Böyük soyun sorağında: Qabulzadələrin
tanınmış simaları
1977-ci ilin noyabrında Zaqatala şəhərində
ezamiyyətdə olarkən mərhum Sədi dayımdan nəslin
tarixini soruşdum. O, mənə atası Abdulla əfəndinin əli ilə
yazılmış, nəslin ilk 6 nümayəndəsinin
adlarını oxudu və VII, VIII və IX nəsil nümayəndələrini
də diktə etdi.
Sənəddə
yazılmışdı: "Şirvandan - Qobustandan gəlibdir
Qaxa Şeyx Bünyad, oğludur Məhəmməd, oğludur
Hacı Pirməhəmməd, oğludur Molla Qabul, ogludur Molla Xəlil,
oğlanlarıdır: Qabul, Hacı Musa və Hacı Baba
Əfəndi". Nəslin soykökünü
(şəcərəsini) tərtib edərkən məhz bu sənədi
əsas götürmüşəm. X, XI nəsilləri
böyük bacım Zinyət xanımla birlikdə, XII və
XIII nəsilləri özüm tərtib eləmişəm. XI nəsil daxil olmaqla soykökünün nümayəndələri
əsasən, İkinci Dünya mühariəsi dövrü
daxil olmaqla Zaqatala dairəsinin Qax kəndində
yaşamış və fəaliyyət göstərmişlər. Müharibədən
sonra keçmiş SSRİ-nin bəzi respublikalarında (əsasən,
Rusiya, Ukrayna, Gürcüstan və Orta Asiya respublikalarında)
Türkiyədə yaşamış və işləmişlər.
Yaşayış yerlərindən və
vaxtından asılı olmayaraq bu nəslin nümayəndələri
olan alimənsəb ruhanilər, ziyali şəxsiyyətlər,
dəyərli peşə sahibləri, hərbçilər,
elm adamları Azərbaycanın ictimai-siyasi, elmi və mədəni
həyatında dərin izlər buraxmışlar. 2007-ci ilin oktyabrında Azərbaycan Cümhuriyyəti
tarixinin (1918-1920) araşdırıcısı, professor
Ədalət Tahirzadə ilə mənim evimdə
görüşdük. Qardaşım və
yaxın qohumlarımın iştirakı ilə nəslimizin
nümayəndələri haqqında ətraflı məlumat
mübadiləsi apardıq. Sonda Ədalət
müəllim soyun nümayəndələri haqqında yetərincə
məlumatın olduğunu nəzərə alaraq onları sənədləşdirməyi
mənə məsləhət gördü.
Mənim topladığım materiallar əsasən, nəslin
yaşlı nümayəndələrinin məlumatlarından,
"Şəlalə" (Qax rayonu), "Zaqatala" (Zaqatala
rayonu), "Azərbaycan", "Panorama", "Liqa" qəzetlərindəki,
"Azərbaycan qadını", "Hesabat"
jurnallarındakı yazılardan ibarət idi. Bunlardan əlavə,
Ədalət Tahirzadənin "525-ci qəzet"in səhifələrində
Qabulzadə Abdulla əfəndi İbrahim oğlu (20 mart, 3, 10
aprel 2010) və Qabulzadə Baba bəy Abdulla əfəndi
oğlu (22, 29 oktyabr, 5 noyabr 2011) haqqında geniş məqalələri
çıxıb. Bütün bu materiallar
əsasında mənim 2012-ci ildə "Azərbaycan Tarixi
Şəcərə Cəmiyyətinin Xəbərləri"
toplusunda Azərbaycan və rus dillərində 60 səhifəlik
məqaləm nəşr olundu. Bu məqalədə,
əsasən, Qabulzadə/Qabulov soyadı daşıyanlar qeyd
olunub. Bu səbəbdən də nəslin
bir çox görkəmli qadın alimləri, çox dəyərli
peşə və vəzifə sahibləri bu yazıya
düşməyib. Bu
çatışmazlığı aradan qaldırmaq məqsədilə
araşdırmaları Milli Kitabxanamızda, respublika və
Gürcüstan arxivlərində, Gürcüstan Milli
Kitabxanasında davam etdirdim.
Gürcüstan
Mərkəzi Tarix Arxivindəki (bundan sonra: GMTA) 24 avqust 1877-ci
ildə Bakı Xəzinə Odasından (Palatasından) Tiflisə
- Qafqaz Canişininin Baş İdarəsinə göndərilmiş
8596 saylı sənəddə yazılıb: "1873-cü
ilin kameral təsvirində Zaqatala dairəsi Qax-Mugal kəndinin
yeddi: 94, 95, 96, 97, 98, 99 və 100 ¹-li Qabulov ailələri bəy
nəsli qismində qeyd olunlub". Həmin sənədin
başqa bir hissəsində isə yazılıb: "Qax kəndində
yaşayan Qabulovlar soyadı Zaqatala Silki-Torpaq
Komissiyasının 4 iyun 1874-cü il
tarixli jurnalı qərarı ilə bəy kimi
tanınıb".
2014-cü ilin 21 oktyabrında Gürcüstan arxivindən
çox dəyərli bir sənəd də əldə etdim
(GMTA, fond 254, siyahı 3, iş 1902). Orada Qax kəndində
yaşayan 11 Qabulov ailəsinin siyahısı verilib.
Siyahıda nəslin ailə başçılarının
(kişilərin) və onların qardaş və
oğullarının 01.01.1886-cı il
tarixindəki yaşları göstərilib (hər ailədə
qadınların sayı rəqəmlə qeyd olunub. VII və
VIII nəsil kişi nümayəndələrinin
doğum tarixlərini bu sənədə əsaslanaraq
hesablamışam).
Qabulzadələr/Qabulovlar, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın
ictimai-siyasi-mədəni həyatında həmişə fəallıq
göstəriblər. Burada onlardan yalnız bir neçəsi haqqında
qısa məlumat verəcəyəm.
lll
Abdulla əfəndi İbrahim (Hacı Baba) əfəndi
oğlu Qabulzadə (1853-1943) XX yüzil Azərbaycan tarixində
şərəfli iz qoymuş görkəmli Azərbaycan
aydınlarının qabaqcıl nümayəndəsidir. O, maarifsevər din alimi,
Zaqatala Dairəsi Qax bölgəsinin qazısı, şəriət
məhkəməsinin hakimi təyin
edilmişdi.
Abdulla əfəndi 1902-ci ildə öz vəsaiti ilə
Qaxda məscid nəzdində ilk məktəb
açmışdı. O, 16.01.1919-16.10.1919-cu il tarixlərində
Azərbaycan Cumhuriyyəti Parlamentində Zaqatala Dairəsini təmsil
etmiş görkəmli şəxsiyyətdir.
1918-ci ildə Azərbaycan xalqını məhv olmaqdan
xilas etmiş Nuru paşanın komandanlıgı altında
Türk ordusunu Abdulla əfəndi Qaxda təntənə ilə
qarşılamış və el arasındakı bütün
nüfuzunu işə salaraq əhalini orduya
yardımçı olmaga səfərbər etmişdi.
Sözün həqiqi mənasında hərtərəfli
alim olan Abdulla əfəndini dəfələrlə Bakı
Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə
dərs deməyə dəvət etmişlər. Ailə vəziyyətindəki
problemlər və sağlamlıgı üzündən bu dəvətləri
qəbul edə bilməyib.
1942-ci ildə "NKVD" onu Qaxdakı evindən
aparıb, 2-3 gün saxlayaraq dindirib. Həm əməllərində
hökumətə qarşı bir fəaliyyət
tapılmadığına, həm də yaşının
çoxluguna görə həbsdə saxlamayıblar.
Ancaq ona elə bir mənəvi zərbə vurublar ki, bu hətta
güllədən də betər olub - onu apararkən evindəki
dəyəri heç nə ilə ölçülə bilməyəcək
son dərəcə qiymətli kitabxanasını: yüzlərcə
qədim əlyazmanı, Türkiyə, Ərəbistan və
Rusiyada basılmış tibb, riyaziyyat, kimya,
ilahiyyatşünaslıq və başqa elm sahələrinə
aid olduqca dəyərli kitablarını "NKVD"nin həyətində
2 gün ərzində yandırmışlar. Bu
itkidən özünə gəlməyə bilməyən
Abdulla əfəndi 1943-cü ilin yayında Haqq
dünyasına qovuşub. Onun mənəvi
irsini 3-ü elmlər doktoru və 4-ü elmlər namizədi
olan 2 nəvəsi və 5 nəticəsi davam etdirmiş və
etdirməkdədir.
İslam bəy Hacı Pirməhəmməd bəy
oğlu Qabulzadə (1879-1920) həyatını millətinin
maariflənməsinə həsr etmiş, Azərbaycanın
azadlıq və müstəqilliyi, səadəti uğrunda
şəhid olmuş aydınımızdır. O, 1905-ci ilin avqust ayında
öz vəsaiti hesabına Qaxda ikisinifli məktəb
açıb və bəzi dərslərini özünün
yazdığı dərsliklərdən keçib (bu dərsliklərdən
ölkənin başqa məktəblərində də istifadə
olunub). Onun "Qəvaidi-lisani-türki"
(1902) dərsliyindən Azərbaycan məktəblərində
türk dili müəllimləri, "Rəhbəri-hesab"(1910)
dərsliyindən isə riyaziyyat müəllimləri uzun illər
yararlanıblar.
Azərbaycan ictimai-siyasi tarixində mühüm yer
tutmuş, 1907-ci ildə Dağıstan vilayəti və
Zaqatala dairəsindən Rusiya III Dövlət Dumasına
deputat seçilmiş İbrahim bəy Heydərovun (1879, Dərbənd-1949,
Ankara) Dumadakı çıxışlarından birinin mətni
1912-ci ildə Bakıda türkcə nəşr edilib. 16 səhifəlik
məruzənin xeyli hissəsi Qax məktəbinin müəllimi
İslam bəyin simasında çar hakimiyyətinin təhsildə
müsəlmanlara qarşı necə mürtəce siyasət
yürütdüyünün kəskin ifşasına həsr
edilib.
Bir müddət sonra Bakıya köçmüş
İslam bəy burada da müəllimliyini davam etdirib,
1914-cü ildə "Şəfa" cəmiyyətinin katibi
seçilib.
1918-ci
ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilmiş
İslam bəy Gürcüstanda uğradığı quldur basqınından
sonra istefa verib, bu üzdən Azərbaycan Milli
Şurasının üzvü və sonra Parlament üzvü ola bilməyib. Ancaq o, əqidəli
müsavatçı idi. 2 dekabr 1919-cu ildə
Musavat Partiyasının 2-ci qurultayı keçirilərkən
qurultayın katibi seçilib. İlk qurultayın materialları
ermənilər "İsmailiyyə"ni
yandırarkən məhv edilsə də o, katib kimi qərarın
mətnini qoruyub saxlayıb. Onun bu məlumatı
2-ci qurultayda böyük rəğbətlə
qarşılanıb. Yaxından dostluq
etdiyi Məhəmmədəmin Rəsulzadə deyirdi ki,
görkəmli maarifçi İslam bəy Qabulzadə kimi
insanlardan nümunə götürmək gərəkdir.
1920-ci ildə Şəkidə qızlar məktəbi
açılır. Məktəbin müdirəsi Badisəba
xanım (Firudun bəy Köçərlinin həyat
yoldaşı) İslam bəyə müraciət edir. İslam bəy belə qərara gəlir ki, nümunə
üçün öz qohumlarından iki qızı məktəbə
göndərsin. Onlardan biri Abdurrahman bəyin
qızı Gülarə, digəri isə qardaşı Abdulla
əfəndinin qızı Salihə idi.
Kommunistlərin 1920-ci ildə güllələdiyi ilk
azadlıq fədailərindən biri də məhz İslam bəy
olub. Bu
gün onun adına Qax şəhərində
küçə var.
Həmzət bəy Həbibulla bəy oğlu
Qabulov-Şirvanlı (1884-1912) ilk təhsilini Qaxda aldıqdan
sonra Stavropol gimnaziyasında, daha sonra isə Kiyev hərbi məktəbində
oxuyub. Bir
müddət Tiflisdə dövlət qulluğunda
çalışdıqdan sonra 1908-ci ildən "Zakavkazye"
qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Onun
sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı
haqqında çoxlu dəyərli yazılar
çıxıb. M.F.Axundzadənin rusca
ilk tərcümeyi-halı məhz Həmzət bəyin əli
ilə bu qəzetdə işıq üzü görüb.
Onun "Zakavkazye", "Molla Nəsrəddin",
"Bakinskiy den", "Məktəb" kimi qəzet və
jurnallardakı çoxlu məqalələri millətimizin
ozamankı ən vacib problemlərinə toxunub. Bu
böyük jurnalist və ictimai xadim Tiflisdə hədsiz
yoxsulluq və xəstəlik içərisində yaşayaraq
çox gənc yaşında dünyasını dəyişib.
Həmzət
bəyin 1908-1911-ci illərdə "Zakavkazye" qəzetində
40-dan çox, 1909-1910-cu illərdə
"Molla Nəsrəddin" məcmuəsində "Sofi Zənbil"
gizli imzası altında 15-dən artıq məqaləsi
çıxıb. "Molla Nəsrəddin"dəkiləri
bir yerə yığaraq "525-ci qəzet"in
oxucularına təqdim etmişik (1, 2, 3 may 2018).
Biz onun publisistik irsini toplayaraq 2019-cu ildə ayrıca
kitab şəklində nəşr etdirmişik (Həmzət
bəy Qabulov-Şırvanlı. Seçilmiş məqalələri.
Bakı, 2019).
Baba bəy Abdulla əfəndi oğlu Qabulzadə (1893-1937)
XX yüzildə Azərbaycan ictimai-siyasi həyatında önəmli
rol oynamış ziyalılarımızdandır. "Əhrar"
partiyasının üzvü olan Baba bəy Azərbaycanın
qurtuluşu və müstəqilliyi uğrunda fəal
mücahiddir. O, Azərbaycan Cümhuriyyəti (1918-1920)
Parlamentinin üzvü idi. Atası Abdulla əfəndi
deputatlıqdan istefa verdikdə onun yeri boş qalmayıb.
Parlament sədri 25 dekabr 1919-cu il tarixli
iclasda bildirib: "Zaqataladan sabiq nümayəndə Abdulla Qəbulov
əvəzinə Baba bəy Qəbulov intixar edilmişdir
(seçilmişdir)".
Sovet rejimi Azərbaycanın bütün azadlıqsevər
oğulları kimi Baba bəyə də aman vermədi və
1937-ci ildə o da güllələnərək şəhid
edildi.
Xalidə
Məhəmməd bəy qızı Hasilova (1920-1996) ibtidai və
orta məktəblərin Birinci Azərbaycan qurultayının
nümayəndəsi kimi "Şərq qadını"
jurnalının 1938-ci il 1-ci nömrəsində "Kəndimizin
mədəni cəhətcə daha da yüksəlməsinə
çalışacağam" adlı məqaləsi ilə
publisistik fəaliyyətə başlamışdı.
O,
1943-1944-cü illərdə Zaqatala şəhər orta məktəbində
müəllim, 1948-1952-ci illərdə "Uşaqgəncnəşr"in
redaktoru, 1952-1953-cü illərdə "Azərbaycan
qadını" jurnalının ədəbi işçisi
olmuş, 1966-1972-ci illərdə "Göyərçin"
jurnalının baş redaktoru, 1972-ci ildən
ömrünün sonunadək "Azərbaycan
qadını" jurnalının baş redaktoru vəzifələrində
işləmişdi. İlk mətbu əsəri
1950-ci ildə işıq üzü görmüş Xalidə
xanımın 20-dən çox kitabı çap edilmişdi.
Tərcüməçiliklə də məşğul
olmuş X.Hasilova V.Korelenko, N.Tixonov, İ.P.Soto, Ə.Nesin və
başqalarından tərcümələr etmişdi.
O, "Azərbaycanın
Əməkdar Mədəniyyət İşçisi" fəxri
adına layiq görülmüşdü.
Eyni zamanda, Sovet Qadınlar Komitəsi Rəyasət Heyətinin,
Azərbaycan KP MK yanında Qadınlar Şurası Rəyasət
Heyətinin, Azərbaycan Yazıçılar İttifaqı
plenumunun üzvü idi, Bakı Şəhər Sovetinin
deputatı, Qadınların Əməyi və
Analığı Mühafizə Komissiyasının sədri
seçilmişdi. Xarici Ölkələrlə
Dostluq Cəmiyyəti nümayəndə heyətinin tərkibində
Macarıstan, AFR, İsveçrə, İran və Yaponiyada səfərlərdə
olmuşdu. İndi Qax şəhərində onun adına küçə var.
Hacı Tələt Həsən bəy oğlu Qabulov
(04.02.1929) Azərbaycan tarına dünya şöhrəti
qazandırıb. 1947-ci ildə "Qızılgül"
ansamblını yaradıb. O, musiqi alətlərini həm
təmir edən, həm də düzəldən mahir usta kimi
şöhrətlənib. Evində kiçik bir
emalatxana yaradıb. 1980-ci "Trud" qəzetində
şəkli və haqqında yazı çıxdıqdan
sonra məşhurlaşıb, SSRİ-nin çox yerindən
sifarişlər gəlib. Onun düzəltdiyi
tarlar Yaponiya, Almaniya, İtaliya muzeylərini bəzəyir.
Yaratdığı sənət əsərlərini
dünyanın 17 ölkəsinin kinematoqrafları lentə
alıb. Yaponlar isə emalatxanasını
və tarı hazırlamasını əks etdirən saat
yarımlıq, 2 hissəli, rəngli film çəkiblər.
Lütfüllah Baba bəy oğlu Qabulov (1916-1981)
müharibədən sonrakı illərdə respublikada
atçılığın bərpa olunmasını və
inkişafını təmin etmişdi. 1947-1955-ci illərdə
Ağstafa atçılıq sovxozunda baş baytar həkimi,
direktor əvəzi və direktor müavini işləmişdi.
1958-1961-ci illərdə qoyunların çiçək
xəstəliyinə tutulmasına qarşı kütləvi
vaksinləşdirmə aparılmasını təşkil
etmiş və nəticədə respublikada qoyunçuluga
böyük iqtisadi ziyan vuran heyvanların epizootiyası
uğurla aradan qaldırılmışdı.
1961-1962-ci illərdə Azərbaycan SSR Baş Sovxozlar
İdarəsinin Heyvandarlıq Sovxozları İdarəsinə
Baş baytar həkimi-müavin təyin edilmişdi.
L.Qabulov 6
dövlət mükafatı ilə: "Qırmızı
Əmək Bayragı" və "Qırmızı
Ulduz" ordenləri və 4 medalla təltif olunub. Kənd Təsərrüfatı Nazirliyi Elmi-Texniki və
Problemlər Şurasının, Azərbaycan Elmi-Tədqiqat
Baytarlıq İnstitutu Elmi Şurasının və ASE kənd
təsərrüfatı redaksiyasının üzvü idi.
Həsən Hüseyn bəy oğlu Qabulov (24.03.1932)
Respublika Meşə Təsərrüfatı sisteminin mərkəzi
aparatında 40 ildən artıq müddətdə yüksək
səviyyəli mütəxəssis kimi
tanınmışdı. 1978-1997-ci illərdə Azərbaycan
Respublikasının Meşə Məcəlləsinin, həmçinin,
Meşə təsərrüfatı üzrə Baş
planın hazırlanmasının təşəbbüskarı
və ictirakçısı olmuşdu. O, respublika
dövri mətbuatındakı çıxışları ilə
respublika meşə təsərrüfatında yaranmış
real vəziyyəti təhlil etmiş, mövcud
çatışmazlıqların aradan qaldırılması
yollarını göstərmiş və o yolların həyata
keçirilməsinin də fəal icraçılarından
olmuşdu. 1962-1967-ci illərdə Yerüstü və
Yeraltı Ehtiyat Mənbələri Komitəsində mühəndis
və böyük mühəndis, 1967-ci ildə Meşə
Quruluşu və Meşədən İstifadə şöbəsinin
rəisi, 1987-ci ildə Meşə Mənbələrinin Hesaba
Alınması və İstifadəsinin Təşkili İdarəsinin
rəisi vəzifələrində işləyib.
Könül
Abdurrəhman qızı Qabulzadə (17.11.1978) Bakıda 1995-ci
ildə orta məktəbi bitirib və elə həmin il ADU-ya daxil olub. İnstitutun
4-cü kursunda ikən hüquqşünas İlham Rəhimovun
"Cəzalandırma fəlsəfəsi və onun düzəldilmə
problemləri" kitabını İngilis dilinə tərcümə
edib. Həmin
institutda 1999-cu ildə bakalavr, 2001-ci ildə magistr təhsilini
tamamlayıb.
2002-ci ilin avqustunda ABŞ Dövlət
Departamentinin "Maski" təqaüd proqramı çərçivəsində
Kaliforniya ştatının Monterey şəhərindəki
eyni adlı Universitetin magistraturasına qəbul olunub,
2004-cü oranı bitirib. 2009-2013-cü illərdə
Küveyt məktəblərində, 2015-2016-cı illərdə
Küveyt Açıq Ərəb Universitetində, 2016-2021-ci
illərdə Küveytin Avstraliya Kollecində ingilis dili müəllimi
vəzifəsində çalışıb. 2021-ci ildən
indiyədək İsveçin Yöteborg şəhər məktəblərində
İngilis dili tədris edir, eyni zamanda, Yöteborg Universitetinin
Siyasi Kommunikasiya üzrə magistr proqramında təhsilini
davam etdirir, türk, rus, ingilis, alman, ərəb və
isveç dillərini bilir.
Abdurrəhman
QABULZADƏ
525-ci qəzet.-
2023.- 30 mart.- S.12;13.