Naxçıvan
müsahibəsi
Litva
jurnalistinin 1990-cı il Naxçıvan
müsahibəsi
YAXIN
TARİXİMİZƏ UZAQDAN BAXIŞ
Litvanın siyasi və jurnalistika elitasında Qarabağ
münaqişəsinə, Ermənistan-Azərbaycan və
Türkiyə-Ermənistan münasibətlərindəki bir
sıra mühüm tarixi, dini, etnokulturoloji və geosiyasi
faktorlara münasibət həmişə birmənalı
olmayıb. Bununla bağlı indi də bu ölkənin ictimai
diskursunda hələ XIX əsrin sonlarından başlayaraq
formalaşdırılmış bir sıra köhnə
stereotiplər mövcuddur.
Hərçənd Litvada ən yeni tarixin ilkin mərhələlərindən
başlayaraq Azərbaycan xalqının haqq səsinə səs
verən və ölkəmizin ərazi
bütövlüyünü dəstəkləyən Litva
ziyalıları dəstəsi də vardır. Ən müxtəlif
peşə sabibləri olan bu ziyalılar sırasında
jurnalistlər, tarixçilər, siyasi icmalçılar, media
ekspertləri və politoloqlar mühüm yer tutur.
1988-ci ildən etibarən Litva mediasında Qarabağ
probleminə və Ermənistan-Azərbaycan münaqişəsinə
obyektiv qiymət verilən yüzlərlə məqalə
işıq üzü görüb (hərçənd
bunların da bəzilərində mübahisə doğuran bir
çox məqamlar diqqət çəkir). Ən fərqli
janrlarda yazılan bu publikasiyaların müəllifləri
arasında 50-dən artıq tanınmış litvalı qələm
sahibi vardır. Bu gün tam bir əminliklə
konstatasiya edə bilərik ki, müasir Litva-Azərbaycan
ictimai-siyasi, kulturoloji və publisistik əlaqələrinin
başlıca qolunu Qarabağ münaqişəsi mövzulu əsərlər
və tərcümələr təşkil edir.
Həmin yazılarıdan birinin Litva dilindən tərcüməsini
oxuculara təqdim edirəm.
İki həftə
ərzində litvalı jurnalist həmkarım Ritas Stasyalis ilə
birgə Zaqafqaziya respublikalarını - Ermənistan, Gürcüstan və
Azərbaycanı səyahət etdik. Çox şeylər
gördük və ən çox bizi bu ölkələrdəki
təzadlı həyat səhnələri təəccübləndirdi:
Tbilisidə gündəlik həyat qayğıları ilə
yaşayan insanlar, kafe və restoranların yanında
topalaşan gənclər - Qazaxda isə dəmiryol
vağzalında yığılmış və sözün əsl
mənasında qana susamış kütlə. Yerevanda
axşamlar parlaq işıqlandırılan küçələr,
çıraqban meydanlar - Stepanakertdə (Xankəndində -
M.H.) isə az qala hər yüz metrdən
bir zirehli hərbi maşınlar qoyulmuş yollar...
Bununla belə,
Naxçıvan şəhəri bizə daha fərqli
göründü: - bom-boş və çox çirkli
küçələr, tək-tük yoldan keçən və
soruşanda sənə həvəslə yol göstərən
insanlar... Yol kəsişmələrində nə
hərbi maşınlar, nə də silahlı patrullar
görünmürdü. Sanki burda sülh
və sakitlik hökm sürürdü.
Lakin
Naxçıvanda özümüzü çox narahat hiss
edirdik. Yeri gəlmişkən, sonradan aydın
oldu ki, bu muxtar respublikanın bir çox sakinləri də
özlərini eynilə bu cür hiss edirlər. Bu
narahatlıq hər bir anda fövqəladə vəziyyətin
elan edilib komendant saatının tətbiq olunması gözləntisi
(onlar bu "sevinci" indiyədək dəfələrlə
yaşayıblar və bundan açıqca qorxurlar) və
gerçəkdə hər zaman başlana bilən ermənilərin
hücum təhlükəsi (ən azından onlara belə
görünür) ilə bağlı idi. Bu insanlar
üçün sülh və əmin-amanlıq, ahəngdar və
müntəzəm iş rejimi, normal tədarük və təchizat
kimi məhfumlar az qala unudulmuş
anlayışlara çevrilib.
Biz burada
üzünmüddətli blokadanın - bu bölgənin təcrid
olunmasını zatən belə adlandırmaq daha
düzgün olardı - nəticələrini elə ilk
axşam öz üzərimizdə hiss etdik:
Naxçıvanın ən yaxşı qonaq evi sayılan
"Təbriz" hotelində küçədə olduğu
kimi soyuq idi. Yuyunmağın yolunu isə
yalnız hotelin növbətçisindən burdakı kranlara
su verilmə saatlarını öyrəndikdən sonra tapa
bildik.
1. “Təbriz“ hotelinin rekonstruksiyadan qabaqkı
görüntüsü.. 2. Litva jurnalisti Ritas Stasyalis.
Şənbə günü - İran İslam
İnqilabının 11-ci ildönümü ərəfəsində,
axşamdan xeyli keçmiş hotelin otaqların birində
qabaqcadan hazırlanmamış - improvizasiya edilmiş mətbuat
konfransı düzənləndi. Konfransa xeyli adam
qatılmışdı, söhbətlər uzun çəkdi
və çoxlu mövzulara toxunduq. Bütün
həmsöhbətlərimin məlumatlı və səriştəli
olması heç bir şübhə doğurmamasına baxmayaraq,
oxucuları xəbərdar edirəm ki, hər bir halda onlar Azərbaycan
tərəfinin insanlarıdır və öz fikirləri ilə
bu Respublikanın mövqeyini təmsil edirlər. Bəzi hadisələri və durumları onlar bizdən
və ya ermənilərdən fərqli dəyərləndirirlər.
İstərdim ki, düzgün anlayasınız
- onlar yalan danışmırlar, sadəcə olaraq onlara belə
görünür. Suallarımızı bu jurnalistlər
cavablandırdılar:
Azərbaycan jurnalistləri Qahirə Hüseynova və
Namiq Cəlilov.
Azərbaycan-Ermənistan
münaqişəsinin və indiki son dərəcə gərgin
vəziyyətin səbəbi, daha dəqiq desək,
başlanğıc nöqtəsi Dağlıq Qarabağ məsələsidir...
Namiq Cəlilov.
Bu torpaq bizimdir. Və
Dağlıq Qarabağın verilməsindən, dəyişdirilməsindən
və ya digər oxşar bir addımın atılmasından
heç bir söhbət gedə bilməz. Ermənilər Dağlıq Qarabağa yönəlik
iddialarını xalqların öz müqəddəratını
təyinetmə hüququ ilə əsaslandırırlar.
Biz belə bir hüququn olmasını bilirik və
onu qəbul edirik. Amma onlardan soruşmaq istəyirik: Məgər
Ermənistan ərazisində yaşayan 200 min azərbaycanlı
da elə həmin təyini-müqəddərat hüququnu tələb
etmirmi?! Cavabında onlar bildirirlər ki, bu gün Ermənistanda
bircə nəfər də olsun azərbaycanlı yoxdur...
Ermənistandakı
hadisələr eynilə Dağlıq Qarabağda, Stepanakertdə
baş verdi. Hərbçilər
adamın evinə gəlib deyirlər ki, biz sizin təhlükəsizliyiniz
üçün artıq qarant verə bilmirik. Deyin
görək, həmin adam özünü
necə hiss etməli və hansı addımı
atmalıdır?! İnsanlar oraları tərk
etdilər. Doğrudur, onlardan təxminən
15 min nəfəri bu günədək Şuşada və ətraf
kəndlərdə çamadanlarının üstündə
oturublar və ümid edirlər ki, tezliklə evlərinə
qayıda biləcəklər.
Fəridə
Abdullayeva. Bəs nə üçün o torpaq
Dağlıq Qarabağ adlanır? O bölgə Araz
çayına qədər (İran sərhəddinə kimi -
L.Ç.) uzanan yuxarı və aşağı Qarabağ ərazilərinin
tərkib hissəsidir. Qarabağda həmişə
indi azərbaycanlılar adlanan millətlər
yaşayıblar. Və nəhayət, belə bir
faktı qeyd etmək istərdim ki, 10 il
öncə ermənilərin Dağlıq Qarabağa gəlməsinin
150 illik tarixi anıldı. O zaman bu tarixi əbədiləşdirmək
üçün bir abidə ucaldıldı. Abidəni
ermənilərin özləri qoymuşdular. Bu gün həmin abidə
dağıdılmışdır.
- Sizcə,
azərbaycanlılar bu fəlakəti önləmək
üçün nəyi etməməli idilər?
Bahadır İmamquliyev. SSRİ Nazirlər Soveti
Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi
inkişafını sürətləndirmək tədbirləri
haqqında Qərar qəbul edərkən və bunların həyata
keçirilməsi üçün 500 milyon rubl pul vəsaiti
ayırarkən, dərhal paralel olaraq Ermənistanda yaşayan
azərbaycanlılarla da bağlı analoji Qərar qəbul
etməli və mütləq onlara da eyni miqdarda pul
ayrılmalı idi. Niyə? Axı
öz-özlüyündə aydındır ki, Nazirlər
Soveti belə bir birtərəfli Qərarı verməklə
Ermənistanda yaşayan azərbaycanlıların
hüquqlarını məhdudlaşdırdı. Bu Qərar azərbaycanlıları Ermənistandan
qovmaq üçün atılan ilk addım oldu. Onlar hüquqları artıq Konstitusiya ilə
qorunmurdu. Mən elə onda bilirdim və
hamıya deyirdim ki, Ermənistanda sanki bir rezervat statusuna malik
olan, hətta elektrik enerjisi və sadə bir dükanı
olmayan Azərbaycan kəndləri vardır. Bu məsələ Ermənistan Hökuməti tərəfindən
həll edilməli idi. Ancaq Hökumət
heç nə etmədi. Və Azərbaycan
Hökuməti də bunun üçün heç
barmağını da tərpətmədi və heç bir
söz demədi.
Öncə qaçqınlar Ermənistandan kütləvi
şəkildə axışıb gəlmirdilər, tək-tük
hallarda oranı tərk edirdilər. Hökumət isə onların niyə
qaçdıqlarının səbəbini
aydınlaşdırmaq, hansısa təsirli tədbirləri
görüb onların axınını kəsmək, ya da ən
azından dayandırmaq yerinə, qaçqınları harada
yerləşdirmək, necə yedizdirmək və hardan onlara
iş tapmaq barədə düşünürdü. Halbuki ildırım sürəti ilə
qaçqınların tərk etdikləri rayonlara getmək və
dərhal danışıqlara başlamaq lazım idi. Mən özüm o vaxt Ermənistanın Masis
rayonunda idim. Poqromların keçirildiyi və
azərbaycanlıların öldürüldüyü Qafana
getdim. Burda rayon partiya komitəsinin birinci
katibi ilə görüşüb danışdım. Ondan azərbaycanlıların təhlükəsizliyi
üçün qarant verməyi xahiş etdim. O, buna söz verdi
və artıq iki saatdan sonra azərbaycanlıların gizləndikləri
dəmiryol stansiyasında mühafizə qoyulmuşdu. Odur ki,
biz hamımız hadisə yerlərinə az
getdik, az danışıqlar apardıq və az tələblər
irəli sürdük.
Zənnimcə, ən pisi odur ki, Azərbaycan Hökuməti
ekstremal şəraitdə tamamilə özünü itirdi və
artıq nə edəcəyini bilmədən kömək
üçün Moskvaya müraciət etdi. Hətta bunu
da onlar xeyli gec etdilər. Hökumət
yetkililəri hələ də vəziyyəti xilas etmək
üçün nə isə etməyə
çalışan insanların əllərindən tutub bunu
etməyə qoymurdular, onları hədələyir və
şantaj edirdilər. Hökumət vəziyyəti
normallaşdıra bilərdi və bunu etməli idi.
Azərbaycan jurnalistləri Fəridə Abdullayeva və
Bahadır İmamquliyev.
- İndi Azərbaycanda vəziyyəti
normallaşdırmaq üçün əsas maneə nədən
ibarətdir?
Namiq Cəlilov.
Ölkədə son on illər ərzində
nisbi bir sakitlik - durğunluq hökm sürürdü. İnsanlar ətalətli bir hala
düşmüşdülər və tamamilə
unutmuşdular ki, bu və ya digər bir məsələnin həllində
özləri bilavasitə iştirak edə bilərlər.
Bundan əlavə, əhalinin əksəriyyəti
zatən inanırdı ki, Moskva elə bir mərkəz və
elə bir hakimiyyət pilləsidir ki, hər zaman bizə
kömək edəcək. O durğunluq illərində
insanlar onlara verilən vədlərə elə
qapılmışdılar və zahiri əmin-amanlıq o qədər dərin bir kök
salmışdı ki, indiki bu hadisələr başlananda və
qəti tədbirlər görmək lazım gələndə,
insanlar bir-birlərini sakitləşdirib deyirdilər: "Tələsməyin,
bir az gözləyin, hər şey öz-özünə
qaydasına düşəcək..."
Azərbaycan SSR KP MK-nın birinci katibi Əbdürrəhman
Vəzirov hakimiyyətə gəldiyi ilk gündən olduqca
qeyri-populyar bir rəhbər oldu. Nümunə üçün belə
bir biabırçı faktı təqdim etmək olar: O, Azərbaycan
Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq
işlədilməsi haqqında Qanunu rusca oxuyub...
Qahirə
Hüseynova. Yəqin ki, əsas problemimiz
Moskvanın bizə təyin etdiyi rəhbərlərdir. Bu təcrübə ləğv olunmayana qədər
çətin ki, nə isə lazımi istiqamətdə irəliləsin.
Bahadır İmamquliyev. Ermənistandakı evlərini atıb qaçan insanlar haqqında mütləq danışmaq lazımdır. Son iki il ərzində onları Ermənistandan bir neçə dəfə qovublar. Təsəvvür edin ki, mən bir yerazam (burda qaçqın Yerevan azərbaycanlıları belə adlanır. - L.Ç.). Məni bir il ərzində üç dəfə qovublar. Həyat yoldaşım və uşaqlarım var. Mən onları təmin etməli və qayğılarına qalmalıyam. Hökumət isə mənə deyir: sizin qayğınıza biz qalacağıq. Təsəvvür edək ki, Sov. İKP-nin Ermənistan və Azərbaycan Mərkəzi Komitələri razılığa gəldilər, Ermənistan və Azərbaycan Xalq cəbhələri də razılaşdılar. Ancaq mən onlara inanmıram - mən yüz faiz əmin deyiləm. Çünki o torpaqlardan artıq üç dəfə qovulmuşam. Torpağımı, ev-eşiyimi, mal-qaramı və ata-anamın məzarlarını itirmişəm. Mən qayıdanda artıq qəbiristanlıq yox idi. Məscidimi də itirmişəm - namaz qılacağım yerim yoxdur, hər şey dağıdılıb, yerlə-yeksən edilib. Ermənistanda artıq xalqımı nişan verib xatırladan bir şey qalmayıb. Və kim mənə zəmanət verə bilər ki, orada sakit və xoşbəxt bir həyat sürəcəyəm?!
- Vəziyyətdən hər hansı bir çıxış yolu görürsünüzmü?
Qahirə Hüseynova. Təkcə bir çıxış yolu ola bilər - sadəcə olaraq qarşı tərəfi anlamağa çalışmaq və razılaşmaya gəlmək lazımdır...
- Razılaşmaya necə gələ bilərsiniz ki? Axı Dağlıq Qarabağ məsələsində hər iki tərəf güzəştə getməyəcək.
Qahirə Hüseynova. Bilmirəm. Dağlıq Qarabağ əsrlər boyu Azərbaycana məxsus olub...
- Bəzən bu münaqişənin ərazi iddialarına görə yox, gerçəkdən dini zəmində başlandığıını iddia edən səslər eşidilir.
Fəridə Abdullayeva. Mən qəti şəkildə təsdiq edirəm ki, bu, - yalandır. Zənnimizcə, rəsmi Moskva və digər qüvvələr bizim demokratik hərəkata mürtəce millətçilik və İslami hərəkat donunu geyindirmək istəyirlər. Onlar Azərbaycanda demokratik qüvvələrin varlığını qəbul etmək istəmirlər.
- Sizin İrana baxışınız necədir?
Qahirə Hüseynova. Öncə mən Sizin
sualınızı dəqiqləşdirmək istərdim:
İrana yox, Güney Azərbaycana. Xalqımızı
iki yerə bölüblər. İnsanlar Arazın o biri
üzündə yaşayan qohumları ilə görüş
günlərinin təyin edilməsini istəyirlər,
heç bir ünsiyyət qurmağın mümkün
olmadığı uzun illər boyu yaxınlarının
başına nələrin gəldiyini bilmək istəyirlər.
Və başqa heç nə.
Vilnüs - Naxçıvan, "Təbriz" hoteli, 10 fevral 1990-cı il.
Fotolar
Linas Çesnulyaviçyusundur.
Vilnüs,
"Respublika" qəzeti, 24 mart 1990-cı il.
¹ 63.
Müsahibəni Litva dilindən Mahir Həmzəyev tərcümə
edib.
525-ci qəzet.- 2023.- 31 mart.- S.6;7.