Sahibini "yaşadan"
nömrələr və profillər
Esse
İnsanın ölümə doğru gedişi, əslində, doğulduğu gündən
başlayır. Yəni biz - fanilər doğulduğumuz
ilk andan etibarən üzü ölümə
doğru gedirik. Kimimizdə bu yol daha
uzun, kimimizdə daha qısa çəkir. Bəzilərimiz bu yolu sona
qədər səbrlə
gedərkən, bəzilərimiz
öz istəyi, öz əli ilə yolu yarıda
tərk etməyi seçir. Düzdür, belə deyirik,
amma bəlkə elə onların da yolu ora
qədərmiş?! Qısacası, bir gün doğulan
bir gün mütləq gedir. Həyatın ən ümdə və yəqin ki, heç zaman pozulmayacaq qanunu, düzənidir bu...
Yaşadığımız texnologiya əsri isə ölümlərin
də təsir gücünü dəyişib,
fərqləndirib sanki. Xüsusən, tanıdığımız, gündəlik,
ya da vaxtaşırı
ünsiyyətdə olduğumuz
insanların bir səhər artıq var olmadığını
bilmək bizi nə qədər üzsə də, onların telefonumuzdakı
nömrələri, sosial
şəbəkəmizdəki hesabları qarşımıza
çıxdıqca qəribə
hisslər yaşadır.
Sanki texnologiya əsri
bizə dünyasını
dəyişən tanışlarımızı
unutmamaq, zaman-zaman xatırlayıb yad etmək üçün imkanlar yaradır. Telefonumuzun nömrələr
bölməsində adı,
votsap, feysbuk, instaqram kimi sosial şəbəkələrdə
rəsmləri, bir gün, bir ay, hətta ölümündən
bircə saat qabaq etdiyi paylaşımlar,
yaşayarkən keçirdiyi
duyğu və düşüncələr hər
biri yerindəcə qalır. Sahibi dünyasını dəyişmiş profillərə
daxil olanda bir anlıq duruxursan. Çünki
artıq var olmadığını bildiyin,
hətta yas mərasimində belə iştirak etdiyin insan orada hələ
"yaşayır", "danışır", "düşünür"...
Bəzən bu "canlılığın"
sehrinə qapılıb
ya hansısa paylaşımına, ya da mesaj qutusuna
nəsə yazırsan,
əlin sözünə
baxmayıb nömrəsini
yığır. Onda gerçəyin amansız
alovu qarsır üzünü. Ya nömrəsinə
zəng çatmır,
ya da başqa
biri cavab verir. Ya profilinin "yaşıl
işığı" yanmır,
mesajın havada asılı qalır, ya da ekranın
o başından başqası
"danışır" sənlə.
Bir gün votsap statuslarına baxarkən, tanıdığım, vaxtaşırı hal-əhval tutduğum bir xanımın "hekayə" bölməsində öz şəklini paylaşaraq "Allah rəhmət eləsin!" yazdığını gördüm. Canıma üşütmə düşdü. İnsan niyə öz şəklini paylaşıb rəhmət oxusun ki?! Gecə idi... Buna baxmayaraq, "onlayn" göstərən nömrəsinə yazdım: "Nə olub?" Xəttin o başındakı tanışım səs göndərdi. Səsi açanda bunun o yox, tanımadığım bir kişi səsi olduğunu gördüm. Həmin xanımın həyat yoldaşı imiş. Onun bir neçə gün öncə dünyasını dəyişdiyini, nömrəsini artıq özünün işlədəcəyini dedi. İnanmaq, alışmaq o qədər çətindir ki. Hələ də telefonumda həmin xanımın nömrəsi və adı qalır. Bəzən girib baxıram, "onlayn" göstərir. Bəzənsə "hekayə" bölməsində nələrsə paylaşır. Lakin bilirəm ki, bu o deyil...
Üç il öncə rəhmətə gedən əziz şairimiz Fərqanə Mehdiyevanın nömrəsi hələ də aktivdir. O gündən nömrəsini qızı Ülkər işlədir. Fərqanə xanımla keçmiş yazışmalarımız qalır. Sonra qızı Ülkərlə də elə həmin nömrə vasitəsiylə yazışdıq. Amma mən üç ildir telefonumdakı o adı dəyişmirəm, dəyişə bilmirəm. Nədənsə, bunu mərhumun xatirəsinə vəfasızlıq kimi qəbul edirəm.
Eləcə də feysbuk "dostluğumda" illər ərzində dünyasını dəyişmiş çox insan var ki, onları da "dostluqdan silməyə" əlim gəlmir. Mənim üçün o insanlar o nömrələr, profillər həyatımda olduğu müddətcə yaşayırlar.
Nə qəribə zamandır. Bir
vaxtlar sahibinin
yaratdığı, işlətdiyi nömrələr, profillər
sonralar sahiblərini
"yaşadırlar"... Özləri sahibsiz
qalsalar da...
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 31 mart.- S.11.