İnamlı
addımlarla gerçəkləşən Böyük
Qayıdış
AZAD
EDİLMİŞ ƏRAZİLƏRİMİZİN
BƏRPASI NAMİNƏ HƏRTƏRƏFLİ
TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələdə işğaldan azad olunan ərazilərdə dağıdılan infrastrukturun, şəhər və kəndlərin bərpası, köçkünlərin doğma yerlərinə qaytarılması üçün dövlət tərəfindən qısa müddətdə bütün imkanlardan istifadə edilir. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər olunub.
Prezident İlham Əliyev bu barədə çıxışlarının birində vurğulayıb ki, Böyük Qayıdış proqramı uğurla icra edilir: "Bir neçə şəhərdə artıq inşaat işləri geniş vüsət almışdır. İlk növbədə Şuşa, eyni zamanda, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir".
Bununla yanaşı, 10-dan çox kəndin Baş planının təsdiqləndiyini və bir neçə kəndin təməlini şəxsən qoyduğunu qeyd edən Prezident deyib: "Bütövlükdə deməliyəm ki, azad edilmiş bütün şəhərlərimizin və qəsəbələrimizin Baş planları hazırlandı, təsdiqləndi. Bütün işlər Baş planlar əsasında gedəcək. Eyni zamanda, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək".
İlham Əliyev bildirib ki, artıq iki ildən çoxdur, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir: "O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir".
Millət vəkili Tural Gəncəliyev bildirib ki, "Qarabağa böyük qayıdış" planının gerçəkləşməsi istiqamətində proseslər, görülən işlər getdikcə güclənməkdədir: "Qarabağ işğaldan azad olunandan sonra çox qısa müddətdə bərpa, yenidənqurma işlərinə sürətlə start verildi, güclü infrastruktur layihələr həyata keçirildi, ən qısa müddətdə dünya standartlarına uyğun Zəfər yolu çəkildi. Ümumiyyətlə, digər məsələlərə gəldikdə, Şuşanın qısa bir zamanda dirçəldiyinin şahidiyik. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə ilk olaraq Zəngilanda "Ağıllı kənd" layihəsi həyata keçirildi. Hesab edirəm ki, işlər belə sürətlə gedərsə, istər Şuşa, istər digər işğaldan azad olunmuş ərazilərimizə qısa zamanda kütləvi şəkildə keçmiş məcburi köçkünlərin yurdlarına qayıtmasının şahidi olacağıq".
Millət vəkili Müşfiq Cəfərovun sözlərinə əsasən, Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir: "Artıq iki ildir, işğaldan azad olunmuş Qarabağda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan və 30 il müddətində viran qoyulan Qarabağ yenidən qurulur. Ötən iki il ərzində azad edilən ərazilərdə bir sıra layihələr başa çatdırıldı, eyni zamanda, yenilərinin təməli qoyuldu. Qısa müddətdə Qarabağda iki beynəlxalq hava limanının təhvil verilməsi ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsindən xəbər verir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilməlidir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqrasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır. Düşünürəm ki, bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur regionuna aid olan Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətin bütün imkanları mövcuddur. İki il kimi qısa müddətdə Qarabağ öz doğma sakinlərinə qovuşdu və mühüm işlər görüldü".
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qayıdan əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi qayıdış prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq: "Bildiyimiz kimi, artıq əhalinin doğma yurd yuvasına qayıdışına start verilib. Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir. 2026-cı ilə kimi isə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarına 34 500 ailəni köçürmək nəzərdə tutulur. Məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışını effektiv həyata keçirmək üçün onların məşğulluq imkanlarını artırılmaq mühüm əhəmiyyət kəsb edir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda bu məsələyə xüsusi önəm verilib. Proqramdakı Tədbirlər Planına görə, onların məşğulluq imkanları qiymətləndiriləcək və qeydiyyatı aparılacaq, həmin şəxslər üçün fərdi məşğulluq proqramları tərtib olunacaq. Eyni zamanda, iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil olunacaq. Min nəfər qısamüddətli ixtisas atrırma, 5 min nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək. Digər tərəfdən ərazilərdə işçi qüvvəsinə tələbat müəyyən ediləcək, işəgötürənlərin işçi qüvvəsinə, işsizlərin iş yerlərinə çıxışı üçün səmərəli mexanizm yaradılacaq. Ərazilərdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Bunlar isə regionda məşğulluğu maksimal səviyyədə təmin edəcək"
Ekspert hesab edir ki, ərazilərin iqtisadi inkişafını sürətləndirmək üçün özəl investisiyaların cəlb olunmasına ciddi ehtiyac var: "Bu gün investorların 70 faizi gözləmə mövqeyindədir. Bölgəyə gələcək istər yerli, istərsə də xarici investorlar ilk növbədə yatırımlarının qorunduğuna əmin olmalıdırlar. Bura həm təhlükəsizliklə, həm də qanunvericiliklə bağlı məqamlar daxildir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minalar, partlamamış hərbi sursatlar, tərkibində partlayıcı olan qurğular və digər partlayıcı qalıqlar mövcuddur. Bu mənada təhlükəsizliyin təmin olunmasının ilkin şərti ərazilərin minalardan təmizlənməsidir. Bütün bu məqamlar Proqramda öz əksini tapıb. Belə ki, yaxın üç ildə 215 min hektar, 2026-cı ilə kimi isə ümumilikdə 280 min hektar ərazilər minalardan təmizlənəcək. Həmin dövr ərzində bölgəyə yatırılan investisiyaların sığortalanması mexanizmlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, xarici ölkələrdəki ticarət nümayəndəlikləri vasitəsilə regionun imkanları barədə marketinq tədbirləri keçiriləcək və müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi aparılacaq. Qeyd olunanların və proqramda əksini tapan digər tədbirlərin reallaşması nəticəsində biz yaxın gələcəkdə bu bölgəyə böyük məbləğdə özəl investisiyaların yatırılacağına şahid olacağıq".
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev qeyd edib ki, DTX "Böyük Qayıdış" proqramının gerçəkləşdirilməsi üçün bütün imkanlarını səfərbər edəcək: "Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə "Böyük Qayıdış" proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 30 mart.- S.11.