Dillər Universiteti
dünya universitetlərinin reytinqinə daxil olub
Akademik Kamal Abdulla: "Azərbaycan
Dillər Universitetinin "müasir dillər" üzrə dünyanın ən
yaxşı 301-340 Universitetlər qrupuna daxil olmasını
böyük uğur hesab edirəm"
QS dünya universitetləri reytinqi (QS World University
Rankings) Böyük Britaniyanın konsaltinq şirkəti
"Quacquarelli Symonds" (QS) tərəfindən tərtib
olunur. 2004-cü ildən etibarən nəşr
edilən reytinq hazırda 1600-ə yaxın dünya
universitetinin fəaliyyətini - akademik nüfuz, sitat gətirmə,
müəllim-tələbə nisbəti, işəgötürənlər
arasında nüfuzu, əcnəbi müəllimlərin
sayı və əcnəbi tələbələrin sayı
üzrə qiymətləndirir.
Bu günlərdə QS 2023 sahələr üzrə
dünya universitetlərinin reytinqi (QS World University Rankings by
Subject 2023) açıqlanıb. Reytinqdə 161 ölkədən 1594
ali təhsil müəssisəsi iştirak
edib. QS sahələr üzrə dünya
universitetlərinin reytinqi 5 kateqoriya üzrə
qruplaşdırılmış 54 sahəni əhatə edir.
Reytinqin qiymətləndirmə metodologiyasında 5 əsas
indikator nəzərə alınır: akademik nüfuz, işəgötürənlər
arasında nüfuz, istinadlar, H-indeks və beynəlxalq elmi əməkdaşlıq.
Azərbaycandan
ilk dəfə iki ali təhsil müəssisəsi
QS sahələr üzrə dünya universitetlərinin
reytinqinə daxil olub. Bu ali təhsil universitetlərindən biri Azərbaycan
Dillər Universitetidir (ADU). Universitet
"Müasir dillər" üzrə dünyada ən
yaxşı 301 - 340 universitetlər qrupuna daxil olub.
Dillər
Universitetinin uğuru
Azərbaycan
Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın sözlərinə
görə, QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə
sayının nisbətinə, məqaləyə istinadlara,
xarici müəllim və tələbələrin, elmi dərəcəli
kadrların, müəllimlərin məqalələrinin
sayına, işəgötürənlərin nüfuzuna, həmçinin,
internet resurslarının səmərəliliyinə görə
müəyyənləşdirilir. Ali təhsil müəssisəsinin
QS dünya universitetlərinin reytinqindəki mövqeyinə təhsil
ocağının hazırki və gələcək fəaliyyəti,
həmçinin, dil, iqtisadiyyat və mədəniyyət kimi
digər amillər də təsir göstərir:
"Universitetin QS sahələr üzrə dünya universitetlərinin
reytinqinə daxil olması xəbərini biz ilk dəfə Elm
və Təhsil Nazirliyinin saytından öyrəndik. Azərbaycan Dillər Universitetinin "Müasir dillər"
üzrə dünyada ən yaxşı 301-340 universitetlər
qrupuna daxil olmasını böyük uğur hesab edirəm.
Rəhbəri olduğum universitetin
"Müasir dillər" üzrə dünyada ən
yaxşı 301-340 universitetlər qrupuna daxil olması
qürurvericidir. Bu bütövlükdə
Azərbaycan təhsili üçün çox önəmli
hadisədir. Universitet tərəfindən
görülən işlərin hesabatı bizim tərəfimizdən
Elm və Təhsil Nazirliyinə təqdim olunub. Nazirlik bu hesabatı öz bazasına yerləşdirib.
QS dünya universitetləri reytinqi müəyyən
edilərkən o hesabatda yer alan nəticələr dəyərləndirilib.
Reytinqdə yer dünyanın 1594 nüfuzlu ali
təhsil müəssisəsi arasında 304 yerdə olmaq
böyük göstəricidir".
ADU-nun dil
mərkəzləri
Rektor
deyir ki, ölkənin aparıcı ali təhsil müəssisələrindən
biri sayılan Azərbaycan Dillər Universitetində hazırda
bir çox dilləri təbliğ edən, öyrədən,
20-dən çox dil və mədəniyyət mərkəzləri
var. Bu mərkəzlər müxtəlif dillərin və həmin
dillərin xalqlarının mədəniyyətini, tarixini, ədəbiyyatını
Azərbaycanda təbliğ edir. Bunlar Rusiyaşünaslıq mərkəzi,
Skandinaviya mərkəzi, İndoneziya araşdırmalar mərkəzi,
İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi,
Hind dili və mədəniyyəti mərkəzi, Alman oxu
zalı, Yaponiya Araşdırmalar mərkəzi, İtalyan dili
mərkəzi, Amerika mərkəzi, İspan dili mərkəzi,
Koreya mədəniyyəti mərkəzi, Rumin dili və mədəniyyəti
mərkəzi, Frankofoniya mərkəzi, Fransız dili və mədəniyyəti
mərkəzi, Pakistan dili və mədəniyyəti mərkəzi,
Türkiyə və Ermənistan araşdırmaları mərkəzi,
Konfitsu İnstitutu, Avstriya kitabxanası, Yunan araşdırma və
mədəniyyət mərkəzi, Germanistika İnstitutu, Serb
dili və mədəniyyəti mərkəzidir: "Mərkəzlərdə
danışıq klubları, eləcə də müxtəlif
mədəni tədbirlər təşkil olunur. Eləcə də, Azərbaycan Dillər Universitetində
fəaliyyət göstərən mərkəzlərə
alternativ olaraq həmin ölkələrin nüfuzlu universitetlərində
"Azərbaycan dili və mədəniyyəti" Mərkəzləri
açılmağa başlayıb. Xalqımızın,
dövlətimizin zəngin tarixini, mədəniyyətini,
dilini dünyada daha yaxşı tanıtmaq məqsədilə
hazırda Çin Xalq Respublikasında, Rumıniyada, Serbiya,
Pakistan, İndoneziya, Rusiyada Azərbaycan dili və mədəniyyəti
mərkəzi fəaliyyət göstərir. O cümlədən,
Serbiya və Litvada Azərbaycan dilinin tədrisinə
başlanılıb. Mərakeş,
Macarıstan və Xorvatiyada da "Azərbaycan dili və mədəniyyəti"
mərkəzinin açılması və Azərbaycan dilinin
tədrisi planlaşdırılır: "ADU-nun elmi-təşkili
strukturu Elm şöbəsi, Doktorantura və Magistratura
şöbələrini birləşdirir. Struktur
həm də Azərbaycanşünaslıq, Multikulturalizm,
Rusiyaşünaslıq, Tərcümə
araşdırmaları mərkəzi və Klassik dillər və
mədəniyyətlər institutu elmi tədqiqat
laboratoriyalarının fəaliyyətini əlaqələndirir.
ADU-da 6 fakültə, 1 kitabxana və 31 kafedra, 1
idman klubu fəaliyyət göstərir. Universitetin
Elmi şöbə öz fəaliyyətini kafedralar üzrə
planlaşdırılmış elmi tədqiqat işlərinin
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, əldə
olunan elmi nəticələrin birbaşa tədris prosesinə
tətbiq edilməsi, TEC xətti ilə tələbə-gənclərin
elmi yaradıcılığının
stimullaşdırılması, onlarda elmi tədqiqat işlərinə
meylin artırılması istiqamətində qurub. Elm
şöbəsi Magistratura və
Doktorantura şöbələri, eləcə də, Tələbə
Elmi Cəmiyyəti ilə sıx əlaqədə işləyir,
onların fəaliyyətinin elmi-metodiki təminatını dəstəkləyir,
digər zəruri işləri həyata keçirir.
Doktorantura şöbəsi isə fəlsəfə və elmlər
doktoru hazırlanması işini əlaqələndirir,
doktorant və dissertantların nail olduqları elmi nəticələrin
təşviqi sahəsində iş aparır. Elm şöbəsi
Universitetin kafedra və laboratoriyalarında yerinə yetirilən
elmi tədqiqat işlərinin planlaşdırılması,
icrasının təşkili, eyni zamanda, elmi və elmi-tədris
qurumlarının fəaliyyətinin koordinasiyası ilə məşğuldur.
Doktorantura şöbəsi elmi və elmi-pedaqoji
kadrların hazırlanması işlərini əlaqələndirir,
lazımi sənədləşmə və təşkilati
işləri yerinə yetirir. Azərbaycan Dillər
Universitetinin Tələbə Elmi Cəmiyyəti elmi tədqiqat
və elmi-təşkilati işlərində fəal
iştirak edən ali təhsil pilləsinin
bakalavriat və magistratura səviyyələrində təhsil
alan tələbələrin könüllü ictimai təşkilatıdır.
Cəmiyyət müxtəlif səviyyəli tədbirlərin
- elmi seminar və konfranslar, tələbə elmi işlərinə,
habelə kurs, buraxılış, dissertasiya işlərinə
baxış müsabiqələri, müxtəlif ixtisas və
fənlər üzrə olimpiadalar, diskussiya klubları,
simpoziumlar, tanınmış alimlərin seminar, mühazirələrinin
dinlənilməsi və s. tədbirlərin təşkilinin,
keçirilməsində tələbələrin
iştirakını təmin edir".
Universitetin
elmi tədqiqat işləri
Kamal Abdulla dediyinə görə, universitetdə elmi tədqiqat
və elmi-metodik işlər əsasən kafedralarda cəmləşib. Bu işin mühüm bir
hissəsini də elmi-tədqiqat laboratoriyaları yerinə yetirir. Elmi tədqiqat fəaliyyəti perspektiv və cari
planlar əsasında aparılır. Həmin
planlar kafedra və laboratoriyaların iclaslarında, fakültə
və universitet elmi şuralarında təsdiq edilir. Azərbaycan Dillər Universitetində fəaliyyət
göstərən bütün kafedralar və laboratoriyalar
elmi-tədqiqat işlərini ilin əvvəlində
planlaşdırır və ilin sonunda onların yerinə
yetirilməsi barədə hesabat verirlər. Azərbaycan
Dillər
Universitetində elmin müxtəlif sahələrini
əhatə edən elmi tədqiqatişləri ilin əvvəlində
müəyyən edilir və Universitet Elmi şurasının
qərarı ilə təsdiqlənən üç illik plan
üzrə yerinə yetirilir. 31 kafedra və 27 mərkəzdə
plan üzrə elmi tədqiqat işləri yerinə yetirilir.
Elmi tədqiqat əsasən istiqamətlər üzrə
aparılır: "Elmi tədqiqat işlərinin informasiya təminatına
ADU-da bir neçə il əvvəl
başlanmışdır. Universitetdə elmi tədqiqat
işlərinin informasiya təminatı məqsədilə
müasir informasiya texnologiyalarının tətbiqinə
xüsusi önəm verilir. Bu məqsədlə
kitabxanada lokal kompüter şəbəkəsi
yaradılıb, internetə çıxış təmin
edilib. Portativ kompyuterləri olan oxucular
kitabxananın oxu zalında internetə məsafədən də
qoşula bilərlər. Universitet kitabxanasında İRBİS Kitabxana
Avtomatlaşdırılma Sisteminin (İRBİS 64)
versiyasının tam komplekti tətbiq edilmişdir. Bu sistem fondun komplektləşməsindən
tutmuş, kitab verilişinədək bütün kitabxana
proseslərinin avtomatlaşdırılmasını təmin
edir. Hər bir internet istifadəçisi
Kitabxananın Web səhifəsinə daxil olmaqla onun Elektron
kataloqundan və digər elektron resurslarından istifadə edə
bilər".
Professor-müəllim
heyəti
Kamal
Abdullanın sözlərinə əsasən, universitetdə təhsilin
səviyyəsinin yüksəldilməsi, professor-müəllim
heyətinin, tələbə, magistrant və doktorantların
elmi və elmi-metodik fəaliyyət istiqamətlərinin
bilavasitə tədris prosesinə inteqrasiyasına yardım məqsədi
ilə əldə olunan elmi nəticələrin elektron
variantlarının hazırlanması və elektron resurslar
bazasına yerləşdirilməsi, elmi tədqiqat işlərinin
mövzularına dair müvafiq informasiya təminatı,
dünya standartlarına uyğun müasir məlumat-biblioqrafiya
xidməti göstərilməsi işi aparılır. Elmi-pedaqoji kadrların
hazırlanması Universitetdə ştat üzrə 830 nəfərdən
ibarət professor-müəllim
heyəti fəaliyyət göstərir. Onlardan 2 nəfər AMEA-nın həqiqi
üzvü, 36 nəfər elmlər doktoru, 19 nəfər
professor, 270 nəfər fəlsəfə doktoru, 165 nəfər
dosent, 595 nəfər müəllimdir.
ADU-nun
jurnalları
Rektor bildirib ki, ADU-da iki jurnal - "Elmi xəbərlər"
və "Dil və ədəbiyyat" jurnalı nəşr
olunur. Hər iki jurnalın buraxılış dövriliyi
ildə 4 (dörd) dəfədir. Jurnallara
təqdim olunan məqalələrin dünya standartlarına
uyğunluğunu təmin etmək məqsədilə məqalələrə
qoyulan tələblərdə bir sıra dəyişikliklər
edilib. Beynəlxalq əməkdaşlıq
çərçivəsində xarici alimlər cəlb edilməklə
məqalə müəlliflərinin coğrafiyası
genişləndirilib. Bu istiqamətdə
jurnalda məqalələrin ingilis dilində çapına
üstünlük verilməsi əsas istiqamət kimi müəyyənləşdirilib.
Gürcüstan, Özbəkistan, Misir, İndoneziya, Rusiya,
Türkiyə, Çin kimi ölkələrdən olan müəlliflərin
məqalələrinin çapına yer verilib. Bəzi məqalələrin
tam mətninin ingilis dilində olmaması və xarici alimlərin
bu məqalələrin nəticələri ilə tanış olmasında çətinlik
yaratmaması üçün ingilis və rus dillərində
açar sözlər və xülasə verilir. Ölkənin mütəxəssisləri ilə
yanaşı xarici alimlər dəvət olunmaqla jurnalların
redaksiya tərkibi genişləndirilib. Rumıniya, Rusiya,
Macarıstan, Almaniya, Gürcüstan, Belarusiya, Türkiyədən
olan nüfuzlu alimlər jurnalın redaksiya heyətinin üzvləridir.
Jurnalın hər bir sayı Universitetin
saytında DSpace rəqəmsal arxivində yerləşdirilir.
CBC radiosu
ilə əməkdaşlıq
Kamal Abdullanın dediyinə görə, CBC radiosunun
hazırladığı "Qarabağda yaşayan ermənilərə
Azərbaycan dili kursları" layihəsi ADU-nun Erməni
Araşdırmaları Mərkəzi tərəfindən icra
edilib. Mərkəz əməkdaşları hər həftə
müxtəlif mətn və dialoqlar hazırlayaraq CBC radioda
çıxış edib və bu layihəni uğurla yerinə
yetiriblər. Bu layihəyə praktika qazanmaları
üçün universitetin Qafqazşünaslıq ixtisası
üzrə təhsil alan 5 tələbəsi
də cəlb edilib. Layihəni uğurla başa vurduqları
üçün CBC rəhbərliyi tərəfindən Erməni
Araşdırmaları Mərkəzinə təşəkkür
məktubu göndərilib: "Bildiyimiz kimi ölkədə
Erməni dili üzrə dərs vəsaitlərinə ciddi tələbat
var. Bu vaxta qədər bir neçə müəllif tərəfindən
"Erməni dili" adı altında kitablar nəşr
edilib, lakin bu kitabların əksəriyyəti Erməni dilinin
qrammatikası haqqındadır. Mərkəz əməkdaşları
bu problemi aradan qaldırmaq üçün ciddi səylə
çalışmalarını davam etdirirlər. Müxtəlif səviyyələrdən ibarət dərs
vəsaitlərinin hazırlanması nəzərdə tutulur.
Qeyd edim ki, mərkəzin müəllimləri
universitetin təlim və tədris mərkəzində ödənişli
Erməni dili kurslarının təşkili ilə
bağlı univeristet rəhbərliyinə müraciət edib
və bu müraciət əsasında kursla bağlı elan
verilib. Hal-hazırda kurslara qeydiyyat prosesi
davam edir. Kursların 2023-cü ilin fevral
ayında fəaliyyətə başlaması nəzərdə
tutulur".
Zəngin
kitabxana fonduna malik ADU
Rektor vurğulayıb ki, Azərbaycan Dillər Universiteti
zəngin kitabxana fonduna malikdir. Kitabxana tələbə,
doktorant, dissertant, elmi işçi, professor-müəllim heyətinə
və Universitetin digər kateqoriyadan olan oxucularının
informasiya tələbatına uyğun xidmət göstərir.
Kitabxana fondunda fənn proqramlarında tövsiyə
olunmuş tədris-metodik vəsaitlər və onların
nüsxələri mövcud normalara uyğundur.
Kitabxananın fəaliyyətinin əsas istiqamətləri kitablar və digər sənəd
növləri üzrə fondlar formalaşdıraraq, informasiya
ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin
fondları özündə əks etdirən mükəmməl
ənənəvi və elektron kataloq-kartoteka və biblioqrafik
vəsaitlər sistemi tətbiq etmək, onu daim inkişaf
etdirməklə bu fondları oxucuların istifadəsinə
verməkdən ibarətdir. Kitabxanada müasir
informasiya texnologiyalarının tətbiqinə xüsusi
önəm verilir. Elektron kitabxananın ən
müasir prinsiplər əsasında qurulması və elektron
fondların inkişaf etdirilməsi məqsədilə burada Rəqəmsallaşdırma
şöbəsi də fəaliyyət göstərir. Portativ kompyuterləri
olan oxucular kitabxananın oxu zalından internetə simsiz əlaqə
sistemi ilə də qoşula bilərlər. Kitabxanada
İRBİS Kitabxana Avtomatlaşdırılma Sisteminin
(İRBİS 64)
tam komplekti tətbiq edilir. Bu sistem
fondun komplektləşməsindən tutmuş, kitab
verilişinədək bütün kitabxana proseslərinin
avtomatlaşdırılmasını təmin edir. Hər bir İnternet istifadəçisi Kitabxananın
Web səhifəsinə daxil olaraq onun Elektron kataloqundan və
digər elektron resurslarından istifadə edə bilər.
Kitabxanada Azərbaycan, rus və digər xarici dillərdə
olan ədəbiyyatı əks etdirən əlifba və
sistemli kataloq tərtib edilib. 2006-cı ildən
etibarən Kitabxananın aldığı bütün kitablar
haqqında məlumat Elektron kataloqa (EK) daxil edilir. ADU-nun elektron kitabxanası ümumi istifadə
üçün açıq olan vokal və uzaq məsafədə
yerləşən paylanmış informasiya ehtiyatlarına
malikdir. Elektron kitabxananın informasiya
ehtiyacı rəqəmli formada hazırlanmış müxtəlif
formatlı sənədlərdən ibarətdir.
ADU-nun
beynəlxalq əlaqələri
Akademik
qeyd edib ki, ADU Erasmus+ proqramı çərçivəsində
İtaliyanın Kafoskari Universiteti, Rumıniyanın
Babes-Bolyai, Lucian Blaga, Buharest, Alexandru Yoan Kuza Yasi, Piteşti və
Transilvaniya Universitetləri, Fransanın Bordo, Ruan Universitetləri,
Polşanın Konin Universiteti, Serbiyanın Belqrad Universiteti,
Türkiyənin Hacettepe, Sivas Cümhuriyyət, Qafqaz,
İspaniyanın Kadiz və Mursiya Universitetləri ilə əməkdaşlıq
edir, eyni zamanda, Litvanın Vilnus Universiteti, Türkiyənin
Sakarya Uygulamalı Bilimlər və İstanbul Aydın
Universiteti ilə müqavilə imzalanmağı
planlaşdırılır. Universitetimiz
ümumilikdə 23 xarici universitet ilə əməkdaşlıq
edir. ADU-nun Türkiyənin 9 Eylül, Hacettepe, Sivas
Cumhuriyyət, Qafqaz, Atılım, Alanya Alaatdin Keykubat, Sakarya
Uygulamalı Bilimlər, Bandırma Onyeddi Eylül, Tekirdağ
Namık Kemal, Erciyez, Üsküdar, Çanakkale Onsekkiz Mart,
Ankara və İstanbul Aydın Universitetləri,
Praqanın Beynəlxalq və
İctimai Əlaqələr ofisi, Çexiya Karaqanda
Universiteti, Qazaxıstanın Atrau Universiteti, Serbiyanın
Belqrad Universiteti, Gürcüstanın Batumi Dənizçilik
Məktəbi, Rusiyanın Ural Federal Universiteti, Tolstoy adına Tula Dövlət
Pedaqoji Universiteti, Xakasiya Universiteti, Belarusiyanın
Baranoviçi Universiteti, İndoneziyanın İslam Malanq
Universiteti, İndoneziya Universiteti, Xorvatiyanın Zaqreb
Universiteti, Macarıstanın Elte Universiteti, Rumıniyanın
Babeş - Bolyai Universiteti ilə
tərəfdaşlıq müqavilələri var və
genişlənir. Bu
proqramlar çərçivəsində son on ildə 500-dən
çox tələbə dünya universitetlərinə
göndərilib. Əməkdaşlıq müqavilələri
müəllimlərin təkmilləşməsini, birgə tədqiqatların
həyata keçirilməsini, birgə nəşrlər, elmi
və elmi-metodik əsərlərin jurnallarda dərc
olunmasını, professor-müəllim heyətinin peşə
hazırlığının artırılması istiqamətində
birgə layihələri, inzibati işçilərin
kvalifikasiyasının aparılması və sair nəzərdə
tutur.
Əcnəbi
tələbələr
Kamal
Abdullanın söylədiyinə görə, ADU-nun İngiltərənin Essex
Universiteti və Fransanın Strazburq Universiteti ilə ikili diplom
layihələri var. Bundan əlavə, Türkiyənin
Atılım Universiteti ilə ikili diplom proqramı
yekunlaşmaq ərəfəsindədir, o cümlədən,
Türkiyənin Kars Qafqaz Universiteti və Ordu Universiteti ilə
bununla bağlı müzakirələr aparılır:
"ADU-da cari il 115 əcnəbi tələbə təhsil
alıb. Hazırda 98 əcnəbi tələbəmiz var.
ADU-da 4 nəfər Çin, 1 nəfər macar, 1 nəfər rumın, 1 nəfər alman, 1 nəfər
Pakistan, 1 nəfər italyan olmaqla 9 nəfər müəllim
fəaliyyət göstərir".
ADU-nun hədəfləri
Rektor deyib ki, bugünədək çox uğurlar əldə edilib. Görülən işlər az deyil: "Elmlə təhsilin inteqrasiyasında daha da irəli getməyi, daha böyük uğurlar qazanmağı, rəhbəri olduğu universitetdə bir çox dilləri təbliğ edən, öyrədən, dil və mədəniyyət mərkəzləri açmağı planlaşdırırıq. Həmin dillərin xalqlarının mədəniyyəti, tarixi, ədəbiyyatı təbliğ olunur. Biz çalışırıq ki, o ölkələrin universitelərində Azərbaycan dilini və mədəniyyətini təbliğ edən mərkəzlər yaradaq. Biz artıq bu istiqaməti ikitərəfli etməyə çalışırıq. ADU-da müxtəlif dilləri, onların mədəniyyətlərini təbliğ ediriksə, öyrəniriksə və bu istiqamətdə tələbələrimiz varsa, qarşımıza məqsəd qoymuşuq ki, biz də mədəniyyətimizi xarici ölkələrdə təbliğ edək. Artıq bu istiqamətdə müəyyən işlər görürük, səfirliklərlə əlaqə saxlayırıq. Hər şey qarşılıqlı olmalıdır. Onlar da Azərbaycan həqiqətlərini, mədəniyyətini öz universitetlərində təbliğ etməlidirlər. Necə ki, onlar burada mərkəzlərin yaradılmasında müəyyən maddi yardım göstəriblər, eləcə də bizim universitet həmin ölkələrdə Azərbaycan mədəniyyətinin yayılması ilə bağlı müəyyən vəsait qoymağa hazırdır. Eyni zamanda, ADU-da yeni mərkəzlərin açılması da planlaşdırılır".
Sevinc QARAYEVA
525-ci qəzet.-
2023.- 29 mart.- S.10;11.