Böyük Zəfərin ilk
yolçularına söz abidəsi
Dəyərli yazıçımız Səyyad
Aranın "Tacın
qaytarılması" romanı,
ik növbədə, xalqımızın mübariz
əzminə, dövlətimizin
iradə və qətiyyətinə məftunluq,
ordumuzun qəhrəmanlığı
sayəsində yaşanan
haqq-ədalət təntənəsinə
şükranlıq ifadəsidir. Böyük Zəfərlə
nəticələnən savaşın
an-an izlənməsi, Zəfər
nəşəsinin Sözlə
ifadəsi, bu müqəddəs yolun ilk
yolçularına Söz
Abidəsidir. Eyni anda
həm kökdən gəlib-kökə gedən,
mifoloji, mistik gəlişmələrə, həm
də günümüzün
reallıqlarına fərəhli
baxış var bu əsərdə. Buradakı obrazlar xalqımızın
haqq uğrunda əbədi yolçuluğunu
simvolizə edir.
Mifoloji düşüncəmizin
Boz Qurd ərdəminə söykənən
qüruru şüuraltı
yaddaşdan "Tacın
qaytarılması"na
elə ilk səhifədən,
ilk mətləbdən boylanır.
Bu səbəbdən də böyük zəfərin ilk yolçuları,
ilk sıra nəfərləri
olan şanlı əzgərlərimiz qarşıdakı
qələbəyə türkün
başlıca totemi Boz Qurdun ruha
qida verən səsləniş-ulartısı ilə yola salınır.
Qələbə, uğur qutlaması,
zəfər əlamətidir
bu.
Sonra başqa
bir Boz Qurd,
sonra bir başqası, sonra da bir özgəsi
səs verir bu çağırışa. Həmrəy
olduqlarını bəyan
edirmiş kimi: "Bu
dəfə qurdlardan bir neçəsi ağız-ağıza verib
ulaşdı. Səs dalğa-dalğa
cəngəlliyə yayılaraq
hamının içindən
keçib getdi. Əsgərlər bir-birilərinə
baxıb gülümsədilər...
Kimsə
təəccübünü, bəlkə də həyəcanını gizlədə
bilmədi:
- Bu nədi, əə?!
XTQ zabiti mənalı
şəkildə münasibət
bildirdi. Bilənlər başa düşüb gülümsədilər... Qurdların növbəti
"xor"undan sonra əsgərlər tabor komandirinin
üzündə qəribə
bir məmnunluq, təbəssüm gördülər.
Çox
intizarda qalmadılar.
Onların marağını
hiss edən komandir özü izahat verdi:
- "Qurd ağzı
mübarək olar"
- deyib babalarımız. Bu, yaxşı əlamətdir.
Əməliyyatımız uğurlar bitər,
inşallah!"
Dəstədəkilər komandirin sözlərini bir-birinə ötürürlər,
ta əbədi-əzəli
torpaqlarımız, yurd
yerlərimiz Füzuliyə,
Ağdama, Cəbrayıla,
Ağdərəyə, Laçına,
Zəngilana, Zəngəzura,
Kəlbəcərə, Şuşaya,
Xankəndinə kimi. Qələbə, Zəfər anına qədər. Bu səs, bu xəbərdarlıq
qələbə simfoniyası,
rəmzi kimi dalğa-dalğa yayılır.
Adlarını çəkdiyimiz doğma yurd yerlərimizin hər qarış torpağında,
daşında, qayasında,
geniş ormanlarında
əks-səda verir.
Baş leytenant Teymur Hüseynovun, kapitan Fuad Əliyevin,
polkovnik Tehran Mənsimovun,
tibb baş leytenantı Şakir Qasımovun, kapitan Turqut Əliyevin, polkovnik Kənan Seyidovun, kapitan Seymur Məmmədovun və başqalarının
cəbhə gündəliklərinin,
xatirələrinin hər
anından eşidilir bu səs, ən
ümidsiz, ağır
dəqiqələrin hərəkətverici
qüvvəsinə çevrilir.
Doğma Şuşamızın üzük
qaşı kimi müzəffər ordumuz tərəfindən əhatəyə
alındığı günlərin
bədii təsviridir
"Tacın qaytarılması"nda
yazılanlar. Şanlı oğullarımızın qəti qərarıdır
ki, erməni ordusu darmadağın edilməli, əsgərləri
pərən-pərən salınmalı,
qaçmağa, təslim
olmağa məcbur edilməlidir. Təbii
ki, "tarixi-memarlıq
şəhəri olan Şuşaya ağır texnika və artilleriya ilə girmək Ali Rəhbərlik
tərəfindən məsləhət
görülməmişdi... Şuşanı qəfil hücumla, əlbəyaxa döyüşlə almaq
əmri verilmişdi...
Şuşanın qədim siması
qorunmalı, şəhərin
tarixi görünüşünə
xələl gəlməməliydi".
Çünki Şuşa ruhumuzun bir parçasıydı.
Şuşaya bala anasına,
ruh bədənə qovuşan kimi qovuşmalıydıq. Elə də
oldu. Hər şey Ali Baş
Komandanın istəyi,
dediyi kimi yerinə yetirildi. O vaxt, o xoşbəxt məqam yetişdi ki, Ali Baş Komandana raport verildi... 7 noyabr, saat 13:45 idi... "Hərbi operator sevincindən əlləri
əsə-əsə bu
tarixi anı lentə köçürürdü.
- Cənab Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında
Şuşa şəhəri işğaldan
azad edildi.
Eşq olsun Azərbaycan xalqına!
Qarabağ Azərbaycandır!"
Bu sevincli, qürur dolu təsvirdən, yaşamdan sonra 2020-ci il noyabrın 8-ci gününün yaddaşlarda əbədi qalacaq sevinci gəlir:
"Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!.."
Bu o gündü ki, "hamı bəxtiyar və bəxtəvər idi. Bu gün millətin başının göylərə ucaldığı gündür.
...Paytaxt Bakı çağlayırdı. Şəhərin küçələri insan seliylə aşıb-daşırdı... Ali Baş Komandanın Şuşanın azad edilməsiylə bağlı təbriki və çıxışı monitorlarda təkrar-təkrar göstərilirdi..."
O unudulmaz anların bədii təsviri ən incə detallarına, ştrixlərinə qədər təsvir edilib "Tacın qaytarılması"nda. Millətin xoşbəxt olduğu günün bədii salnaməsi kimi oxunur. Otuz ilə yaxın müddətdə qəhəri, kədəri içində qalan xalqın dirçəliş gününün, özünün öz içində böyüdüyü günün ədəbi heykəli kimi üz-üzə dayanır oxucularla. İlk növbədə vətənçilik, qədirşünaslıq, sədaqət hissi dərsi verir. Soy-kökü, milli varlığın özəlliklərini anladır. Millət-dövlət-ordu birliyinin gücünü ifadə edir.
Mədəniyyət beşiyimiz Şuşanın 270 illiyinə və
İkinci Qarabağ
müharibəsinə həsr olunmuş
"Tacın qaytarılması" romanı ilk
növbədə yazıçı Səyyad Aranın vətəndaşlıq
mövqeyinin, dövlətçiliyimizə
bağlılığının, əbədi
ehtiramının, azərbaycançılıq düşüncəsinin
ifadəsi kimi oxunur və
hər bir səhifəsi ilə oxucuya vəfa, etibar, yenilməzlik,
qürur hissi
aşılayır.
Dayandur
SEVGİN
525-ci qəzet.- 2023.- 29 mart.- S.12.