1918-ci il mart soyqırımı
Azərbaycan tarixində çoxlu şanlı səhifələrlə
yanaşı faciələr
və soyqırımlı
səhifələr də
vardır. Bu dəhşətli
hadisələrdən biri
1918-ci il mart-aprel aylarında erməni millətçiləri
tərəfindən yaşanmışdı.
Mart soyqırım təkcə
Azərbaycan tarixində
deyil, dünya tarixində törədilən
ən qanlı faciələrdən biridir.
Hələ 1917-ci ilə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində erməni
millətçisi Stepan
Şaumyanın başçılığı
ilə bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman
əhalisini qırmaq,
Bakını rus-erməni
şəhərinə çevirmək
istəyirdilər. Bu işdə erməni "Daşnaksutyun" partiyası
da yaxından kömək edirdi. Beləliklə, 1918-ci ilin martın
30-da bolşevik-daşnak qüvvələri
Bakıda azərbaycanlıların
kütləvi qırğınına
başladılar. Düşmənlər
qocaya, qadına, hətta azyaşlı körpə uşaqlara da vəhşicəsinə
qanlı divan tutdular, insanları süngüdən
keçirərək diri-diri yandırdılar, evlərini dağıtdılar. Aprelin 3-dək minlərlə müsəlman
əhali qətlə yetirildi.
Mart soyqırımı nəticəsində ümumilikdə
30 mindən çox,
o cümlədən, Bakıda
12 mindən çox azərbaycanlı qətlə
yetirildi. Milli memarlıq abidələrimiz,
məktəblər, xəstəxanalar,
məscidlər və
digər binalar dağıdıldı. Bakının
böyük bir hissəsi xarabalığa
çevrildi, nadir memarlıq
abidəmiz olan "İsmailiyyə" binası,
Tağıyev teatrı,
"Açıq söz"
və "Kaspi" qəzetinin redaksiyaları
yandırıldı, "Təzəpir"
məscidi dağıdıldı.
Bu qırğınlar təkcə Bakıda deyil, Qarabağda, Naxşıvanda, Göyçayda,
Şamaxıda, Qubada,
Kürdəmirdə, Salyanda
və Lənkəranda
törədilmişdi. Mart hadisələri ilə bağlı məlumatların çoxu
məhv olunduğu üçün yenidən
araşdırılır. Son araşdırmalara
görə təkcə
Şamaxı şəhərində
təqribən ermənilər
tərəfindən 14-16 min nəfərin, onun 40 kənd və obasında 6-8 min nəfərin
öldürüldüyü bildirilir. Didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox
olub. Quba qəzasında isə
ümumilikdə 4 min nəfərdən
artıq olduğu bildirilir. Bu soyqırım
nəticəsində Quba
qəzasının 122 kəndi
tamamilə dağıdılıb,
2750 ev yandırılıb.
2007-ci il aprelində Quba
stadionunun təmiri ilə əlaqədar qazıntı işləri
aparılan zaman kütləvi məzarlıq
aşkarlanmışdı. Məzarlıqda 500-dək insan kəlləsi
vardı, onların
50-dən çoxu uşaqlara,
100-dən çoxu isə
qadınlara məxsus idi. Bu insanların
1918-ci ildə ermənilərin
Qubada törətdiyi soyqırımın qurbanı
olduğu sübuta yetirildi. Araşdırmalar
göstərir ki, ermənilər dinc əhaliyə divan tutarkən
odlu silahdan istifadə etməyiblər,
sümüklərdə güllə yeri yoxdur, buradakı soydaşlarımız başlarına
küt alətlə, mismar vurmaqla qətlə yetirilib, sonra isə quyulara doldurulub üzəri torpaqla örtülüb.
Ermənilərin xalqımıza qarşı törətdiyi Mart soyqırımı faciəsinin araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlandı. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı" haqqında Prezidentin fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verildi, 31 Mart - Azərbaycanlıların soyqırım günü elan edildi. Həmin fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsilə bağlı Ulu öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etdi.
31 Mart soyqırımı təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırım haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə tədqiqatçılar tərəfindən qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır. Məhz xalqımızın tarixi yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Prezident cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində "Soyqırım memorial kompleksi" yaradılmasına qərar verdi və Soyqrımı memorial kompleksinin açılışı zamanı çıxış edərək dedi: "1918-ci il mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız faşizmin qurbanı olmuşdur... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlə və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir". Eyni zamanda, bolşevik-daşnak silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə düzgün çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzaladı.
Xalqımız ona
qarşı törədilən bu cinayətləri
heç vaxt unutmayacaq, daim güclü və mübariz
xalq kimi yaşayacaq.
İradə
ƏLİYEVA
N.Fərəczadə
adına 100 nömrəli tam orta məktəbin tarix müəllimi,
Əməkdar müəllim
525-ci qəzet.- 2023.- 29 mart.- S.6.