Litva jurnalistinin 1990-cı il Naxçıvan müsahibəsi
YAXIN
TARİXİMİZƏ UZAQDAN BAXIŞ
Litvanın siyasi və jurnalistika elitasında Qarabağ münaqişəsinə, Ermənistan-Azərbaycan
və Türkiyə-Ermənistan
münasibətlərindəki bir sıra mühüm
tarixi, dini, etnokulturoloji və geosiyasi faktorlara münasibət həmişə
birmənalı olmayıb.
Bununla bağlı indi də bu
ölkənin ictimai diskursunda hələ XIX əsrin sonlarından başlayaraq formalaşdırılmış
bir sıra köhnə stereotiplər
mövcuddur.
Hərçənd Litvada ən yeni tarixin ilkin mərhələlərindən
başlayaraq Azərbaycan
xalqının haqq səsinə səs verən və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən
Litva ziyalıları dəstəsi
də vardır. Ən müxtəlif peşə sabibləri olan bu ziyalılar
sırasında jurnalistlər,
tarixçilər, siyasi
icmalçılar, media ekspertləri
və politoloqlar mühüm yer tutur.
1988-ci ildən etibarən Litva mediasında Qarabağ probleminə və Ermənistan-Azərbaycan münaqişəsinə
obyektiv qiymət verilən yüzlərlə
məqalə işıq
üzü görüb
(hərçənd bunların
da bəzilərində mübahisə
doğuran bir çox məqamlar diqqət çəkir). Ən fərqli janrlarda yazılan bu publikasiyaların müəllifləri arasında
50-dən artıq tanınmış
litvalı qələm
sahibi vardır. Bu gün tam bir əminliklə konstatasiya edə bilərik ki, müasir Litva-Azərbaycan
ictimai-siyasi, kulturoloji
və publisistik əlaqələrinin başlıca
qolunu Qarabağ münaqişəsi mövzulu
əsərlər və
tərcümələr təşkil
edir.
Həmin yazılarıdan
birinin Litva dilindən
tərcüməsini oxuculara
təqdim edirəm.
Naxçıvan
müsahibəsi
Linas
ÇESNULYAVİÇYUS
Litva jurnalisti, Vilnüs
İki həftə ərzində
litvalı jurnalist həmkarım Ritas Stasyalis ilə birgə Zaqafqaziya respublikalarını - Ermənistan,
Gürcüstan və
Azərbaycanı səyahət
etdik. Çox şeylər gördük
və ən çox bizi bu ölkələrdəki
təzadlı həyat
səhnələri təəccübləndirdi:
Tbilisidə gündəlik
həyat qayğıları
ilə yaşayan insanlar, kafe və restoranların yanında topalaşan gənclər - Qazaxda isə dəmiryol vağzalında yığılmış
və sözün əsl mənasında qana susamış kütlə. Yerevanda axşamlar parlaq işıqlandırılan küçələr,
çıraqban meydanlar
- Stepanakertdə (Xankəndində
- M.H.) isə az qala hər yüz
metrdən bir zirehli hərbi maşınlar qoyulmuş yollar...
Bununla belə,
Naxçıvan şəhəri
bizə daha fərqli göründü:
- bom-boş və çox çirkli küçələr, tək-tük
yoldan keçən və soruşanda sənə həvəslə
yol göstərən
insanlar... Yol kəsişmələrində
nə hərbi maşınlar, nə də silahlı patrullar görünmürdü.
Sanki burda sülh və sakitlik hökm sürürdü.
Lakin Naxçıvanda özümüzü
çox narahat hiss edirdik. Yeri gəlmişkən,
sonradan aydın oldu ki, bu muxtar
respublikanın bir çox sakinləri də özlərini eynilə bu cür hiss edirlər. Bu narahatlıq hər bir anda fövqəladə
vəziyyətin elan edilib
komendant saatının
tətbiq olunması gözləntisi (onlar bu "sevinci" indiyədək dəfələrlə
yaşayıblar və
bundan açıqca qorxurlar) və gerçəkdə hər
zaman başlana bilən
ermənilərin hücum
təhlükəsi (ən
azından onlara belə görünür)
ilə bağlı idi. Bu insanlar üçün sülh və əmin-amanlıq, ahəngdar və müntəzəm iş rejimi, normal tədarük və təchizat kimi məhfumlar az qala unudulmuş
anlayışlara çevrilib.
Biz burada üzünmüddətli
blokadanın - bu bölgənin təcrid olunmasını zatən belə adlandırmaq daha düzgün olardı - nəticələrini
elə ilk axşam öz üzərimizdə
hiss etdik: Naxçıvanın
ən yaxşı qonaq evi sayılan
"Təbriz" hotelində
küçədə olduğu
kimi soyuq idi. Yuyunmağın yolunu isə yalnız hotelin növbətçisindən burdakı
kranlara su verilmə saatlarını
öyrəndikdən sonra
tapa bildik.
1. “Təbriz“ hotelinin rekonstruksiyadan
qabaqkı görüntüsü..
2. Litva jurnalisti Ritas Stasyalis.
Şənbə günü
- İran İslam İnqilabının
11-ci ildönümü ərəfəsində,
axşamdan xeyli keçmiş hotelin otaqların birində qabaqcadan hazırlanmamış
- improvizasiya edilmiş
mətbuat konfransı
düzənləndi. Konfransa
xeyli adam qatılmışdı, söhbətlər
uzun çəkdi və çoxlu mövzulara toxunduq. Bütün həmsöhbətlərimin
məlumatlı və
səriştəli olması
heç bir şübhə doğurmamasına
baxmayaraq, oxucuları xəbərdar edirəm
ki, hər bir halda onlar Azərbaycan
tərəfinin insanlarıdır
və öz fikirləri ilə bu Respublikanın mövqeyini təmsil edirlər. Bəzi hadisələri və durumları onlar bizdən və ya ermənilərdən fərqli dəyərləndirirlər.
İstərdim ki, düzgün
anlayasınız - onlar
yalan danışmırlar,
sadəcə olaraq onlara belə görünür. Suallarımızı
bu jurnalistlər cavablandırdılar:
Azərbaycan jurnalistləri Qahirə Hüseynova və
Namiq Cəlilov.
Azərbaycan-Ermənistan münaqişəsinin
və indiki son dərəcə gərgin
vəziyyətin səbəbi,
daha dəqiq desək, başlanğıc
nöqtəsi Dağlıq
Qarabağ məsələsidir...
Namiq Cəlilov.
Bu torpaq bizimdir. Və Dağlıq Qarabağın verilməsindən,
dəyişdirilməsindən və ya digər
oxşar bir addımın atılmasından
heç bir söhbət gedə bilməz. Ermənilər Dağlıq Qarabağa yönəlik iddialarını
xalqların öz müqəddəratını təyinetmə
hüququ ilə əsaslandırırlar. Biz belə
bir hüququn olmasını bilirik və onu qəbul
edirik. Amma onlardan soruşmaq istəyirik: Məgər Ermənistan ərazisində yaşayan
200 min azərbaycanlı da elə
həmin təyini-müqəddərat
hüququnu tələb
etmirmi?! Cavabında onlar bildirirlər ki, bu gün Ermənistanda
bircə nəfər də olsun azərbaycanlı
yoxdur...
Ermənistandakı hadisələr
eynilə Dağlıq
Qarabağda, Stepanakertdə
baş verdi. Hərbçilər adamın
evinə gəlib deyirlər ki, biz sizin təhlükəsizliyiniz üçün
artıq qarant verə bilmirik. Deyin görək, həmin adam özünü necə
hiss etməli və hansı addımı atmalıdır?! İnsanlar
oraları tərk etdilər. Doğrudur, onlardan təxminən 15 min
nəfəri bu günədək Şuşada
və ətraf kəndlərdə çamadanlarının
üstündə oturublar
və ümid edirlər ki, tezliklə evlərinə qayıda biləcəklər.
Fəridə Abdullayeva. Bəs
nə üçün
o torpaq Dağlıq Qarabağ adlanır? O bölgə Araz çayına
qədər (İran sərhəddinə
kimi - L.Ç.) uzanan yuxarı və aşağı Qarabağ
ərazilərinin tərkib
hissəsidir. Qarabağda
həmişə indi azərbaycanlılar adlanan
millətlər yaşayıblar.
Və nəhayət, belə bir faktı
qeyd etmək istərdim ki, 10 il öncə
ermənilərin Dağlıq
Qarabağa gəlməsinin
150 illik tarixi anıldı. O zaman bu tarixi əbədiləşdirmək
üçün bir abidə ucaldıldı. Abidəni ermənilərin
özləri qoymuşdular.
Bu gün həmin abidə dağıdılmışdır.
- Sizcə,
azərbaycanlılar bu
fəlakəti önləmək
üçün nəyi
etməməli idilər?
Bahadır
İmamquliyev. SSRİ Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin
sosial-iqtisadi inkişafını
sürətləndirmək tədbirləri haqqında
Qərar qəbul edərkən və bunların həyata keçirilməsi üçün
500 milyon rubl pul vəsaiti ayırarkən, dərhal paralel olaraq Ermənistanda yaşayan azərbaycanlılarla da bağlı
analoji Qərar qəbul etməli və mütləq onlara da eyni miqdarda pul ayrılmalı
idi. Niyə? Axı öz-özlüyündə
aydındır ki, Nazirlər
Soveti belə bir birtərəfli Qərarı verməklə
Ermənistanda yaşayan
azərbaycanlıların hüquqlarını
məhdudlaşdırdı. Bu Qərar azərbaycanlıları
Ermənistandan qovmaq üçün atılan
ilk addım oldu. Onlar hüquqları artıq Konstitusiya ilə qorunmurdu. Mən elə onda bilirdim
və hamıya deyirdim ki, Ermənistanda sanki bir rezervat
statusuna malik olan, hətta elektrik enerjisi və sadə bir dükanı
olmayan Azərbaycan kəndləri vardır.
Bu məsələ Ermənistan
Hökuməti tərəfindən
həll edilməli idi. Ancaq Hökumət
heç nə etmədi. Və Azərbaycan Hökuməti
də bunun üçün heç barmağını da tərpətmədi
və heç bir söz demədi.
Öncə qaçqınlar
Ermənistandan kütləvi
şəkildə axışıb
gəlmirdilər, tək-tük
hallarda oranı tərk edirdilər. Hökumət isə onların niyə qaçdıqlarının səbəbini
aydınlaşdırmaq, hansısa
təsirli tədbirləri
görüb onların
axınını kəsmək,
ya da ən azından dayandırmaq yerinə, qaçqınları
harada yerləşdirmək,
necə yedizdirmək və hardan onlara iş tapmaq barədə düşünürdü. Halbuki
ildırım sürəti
ilə qaçqınların
tərk etdikləri rayonlara getmək və dərhal danışıqlara başlamaq
lazım idi. Mən özüm o vaxt Ermənistanın Masis rayonunda idim. Poqromların keçirildiyi və azərbaycanlıların öldürüldüyü
Qafana getdim. Burda rayon partiya komitəsinin birinci katibi ilə görüşüb
danışdım. Ondan azərbaycanlıların
təhlükəsizliyi üçün
qarant verməyi xahiş etdim. O, buna söz verdi və artıq
iki saatdan sonra azərbaycanlıların
gizləndikləri dəmiryol
stansiyasında mühafizə
qoyulmuşdu. Odur ki, biz hamımız
hadisə yerlərinə
az getdik, az danışıqlar apardıq və az tələblər irəli sürdük.
Zənnimcə, ən pisi odur ki, Azərbaycan
Hökuməti ekstremal
şəraitdə tamamilə
özünü itirdi
və artıq nə edəcəyini bilmədən kömək
üçün Moskvaya
müraciət etdi. Hətta bunu da onlar xeyli gec
etdilər. Hökumət
yetkililəri hələ
də vəziyyəti
xilas etmək üçün nə isə etməyə çalışan insanların
əllərindən tutub
bunu etməyə qoymurdular, onları hədələyir və şantaj edirdilər. Hökumət vəziyyəti
normallaşdıra bilərdi
və bunu etməli idi.
Azərbaycan jurnalistləri
Fəridə Abdullayeva və
Bahadır İmamquliyev.
- İndi Azərbaycanda vəziyyəti
normallaşdırmaq üçün
əsas maneə nədən ibarətdir?
Namiq Cəlilov.
Ölkədə son on illər
ərzində nisbi bir sakitlik - durğunluq hökm sürürdü. İnsanlar
ətalətli bir hala düşmüşdülər
və tamamilə unutmuşdular ki, bu və ya digər
bir məsələnin
həllində özləri
bilavasitə iştirak
edə bilərlər.
Bundan əlavə, əhalinin əksəriyyəti
zatən inanırdı
ki, Moskva elə bir mərkəz və elə bir hakimiyyət
pilləsidir ki, hər
zaman bizə kömək
edəcək. O durğunluq
illərində insanlar
onlara verilən vədlərə elə qapılmışdılar və
zahiri əmin-amanlıq
o qədər dərin
bir kök salmışdı ki, indiki
bu hadisələr başlananda və qəti tədbirlər görmək lazım gələndə, insanlar bir-birlərini sakitləşdirib
deyirdilər: "Tələsməyin,
bir az gözləyin,
hər şey öz-özünə qaydasına
düşəcək..."
Azərbaycan SSR KP MK-nın
birinci katibi Əbdürrəhman Vəzirov
hakimiyyətə gəldiyi
ilk gündən olduqca
qeyri-populyar bir rəhbər oldu. Nümunə üçün
belə bir biabırçı faktı
təqdim etmək olar: O, Azərbaycan Respublikasında Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsi
haqqında Qanunu rusca oxuyub...
Qahirə Hüseynova. Yəqin
ki, əsas problemimiz Moskvanın bizə təyin etdiyi rəhbərlərdir. Bu təcrübə
ləğv olunmayana qədər çətin
ki, nə isə lazımi istiqamətdə
irəliləsin.
Bahadır
İmamquliyev. Ermənistandakı evlərini atıb qaçan insanlar haqqında mütləq danışmaq lazımdır.
Son iki il ərzində
onları Ermənistandan
bir neçə dəfə qovublar. Təsəvvür edin ki, mən bir yerazam
(burda qaçqın
Yerevan azərbaycanlıları belə adlanır. -
L.Ç.). Məni bir
il ərzində üç
dəfə qovublar. Həyat yoldaşım və uşaqlarım var. Mən onları təmin etməli və qayğılarına
qalmalıyam. Hökumət
isə mənə deyir: sizin qayğınıza
biz qalacağıq. Təsəvvür
edək ki, Sov. İKP-nin
Ermənistan və Azərbaycan Mərkəzi
Komitələri razılığa
gəldilər, Ermənistan
və Azərbaycan Xalq cəbhələri də razılaşdılar.
Ancaq mən onlara inanmıram - mən yüz faiz əmin deyiləm. Çünki o
torpaqlardan artıq üç dəfə qovulmuşam. Torpağımı,
ev-eşiyimi, mal-qaramı
və ata-anamın məzarlarını itirmişəm.
Mən qayıdanda artıq qəbiristanlıq
yox idi. Məscidimi də itirmişəm - namaz qılacağım
yerim yoxdur, hər şey dağıdılıb, yerlə-yeksən
edilib. Ermənistanda artıq xalqımı nişan verib xatırladan bir şey qalmayıb. Və kim mənə
zəmanət verə
bilər ki, orada sakit və xoşbəxt
bir həyat sürəcəyəm?!
- Vəziyyətdən
hər hansı bir çıxış yolu görürsünüzmü?
Qahirə Hüseynova. Təkcə
bir çıxış
yolu ola bilər - sadəcə olaraq qarşı tərəfi anlamağa çalışmaq
və razılaşmaya
gəlmək lazımdır...
- Razılaşmaya
necə gələ bilərsiniz ki? Axı Dağlıq Qarabağ məsələsində hər
iki tərəf güzəştə getməyəcək.
Qahirə Hüseynova. Bilmirəm.
Dağlıq Qarabağ
əsrlər boyu Azərbaycana məxsus olub...
- Bəzən bu münaqişənin ərazi iddialarına görə yox, gerçəkdən dini zəmində başlandığıını
iddia edən səslər eşidilir.
Fəridə Abdullayeva. Mən
qəti şəkildə
təsdiq edirəm ki,
bu, - yalandır. Zənnimizcə, rəsmi
Moskva və digər qüvvələr bizim demokratik hərəkata mürtəce millətçilik
və İslami hərəkat
donunu geyindirmək istəyirlər. Onlar Azərbaycanda
demokratik qüvvələrin
varlığını qəbul
etmək istəmirlər.
- Sizin İrana baxışınız
necədir?
Qahirə Hüseynova. Öncə
mən Sizin sualınızı
dəqiqləşdirmək istərdim: İrana yox, Güney Azərbaycana.
Xalqımızı iki
yerə bölüblər.
İnsanlar Arazın o
biri üzündə yaşayan qohumları ilə görüş günlərinin təyin edilməsini istəyirlər,
heç bir ünsiyyət qurmağın
mümkün olmadığı
uzun illər boyu yaxınlarının başına nələrin
gəldiyini bilmək istəyirlər. Və başqa heç nə.
Vilnüs - Naxçıvan,
"Təbriz" hoteli,
10 fevral 1990-cı il.
Fotolar Linas Çesnulyaviçyusundur.
Vilnüs, "Respublika" qəzeti, 24 mart 1990-cı il. № 63.
Müsahibəni Litva dilindən Mahir Həmzəyev tərcümə edib.
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti yanında Milli
İcmalar
Şurasının üzvü
525-ci qəzet.-
2023.- 31 mart.- S. 6-7.