Millətçinin cəzası

 

Hekayə

 

Xeyrəddin Sultan Özbəkistanın ən tanınmış yazarlarından biridir. İndiyə qədər 20-dən artıq kitabı nəşr olunmuş, əsərləri müxtəlif dillərə çevrilmiş ədibin hekayə, povest və romanlarına dərin bir lirizm, realizm hakimdir. O, həm də A.Sent-Ekzüperi, Y.Nagibin, V.Şukşin kimi ədiblərin əsərlərini özbək dilinə tərcümə edib.

Xeyrəddin Sultan hazırda Özbəkistan Respublikası Prezidentinin müşaviri vəzifəsində çalışır.

Adımdakı bir hərfin qurbanıyam..."

Əsəd Muxtar                      

 

Ölkə müstəqillik əldə etdikdən sonra kommunistlərin demokratlara, ateistlərin dindarlara çevrildiyi, milli mənlik şüurunun dövlət siyasəti dərəcəsinə yüksəldiyi gözəl günlər idi. Mən də sovetlərin oraq-çəkicli qırmızı pasportunu dəyişdirmək üzrə müvafiq idarəyə müraciət elədim. Sənəd-sünət işlərinə ümumən biganə bir xalq olduğumuz üçün pasport dəyişdirmə tarixi keçmiş mənim kimi məsuliyyətsiz vətəndaşlar binanın qapısında mərcan kimi düzülmüşdülər.

Şura dövləti ilə birlikdə ona xas olan "oçeredlər" də yox olub getmişdi, bu hal mənə bir az qəribə gəlsə də, səbrlə növbəmi gözlədim və nəhayət, içəri girdim. Qapısında "Podpolkovnik Nazimov Batır Yuldaşeviç" yazılan geniş otağın baş tərəfində oturan qaradinməz məmurun qarşısına keçib ərzimi bəyan elədim.

- Əkəcan, - dedim ən kiçik qardaşımdan da kiçik yaşdakı bu adama xitab edərək, - şey... bu məsələdə kömək etsəniz...

Podpolkovnik Nazimov B. Yu. seyrək qaşlarını çataraq mənə səssizcə baxdı.

- Bilirsinizmi, bu müstəbid sistem dövründə mənim pasportuma adımı səhv yazmışlar. 34 il bu səhv ad ilə yaşadım. Artıq bunu düzəltməyin vaxtı gəldi deyə düşünürəm.

- Necə bir səhvdir o? - deyə soruşdu podpolkovnik. Əgər podpolkovnik Nazimov B. Yu.-nun yerində mən də olsam, belə bir baş ağrısı qarşısındakı tövrüm təbii ki eyni olardı.

- Adım Cəmaləddin iki 'd' ilə yazılmalıdır, amma bu pasportda 'Cəmalətdin' deyə 't' ilə yazmışlar.

- Metrika, - dedi podpolkovnik Nazimov B. Yu.

- Buyurun, əkəcan, - deyə təzim və təvazö ilə doğum haqqında şəhadətnaməmi uzatdım. O, metrikanı əlinə alıb diqqətlə gözdən keçirdi, yazılanları höccələyərək oxudu.

- Hamısı doğrudur, - deyə hökm verib, sənədimi "tak" deyə önümə atdı.

- Bunun harası doğrudur?

- Bunun heç bir xətası yoxdur. Metrikada necədirsə, elə də yazılıb.

- Necə doğru ola bilər ki? Özbək dilində...

- Dövlət dilində, - deyə düzəltdi sözümü.

- Hə, sizlərin təbirinizcə desək, dövlət dilində 'Cəmaləddin' adı 't' ilə yazılmaz, iki 'd' ilə yazılar.

- Amma, - dedi sözlərini vurğulayaraq, - metrikada 't' ilə yazılmış, ona görə sovet pasportu verilmişdir, yeni pasportda da eynən o cür yazılacaq.

- Siz nə deyirsiniz, əkə! Adım 't' ilə yazılanda 'itdin' olur axı.

- Bunun bizə dəxli yoxdur, - dedi o. - Bu, sizin probleminizdir.

Bu sözü eşitdikdə əgər mənim yerimdə podpolkovnik Nazimov B. Yu.-nun özü olsaydı belə şeytana "Dur!" deyəmməzdi.

- Siz nə tərs adamsınız? - dedim sinirlənərək. - Bu bir dənə hərfi dəyişdirsəniz, gəminizmi batacaq?

- Gəmim-filan batmayacaq, - dedi kefini pozmadan. - Lakin buna haqqım yoxdur.

- Niyə?

- Çünki əsas yoxdur.

- Sizə necə əsas lazımdır?

- Metrika.

- Metrika əlinizdədir ki!

- Metrikada 't' ilə yazılıb.

- Düzdür, bu metrikanı bundan 50 il əvvəl kəmsavad bir tatar arvad yazıb.

- Bizə bunun dəxli yoxdur, - dedi podpolkovnik Nazimov B.Yu. - Əgər metrikanı dəyişdirib gəlsəniz, istədiyiniz kimi iki 'd' ilə, lazım olsa, lap üç dənə 'd' ilə yazıb verərəm.

- Üç 'd' lazım deyil, - dedim hirslənərək. - Bu... metrikanı harda və necə dəyişdirəcəyəm?

- Aldığınız yerdə - dedi o. - Hansı rayondan almısınızsa, həmin yerin zaqsına yazılı müraciət edəcəksiniz. Zaqs arxivə zapros verəcək, arxiv roddomdan alınan spravka əsasında spravka verəcək. Zaqs bu spravka əsasında sizə iki "d" ilə yeni metrika verəcək, bu metrika əsasında biz sizə yeni pasport verəcəyik. Vəssalam.

Hoppa! Mənim doğulub böyüdüyüm ucqar bir guşədəki rayonun adı son qırx ildə dörd dəfə dəyişdirildi. Əvvəlcə Stalin, sonra Malenkov, daha sonra Xruşşov, ən axırda Doxsanata adlandırıldı. Yaxşı, deyək ki Daşkənddən min kilometr yolu basaraq kəndimizə gəldim. Orada mənə metrika verən zaqs bağlanaraq yerinə yeni bir qurum yaradılıb. Ora da arxivə zapros göndərir. Arxiv zatən ucqar bir yerə daşınmışdır. Arxiv də tapıldı deyək, roddomdan verilən spravkanı siçanlar gəmirmişsə, nə olacaq?

Gələcəkdə məni gözləyən belə bir macəranı gözümün önünə gətirdikdə bədənimə vicvicə düşdü. O zaman min illərdən bəri atalarımın qanında yatan mübhəm bir duyğu - adını bilmirəm, bəlkə də millətçilik - birdən-birə coşaraq hərəkətə gəldi.

- Mən bunu belə qoymaram! - dedim. - Yetər neçə illərdir səbr etdiyimiz! Mən... milli kimliyimi diqqətə almanızı tələb edirəm!

Səsimi xeyli yüksəltdiyimdəm gənc leytenant qapıdan başını içəri soxaraq "Nə baş verir?" dedi. Podpolkovnik Nazimov ona baxaraq milçəyi qovan kimi, "Get işinlə məşğul ol!" deyirmiş kimi əlini yellədi.

- Buyurun! - dedi yenə pəncərəyə baxaraq, - milli kimlikdən əvvəl metrikanızı düzəldin. Əsas lazımdır deyirəm. Metrikanızı düzəltdikdən sonra gəlin.

Bu sözdən sonra ağlı başında olan adam kabineti tərk edərdi, əlbəttə. Amma milli kimlik duyğusu qabaran, hissləri cuşə gələn adam özünü sıravi bir insan saymaz, bu da qayət təbiidir.

- Sizə, - dedim qəzəblə, - sizə əsasmı lazımdır? Bu da əsas!

Allahın mərhəməti ilə o dövrdə mən kiçik bir dövlət nişanı ilə təltif olunmuşdum, O nişanın şəhadətnaməsi çantamda idı. Bəxtimdən, orada adım və soyadım özbəkcə, yəni dövlət dili qaydalarına uyğun halda iki "d" ilə "Cəmaləddin" şəklində yazılmışdı.

- Bu da sizə əsas! - dedim müzəffər bir döyüşçü ədası ilə.

 Podpolkovnik Nazimov B.Yu. şəhadətnaməni əlinə aldı, diqqətlə gözdən keçirdi. Hətta höccələyərək yazılanları tək-tək oxudu. Sonra əfsus-nədamətlə başını yellədi və şəhadətnaməni geri verdi.

- Bu, əsas ola bilməz, - dedi.

- Niyə ola bilməzmiş?

- Çünki instruksiyada yalnız metrika əsas ola bilər deyə yazılmışdır.

Tam da bu yerə çatanda millətçiliyim Elbrus dağının zirvəsinə çıxdı.

- Bağışlayın! - dedim sakit, adamı qorxudacaq dərəcədə sakit səslə, - bağışlayın, dövlət rəhbərinin şəxsən özünün imzaladığı sənəd sizə əsas olmur, əlli il əvvəl sovet dövründə Stalin rayonunun zaqsında oturan kəmsavad bir qarının yazıb verdiyi metrika əsas olur? Hə?

Əgər podpolkovnik Nazimov B.Yu.-nun yerində mən özüm olsaydım, belə bir qorxuducu sual qarşısında çaşıb qalardım. Təbii ki, o da səs çıxartmadan eləcə qaldı. Masa üstündəki qrafindən köşəli stəkana su tökdü və birnəfəsə başına çəkdi.

Gördüm ki, vəziyyəti bir az yumşaltmasam olmayacaq.

- Baxın! - dedim divardakı portreti göstərərək, - şəklini başınızın üstünə asıb qoymusunuz, o kişinin dövründə polkovnik olmusunuz...

- Mən podpolkovnikəm, - dedi bir az üzgün səslə.

- Polkovnik də olacaqsınız, - dedim ona təsəlli verərik. - Milli kimliyi yüksəltmə ruhunda işləsəniz, əlbəttə.

Podpolkovnik Nazimov B.Yu. dərin bir ah çəkdi, bir mənə, bir divardakı portretə baxdı və təkrar bir ah çəkərək:

- Hamınız eynisiniz! - dedi və qabağındakı bir vərəq kağıza mənim adımı və soyadımı doğru şəkildə, yəni dövlət dili qaydalarına uyğun olaraq iki "d" ilə yazdı. Sonra masasının altındakı düyməni basdı. Qapını açan leytenanta buyruq verdi:

- Bu kişinin pasportunu bu şəkildə yenidən rəsmiləşdirin!

- Təşəkkür edirəm, əkəcan, çox sağ olun, - dedim.

Oradan qəlbimdəki milli kimlik duyğusu qabarmış halda çıxanda "Haqq verilməz, haqq alınar!" deyərək bizim kimi cahillərin gözünü açan Mahmud Xoca Behbudinin ruhuna dua etdim.

Bürokratik idarə üzərində qazandığım zəfər sevinci bilmədim, bir ilmi, iki ilmi davam etdi.

Allahın mərhəmətinə bax ki, bu qədər cəfa çəkib, bağrı daş bürokratiya üzərində qələbə qazanıb əldə etiyim yeni pasportum çox keçmədən mənə yeni imkan qapılarını açdı. Kəminə qulunuz yeni işə, nüfuzlu bir idarənin şöbə müdiri vəzifəsinə dəvət olundum. Qaydaya görə iş görüşməsinə çağırdılar. Qapısına "Top Menacer R. Dj. Xalturayev" yazılı otağa girdim. "Çay? Kofe? Viski?" deyə nə içmək istədiyimi soruşdular. Bir şey içməyəcəyimi söylədim.

- Mən sizin rezümenizə (CV) baxdım, - dedi məni iş görüşməsinə çağıran adam, gələcək rəhbərim, özbəkcə sözləri ingilis aksenti ilə tək-tək tələffuz edərək. -  Bəyəndim. Menecment, konsaltinq, autsorsinq sahəsində təcrübəniz var. Korporatif idarəçiliyi də asta-asta öyrənərsiniz. Kastinq işləri sizə tanışdırmı?

- Seçmə işinimi deyirsiniz? Bəli, mən ömrüm boyu bu işlə məşğul olmuşam.

- Okey! - dedi həmsöhbətim və qəbulun bitdiyini bildirərək ayağa qalxdı. - Diplomunuzu ofis-menacerə verin.

Sonra öyrəndim ki "ofis-menacer" dedikləri bildiyimiz kadrlar şöbəsinin müdiri imiş. Adı da Faya Renatovna Zinatullina imiş. O xanım sənədlərimi, yəni "rezüme və diplom"umu gözdən keçirdi. Sonra pasportumu istədi. Mən qürurla sanki Mayakovskinin dediyi kimi, gen şalvarımın cibindən "oraq-çəkicli qıpqırmızı" pasportumu, bağışlayın, yamyaşıl qapaqlı milli pasportumu çıxarıb masaya qoydum.

Ofis-menacer öncə pasportumu, sonra diplomumu əlinə aldı və yazılarını diqqətlə oxudu. Rənginin atdığını üzündəki gözəl, mükəmməl makiyajı da gizləyəmmədi. Araya çox sirli, Şekspir tragediyalarındakı kimi dərin mənalı bir səssizlik çökdü.

- Diplom sizinkidirmi? - deyə soruşdu Faya Renatovna qələmlə çəkilmiş qaşlarını çataraq.

Düzünü desəm, nəfəsim düyünləndi. Çünki bu həyatda üç şeydən - sahibsiz itdən, doktorun iynəsindən və kadrlar şöbəsindən möhkəm qorxuram.

- Təbii ki mənimdir, başqa kimin olacaq? - dedim kəsik-kəsik danışaraq. - Yalnız bu, müstəbid sistem dövründə verilmişdir xülasə.

Ofis-menacer böyük bir şübhə və təntənə ilə diplomumla bərabər pasportumu əlimə tutuzdurdu.

- Pasport ilə diplomdakı məlumatlar bir-birini tutmur, - dedi hələ də çatıq qaşlarıyla baxaraq. Bu çatıq qaşlar zavallının alnında dərin qırışlar yaratmışdı.

- Pasportda ad iki 'd' ilə yazılmışdır, diplomda isə 'td' ilə. Demək, ikisindən biri saxtadır. Sənədləri saxtalaşdırma isə sizə məlum olduğu üzrə qanuna görə təqib edilir.

- Niyə saxta olsun ki? Əsla elə şey ola bilməz! - deyə mən etiraz etdim. Amma nədənsə səsim titrəyir, günahkar kimi zəif çıxırdı. - Sadəcə olaraq pasportdakı adım özbək dilinin, sizin dilinizlə desək, dövlət dilinin qaydalarına görə yenidən yazıldı. Fərq bu qədərdir. Baxın, şəklim da durur, baxsanıza!

- Diplomda şəkil olmaz! Bunu bilmirsinizmi? - dedi Faya Renatovna. - Bağışlayın, sizi bu sənədlə işə qəbul edə bilmərik.

Podpolkovnik Nazimov B.Yu.-ya necə qalib gəldimsə bu şirkətin ofis-menacerini də eyni üsulla bir zərbə ilə tar-mar etməyə  hazırlaşdım, amma Allah bu quluna o anda zehin açıqlığı verdi, dərhal özümü yığışdırdım. Əgər ayağımı dirəyib mübahisəyə girişsəm kadrlar şöbəsi pasport şöbəsinə zapros versə, pasportdakı adımın qanuna zidd şəkildə düzəldildiyi faş olsa, kim bilir, bəlkə də başıma bəlanın daha betəri gələ bilərdi.

- Eh, neyləyək, - dedim üzülmədiyimi gizləməyə çalışaraq. - Sizinlə işləmək nəsibdə yoxmuş demək. Zatən gözüm də uçmurdu. Salamat qalın!

- Gülə gülə.

Aradan bir həftə keçdi.

Şənbə günü qəlyanaltı edib ər-arvad bazara getməyə hazırlaşırdıq ki, qapının zəngi çaldı. Qapını açdım, qapının önündə cavan bir oğlan durmuşdu. Salam verib kadastr xidmətindən gəldiyini deyib vəsiqəsini göstərdi. İçəri keçdi.

- Sabah-sabah narahat etdiyimiz üçün üzr istəyirik, dayıcan, vəzifəmiz belədir, - deyə sözə başladı və yekə qovluğunu açdı. - Səhv etmirəmsə ev sizin adınızadır, deyilmi?

Gördüm ki, bu "d"-"t" məsələsi yenidən aktuallaşır. Tfu! "Millətçilik sənəmi qalmışdı, beyinsiz hərif" deyə bir düşüncə sıxdı məni. Çox keçmədən özümü toparladım və indi nə edəcəyim barədə mülahizə yürütməyə başladım. Lakin bu mülahizənin nəticəsi məni daha da betər hala saldı.

Siz hesab-kitab qılaraq orta-miyanə bir insanın nə qədər sənədi olduğunu heç düşündünüzmü? Mən başıma millətçilik sevdası düşəndən bəri gecələr uyumadan insana ömrü boyu yoldaş olacaq, gərəkirsə onun insan, vətəndaş, hətta şəxs olduğunu təsdiq edəcək və mənim məcburən dəyişdirməli olduğum dünya qədər sənədlərin mütəvazi bir siyahısını tərtib etdim. Həmin siyahı budur:

1. Doğum haqqında şəhadətnamə. (İnsanın bütün həyatına təsir edən ən əsas, baş sənəd).

2. Pasport. (Bütün bəla bununla başladı).

3. Orta təhsil haqqında attestat.

4. Hərbi bilet (Hələ hərbi mükəlləfiyyət yaşım keçmədiyi üçün məni hər an hərbi xidmətə çağıra bilərlər).

5. Nikah haqqında şəhadətnamə (Bunsuz otuz il birlikdə yaşadığım arvadım mənim xatınım olmaqdan çıxar və arvadsız qalma ehtimalım yüz faiz olar).

6. Diplom, ofis-menacer diliylə desək, "diploma" (Bu sənəd olmadan məni heç bir yerdə işə götürməzlər. Sənədi saxtalaşdırmağa görə məsuliyyətə cəlb etmirlərsə, buna şükr etməliyəm).

7. Sürücülük vəsiqəsi (Bu sənəd olmasa QAİ işçisi maşınımı arest edib cərimə meydançasına qoya bilər).

8. Ev, torpaq ilə bağlı sənədlər. (Ondan artıq. Bunun mənfi nəticələri haqqında yuxarıda danışdım. Təkrar bəyan eləməyə qəlbim tab gətirməz)

9. Daça sənədləri. (Off!).

10. Partiya bileti (Millətçilik duyğularımdan dolayı Milli Dirçəliş Partiyasına üzv olmuşdum, deməli, bu sənədi də düzəltdirməm gərək).

11. Ovçular cəmiyyətinin üzvlük vəsiqəsi (Eyvah! Allahım, ən pisi elə budur. Çünki adıma ov tüfəngi var! "Qanuna zidd silah saxlama" ittihamı ilə içəri ata bilərlər!).

12. Uşaqlarımın metrika, pasport, attestat və diplomaları (Əgər sənədin "Ata adı" qrafasını diqqətə alsalar, üç oğlanı və bir qızı da mənim uşağım saymazlar).

13. Elmlər namizədi diplomu.

14. Müəlliflik hüququ (1 monoqrafiya, 3 metodik vəsait, 1 səmərələşdiricilik patenti, 100-ə yaxın elmi məqalənin mənə aid olduğunu isbatlamam lazım gələcək).

15. İş vəsiqəsi (İş yerinə hər gün başqasının sənədi ilə girib çıxırammış).

16. Vergi ödənişləri (Dərhal dəyişdirməsəm milyonlarla sum vergi ödəməyə məcbur edərlər).

17. Bütün ödənişlər (elektrik, qaz, soyuq su, isti su, zibil üçün ödənişlər).

18. Dövlət mükafatı şəhadətnamələri (Bular necə dəyişdirilir, ey əhali!).

19. Qeydiyyat (Pasportun özündə, pasport stolunda, məhəllə idarəsində və Allah bilir, daha neçə yerdə qeyd edilmişsə).

20. Əmanət kassası sənədi. (2 dənə. Bir dənəsini arvadım bilmir, yaxşı-yaman günlər üçün yığılan pullar mənim deyil "Cəmalətdin" adlı yad bir adamın adına yatırılır. Bank bu vəziyyətdə mənə bir quruş da verməz. Ah! Pul tapıb ağıl tapmayan axmaq!).

21. Ev, ərzaq, maşın, sağlamlıq üzrə sığorta sənədləri.

22. Aksiyalar (20 dənə. Vaxtında iş yerindən məcburi olaraq vermişdilər. Bugünə qədər bir quruş da kar payı ödəmədilər. Amma kim bilir, naümid şeytandır).

23. Pensiya yığım şəhadətnaməsi (Mənə dəxli yoxdur. Cəmalətdin adlı kim olduğu bilinməyən şəxsin adına rəsmiləşdirilib. Əlimdəki pasportla bir quruş belə ala bilməyəcəyim dəqiqdir).

24. Həmkarlar ittifaqı üzvlük vəsiqəsi.

25. Milli (millətçi olmaq sənəmi qalmışdı?) kitabxanaya üzvlük bileti.

Bunlar yuxusuz gecələrdə yadıma düş

ənlərdir, hələ xatırlaya bilmədiyim neçəsi var. Bunları dəyişdirməm üçün yüzlərcə idarənin qapısını çalmam lazımdır və buna bir ömür yetməz. Budda kimi bir insanın yeddi ömrü olsa yenə yetməz. Bu hətta mənim kimi bir axmağa da aydındır.

Vəziyyət belə olduqda iki aktual suala cavab tapmaq lazımdır:

1. Kim günahkardır?

2. Nə etmək lazımdır?

Birinci sualın cavabı açıq və rövşəndir: özümdən özgə günahkar yoxdur. Niyə ölmüş ilanın başı ilə oynadın, hə?

İkinci sualın cavabını tapmaq üçün şəhərdəki ən məşhur hüquq məsləhətxanası olan "Pinxasov və oğulları"na müraciət elədim. Ofisdə oturan 86 yaşındaki ixtiyar - öz təbiri ilə Axunbabayevin zamanında "naçalnik yurotdel" vəzifəsində işləmiş, hər cür çalkeşir hüquqi məsələni həll etmiş Mirzə Dədə Pinxasov ərzi-halımı dinlərkən gözlərini yumdu, dərin düşüncəyə daldı və dedi:

- Oğlum! Mən sənin dərdini anladım. Çox müşkül bir vəziyyətə düşübsən. Bu halda mövcud iki bəladan imkan daxilində ən yüngülünü seçmək lazımdır.

- Yəni?

- Yəni ya otuz sənədi dəyişdirəcəksən, ya da bir dənəsini. Mən sizə pasportunuzu dəyişdirmənizi tövsiyə edirəm.

Bu sözü eşitdikdə izzəti-nəfsim zədələndi, nazik milli qürurumun necə rəncidə olduğunu təkrar söyləyib yarama duz basmağa ehtiyac yoxdur məncə.

Bir həftə və ya on günüm tərəddüd, şübhə və güman içində keçdi. Bu arada mənim vətəndaşlıq vəzifəmi yerinə yetirməmlə bağlı bir dəvətnamə gəldi. Yəni yerli seçkilərdə səs verməm lazım idi. Dəvətnamədə seçkidə iştirak etmək üçün pasportumun da yanımda olması xatırladılmışdı. Artıq mənim vəziyyətimi siz təsəvvür edin.

Axırda dayana bilmədim, pasportu daha əvvəl dəyişdirdiyim yerə gedib növbəyə durdum. Səbrlə gözlədikdən sonra nəhayət podpolkovnik Nazimov B. Yu.-nun qəbuluna girdim.

Müdrik xalqıma qurban olum! Doğma xalqımı nə qədər tərifləsəm azdır. Belə hallar üçün çox yerinə düşən, insanı xəcalət bataqlığından dartıb çıxaran neçə-neçə atalar sözü, hikmətli sözlər yaratmışdır. Seçib al, məqsədinə uyğun istifadə elə.Mən də o cür elədim.

Podpolkovnik Nazimov B.Yu.-ya üz tutaraq belə dedim:

- Hamımız çiy süd əmmiş bəndələrik. Cahillik gələndə ağıl uçub gedər. Əyilən başı qılınc kəsməz. Bir görəndə tanış, iki görəndə biliş deyirlər, artıq bir qaşıq qanımızı bağışlayın, müşkülümüzü həll edin. İnşallah, tutduğunuz torpaq altın olsun, məqamınız daha da yüksək olsun..

 

Podpolkovnik Nazimov B.Yu. mənə uzun-uzadı baxdı.

- Yaxşı, - dedi, - metrikadakı adınız əsasında "Cəmalətdin" olaraq sizə yeni pasport verəcəyik. Mən sizi düz başa düşdümmü?

- Düppədüz! - dedim can hövlü ilə.

-  Tamam, - dedi. - Lakin bu bir istisnadır, bildinizmi? Akt yazılacaq, imzalayacaqsınız, kassaya lazımi məbləği ödəyəcəksiniz, üç gün sonra gəlib pasportunuzu alacaqsınız.

- Təşəkkür edirəm, çox sağ olun, məni çox ağır vəziyyətdən xilas etdiniz.

- Sağ olun, - dedi podpolkovnik Nazimov B.Yu. ayağa qalxaraq mənə əl uzatdı. - Siz bir şeyi unutmayın, -  dedi kəlmələri tək-tək vurğulayaraq. - Sizin söylədiyiniz milli duyğu bizdə də var. Nazimov B. Yu.-nun özbək dili qaydalara uymadığını mən bilmirəmmi sanki? Bilirəm. Atam hərbçi idi. Mən Macarıstanda doğulmuşam. Metrikamı qarnizonda yazıb vermişlər, başa düşdünüz?

Heyran olub qaldım. Qarşımdakı insan bədbin bir bürokrat deyil, sanki dərtdaşıma, millətdaşıma çevrilmişdi.

- Belə, - dedi podpolkovnik Nazimov B.Yu. sanki xəyalımdan keçənləri oxuyurmuş kimi.

- Yaxşı, nə etmək lazımdır? - deyə ritorik bir sual verdim.

- Siz bayaq çoxlu özbək atalar sözü və deyimlər gətirdiniz, - dedi podpolkovnik Nazimov B.Yu. - Mən də bir dənə rusca atalar sözü söyləyim. Ruslar "Bereqi çest s molodu" (Şərəfini gənclikdən qoru) deyirlər. Mən bunu bir az dəyişdirərək "Bereqi metriku s molodu" (Metrikanı gənclikdən qoru) demək istəyirəm.

Məyus bir gülümsəmədən sonra vidalaşdıq.

QEYD: Cəmalətdin Buzrukov. Elmi işçi, 50 yaşında.

 

Özbək dilindən Ramiz Əskər tərcümə edib.

Xeyrəddin SULTAN

(Özbəkistan)

525-ci qəzet.- 2023.- 31 mart.- S.12-13.