Mart soyqırımına həsr edilmiş ilk bədii
nümunələr
Bədii
ədəbiyyat janr biçimindən və mövzu
seçimindən asılı olmayaraq saf hisslər və
müqəddəs duyğular ümmanıdır. Çağdaşlığın və poetikliyin ruhunu yeniləyən bəşəri dəyərlər
və mənəvi meyarlar tarixi gerçəklik məcrasında
bədii həqiqətlərin
diriliyinin və duruluğunun donorudur.
O qara, məşum günlərdən - daşnak-bolşevik
muzdlu qatillərinin
1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada Azərbaycan türklərinə qarşı
törətdikləri və
misli görünməmiş
qəddarlıqla həyata
keçirdikləri kütləvi
qırğınlardan və
bu faciəli hadisələrə həsr
edilmiş ilk bədii
nümunələrin qələmə
alınmasından 105 il
keçsə də,
o əsərlərdə bu
gün də sözün haqqa güvənci, emosionallığı,
təravəti, kəsəri
güclü, magik enerjisi tükənməzdir.
İstinad olunan əsərləri
vizual nəzərdən
keçirdikdə müşahidə
olunur ki, "Mart hadiseyi-ələmiyyəsi"ndən sonra isti-isti yazılmış şeir,
hekayə, esse, dram əsərləri və
s. bədii nümunələrin
müəllifləri soyqırımı
aksiyasının şahidləri
və ya zərərdidələri olmuşdur.
Tanınmış ədiblərdən Cəfər
Cabbarlı ailəsi ilə erməni barbarlarının hücumuna
məruz qalmış,
döyüşlər evlərindən
bir az yuxarı
hissədə, "Ceyran
bağçası" deyilən
ərazidə getdiyindən
qadınları, uşaqları
və qocaları
"qar anbarı"
adlanan sığınacaqda
gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz
yerə - Xızıya
aparmaq məqsədilə
ailə üzvlərini
və qonşuları
şəhərdən çıxardarkən
qayalığa çatmamış
güllə yağışına
düşmüş, nəticədə
qonşuları Məşədi
Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf
nəticəsində ölüm
kabusundan xilas olmuşlar.
Cəfər Cabbarlının yaradıcılığında
1918-ci ilin mart soyqırımı
xüsusi yer tutur. O, əsasən Çəmbərəkənd
qəbiristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunan mart soyqırımı
qurbanlarının xatirəsini
anmaq üçün,
xalqın qatillərə
qarşı haqq səsini ucaltmaq, etirazını bildirmək
məqsədilə "Dur,
ey xar olan
millət" sərlövhəli
şeir yazmışdır.
Əsasən gənclər bu
mərsiyəni qətliam
qurbanlarının yeddisində
və qırxında küçələrdə, məhəllələrdə
xorla səsləndirərək
günahsız həlak
olmuş insanlar üçün göz yaşı tökməyə,
əslində isə xalqı məkrli, maskalı düşmənə
qarşı səfərbərliyə,
müqavimətə, mübarizəyə
çağırırdılar.
Gülzari - vətən soldu,
Millət
xari-zar oldu,
Hamı
payimal oldu,
Dur, ey xar olan millət.
C.Cabbarlının eyni mövzuya həsr etdiyi, uzun illər nəşrlərdən kənarda
qalan, ilk dəfə bu yazının müəllifi tərəfindən
6 mart 1991-ci ildə "Novruz"
qəzetində (№10) çap
etdirilən digər dəyərli sənət
əsəri "Əhməd
və Qumru" hekayəsidir. Əsərin mövzusu Şamaxı
şəhərindən olan
iki gəncin - Əhməd və Qumrunun saf və
ülvi məhəbbətindən,
böyük arzularından,
bir-birilərinə layiq
yüksək mənəvi
keyfiyyətlərindən, mart faciəsinin günahsız
insanlara gətirdiyi acılardan, müsibətlərdən,
fəlakətlərdən bəhs
edir. C.Cabbarlı, valideynləri erməni
qatillər tərəfindən
qətlə yetirilmiş,
evləri dağıdılmış
Əhməd və Qumrunu "Böyük pəncərələri qara
kömürlərə dönmüş,
altun divarları matəmlərə bürünmüş",
"əti tökülmüş
baş skeletinə bənzəyən möhtəşəm"
İsmailiyyə binasının
önündə dilənçi
vəziyyətində qarşılaşdırır.
Faciə və məhrumiyyətlərin məngənəsində
tanınmaz hala düşmüş, "Yaralıyam,
şikəstəm, Şamaxı
əsiriyəm", - yalvarışlarından
bir-birini çətinliklə
tanıyan iki sevgili görüşlərinə
sevinsələr də,
birbirini qucaqlamırlar,
daha doğrusu, qucaqlaya bilmirlər. Çünki erməni barbarları
onların qollarını
kəsmişdi. Hekayə vəhşiliyə,
barbarlığa, qəddarlığa
qarşı oxucu qəzəbini, nifrətini
ovxarlamaqla yanaşı,
haqqa, ədalətə
rəğbət hissi
aşılayır.
Yazıçı, ədəbiyyatşünas, publisist Mirzə Bala Məhəmmədzadə
1918-ci il mart faciəsini ilk dəfə
öz adı ilə - qətliam - yəni ümumin qətli, soyqırımı
adlandırmış, əsl
caniləri, qatilləri
xalqa nişan vermişdir. O, "Mart" adlı
publisistik məqaləsində
çox sərt formada, açıq olaraq yazırda: "31
mart 1918-ci sənə. Bu gün...
Bakımızda qanlar axıdılmış,
evlər talanmış,
atababalarımız şəhid
düşmüş, ana-bacılarımız
əsir edilmiş.
Bu gün Bakı
əhli kəndi yurdunda qətli-amə, əsarətə və məhkumiyyətə qalmışdır.
Bu gün Bakının
ətrafında axan neft çeşmələri
qan çeşmələrinə
mübəddəl olmuşdur.
Bu gün Bakı
sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış
türk mənliyini...
öldürmək üçün
daşnak qüvvələrinə
müraciətən unudulmayacaq
qanlı günlər
vücudə gətirmişdilər".
Mirzə Bala Məhəmmədzadənin 23 iyul
1918-ci ildə Tiflisdə
işıq üzü
görən "Gənclər
yurdu" jurnalında
çap etdirdiyi "Əksinqilabçılar" maraqlı
süjet xəttinə
və ibrətamiz məzmuna malik, mart qətliamına, genosidinə
həsr edilmiş ilk hekayədir. Beş qismdən ibarət
olan "Əksinqilabçılar"
hekayəsinin qəhrəmanı
Moskva Darülfünununda
oxuyan, bolşevik əqidəli "Azərbaycan
türkü Hüseyn
bəydir. Hüseyn bəyin
fikrincə, hürriyyət,
istiqlal istəyən"
Azərbaycan, Türkistan,
Tatarıstan, Krım türk gəncləri doğrudan da əksinqilabçılardır. Müəllif Hüseyn bəy haqqında tam təsəvvür yaratmaq üçün şahidi
olduğu Bakı qətli-amından dəhşətli
bir mənzərəni
təsvir edir: "Bakı həyəcanlı
günlər keçirirdi.
Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng, qurşun səsilə paroxodların bombardmanı,
cəmaətin qışqırığı,
çoluq-çocuğun, qadın-qızların
ah-fəryadı məhşəri
andırırdı. Ölən, yanan,
qaçan, çığıran,
dağıdan, kəsən,
kəsilən bir-birinə
qarışmışdı".
Qandondurucu, tükürpərdici bu dəhşətli mənzərədən təəssüf
hissi keçirməyən
"Hüseyn bəy"
milli qırğının
günahsız qurbanlarına
xəcalət çəkmədən
"əksinqilabçılar" deyir.
Milliyyətini, mədəniyyətini danan, dininə, dilinə ikrah hissi ilə yanaşan, valideynlərini
bəyənməyən, milli
təəssübkeşlikdən uzaq, manqurtlaşmış
"obrazovannı" tipini
Mirzə Bala "Hüseyn bəy"in simasında çox böyük məharətlə
yaratmışdır.
Yığcam hekayələr ustası, görkəmli publisist Seyid Hüseyn Mart soyqırımı günlərində
Bakıda başına
gələn hadisələri
qələmə alaraq
sənədli hekayə
nümunələri yaratmışdır. Onun "İstiqlal"
(1335, 4 şübat) qəzetində
çap etdirdiyi "İsmailiyyə" əsərində
yazırdı: "Mart hadisəsi
zamanında İsmailliyə
binasından çox da uzaqda olmayan
bir məhəllədə
erməni əsgərləri
tərəfindən mühasirə
edilmişdim. Ələ keçməmək
üçün həmən
yaşadığım evin
bulunduğu məhlənin
alt qatında, zirzəmisində
gizlənmişdim. Pulemyotların dırıltısını, topların
gurultusunu eşidirdim.
Dışarıda nələr
vaqe olduğunu hiss ediyor, xəyalımda bir çox fəci mənzərələr
tərsim eyləyirdim".
Erməni əsgərlərinin dinc,
günahsız əhali
arasında kütləvi
qırğınlar törətməsini
lənətləyən, qınayan
yazıçı gözəlliyi,
möhtəşəmliyi ilə
seyrçiləri heyran
edən İsmailiyyə
binasının barbarcasına
yandırılmasına, məhv
edilməsinə inanmır. O, İsmailiyyəni
sevə-sevə oxşayır,
sevdirə-sevdirə təsvir
edir. Mühasirədən
sonra bu ecazkar abidənin qarşısında dayandıqda
isə heyrət və təəssüflə
fikirini belə tamamlayır: "...İsmailiyyə"
- o milli əməllərimizin
doğulduğu yer! O möhtəşəm bina,
o Azərbaycan fikrini, Azərbaycan hürriyyət
və istiqlaliyyətini,
məfkurəsini bir ana kimi bəsləyib
tərbiyə verən
mərkəz! O gözəl
və sevimli bina xəyanət nəticəsi olaraq bir qəhrəman kimi məğlub edilmişdi... Bəli,
"İsmailiyyə" yandırılmışdı..."
Seyid Hüseyin
essevari hekayəsində
"İsmailiyyə" binasının
gözəlliyi ilə
orada həyata keçirilən əməllərin
gözəlliyini müqayisə
edir. Üstünlüyü isə bu iki
gözəlliyin vəhdətində,
tandemində görür
və ona qıyanları qınayır...
Seyid Hüseyin eyni mövzuya həsr etdiyi və "Azərbaycan" qəzetinin
1919-cu il 20, 25 və
26 avqust tarixli sayında "Həzin bir xatirə" adlı əsəri də tarixi "İsmailiyyə" binasına
həsr edilmiş, ədib xeyirlə şər, sivillə barbar, qurucu ilə yıxıcı arasındakı dərin uçurumu, ziddiyyəti və fərqi inandırıcı, təbii
təqdim etməyi bacarmışdır.
Dövrünün tanınmış şairi,
nasiri və müəllimi Hacı Səlim Səyyah Qasımzadə (1869-1933) Qasımzadənin
ən yaxın qohumları və dostları 1918-ci il
mart soyqırımının qurbanı olmuşdur. Şairin soyqırımı
qurbanlarının bir
illiyinə həsr etdiyi və "Bəsirət" qəzetində
çap olunan on üç bəndlik
"Mart ayı" adlı
müxəmməsində məhz
erməni cəlladlarının
Azərbaycan türklərinə,
müsəlmanlara qarşı
insanlıqdan uzaq, qəddarlıqla həyata
keçirdikləri vəhşilikləri
hüznlü, ağrılı
duyğularla təsvir
etmişdir.
...Bu günün misli keçən il,
Allahım gözdən iraq,
Ermənilər əlldə bomba,
süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin,
arvad, uşaq,
Südəmərlər nizə nükündə
çalardı əl-ayaq,
Halə, yalvarmaq bu qövmə
hərgiz etməzdi əsər.
Böyük Azərbaycan şairi Məhəmməd Hadinin "Şühadeyi hürriyyətimizin ərvahinə ithaf" şeiri də Mart soyqırımının birinci ildönümündə "Azərbaycan" qəzetinin 1919-cu il 31 mart tarixli sayında dərc edilmişdir.
İstinad edilən bədii nümunələrlə tarixi faktları, rəsmi materialları və
sənədləri müqayisə və təhlil etdikdə
müşahidə olunur ki,
bədii əsərlər həyat həqiqətlərini daha inandırıcı, qabarıq və təsirli
təqdim edir.
Asif
RÜSTƏMLİ
Filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2023.- 31 mart.- S.7.