Qədim müasir sima - Basqal

 

Qədim müasir Yurdumuz Azərbaycanın bölgələrinin hər birinin öz füsunkarlığı, tarixi, əzəməti var. Hər biri Azərbaycan adlı ananın ürəyini təşkil edir. Vətənimizin qopmaz bağlarından biri İsmayıllı diyarıdır. İsmayıllı deyəndə ağıla ilk gələn qədimliyi, mədəniyyəti, əzəməti ilə seçilən Basqal qəsəbəsidir.

Basqal qədimliyi ilə tarixi simvolizə edən əziz bir guşədir. Hər bir azərbaycanlını, həmçinin, turistləri özünə cəlb edən diyardır. Basqal vahid memarlıq prinsipləri əsasında qurulub. Sənətkarlıq, ticarət orta əsrlərdən bəri burada inkişaf edib. Basqal toponimi çoxmənalı sözdür. Təmiz türk sözü olduğu "qala qur", "qala ucalt" mənalarını ifadə edir. Mətbəxi, qonaqpərvərliyi, memarlığı ilə seçilən bu ulu yurdu məşhurlaşdıran həm kəlağayısıdır.

XVII, XVIII, XIX əsrlərdə ümumdünya bazarlarında Basqal kəlağayıları öz dəyərini layiqincə nümayiş etdirirdi. Basqal ustalarının hazırladığı ipək məmulatları Hindistan, Rusiya, İngiltərə başqa  ölkələrə ixrac olunurdu. Müxtəlif çeşidli kəlağayılar, qanovuz, keşmir, tayta, darayı, cecim, mov və.s. parçalar xarici bazarlarda beynəlxalq sərgilərdə nümayiş etdirilib yüksək qiymətləndirilib.

Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı. Bu mənada "Heyratı", "Hələbi", "Gülvəngi", "Saçaqlı", "Sumağı" , "Ağzəmin", "Bağdadı" xüsusi fərqlənirdi. Hazırda bu sıraya "Basqalı" "Yeddi rəng" adlı kəlağayılar da əlavə edilib. Basqalda hazırlanan kəlağayıların naxışlanmasında müxtəlif qəliblərdən istifadə olunurdu.

Son illərdə Basqalda təmir-bərpa işləri görülüb. Dövlət vəsaiti hesabına bulaqlar bərpa edilib, küçələr çay daşı ilə döşənib, su kəmərlərində bərpa işləri aparılıb. Basqal qəsəbəsi tarix-mədəniyyət qoruğudur. Bir sıra tikililər yerli əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatından keçib. Həmin abidələr dövlət tərəfindən qorunur. 2018-ci il 3 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında sərəncam imzalayıb.

Basqal hamamı - Şərq ölkələrində hər zaman paklıq, təmizlik anlayışı xüsusi əhəmiyyət kəsb edib. Müsəlman ölkələrində məhz buna görə hamamlar məscidlərin yaxınlığında inşa olunardı. Müsəlmanlar cümə günü hamama gedib paklandıqdan sonra məscidə yollanardılar. Buna görə həm Bakıda, həm bölgələrimizdə hamamların inşası qədim zamandan geniş yayılıb. XVII əsrdə inşa olunmuş Basqal hamamı da bunlardan biridir. Ən qədim tikililərdən sayılan bu hamam Kələküçə məhəlləsində inşa edilib. Hamam ümumi planda dördkünc formalıdır. Üstü tağ bəndlərlə saxlanan 2 günbəzlə örtülüb. Hamam ümumilikdə iç-içə olan 2 salon yardımçı otaqlardan ibarətdir. Hamam bir çox hamamlar kimi yer səthindən bir qədər dərində inşa olunub. Bunun başlıca səbəblərindən biri istiliyin sərinliyin uzun müddət saxlamağın təmin edilməsi idi. Buna görə hamamın yayda sərin, qışda isti olması buna əsaslanırdı. Basqal hamamı əsaslı təmirdən sonra 2022-ci ildən Hamam muzeyi olaraq ziyarətçilərin ixtiyarına verilib.

1848-ci ildə inşa olunmuş Hacı Bədəl məscidi Basqal qəsəbəsinin Dəmirçi-Bazar məhəlləsində yerləşir. İbadət evi Hacı Bədəl Məşədi ağa oğlu adlı şəxs tərəfindən qızı Sitarə xanımın şərəfinə inşa olunub. Məscidin tavanı taxtadan, döşəməsi daşdandır. İbadətgahın damı dəmir təbəqə ilə örtülüb. İbadət zalı 2 hissədən ibarətdir; kişilər qadınlar şöbəsi. İbadət evinin mehrabı Basqal xəttatları tərəfindən müxtəlif naxışlarla bəzədilib. Mehrabda həmçinin, göyərçin fiquru üzərində ərəbcə bir neçə dəfə "Əli" adı yazılıb. Bu yazı güzgü effekti ilə birləşərək "Məhəmməd" adını əmələ gətirir. Məscidin həyətində türbə yerləşir. 1957-ci ildə məscid türbə yerli sakinlər tərəfindən təmir olunub.

Son illər Basqal ərazisində aparılan qazıntılar nəticəsində Şeyx Məhəmməd məscidinin kitabəsi tapılıb. Kitabə bərpa olunub. Tədqiqatlar nəticəsində maraqlı faktlar ortaya çıxıb. Basqal məscidi kimi tanınan bina əslində həmin ərazidəki daha qədim tikinti qalıqları üzərində tikilib. Basqal məscidinə aid edilən kitabələrin birində Şeyx Məhəmməd oğlu Şeyx Səfayinin adı çəkilir. Məscidin divarına bərkidilən 1568-ci ilə aid olan həmin kitabədə iki Şeyxin adının çəkilməsi belə ehtimal etməyə əsas verir ki, bu məkan Şirvanşahların himayə etdiyi sufi məktəblərindən birinin xanəgahına aid olub.

Qədim çinar ağacı - Əhali tərəfindən müqəddəs pir yeri hesab edilən nəhəng gövdəli ağac 1563-cü ildə Şeyx Məhəmmədin oğlu Şeyx Səfayi tərəfindən əkilib. Bu haqda çinar ağacına aid kitabədə məlumat verilib. Şeyx Məhəmməd məscidinin köməkçi tikilisi üzərində yerləşdirilmiş bu kitabənin tədqiqi onun məhz çinar ağacına aid olduğunu təsdiqləyib. Çinar ağacının əkilməsi ilə bağlı qoyulmuş kitabə yerli bud daşından yonulub. Daşın kənarı sadə formadadır. Uzunluğu 39 sm, eni 27 sm-dir.

Basqal ərazisində Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Qəlibgah, Kələküçə, Qalabaşı, Xarabiyan adlandırılan məhəllələr var. Bütün küçələr hamar, yastı daşlarla döşənib. Məhəllə adlarına diqqət yetirsək, bu adların xalqın keçmişi, etnoqrafiyası məşğuliyyət növlərini yadigarı kimi qoruyub saxladığını müşahidə edərik.

Dəmirçibazar məhəlləsi dəmirçilərin işlədiyi yaşadığı məhəllə olub. Qalabaşı məhəlləsi qəsəbənin şimal-qərb qurtaracağında - ən yüksəklikdə salınıb. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu sahədən hər tərəf - cənubda Ağsu, cənub - qərbdə Şamaxı s. yerlər aydın görünür.

Qəlibgah məhəlləsində isə kəlağayı üçün qəlib basan rəngsazlar, boyaqçılar yaşayıblar. Bu məhəllədə indi bu sahəyə maraq göstərənlər yaşayır. Qoşabulaq məhəlləsi 6 əsr tarixi olan, buz kimi şəfalı gur suyu axan gözlü bulağın adı ilə tanınır.

Prezident İlham Əliyev digər bölgələrimiz kimi, İsmayıllı Basqalı da daim diqqətində saxlayıb, qayğısını əsirgəməyib. İsmayıllıya onun kənd, qəsəbələrinə, xüsusilə, Basqala olunan səfərlər bunu isbat edir. 2022-ci il 12 avqust tarixində edilən səfərdə Basqalda olan yenidənqurma, quruculuq işləri ilə taniş olan cənab prezidenti öz çıxışında Lahıc kimi Basqala da dünyanın diqqətini yönləndirməyin vacib olduğunu xüsusi vurğuladı.

Əsrlər bir-birini əvəzləyir, vaxt ötür. Elm, texnikanın qabaqcıl imkanlarının mövcud olduğu bir əsrin içindəyik. Məhz buna görədir ki, hazırda sənətkarlıq məmulatlarına, bu sahəyə olan tələbatın, marağın zəiflədiyini müşahidə edirik. Ancaq bir çox bölgələrimizdə bu sahəni qorumaq, ululardan gələn bu mirası gələcəyə ötürmək üçün insanlar əzmlə çalışırlar. Basqal da həmin məkanlardandır. Qədimliklə çağdaş dövrün vəhdətini özündə əks etdirən bu ulu diyarda hələ sənətkarlar, ustalar öz peşələrini davam etdirirlər. İstər olsun Bərdə, Şamaxı, istər olsun Mingəçevir, Ağcabədi, Daşkəsən. Hamısının bir adı var. Azərbaycan! Yəni Vətən! Yurdumuzun hər bir bölgəsini, qarışını qorumaq bizlərin mənəvi borcu, andımız.

 

Aynurə Muradzadə

P.S. Yazıda Rasim Əfəndinin"Azərbaycan incəsənəti" kitabından, "Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası - Bakı 2001"ndən istifadə olunub. simaBasqal

525-ci qəzet.- 2023.- 2 may.- S.16.