EKSPERİMENTAL ROMAN
(Əvvəli ötən
sayımızda)
İlk
növbədə belə bir sual yaranır: ədəbiyyatda
eksperiment mümkündürmü? İndiyə
qədər onda yalnız müşahidədən istifadə
edilib.
Klod Bernard müşahidə və eksperiment haqqında
çox danışır. Burada onların ikisi arasında
çox aydın bir hədd qoyulur: "O kəs müşahidəçi
adlanır ki, sadə və ya mürəkkəb təhqiqat
metodlarından istifadə edərək, hadisələri dəyişdirmədən
öyrənir və buna görə də həmin hadisələri
təbiətin ona təklif etdiyi kimi qəbul edir; eksperimentator
isə sadə və ya mürəkkəb tədqiqat
üsullarını tətbiq etməklə təbiət hadisələrini
təbiətin yaratmadığı şərait və ya
şərtlərdə meydana çıxması
üçün hər hansı məqsəd naminə dəyişdirir
və ya fərqli hala gətirir". Məsələn,
astronomiya yalnız müşahidədən istifadə edən
elmdir, çünki astronom səma cisimlərinə təsir
edə bilməz; kimya isə eksperimental elmdir, çünki
kimyaçı təbiətə təsir edir və onu dəyişdirir.
Bu, Klod Bernardın fikrincə, müşahidə
və eksperiment arasındakı yeganə əsas fərqdir.
Mən eksperiment və müşahidənin indiyə qədər
mövcud olan müxtəlif təriflərini təhlil edərkən
Klod Bernardın ardınca getmək imkanında deyiləm. Dediyim kimi, o
belə qənaətə gəlir ki, əslində, eksperiment
şüurlu şəkildə yaranmış müşahidədir.
Onun sözlərini sitat gətirirəm: "Eksperimental metodda
faktların nəzərdən keçirilməsi, yəni tədqiqat
həmişə əsaslandırma ilə müşayiət
olunur - adətən, eksperimentator irəli
sürülmüş fikrin düzgünlüyünə nəzarət
etmək, onu yoxlamaq məqsədilə eksperiment aparır. Deyə bilərik ki, bu halda eksperiment nəzarət məqsədilə
aparılan müşahidədir".
Ancaq
naturalist romanda müşahidənin hansı rol
oynadığını və eksperimentin hansı rol
oynadığını təyin etmək üçün bu
parçanı sitat gətirməyim kifayətdir:
"Müşahidəçi sadəcə olaraq, öz
gözü qarşısında hansı hadisələrin
baş verdiyini müəyyən edir... O, hadisələrin
fotoqrafı olmalıdır; onun müşahidələri
naturanı dəqiq əks etdirməlidir... O, təbiəti
dinləyir və təbiətin diktəsi ilə yazır. Ancaq fakt müəyyən edildikdə və hadisə
müşahidə edildikdə fikir yaranır, əsaslandırma
məsələyə müdaxilə edir, sonra isə
eksperimentator hadisəni yozan rolunda çıxış edir.
Eksperimentator - az və ya çox ehtimal
olunan, lakin müşahidə etdiyi hadisələrin ilkin təhlili
üzərində elə bir eksperiment quran şəxsdir ki, məntiqi
təxminlər silsiləsi əsasında fərziyyəyə
və ya apriori ideyaya nəzarət etmək mümkün
olsun... Təcrübənin nəticəsi məlum
olduqda isə eksperimentator özünün təxmin etdiyi əsl
müşahidə ilə üz-üzə gəlir, bu
müşahidəyə də o biri müşahidələr
kimi, heç bir ön yarğılı fikirlə yanaşmaq
olmaz. Təxmin etdiyi müşahidə ilə
üz-üzə gələn eksperimentator yoxa
çıxmalı, daha doğrusu, bir an içində
müşahidəçiyə çevrilməlidir; və
yalnız eksperimentin nəticələrini adi müşahidədə
olduğu kimi təsbit etdikdən sonra o, eksperimentin ifadə
olunmuş fərziyyəni təsdiq və ya təkzib etdiyini
düşünməyə, müqayisə və mühakimə
etməyə başlayacaq".
Bütün mexanizm burada verilib. Bu, kifayət qədər mürəkkəbdir
və Klod Bernard belə deməli olmuşdu: "Bütün
bunlar tibb kimi qeyri-dəqiq elm sahəsində tədqiqat aparan
bir alimin başında baş verəndə, burada
müşahidədən doğan elementlərlə eksperimentdən
alınan elementlərin o qədər sıx
çulğalaşması olur ki, həllolunmaz bir
qarışıqdakı elementlərin hər birini analiz etməyə
çalışmaq qeyri-mümkün və mənasız
olardı". Ümumiyyətlə, onu deyə
bilərik ki, müşahidə "göstərir",
eksperiment isə "öyrədir".
Romana müraciət etsək, görərik ki,
romançı həm müşahidəçi, həm də
eksperimentatordur. O, müşahidəçi olaraq faktları
müşahidə etdiyi kimi təsvir edir, başlanğıc
nöqtəsini müəyyənləşdirir, personajlarının
fəaliyyət göstərəcəyi və hadisələrin
cərəyan edəcəyi möhkəm zəmini
hazırlayır. Sonra o, eksperimentator olur və
eksperiment aparır - yəni konkret əsər çərçivəsində
personajları hərəkətə gətirir, orada baş verən
hadisələrin ardıcıllığının tədqiq
olunan hadisələrin məntiqinin tələb etdiyi kimi tam
eyni olacağını göstərir. Burada,
demək olar ki, həmişə qarşımızda, Klod
Bernardın sözü ilə desək, "əyanilik
üçün" bir eksperiment var. Romançı həqiqət
axtarışına çıxır. Məsələn,
götürək Balzakın "Betta bacı" əsərindəki
baron Yulo obrazını. Balzakın
müşahidələri ilə müəyyən edilən əsas
fakt məhvolmadır, ehtiraslı kişilər
özünü, ailəsini və cəmiyyəti məhv edirlər.
Yazıçı süjeti ona müşahidələrdən
məlum olan faktlara əsasən seçir, sonra eksperiment
aparır, ehtiras mexanizminin necə işlədiyini göstərmək
üçün Baron Yulonu silsilə sınaqlara məruz
qoyur, öz personajını bu və ya digər mühitə
daxil edir. Tamamilə aydındır ki,
qarşımızda təkcə müşahidə yox, həm
də eksperiment var, çünki Balzak topladığı
faktları göstərən fotoqraf roluna tam əməl etmir,
birbaşa öz obrazını özünün idarə etdiyi
müəyyən şəraitlərdə yerləşdirmək
məqsədini güdür. Vəzifə bunu göstərməkdir
ki, hansısa insan ehtirası hansısa mühitdə,
hansısa şəraitdə inkişaf edərsə, nə
baş verəcək, ayrıca fərd və bütün cəmiyyət
baxımından bu nələrə səbəb olacaq; və
"Betta bacı" kimi eksperimental roman, sadəcə olaraq,
yazıçının ictimaiyyət qarşısında bir
neçə dəfə təkrar etdiyi təcrübənin
protokol qeydini əks etdirir. Bir sözlə,
bütün əməliyyat bundan ibarətdir ki, faktlar naturadan
götürülür, sonra hadisələrin yaranma mexanizmi
öyrənilir, bunun üçün hadisələrə dəyişən
şərait və ətraf mühit təsir edir, onlar
heç vaxt təbiətin qanunlarından kənara
çıxmır. Son məqsəd isə
insanı anlamaq, onu ayrıca bir fərd və cəmiyyətin
bir üzvü kimi elmi baxımdan dərk etməkdir.
Əlbəttə, burada biz kimyada və hətta
fiziologiyada əldə etdiyimiz dəqiqlikdən uzağıq. İnsan
ehtiraslarını tərkib hissələrinə
parçalayan və onları təhlil etməyə imkan verən
reagentlər hələ kəşf edilməmişdir. Bu essedə bir neçə dəfə sizə
xatırlatmalı olacağam ki, eksperimental roman təzəcə
dünyaya gəlmiş eksperimental tibdən daha gəncdir.
Ancaq mən onun artıq hansı nəticələri
əldə etdiyini müəyyən etmək fikrində deyiləm,
yalnız metodun özünün nə olduğunu aydın
şəkildə ifadə etmək istəyirəm. Əgər eksperimental romanın müəllifi hələ
də bütün elmlərin ən qaranlığı və ən
mürəkkəbi ərazisində əl havasına hərəkət
edirsə, bu da onun mövcudluğuna mane olmur. Və naturalist roman, şübhəsiz ki, indi
qarşımızda göründüyü kimi,
yazıçının öz müşahidələrinin
köməyi ilə bir insan üzərində
apardığı həqiqi bir eksperiment hesab edilməlidir.
Yeri gəlmişkən, bu təkcə mənim deyil, həm
də Klod Bernardın fikridir. Bir yerdə o deyir: "Praktik həyatda
insanlar bir-birləri üzərində eksperiment aparmaqdan
başqa heç nə etmirlər". Bu isə onun daha
inandırıcı ifadəsi, eksperimental romanın
bütöv bir nəzəriyyəsidir: "Biz öz əməllərimiz
haqqında danışarkən sadiq bir bələdçimiz -
şüurumuz var: biz nə
düşündüyümüzü, nə hiss etdiyimizi
bilirik. Başqa bir insanın hərəkətlərini
mühakimə etmək, onu bu cür hərəkətlərə
sövq edən səbəbləri anlamaq istədikdə isə
vəziyyət tamamilə fərqlidir. Təbii ki,
gözümüzün qabağında bu insanın hərəkətləri,
eləcə də, şübhəsiz, bizim fikrimizcə, onun
hiss və istəklərinin başqa təzahürləri var.
Bundan əlavə, biz hesab edirik ki, əməllər və
onların səbəbləri arasında zəruri əlaqə
var. Bəs həmin səbəb nədir? Biz bunu
hiss etmirik, özümüzdə olduğunu dərk etdiyimiz
kimi onu dərk etmirik; ona görə də onu şərh etməli,
gördüyümüz hərəkətlərə və
eşitdiyimiz sözlərə görə təxmin etməliyik.
Bu adamın bir hərəkətini digər hərəkətləri
ilə tutuşdurmaq məcburiyyətindəyik; hər
hansı bir şəraitdə onun özünü necə
apardığına baxacağıq - bir sözlə,
eksperimental metoda əl atacağıq". Yuxarıda dediklərimin hamısı alimin bu son ifadəsində
yığcam şəkildə ifadə olunub.
Klod
Bernardın məni heyrətləndirən başqa bir
obrazlı ifadəsi: "Eksperimentator təbiət hadisələrini
təhqiq edən müstəntiqdir". Biz
romançılar da insanları və onların
ehtiraslarını araşdıran müstəntiqlərik.
Və eksperimental metodun indiki imkan daxilində bütün ciddiyyəti ilə tətbiqinə bu nöqteyi-nəzərdən baxanda işığın dərhal şəfəq saçmağa başladığını görün. Biz - naturalist yazıçılar gülünc bir qınağa tuş gəlmişik, guya biz sadəcə fotoqraf olmaq istəyirikmiş. İnsanın həm temperamentini, həm də şəxsiyyətinin digər təzahürlərini nəzərə almağımızla bağlı təsbitlərimizə heç kim qulaq asmır, cavab olaraq bizə qarşı axmaq arqumentlər irəli sürməkdə davam edirlər, gerçəkliyi dəqiq şəkildə təsvir etməyin mümkün olmadığını və heç olmasa bir neçə bədii əsər yaratmaq üçün faktları "nizamlamağın" zəruri olduğunu deyirlər. Yaxşı, onda romanda eksperimental metodu tətbiq edin, bütün fikir ayrılıqları aradan qalxacaq. Eksperiment ideyası modifikasiya ideyasını ehtiva edir. Biz həqiqi faktlardan çıxış edirik, gerçəklik bizim sarsılmaz təməlimizdir; lakin faktların mexanizmini göstərmək üçün biz hadisələrə üz tutmalı və onları istiqamətləndirməliyik və burada biz yaradıcı təxəyyülümüzə sərbəstlik veririk. Beləliklə, aşağıda müraciət edəcəyim forma və üslub məsələlərinə toxunmadan, indidən iddia edirəm ki, romanda naturalistik metodu tətbiq etməklə, təbiilik çərçivəsindən kənara çıxmadan naturanı dəyişdirməliyik. Yuxarıdakı "Müşahidə göstərir, təcrübə isə öyrədir" tərifinə sadiq qalaraq biz artıq kitablarımızın eksperiment yolu ilə öyrətmək hüququnun tanınmasını tələb edə bilərik.
Bu, yazıçının rolunu azaltmır, əksinə, onu son dərəcə yüksəldir. Ən sadə təcrübə belə həmişə öz mahiyyətində müşahidə nəticəsində yaranan ideyanı ehtiva edir. Klod Bernardın dediyi kimi: "Təcrübə ilə təsdiqlənmiş fikir heç bir halda özbaşına deyil, sırf bizim uydurmamız deyil: onun həmişə müşahidəyə məruz qalan gerçəklikdə, yəni naturada dayaq nöqtəsi olmalıdır". Eksperimental metod tamamilə müşahidə nəticəsində yaranan ideyaya və ona qarşı şübhələrə əsaslanır. "Sonra eksperiment ilə nəzarət olunan ideya, - o davam edir, - kortəbii yaranır və öz təbiətinə görə tamamilə fərdi olur; bu, xüsusi duyğudan irəli gəlir, bu "quid proprium"dur, yəni hər bir insanın orijinallığı, özünəməxsusluğu, mənəvi varlığının incəlikləridir". Daha sonra Klod Bernard şübhəni elmi idrakın güclü alətinə çevirir: "Alimin şübhə etməsi təbiidir; alim yalnız özünə və özünün izahlarına şübhə edir, elmə isə inanır; hətta eksperimental elmlərdə belə canlı təbiət hadisələri kimi həm də ölü təbiət hadisələri üçün mütləq olan bir meyarın və ya mütləq prinsipin - hadisələrin determinizminin mövcudluğunu etiraf edir". Beləliklə, eksperimental metod romançını dar bir çərçivəyə qapamır, onun bir mütəfəkkir kimi zehninə, sənətkar istedadına tam sərbəstlik verir. Axı yazıçı görməli, anlamalı, icad etməlidir. Müşahidə olunan faktlardan onun qarşıdakı eksperimentlə - reallığı dərindən dərk etmək üçün yazılmalı olan romanla bağlı ideyası doğulmalıdır. Bu eksperimentin planını düşünüb qurduqdan sonra isə o, hadisələrin determinizminə yalnız uyğun gələn faktları qəbul edən bir insan kimi eksperimentin nəticələrini tam sərbəst götür-qoy edəcək. O, tam biliyə çatmaq üçün şübhədən çıxır və yalnız özünün sökdüyü və yenidən yığdığı ehtiraslar mexanizminin təbiət qanunlarına uyğun işlədiyinə əmin olduqda şübhəyə son qoyur. İnsan ağlı üçün daha böyük və daha sərbəst həll olunan problem yoxdur. Sonralar biz sxolastiklərin, ideal sistemləşdiricilərinin və nəzəriyyəçilərin yoxsulluğunun, bununla yanaşı, eksperimentatorların zəfərinin şahidi olacağıq.
Sonda bir daha təkrar edirəm ki,
naturalist romançılar müşahidə edir və
eksperiment aparırlar, onların bütün
yaradıcılığı şübhədən
doğulur, bu şübhə isə yaxşı başa
düşülməyən həqiqətlərdən və
izaha gəlməyən hadisələrdən mayalanır;
günlərin birində bu və ya digər eksperimentin
aparılmasının zəruri olduğu düşüncəsi
naturalist romançıların istedadını oyadır və
onlar faktları təhlil edib anlamağa çalışaraq
eksperiment aparmağa başlayırlar...
Emil ZOLYA
Məti
Osmanoğlu
525-ci qəzet.- 2023.- 30 mart.- S.14.