara
Pedaqoji Kollecində oxumuşuq. Arif orada Bədən
tərbiyəsi fakültəsində,
mən isə Məktəbəqədər təlim
və tərbiyə fakültəsində oxuyurdum.
2-ci kursda oxuyarkən
tanıdım onu.
Arif 3-cü
kursda idi. Ən yaxın rəfiqəm Ariflə bir kursda oxuyurdu. Tələbəliklə bağlı gözəl
xatirələrimiz var. Kollec
vaxtı tanışlığımız
tələbə yoldaşı
kimi olsa da, o, tez-tez deyirdi ki, anamı
sizə elçi göndərəcəm. Mənsə gülüb
deyirdim ki, biz hələ uşağıq.
Əsgərlik zamanı məzuniyyətə
gələndə mənə
elçi göndərəcəyini
bildirdi, mən də razılıq verdim. 10 aprel
2017-ci ildə biz nişanlandıq.
2019-cu il aprel ayında toyumuz oldu. Onun kimi
mərd oğlanla ailə qurduğum üçün heç vaxt peşman olmadım.
- Arif idmançı idi. Sonra niyə idman karyerasını davam etdirməyib hərbiyə qayıtdı? Onu ordu sıralarına qayıtmağa nə vadar etmişdi?
- Arif idmanla uşaqlıqdan məşğul olub. Atletika üzrə gənclər arasında 3 qat Azərbaycan çempionu, Avropa oyunlarının iştirakçısı olmuşdu. Diplomu, medalları çoxdur. İdmanın ardınca getməsi bəzi səbəblərdən alınmadı. Ancaq o, hərbi işi də sevirdi, hərbçi olmaq istəyirdi. İşinə hörmətlə yanaşırdı. Onun idmanla məşğul olması hərbiyə imtahanlar verəndə də özünü göstərdi. İdmanda böyük iz qoyduğu üçün İdman Federasiyası tərəfindən 2021-ci ildən hər il sentyabr-oktyabr ayında Astarada Arifin əziz xatirəsinə həsr olunmuş ölkə üzrə qaçış yarışı təşkil edilir.
- Qarabağ haqqında, müharibə ehtimalı barədə nələr deyirdi?
- Mübariz İbrahimovun
videolarına çox baxırdı. Polad Həşimov
şəhid olandan sonra lap dəyişmişdi.
Bu itki hamı
kimi Arifi də sarsıtmışdı,
ancaq qisas haqqında düşünürdü. Xocalı faciəsindən, qanlı tariximizdən danışanda çox kövrəlirdi. Bu mövzuda həssas idi. Arifdə bayrağımıza çox
böyük sevgi vardı. Toyumuzda gəlin maşınını
da bayraqla bəzəmişdi. Qızımız dünyaya gələndə
onu da bayraqla
qarşıladı. Xəstəxana çıxışımız 26 Fevral Xocalı soyqırımına təsadüf
etdiyindən maşın
bəzəməmişdi, ancaq
böyük bir bayraq almışdı.
O bayrağı atasından
qızına əmanət
kimi saxlayıram. İndi Gülnur da bayrağı çox sevir. Bu sevgi
atasından keçib
qızına. Harada bayraq görsə, "Ana,
Azərbaycana bax!
Yaşa, Azərbaycan"
- deyir. Bu mənə
çox təsir edir. Fəxr edirəm ki,
atasından bu cür gözəl duyğular keçib qızıma.
- Gülnura necə ata idi şəhidimiz?
- Gülnurla nəfəs alırdı, onu elə bağrına basıb qoxusunu içinə çəkərdi ki, sanki hiss edirdi əbədi ayrılacağını (gözləri dolur). Gülnurun dil açmağını, yeriməyini səbrsizliklə gözləyirdi. Deyirdi ki, ilk sözü "ata" olsun. Amma heyf ki, heç birini görə, eşidə bilmədi (kövrəlir). Gülnuru oxutmaq idi arzusu. Qızımızın 1 yaşını necə qeyd edəcəyimizin planlarını da qurmuşduq, amma qismət olmadı. Gülnur 7 aylıq ikən atası şəhadətə yüksəldi.
- Müharibəyə necə getdi?
- Atası rəhmətə getdiyindən
Füzulidən kəndə gəlmişdik. Arif atasının "yeddi"
mərasimini yola verib 23 sentyabrda geri qayıtdı. Mən
ilk dəfə idi ki, ona "getmə"
dedim. Heç vaxt darıxdığımı
bildirməzdim ki, xidmət yerində narahat olmasın, amma həmin gün uşaq kimi ağladım, "getmə" dedim. Səfərbərlik elan olunmuşdu,
nəsə olacağını
hiss edirdim. Arif göz yaşımı silib dedi ki,
dostlarımı orada tək qoya bilmərəm.
Həmişə o xidmətə gedib-gələndə
mən onun şəkillərini çəkərdim.
Bu dəfə isə özü dedi ki, gəl şəkil
çəkdirək, həyatdır,
bilmək olmaz. Gülnurla, mənimlə şəkil
çəkdirib getdi.
Son danışığımız 27 sentyabr səhər saat 9-a işləmiş
oldu. Həmin gecə saat
3-ə kimi danışmışdıq.
"Hər şey hazırdır, bu gün son gecədir" dedi, şəhidlik arzusundan söz açmışdı. Həmişə bunu arzu edirdi
özünə. Ağladığımı
hiss edib sözü dəyişdi ki, mənə heç nə olmaz. Səhər onun mesajı ilə oyandım, saat 6-ya qalmış yazmışdı. Son sözləri "Yaşasın
Azərbaycan! Vətən sağ
olsun!" idi. Həmişəki kimi Gülnuru
mənə əmanət
etdiyini yazmışdı.
Zəng vurdum, açmadı, sonra özü yığdı,
"yaxşıyam, narahat
olma hər şey yaxşıdır"-
dedi və onu çağırdılar.
Ondan sora zənglərim cavabsız
qaldı. Həmin gün televizorda
"kənd Horadiz xilas olunub" sözünü eşidəndə
nəsə ürəyimə
damdı ki, Arifimə nəsə olub. Zənglərim də cavabsız
qalırdı. Bir neçə
saat sonra Arifin şəhidlik xəbəri gəldi, dünyam başıma yıxıldı, onun bayrağa sarınmış
tabutunda mənim gəncliyim, xoşbəxtliyim
getdi. Gözəl olan bir şey vardı ki, Arif şəhidlik
arzusuna çatdı.
Arifsiz həyatımda
bir yanım hər zaman boşdur. Onun yoxluğunu həmişə
hiss edirəm. Onsuz hər şey o qədər çətindir
ki! Arifsiz həyat bayramları
məzar üstə keçirmək deməkdir.
Hər yerdə gözüm onu axtarır, bəlkə çıxıb
gələr deyə.
Arifsiz həyatımda
sonsuz kədər, həsrət var... Amma körpəmizə həm
ata, həm ana olmaq var. Bu yükü daşımaq çox çətin olsa da, şərəflidir.
Arifsiz həyatımın
mərkəzində Gülnur
var. Arifin əmanətinə
onun özü kimi baxa bilməsəm
də, adına
layiq böyüdəcəyəm.
Mən də, qızım da daim Ariflə
fəxr edirik, edəcəyik də.
O, bizim bizim həm sağalmaz yaramız, həm də ən böyük qürurumuzdur.
Şahanə Müşfiq
525-ci qəzet.- 2023.- 29 mart.- S.16.