Dünyada su
böhranı: təhlükə qapını döyür
Son zamanlar ən
çox müzakirə
olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli
və suvarma üçün yararlı
olan su mənbələrinin
qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından
etibarən dünyada su böhranının bütün ölkələri
ciddi şəkildə
narahat edəcəyi proqnozlaşdırılır.
Azərbaycanda da içməli su qıtlığı artıq özünü göstərməyə başlayıb. Bununla əlaqədar
vəziyyəti nizamlamaq
üçün Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə Su komissiyası
yaradılıb. Komissiyanın iclasında mənbələrdən
götürülən su
həcmlərinə qənaət
olunması qərara alınıb. Hətta "Azərsu" ASC ötən
günlərdə qənaət
rejimi ilə bağlı qərar qəbul edib, paytaxtın bəzi hissələrində bu rejimə keçilib.
Hesablamalara görə, 2100-cü ildə
Azərbaycanın su ehtiyatlarının 40 faizi
azalması təhlükəsi
ilə üz-üzə
qala bilərik. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu
ehtiyatlardan səmərəli
istifadə, əldə
olunan suyun bərabər bölgüsü,
su mənbələrinin
çirklənmədən etibarlı mühafizəsi
ölkəmizin hər
bir sakini üçün ciddi əhəmiyyət kəsb
etməlidir.
Son beş il
ərzində Mingəçevir
Su Anbarının ehtiyatları
50 faiz azalıb. Son
7-8 il ərzində
ölkə ərazisində
quraqlıq müşahidə
edilir. Bu, yağıntının
miqdarının az olması, həmçinin, ölkəyə
daxil olan transsərhəd çaylarından
suların az axması ilə bağlıdır. Azərbaycanın su ehtiyatlarının
2050-ci ilə kimi 15-20
faiz azalacağı gözlənilir. Ölkəmiz adambaşına düşən
su ehtiyatlarına görə 90-cı yerdədir.
Ümumi
su ehtiyatları üzrə isə hətta 140-cı yerdəyik.
Ekologiya
və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə,
dünya əhalisinin böyük hissəsi su qıtlığından
əziyyət çəkir
və gələcəkdə
bu problemin daha da kəskinləşəcəyi
gözlənilir: Bu problem nəinki
Azərbaycanda, bütün
dünyada var və getdikcə böyüyəcəyi proqnozlaşdırılır.
Hətta bir neçə onillikdən sonra su qıtlığı
nəticəsində ciddi
faciələr yarana bilər: "Ölkəmizdə
də iqlim dəyişmələrinin təsiri
nəticəsində su
ehtiyatlarının azalması
tendensiyası müşahidə
olunur".
Nazir bildirib ki, su
ehtiyatlarının səmərəli
istifadəsi, itkilərin
azaldılması, yeni
su mənbələrinin
yaradılması, idarəetmənin
elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı
tədbirlər həyata
keçirilir: "Su ehtiyatlarından
səmərəli istifadəsi
ilə bağlı geniş maarifləndirmə
işləri aparılır.
Sosial-iqtisadi inkişafla əlaqədar
ətraf mühitin artan təsirlərdən mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında bütün maraqlı tərəflər iştirak
etməlidir. Özəl sektor
və vətəndaş
cəmiyyəti institutları
ilə səmərəli
əməkdaşlıq qurulmalıdır.
Ətraf mühitin deqradasiyasına səbəb
ola biləcək
fəaliyyətlərin qarşısının
alınması istiqamətində
tədbirlər daha da gücləndirilməlidir.
Yaşıl iqtisadiyyata
keçid mərhələsində
suya qənaət, xammaldan təkrar istifadə, kənd təsərrüfatında ekoloji
təmiz istehsal prinsipləri, sənayedə
ətraf mühitə
dost texnologiyaların tətbiqi,
su hövzələrinin,
bioloji müxtəlifliyin
və meşələrin
qorunması kimi məsələlərdə daha
məsuliyyətlə hərəkət
etməli, beynəlxalq
əməkdaşlığı gücləndirməli, ekoloji
problemlərin həllinə
gətirib çıxara
biləcək bütün
imkanlardan istifadə etməliyik. 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi konteksində
görüləcək bu
tədbirlər təkcə
Azərbaycanın deyil,
bütün dünyada,
regionda dayanıqlı
inkişafa təkan verəcək. Bu fəaliyyətin həyata
keçirilməsində BMT nəzdindəki təşkilat
və proqramlardan daha geniş əməkdaşlıq imkanları
olacaq".
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib
ki, su qıtlığı
ilə əlaqədar
qənaət rejiminə
keçilməsi hazırda
çox aktualdır. Təkcə
Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı
ilə üzləşir:
"Çünki dünyada
baş verən münaqişələr, iqlim
dəyişiklikləri, qlobal
ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda
suyun quruması, yaşıllıqların məhv
edilməsi su qıtlığına səbəb
olub. Hazırda Azərbaycanda da
içməli suya müəyyən qısamüddətli
qadağalar tətbiq edilir, su fasilələrlə
verilir. Əkin sahələrində də qənaət rejimi ilə bağlı addımların
atılmasına ehtiyac
mütləqdir. Çünki
keçən il əkin sahələri quraqlıq nəticəsində nəinki
az məhsuldarlıq göstərdi, hətta bəziləri tamamilə məhv oldu. Xüsusilə, pambıq əkini
ilə məşğul
olan rayonlarda belə hal müşahidə
edildi. Bu il də eyni problem gözlənilir.
Qış ayları yağıntının miqdarı
az, çaylarda
sululuğun səviyyəsi
aşağı oldu. Ancaq hökumət bu sahədə müəyyən
tədbirlər həyata
keçirməkdədir. Yeni suvarma texnologiyalarının
tətbiqi ön plana çıxarılıb.
Bu faktdır ki, suvarma suyuna qənaət rejimi tətbiq etmirik, proses kortəbii şəkildə həyata
keçirilir. Bizim su kanallarımız çox
bərbad haldadır, müasir tipli deyil, beton kanallarla
əvəz olunmayıb
və bu, su itkisinə səbəb olur. Bu sahədə mütləq
planlaşdırma həyata
keçirilməlidir. Hansı ərazilərdə hansı
növ bitkilərin əkilməsi, hansı ərazilərə daha çox su verilməsi
kimi məsələlər
təhlil edilməli, buna uyğun strategiya müəyyənləşdirilməlidir".
Komitə
sədri vurğulayıb
ki, ciddi nəzarət tətbiq edilərsə, suya qənaət və kənd təsərrüfatında
məhsuldarlığın artırılması mümkündür: "Yeni su anbarlarının yaradılması da xüsusi diqqət mərkəzindədir. Ölkə başçısı
bu sahəyə daim diqqət yetirir. Ona görə indidən
tədbirləri genişləndirmək,
yeni su kanalları
istifadəyə verilənə
qədər su ehtiyatını normal səviyyədə
saxlamaq lazımdır.
Çayların məcrasının su anbarlarına yönəldilməsi istiqamətində
işlər aparılır.
Su təsərrüfatının
yaxşılaşdırılması üçün əvvəlki
illərdən fərqli
olaraq, bu ilin dövlət büdcəsində daha artıq xərclər nəzərdə tutulub.
Eynilə beton kanalların
istifadəyə verilməsi
işləri davam etdirilir. Yeni su mənbələrinin
üzə çıxarılması
istiqamətində də
müvafiq orqanların
addımlarını görürük.
Hökumətin bu sahədə
böyük tədbirlər
planı var, hətta Dövlət proqramı səviyyəsində
qərarların qəbul
edilməsi gündəmdədir".
AMEA-nın vitse-prezidenti
İradə Hüseynova
qeyd edib ki, Azərbaycanda və dünyada su qıtlığı getdikcə daha da şiddətlənə
bilər. Su qıtlığı
biomüxtəlifliyin qorunmasına
öz mənfi təsirini göstərir:
"Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə
qüvvələrini birləşdirməli,
Azərbaycan təbiətinin
biomüxtəlifliyinin qorunması
üçün çalışmalıdır".
Ekologiya
və Təbii Sərvətlər nazirinin
müavini Vüqar Kərimovun dediyinə görə, ölkənin
25 milyard kub su ehtiyatı var: "Bunun 16,5 milyard kubu yeraltı,
8,5 milyard kubu isə yerüstü sulardır. Son beş
il ərzində Mingəçevir Su Anbarının
ehtiyatları 50 faiz azalıb. Mingəçevir
Su Anbarına axan çayların suları azalıb: "Dövlət
tənzimləyici işlərini
görür, lakin vətəndaşlarımız da sudan qənaətlə
istifadə etməlidirlər".
V.Kərimov vurğulayıb ki,
son 7-8 il ərzində ölkə ərazisində quraqlıq
müşahidə edilir:
"Bu, yağıntıların miqdarının az olması, həmçinin,
ölkəyə daxil
olan transsərhəd çaylarından suların
az axması ilə bağlıdır".
Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov su probleminin səbəblərindən biri kimi kənd təsərrüfatının genişlənməsini görür: "Kürdə suyun kəskin azalması və qurumasının səbəbi çox müxtəlifdir. Təbii ki, burada biz nəzərə almalıyıq ki, Kür transsərhəd çaydır və iqlim dəyişikliklərinin kəskin dəyişmələrinə məruz qalır. Bu, böyük çay olduğu üçün həm Türkiyə, ərazisində, həm Gürcüstanda, həm də Azərbaycanın özündə Kürdən su götürmələri getdikcə artmaqdadır. Azərbaycanda kənd təsərrüfatı sahələrinin sahəsi sürətlə artır ki, bu da suya olan tələbatın daha da artmasına səbəb olur".
Kənd təsərrüfatında su itkilərinə yol verildiyini deyən ekspert suya qənaətlə bağlı bir sıra təkliflər də irəli sürüb: " Biz təcili olaraq su itkilərini azaltmalıyıq. Bundan ötrü müasir suvarma texnologiyalarına keçid lazımdır. Bundan əlavə, torpaq kanallar betonlaşdırılmalı, açıq arxlar boru ilə əvəz olunmalı, fermerlərdə suya qənaətə təşəbbüsü yaradılmalıdır. Ən nəticədə sayğaclaşdırma işləri aparılmalıdır ki, su itkilərinin qarşısı alınsın. Biz suyu damla-damla istifadə etməliyik. Kənd təsərrüfatında az suya qane olan bitkilər əkilməli, daha dözümlü kənd təsərrüfatı yaradılmalıdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 29 mart.- S.15.