Başqa cür düşünən sədr
və tənha döyüşçü
O
yazıların hamısının müəllifi eyni adam idi və həmin yazıların hər
biri fərqli yerlərə, ayrı-ayrı adlara ünvanlanmışdı.
Ancaq o məktubların hamısı göndərildiyi
ünvana yetişəndən sonra ləngimədən dərhal
başqa bir təşkilata göndərilirdi - Dövlət Təhlükəsizlik
Komitəsinə.
Sonra DTK-ya o naməlum müəllifin Azərbaycandan kənara
yola saldığı məktublar da göndərilməyə
başlandı. Həm də haralardan - "Pravda" qəzetindən,
"İzvestiya"dan, digər respublikaların rəhbərliyindən.
Bəlkə də mahiyyəti etibarı ilə anonim olan
bu məktublara məhəl qoymamaq, bir sərsəmin hərəkətləri
kimi qəbul edib, dərinə getmədən zərfləri
cırıb atmaq da olardı. Çünki ağlı yerində
olmayan adamların buna oxşar xəstə hərəkətlərinə
əvvəllər az rast gəlinməmişdi.
Elə bu təhər ona-buna məktublar yazan, hədə-qorxu
gələn, bəzən kimlərisə ölümlə hədələyən,
yaxud guya bildiyi hansısa mühüm sirri açmaq istədiyini
izhar edənlərin az məktubları olmamışdı və
araşdıranda həmin kağızları ağıldan kəmlərin,
ruhu xəstələrin qələmə aldığı
ortaya çıxmışdı, bunu arayıb-axtarmağa sərf
olunan vaxta da heyifsilənmişdilər. Ancaq
başdan xarabların yazdıqları məktublar, adətən,
elə cümlələrinin dolaşıqlığından,
xətlərinin qarışıqlığından ilk
baxışdanca özünü göstərirdi və
heç oxumağa başlamamış əsaslı
şübhələr yaradırdı. Yoxlamaya
başlayınca da gümanlar özünü doğruldurdu,
namə müəlliflərinə baş qoşmağın
bihudəliyi ortaya çıxırdı. Burada
isə vəziyyət fərqli idi. Fərqli
yox, əslində tam başqa cür idi. İndiyədək
təcrübədə belə hala rast gəlinməmişdi.
Məktubların
hər biri yetərincə səliqəli tərtib
edilmişdi, hamısı yalnız dərin məzmunlu deyil, aydın zəkanın,
ardıcıl müşahidələrin nəticəsi idi. Məktubların hər birində qoyulan məsələlərə
elmi yanaşma, müqayisəli təhlillər,
çoxsaylı mənbələrdən səliqə ilə
istifadə vardı. Məktublar azərbaycanca,
rusca, Türkiyə türkcəsində, Azərbaycan dilində
ərəb əlifbasında idi, hamısı, aydınca
sezilirdi ki, mükəmməl savadlı bir şəxsin əlindən
çıxıb.
Elə isə bu məktubları niyə Elmlər
Akademiyasına yox, birbaşa DTK-ya yollayırdılar?
İş ondadır ki, həmin məktubların
hamısı qatı antisovet məzmunlu, millətçi
mündəricəli və üstünə sovet əyyamlarının
məşhur qarayaxma yarlıqlarından sayılan
pantürkist damğası vurula biləcək biçimdə
idi. Odur ki, həmin
məktublardan hər hansı biri hansı ünvana
yetişirdisə, özünü sığortalamağa
çalışan, yaxud bunun ona qarşı bir qəsd
olduğunu düşünən və ya məqsədli şəkildə
atılan, "görək nə reaksiya verəcək"
niyyətli təxribatçı addım olması ehtimalı
fikrindən keçən müraciətolunmuşlar şəri
özlərindən qırağa qovmaqçün dərhal
xatalı zərfləri "Dəniz qırağı"na
yönəltməyi daha münasib sayırdılar.
Və həmin
adsız, imzasız, lakin "qan-qan" deyən məktubların
bir qismi elə ünvanlara göndərilmişdi ki, DTK onlardan
qat-qat az səlahiyyətlərə malik idi və oradan həmin
məktublar "Yoxlanılsın!" dərkənarı ilə
bura gəlmişdisə, yubatmadan araşdıraraq cavab vermək
mütləq idi.
Və bəziləri
makinada, bəziləri əllə yazılmış o məktubların
da, onların müəllifinin də qətiyyən təsadüfi
olmadığına özləri inanandan sonra DTK əməkdaşları
bu laübalı mətnlərin toplandığı qovluğu
hələlik sədr müavini olan, tezlikləsə sədr vəzifəsini
tutacaq Heydər Əliyevə təqdim etməyi qət
etmişdilər. O da tanış olunca
indiyədək qarşılaşdıqlarına qətiyyən
bənzəməyən əsl dissidentlə üz-üzə
dayandıqları qənaətinə gələrək
"Axtarıb tapın" göstərişini vermişdi.
1960-cı illərin ortalarında Azərbaycanda, elə o
çağlar Sovet İttifaqının bir sıra başqa
yerlərində olduğu kimi, azad düşünən gəncləri
birləşdirən xeyli gizli təşkilat
yaranmışdı. Xruşşov dönəmində 1930-1940-cı illər
sovet repressiyaları haqda müdhiş həqiqətlərin
faş edilməsi, Kremlin birbaşa və məqsədli təşəbbüsləri
ilə Dövlət Təhlükəsizlik Komitəsinin səlahiyyətlərinin
xeyli məhdudlaşdırılması, insanlardakı NKVD, KQB
xofunun dağıdılması üçün bu qurumun xeyli
dərəcədə dişsizləşdirilməsi, siyasi
mülayimləşmənin ən mühüm bəhrələrindən
biri kimi mətbuatda, ədəbiyyatda fikir azadlığına
və sərbəst özünüifadəyə müəyyən
meydan açılması çox cavanları cəsarətləndirmiş,
vətənpərvər, millətsevər duyğuların
dalğasında onları təşkilatlanmağa, cəmiyyət
və dövlət həyatına təsir göstərə
biləcəklərinə inanacaq qədər mübariz olmağa
səfərbər etmişdi.
Dövlət
siyasətinin pərdəarxası gizlinlərinə
yaxşı bələd olan, sovetin "yadfikirli" hesab
etdiklərinə yumşaq yanaşmalarının müvəqqəti
olduğunu yaxşı anlayan Heydər Əliyev belə fəaliyyətlərin
o gənclərin başına gələcəkdə hansı
müsibətlər gətirəcəyini yaxşı dərk
etdiyindən, əksərən işıqlı, ümidverən
tələbələrdən ibarət belə gizli təşkilatların
neçəsini cinayət məsuliyyətinə cəlb etməkdən
qoruya bilmiş, o dəliqanlı cavanların bir çoxunu
şəxsən qəbul edərək köpünü
almış, müfəssəl söhbət aparmış,
öyüd-nəsihət verərək sərbəst
buraxmışdı. Ancaq hələ ki kimliyi bəlli
olmayan bu məktub müəllifi onların heç birinə bənzəmirdi.
Əvvələn, o, tək idi, özü bir təşkilat
kimi idi və ikincisi də, yazdıqlarından açıqca
duyulurdu ki, inqilab romantikası ilə çalxanan
çılğın cavanlardan fərqli olaraq, o, məsələlərə
təfəkkürlə, miqyasla, həm soyuq ağılla -
elmi, həm də yeri düşdükcə yanar ürəklə
- şairanə yanaşa bilir.
1967-ci il idi. Hələ
üzünü görmədən həmin şəxsin onu
maraqlandırdığını, həm də siyasi baxışlarına
rəğmən yetərincə bilikli, məlumatlı
olmasının içərisində xəfif bir rəğbət
oyatdığını Heydər Əliyev həmin vaxtdan
çox illər sovuşandan sonra, artıq 1993-cü ildə
Azərbaycan Milli Məclisinə rəhbərlik edərkən
özü etiraf etmişdi. Aradan 26 il
keçirdi, Heydər Əliyevin bu uzun vaxt boyunca gözləri
önündən sanki epizodik kimi olan o qədər belə surətlər
keçmişdi ki! Heydər Əliyevin heyrətli dərəcədə qüvvətli
olan yaddaşı hər kəsə bəlli, lakin hadisələr
və insanlarla zəngin belə uzun vaxtdan sonra 1993-cü ildə
ona göndərilən bir məktubun altında həmin ad və
soyadı görüncə dərhal dünənləri
xatırlaması, "Dəvət edin, görüşəcəyəm"
tapşırığını verməsi, söz yox, o
adamın vaxtilə Heydər Əliyev kimi təəccübləndirilməsi
çətin olan bir şəxsiyyətin hafizəsinə həkkolunacaq
qədər parlaqlığa malik olmasıyla da
bağlıdır.
Bu əhvalatı mənə Heydər Əliyevin
qayıdışından sonra Azərbaycan Milli Məclisinə
rəhbərlik edərkən onun mətbuat katibi olmuş
unudulmaz Aqşin Babayev söyləmişdi.
O
dövrdə mən bütün başqa fəaliyyətlərimlə
yanaşı, həm də "Amerikanın səsi"
radiosunun Azərbaycandakı xüsusi müxbiri idim. Hadisələrlə ləbələb, gərgin
aylar idi. Azərbaycanın ictimai-siyasi həyatında
baş verən hər yenilik barədə Vaşinqtondan
reportajlar istəyirdilər. Mən də
Heydər Əliyevin təqribən bütün
görüşlərini, mətbuat konfranslarını izləyir,
xəbərlər hazırlayırdım. Axşamlardan
birində dəqiq saata təyin olunmuş
görüşün vaxtı mühüm vəzifə tutan
xarici diplomatın gecikməsi ucbatından çox
uzanırdı. Hələ mobil
telefonlarsız vaxtlarımız idi, arada zəng
vurmaqçün hələ tələbəlik illərimdən
aramızda mehriban münasibətlərimiz olan Aqşin müəllimlə
onun otağına getmişdik. Nəsə
söz-sözü çəkdi, söhbət Heydər
Əliyevin fenomenal yaddaşından düşdü. Aqşin Babayev qayıtdı ki, hamımıza məlumdur
ki, Heydər Əliyevin hafizəsi bir möcüzədir.
Amma burada işlədiyim müddətdə hər
dəfə elə məqamlarla rastlaşıram ki, mat qalmaya
bilmirəm. Bax elə ötən həftə
ona məktub yazmış bir vətəndaşın
imzasını görən kimi tapşırdı ki, bunu dəvət
edin gəlsin. Vaxtilə bu adam
dissident olub, tutulub. Onu 1967-ci ildən
xatırlayıram. Məktubuna baxıram, bu qədər
vaxt keçəndən sonra da o adam əqidəcə
dəyişməyib.
Aqşin müəllim belə demişdi, heç həmin
adamın adını da çəkməmişdi. Ötəri olub
keçmiş bu söhbəti sanki yerli-dibli unutmuşdum. Və
taleyin, tarixin əcaib bir cazibəsi ilə həmin ad, həmin
məktub Aqşin müəllimlə o söhbətimizdən
düz 30 il sonra - 2023-ün martında qəfilcə
rastıma çıxdı. Dövlət Təhlükəsizlik
Xidmətinin arxivində 1960-cı illərin ortalarında
antisovet baxışları və əməllərinə
görə məhkum edilmiş, artıq çoxdan həyatda
olmayan Məcid Axundovın 3 cildlik cinayət işini vərəqləyirdim.
Və Aqşin müəllim deyən həmin məktub,
Heydər Əliyevin yadına keçmişləri gətirən
imza çıxdı qarşıma.
Bu məktub
1993-cü il iyulun 24-də yazılıb. O
vaxt artıq Məcid Axundovun 63 yaşı vardı. Ömür ötmüş, gün keçmişdi.
Amma qəlbindəki od həminki od idi. Cəmiyyət həyatında, ictimai-siyasi
gedişatdakı əngəllər, yöndəmsizliklər
onu elə cavanlığında, ahıllığında
olduğu kimi narahat edirdi. O, biganə qala bilmirdi. Yazacağı
ilə nəyinsə dəyişəcəyinə ümid bəsləməsə
belə, ən azı ürəyini boşaltmaqçün yenə
keçmişlərdəki barışmazlığı ilə
yazırdı: "Azərbaycan Respublikası Ali Sovetinin Sədri
Heydər Əliyev yoldaşa!
Mən
Axundov Məcid Ələşrəf oğlu 1969-cu ildə Azərbaycan
Sovet Sosialist Respublikası Cinayət Məcəlləsinin
63-cü maddəsinin birinci hissəsində göstərilən
cinayətdə təqsirləndirilərək 199/69 nömrəli
iş üzrə Azərbaycan SSR Ali Məhkəməsinin
8.IX.1969-cu il tarixli hökmü ilə beş il müddətinə
həbs cəzasına məhkum edilmişəm. Və cəzamı çəkib həbs yerindən
azad edilmişəm. Qayıdanda altı ay
işsiz qalmışam, indi təqaüddəyəm. Məhkəmə hökmünün surəti mənə
verilməyib. Bununla da hüquqi müdafiəm
məhdud edilmişdi. O dövrdə SSRİ Baş
prokuroru R.A.Rudenko etiraf etmişdir ki, mənim işim SSRİ
mövcud olduğu dövrdə prokurorluqda
açılmış yeganə siyasi işdir. Lakin
indi SSRİ buraxılandan sonra hərə bir partiya
açıb siyasi "liderliyə" qurşanıbdır.
Bu da ermənilərlə atışmada müttəfiqsiz
edilmiş Azərbaycanı dağılmağa və məğlubiyyətə
aparır. İndiki ixtilaflı dövrdə
istər azərbaycanca və istərsə də rusca erməni
iddialarına qarşı tarix, əlifba, dövlət və
siyasətə dair bir neçə məqalə dərc
etdirmişəm. SSRİ və Azərbaycan
SSR Ali sovetlərinə müraciət etmişəm".
Və artıq ixtiyarlaşmış bu insan bədənində
taqət azalsa da, sönməyən şövqü,
sınmayan təpəri ilə yenə biliyiylə, qələmiylə,
sözüylə xalqın, Vətənin bu ağır
günündə bacardığını etməyə
hazır olduğunu bildirirdi.
O, qətiyyən
fərqində deyildi ki, uğrunda mübarizə
apardığı ideallara görə onillər öncə,
çətin dövrdə cəzalanmışdı,
azadlığını itirmişdi, həyatı məhvərindən
çıxmışdı və o vaxt susanlar, onu
qınayanlar indi - müqayisəedilməz qədər asudə
vaxtda onun o vaxt etdiyinin yüzdəbirini
də etmədən qəhrəmana çevriliblər,
şan-şöhrətə yetiblər.
Cavanlığında
olduğu kimi, indiki oturuşmuş çağında da o, tənha
yalquzaq kimi kimsənin nə qiymət
verəcəyini gözləmədən meydana can
atırdı, yenə gücü çatanı edirdi və
köhnə tanışı Heydər Əliyevə ərizəsini
yazmaqda da məqsədi nəsə ummaq yox, köməyini təklif
etmək, işğala uğrayan Vətəninə bu
yorğun canıyla daha nələrisə etməyə
bütün varlığı ilə hazır olduğunu
çatdırmaq idi.
Və
onun məhz Heydər Əliyevə müraciət etməsi də
səbəbsiz deyildi - Məcid Axundov ömrü boyu qapalı
adam olmuşdu, içərisində yaşadığı
mühitdən çox öz içərisində qurduğu
dünyada var olmuşdu və onu olduğu kimi tanıyanlar nəinki
ətrafındakılar, hətta doğmaları arasında az
idi, dərinə
getsən, yox kimi idi (Qardaşı İsmixan kişi
xatırlayır ki, Məcid özü bizə, digər
qardaşların evinə ara-sıra baş çəksə
də, bizim heç birimizin onun evinə get-gəli olmadı).
Ancaq Məcid
bilirdi ki, Heydər Əliyev onun kim
olduğunu yaxşı bilir.
Bütün
olmuşlarsa ilğım kimi uzaqlarda görünüb-itən
1960-cı illərdə qalırdı...
Azərbaycan istiqlal mübarizələri tarixinin bu
müstəsna siması gərək unudulmasın. Bəlkə də
bu məqamda "unudulmasın" tam dəqiq ibarə deyil.
Haçansa tanıdığın bir şəxsi
vaxtın keçməsiylə unuda bilirsən. Bu zavallını millət heç
tanıyırmı ki, üstəlik unuda da. Amma onu hökmən tanımaq gərəkdir. Belə bilinməz igidlər tarix boyu millətin
böyük ruhunu, yenilməz iradəsini yaradıblar, macal
verməyiblər ki, könüllərdəki istiqlal
şövqü təntisin, mərdanəlik ocağı
sönsün.
...El
sözümüzün ən zərif, ən əlvan
qanadı, ədəbiyyatımızın ən zəngin, ən
sahilsiz ümmanı - bayatılarımız. Azərbaycan
insanının duyğu və düşüncə aləminin
hətta ən xırda çaları belə yoxdur ki,
bayatılarda misralaşmasın. Bayatı
Azərbaycan bədii sözünün o dünyasıdır
ki, burada xalq ürəyini hər üzünə
boşaldıb. Ayrı-ayrı lap əski
bayatıları bəlli müəlliflərin
yaratdığı lap çoxdan fərz edilsə, bəzən
tutarlı dəlillər gətirilərək bunun sübutuna
cəhd edilsə də, bu dörd sətirlik möcüzələrin
tək müəllifinin məhz Xalq olması inamımız
daha qəlbəyatandır. Çünki bayatılar dəryasına
baş vurunca bu şeirləri oxuyan məhz bütöv bir
xalqı görəcək, onun hansı fikirlər və hisslərlə
yaşamış olduğuna və yaşamaqda davam etməsinə
şahid kəsiləcək, elin məhəbbətini də,
nifrətini də, dərdini də, sevincini də, qeyrətini
də, dəyanətini də görəcək.
Lazım gələndə göylərə də
üsyan edən bayatılarımızda, əlbəttə ki,
Azərbaycan insanı zaman-zaman axarında olduğu tarixin
yaxşılı-yamanlı olacaqlarına da ürəkdən
tikan çıxaran sözünü bayatılaşdıraraq
deyib. İndiyəcən işıq üzü
görmüş Azərbaycan bayatı toplularının
hamısı sovet dönəmində nəşr edilib. Təbii, o dövrdə sovetin xətrinə dəyə
biləcək bayatıların həmin kitablara düşməsi
mümkünsüz idi. Ancaq dəqiq tarixi
olan dikbaş bayatılarımız da var axı. Həm
də olmaya bilməzdi! Bayatını bu xalqın ruhunun güzgüsü
sayırıqsa, heç mümkünmü minlər və
onminlərlə insanı onillərcə həyəcanlandırmış,
qayğılandırmış, yollar aramağa səsləmiş
bunca vacib mətləblər bayatılaşmayaydı?! Olub, sadəcə gizli qalıb.
O
bayatılardan bir dəstəsinin yazarı zamanında
dustaqlıq da çəkib, həyatını yaşayaraq
dünyadan haçandır köçünü də
çəkib. Ancaq yazdığı
bayatılar hələ də məhbus olaraq qalır. Məhz
məhbus! Dustaq kimə deyərlər ki! Əgər bu
şeirlər yazıldığı vaxtdan az sonra müsadirə
edilərək Dövlət Təhlükəsizlik Komitəsinə
gətirilibsə, o zamandan bəri də bir qovluğun içərisindən
zindandaymış kimi kənara çıxa bilməyibsə,
onillər ərzində bircə dəfə də dindirilməyibsə,
bu şeirlərə dustaq deməyək, nə ad qoyaq?!
Bu bayatıları həmin Məcid Axundov yazıb. "Mirzə
Məcid" çağırılmış həmin dissident
araşdırıcı və şair. Bu
gün bu bayatıların azadlığa çıxan
günü, Azərbaycan insanına ilk dəfə zühur edən
saatıdır. O mətləbləri ki Məcid Axundov
müxtəlif yuxarı instansiyalar
Müraciətlərində yazırdı ki, mənəvi
dəyərlərimiz, dinimiz əldən gedir və bu, məqsədli
şəkildə edilir, bizi biz edən keyfiyyətlər qəsdən
unutdurulur.
Ancaq "Unutmayacağıq, bizi başqa bir xalqda əritməyə
çalışmaqla milli kimliyimizi əlimizdən ala bilməyəcəksiniz!"
deyirdi:
Əzizim
inamım var,
Öz yurdum, Turanım var.
Gavur yasaq
elədi,
Bilmədim "Quran"ım var.
Əzizim
yer odlana,
Od tutub
alovlana,
Turanımdan
ayrılıb
Dönmərəm slavyana.
Əzizim
yer odlana,
Od tutub
alovlana,
Qoymaram
Turanımı
Dəyişib uruslana.
"Türk"
sözünü dilə, qələmə gətirənlərin
"pantürkist" ittihamı ilə ləkələndiyi və
bu ifadənin qorxunc siyasi ittiham sayıldığı günlərin
içərisində o qorxmaz insan açıq
Turançı mövqeyini car çəkirdi,
Turançılığın coğrafiyasını nişan verirdi:
Əzizim
Finədəkdi,
Balkandan
Finədəkdi.
Turanın
hüdudları
Çukotdan
Çinədəkdi.
Bəxtiyar
Vahabzadənin 1960-cı ilin oktyabrında paytaxtda - mərkəzi
qəzetlərdən birində deyil, əyalətdə -
"Nuxa fəhləsi" qəzetində dərc ediləndən
sonra Azərbaycan boyu əl-əl gəzmiş, illah da gəncliyin
şüuruna çox qığılcımlar səpmiş
"Gülüstan" poeması
yazarı ilə bərabər ən sərt təqib və
təzyiqlərlə qarşılaşandan sonra bu mövzu
altmışıncı illərdə küncə qısnanan
kimi idi. Cənubi Azərbaycan məsələsinin
mətbuata nə şəkildəsə
çıxışının yolu sanki qapanmışdı.
Ancaq bu tənha döyüşçü, bu tək
etirazçı - Məcid Axundov durmadan yazaraq
ünvan-ünvan yolladığı təhlilli elmi-tarixi məqalələri
ilə yanaşı belə ötkəm Güneyli bayatılar
da qoşurdu:
Əzizim
gülistanı,
Şeh düşər, gül islanı.
Peterbörkdən
gəldilər,
Böldülər
Gülüstanı.
Arazım,
xan Arazım,
Məğrur
axan Arazım,
Sərhəd
səndən yox, ola
Kaş
Okadan, Arazım!
Arazın
suyu lildi,
Bir tərəfi
məftildi,
Araz
işğal olanı
Yüz əlli iki ildi.
Bu şeirin dəqiq tarixi üstündədir. Arazın əsir
olma yaşının 152 olduğunu deyir. 1813-cü
ilə işarə edir. Çar
Rusiyası ilə şahlıq İranı arasında Azərbaycanı
ikiyə bölmək haqda Gülüstan müqaviləsinin
bağlandığı vaxta. Ancaq Məcid
bu bayatını və ona əlavə etdiyi digər dördlüklərini
redaksiyalara 1966-1967-də göndərir. Niyə
daha əvvəllər yox, məhz həmin vaxt?
Onun açıq antisovet fəaliyyətə keçməsi,
dövlət orqanları və mətbuatı antisovet və
oçağkı ideologiyanın nəzərincə, ifrat millətçi
yazıları ilə atəşə tutmasına bais Sovet
İttifaqı Kommunist Partiyasının Proqramı olmuşdu. Hər şey
onun həvəsə düşərək partiyaya üzv qəbul
edilməkdən ötrü ərizə ilə müraciət
etməsindən başlanmışdı. Qəbul
gedişində verilə biləcək suallara
hazırlaşmaqçün götürüb
başlamışdı partiya proqramı və nizamnaməsini
oxumağa. Oxuduqca da xeyli uyğunsuzluqlar
müşahidə etmişdi və kommunistlər
sırasına qoşulmağa tətikləndiyi bir əsnada
çevrilib olmuşdu sırf antikommunist. O dövrdə
eyni düşüncədə olub səsini
çıxarmayanlar bəs deyincə idi, ancaq bu kişinin digərlərindən
təfavütü o idi ki, hərəkətə
keçmişdi və günü-gündən də soyumaq əvəzinə
daha da qızışırdı.
Kim idi Məcid Axundov? O, əslən Ermənistanın
Krasnoselsk rayonunun
Ardanış kəndindən idi. 1930-cu il yanvarın 17-də dindar bir ailədə
doğulmuşdu. Əsl soyadları Həsənov
idi. Ancaq atası Ələşrəf
axund olduğundan onun bu rütbəsi dönüb olmuşdu nəslin
rəsmi familiyası. Məcid 1949-cu ildə gəlir
Bakıya, Azərbaycan Dövlət Universitetinin
Geologiya-coğrafiya fakültəsinə daxil olur və
1954-cü ildə ali təhsilini başa
vurduqdan sonra 4 il - ta 1958-ci ilin əvvəllərinədək,
yenidən Bakıya qayıdanacan Cənubi Qazaxıstanda
müxtəlif geoloji ekspedisiyalarda çalışır. Elə gələcək həyat yoldaşı, əslən
Kurqan vilayətindən olan Nina Yermakovanı da orada tapır.
1969-cu ilin 19 mayında artıq əri həbsdə olanda
şahid qismində ifadə verən Nina xanım söyləyir
ki, biz onunla 1957-ci ildə Qazaxıstanda, Çimkənt
rayonunun Georgiyevsk kəndində tanış
olduq. Məcid orada ekspedisiyada idi, mənsə həmin
kəndə Şadrinsk şəhərindən
qohumlarımıza qonaq gəlmişdim. Təsadüfən
tanış olduq, elə 1958-in
yanvarında da evləndik. Məcidin valideynləri
Gədəbəy rayonunda yaşayırdılar. Ancaq məni onlara heç göstərmədi.
Məcid bilirmiş ki, mollalıq edən ruhani və
nurani atası Axund Ələşrəf onun xristian bir
qızla ailə qurmasını rəva görməyəcək. Elə əvvəldən
öz inandığı və tutduğu yolun
düzlüyünə əmin olan və məqsədlərinə
doğru irəliləyəndə heç bir kənar rəyə
məhəl qoymayan Məcid şəxsi həyatını
quranda da həmin prinsipinə sadiq qaldı. Qohum-əqrəbası evinə gedib-gəlmirmiş
və bu, onun eyninə deyilmiş. Heç
dostları, sıx ünsiyyətdə olduğu
tay-tuşları da yoxmuş. 2 oğlu, zövcəsi
vardı, işdən gələn kimi qapıldığı
kitablarla, yazı-pozuları ilə qalaqlanmış iş
masası vardı, hərdən ya mətbəxə, yaxud yataq
otağına çəkilərək qarışıq
dalğalar arasından seçərək dinlədiyi xarici
radiosəslər vardı və bu balaca dünyası onu tam
qane edirdi.
Çöldə-bayırda danışmasa da, Məcid
evdə yoldaşına söyləyirmiş ki, ruslar bizi
işğal edib, mədəniyyətimizi əlimizdən
alıblar. Sənədlərində
milliyyəti rus kimi qeyd olunan həyat yoldaşının qəlbinə
bu cür əksrus münasibətinin dəyə biləcəyini
nəzərə alaraq Məcid onu inandırmağa
çalışır, bir növ təlqin edirmiş ki, sən
əslində rus deyilsən, Cənubi Uralda doğulmusan,
urallıların hamısı monqolların, digər türk
xalqlarının törəmələridir, sadəcə onlar
ruslarla qarışaraq əsillərini unudublar.
Bunları da Nina Yermakova 1969-cu ildə əri barədə
ifadə verərkən müstəntiqə söyləmişdi.
...Mühəndis-geofizik
kimi Məcid Axundov yaxşı mütəxəssismiş.
Universiteti bitirəndən sonra təyinatla göndərildiyi
Qazaxıstandan Azərbaycana qayıdandan, geologiya idarəsində
işə başladıqdan sonra vəzifə pillələri
ilə daim yüksəlmişdi (bunu Məcid Axundovun həbsindən
sonra DTK-nın tələbi ilə işləmiş olduğu
idarədən verilən müsbət xasiyyətnamə də
təsdiqləyir) və yəqin, partiya sıralarına qəbul
edildikdən sonra perspektivləri
bir qədər də yaxşılaşacaqmış.
Di gəl, 1965-ci ildə qəza dönüşü
baş verir.
Məcid
Axundov bu "səhv" yola necə düşməsinin
tarixçəsini müstəntiqə 1969-cu il
iyulun 18-dəki dindirilməsində belə izah edirdi:
"1965-ci ilə qədər mənim sovet quruluşuna,
Kommunist Partiyasına, sovet hökumətinin keçirdiyi tədbirlərə
münasibətim loyal idi. 1965-ci ildə idarəmizin
partiya təşkilatı katibinə Sov.İKP
sıralarına daxil olmaq istəyimlə bağlı
müraciət etdim. Bu münasibətlə
də partiya proqramını oxuyub öyrənməyə
başladım. Orada əksini tapmış
belə bir cəhət diqqətimi çəkdi ki, Sovet
İttifaqı Kommunist Partiyası gələcəkdə
xalqların bir-birinə yaxınlaşması, vahid sovet
xalqının yaranmasına çalışır. Mən bunu gələcəkdə
SSRİ-də kiçik xalqların yox olması, rus xalqına
qarışması kimi başa düşdüm və bunu
böyük ədalətsizlik hesab etdim. Bütün
bunları qəlbimə çox yaxın tutdum, ağrı ilə
qəbul etdim və həmin fikirlər məndə millətçi
hissləri oyatdı. Mən Sov.İKP-nin Proqramı ilə
razılaşa bilmədim və ona görə də partiya
sıralarına qəbul edilmək niyyətimdən də əl
çəkdim. Məndə həmin millətçi
hisslərin qüvvətlənməsinə Azərbaycanda,
xüsusən də Bakıda ana dilimin hər yerdə tətbiq
edilməməsi, elə çalışdığım
geologiya idarəsində və geofizika ekspedisiyasında
bütün hesabatlar və yazışmaların rusca
aparılması ciddi təsir göstərdi. Azərbaycan dilinin hətta gündəlik həyatda,
məişətdə belə seyrək işlənməsi
aşkardır. Mən özüm
ruscanı sərbəst bilirəm, ancaq söhbət məndə
deyil, dilin, millətin taleyindədir. Bu hisslərin təsiri
ilə mən tarixə, siyasətə, ədəbiyyata, dilə
aid kitabları oxumağa, "Bi-Bi-Ci", "Amerikanın səsi",
daha çoxsa Pekindən türk dilində yayılan
verilişləri dinləməyə başladım. Beləliklə, məndə tədricən antisovet,
millətçi əqidə yaranmağa başladı. Ona görə də 1966-cı ildən etibarən bu
barədə məqalələr, elmi araşdırmalar,
müraciətlər şəklində yazılar
hazırlamağa, onları müxtəlif sovet təşkilatlarına
göndərməyə başladım. Pekin
radiosunun Sov.İKP rəhbərliyi və sovet hökumətinə
qarşı maoçu siyasətə söykənən təxribatçı
verilişləri mənim dünyagörüşümə məxsusən
güclü təsir etdi. 1966-cı il noyabrın 7-də
"Pravda" qəzetində dərc edilən baş məqalədəki
partiyanın sevimli işə - sovet
xalqlarının yaxınlaşması və
qarışmasına hər cür kömək göstərməyə
hazır olması fikri mənim millətçi
baxışlarımın daha da qüvvətlənməsinə
təkan vurdu. Mən bunu xalqların yox edilməsinə,
assimilyasiyasına, ruslaşdırılmasına bir psixoloji
hazırlıq kimi qavradım. Sonra
respublika qəzetlərində xalqlar dostluğu mövzusunda dərc
edilən bir sıra yazıları da mən həmin
çağırışa cavab kimi anladım. Ona görə də buna cavab olaraq mən antisovet məktublarımı
yazmağa başladım. Çünki mən
xalqların özünəməxsusluqlarının aradan getməsinə
gətirib çıxaracaq belə yaxınlaşmaların əleyhinə
idim".
Məcid
Axundov dərrakəli adam idi. O məktubları
ki Kremldən tutmuş Azərbaycan dövləti və
hökumətinin rəhbərlərinədək,
respublikanın ən aparıcı qəzet-jurnallarından
başlamış Sovet İttifaqının ən əsas qəzetlərinədək
yollayırdı, bunların çap edilməyəcəyini də,
mövcud vəziyyətə əhəmiyyətli təsir
göstərmək gücündən məhrum olduğunu da
gözəlcə dərk eləyirdi. Sadəcə,
o, biganə qala bilmirdi. Hamının eyni cür
düşünüb, eyni cür danışmağa məhkum
kəsildiyi qapalı bir cəmiyyətdə heç də
hamının qəflət yuxusuna dalmadığını,
süst düşüb mürgü döymədiyini səsi,
xətti, sözü çatacaq qədər ünvanlara
ötürməyə səy edirdi, yazdıqlarımı
oxuyandan sonra bəlkə onların da içərisində nəsə
işıq yana biləcəyi ümidində idi.
Və onun mübarizəsinin bir özəlliyi də bu
idi ki, tam tək idi. İşlədiyi idarədə yaxın
münasibətləri olmasa da, ən azı salam-kəlamı
olan adamlar vardı. Gördüyü
işlər, hazırladığı məqalələr, tərtib
etdiyi məktublar, onu narahat edən fikirlər barədə
bircəsinə də kəlmə belə söyləməmişdi.
Həbsindən sonra şahid qismində bir
neçə nəfəri
danışdırmışdılar. Hamısı
"Məcid qaradinməz, adamayovuşmazdır, bizimlə əsla
rəy bölüşməyib, o barədə heç nə
danışmayıb" demişdi.
Kim bilir, bəlkə Məcid Axundov bunu həm də ətrafındakı
həmin adamları qorumaq üçün edirmiş?!
...1967-ci ildə Bakıda, Şəfiqə Ağayevanın tərcüməsində italyan yazıçısı Canni Rodarinin "Celsomino Yalançılar ölkəsində" kitabı nəşr edildi və uşaqlar üçün nəzərdə tutulsa da, ona böyüklər daha çox meyil etdi. Çünki bu nağıl-kitabı vərəq-vərəq çevirdikcə sovet adamları sətirlərin ardında özlərinin deyə bilmədikləri, amma acısını yaxşı duyduqları bir həqiqəti görürdülər: Celseminonun varid olduğu Yalançılar ölkəsində hamı düşündüyünün tərsinə danışırdı. Acdırsa toxam deyir, qəmgindirsə şadam söyləyirdi.
Heydər Əliyev SSRİ-də, o sıradan Azərbaycanda dövlət siyasətinə əks düşünənlərdən, dissidentlərdən söz düşəndə gizlətmədiyi fəxrlə deyirdi ki, Sovet İttifaqının başqa yerlərində olan sayaq bizdə rəsmi ideologiyayla müxalifətdə olanlara nə güclü təzyiqlər göstərilib, nə kütləvi həbslər olub, yazıçımız da, ziyalımız da istədiyini deyib, yazıb, ən cəsarətli əsərlər səhnəyə də gəlib, ekrana da çıxıb. Bununla qürur duyurdu ona görə ki, 1960-cı illərdən ta 1980-ci illərin əvvəllərinədək - əvvəlcə DTK-da, sonra Mərkəzi Komitədə çalışdığı müddətlərdə həmin gedişatın hansı səmtdə və tərzdə cərəyan etməsi bilavasitə ondan asılı olmuşdu. 1997-ci ilin oktyabrında Azərbaycan yazçılarının X qurultayında bütün qələm əhli qarşısında Heydər Əliyev "Kommunist partiyasının içində ən böyük dissident elə mən olmuşam!" deyirdi. Müəyyən mənada haqqı da vardı. Sovet cəmiyyətində tüğyan edən korrupsiya da vardı, rüşvətxorluq da, neçə-neçə bu qəbil cinayətlər də. Ancaq hətta zəlzələlərdən, ən müxtəlif təbii fəlakətlərdən, partlayışlardan sonra hər hansı ölüm-itimin olmamasını elan etməyin yazılmamış qanun kimi olduğu SSRİ-də (səbəbsiz yerə iti sözlü xalq rişxənd etmirdi ki, ən humanist zəlzələ Sovet İttifaqındadır, çünki tələfatsız ötüşür) o qəbil cinayətlərdən də açıq və geniş bəhs etmək məqbul sayılmırdı. Heydər Əliyevsə, sovet Azərbaycanına rəhbərlik etməyə başladığı ilk çağlardan həmin mübarizəni apardı da, bu barədə əks-sədası "VOA"-dən gələcək qədər ucadan danışdı da. Eldar Quliyevin "Bir cənub şəhərində" filmi hər kadrın altında zərrəbinlə siyasi yanlışılıq gəzənlərin, bu kinolentin guya cəmiyyətimizi çox neqativ göstərməsindən xoflananların hikkəsi ucbatından rəflərdə qala bilərdi, yasağı Heydər Əliyev ləğv etdi, film baxıldı, sevildi, yaşadı. Heydər Əliyevin vaxtilə Rüstəm İbrahimbəyovun "İstintaq" filminin yolunu geniş ekrana açması da elə o dönəmdə dövlət səviyyəsində başqacürdüşünənlik demək idi. Ya Anarın, ifşa hədəflərindən biri ali məktəblərə qəbul imtahanlarındakı rüşvətxorluğun tənqidi olan "Şəhərin yay günləri" pyesinə də Heydər Əliyev "yaşıl işıq" yandırmasaydı, bu əsərin böyük səhnəyə yolu qapalı qalacaqdı. Başqacürdüşünməklik, fərqli yanaşma, qəliblərdən kənara adlamaq, yıpranmış çərçivələri sındırmaq qətiyyəti Heydər Əliyevə həmişə xas oldu. Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrdə başqa cür düşünənlərdən olduqları üçün nəzarətə götürülən, həbs edilən cavanların neçəsini elə sözlə islah etmək yolunu tutaraq azad buraxması, bəlkə də daha mühafizəkar başqalarıyla qarşılaşaqdılarsa, həyatları şikəst ola biləcək neçə istedadlı gəncin xilası demək idi. Özü başqa cür düşünənlərdən olduğu üçün hamı kimi deyil, fərqli düşünənlər də ona qəlbən yaxın idi və qulluq etdiyi məfkurənin, tutduğu vəzifələrin diktə etdiyi şərtlərə rəğmən onlara heç vaxt irəlicədən hazır bir rəylə düşmən, yolagəlməz kimi baxmadı, onları ağına-bozuna bənd olmadan təcrid etmək fikrindən uzaq durdu, belələrini qabiliyyət, istedad daşıyıcısı saydı və Azərbaycan üçün onlardan necə yararlanmaq barədə fikirləşdi.
Və sözün əsl mənasında dissident olmuş Məcid Axundov cavanlığında DTK təcridxanasında ilk dəfə Heydər Əliyevlə üz-üzə dayanarkən ondan qəlbində iz buraxan hansı həssas münasibət görmüşdüsə, artıq ömrün payızında, ayrı bir zaman kəsiyində, yaşı altmışı keçərkən köhnə şakəri ilə yenə məktub yazır, yox, şikayətlənmir, dərdləşirdi, mən hələ ayaqdayam xəbərini verirdi, indiki qarışıq vaxtda nə kimi xeyir verə biləcəyini soruşurdu...
27 mart, 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.-
2023.- 30 mart.- S.8-9