İşıqlı həqiqətlərin
yorulmaz carçısı
USTAD
ŞAİRİMİZ MİRZƏ HÜSEYN KƏRİMİ
MARAĞALININ ƏZİZ XATİRƏSİNƏ
2023-cü
ilin 9 fevralında o taylı-bu taylı Azərbaycan qəfil xəbərlə
bir daha silkələndi... Öyrəndik ki, sevdiklərindən,
soydaşlarından:
Sağlığımda
məni yad et, əxəvi,
Mən öləndən sora cırma yaxavı.
Sağlığımda
məni dindir dilinən,
Gəlmə tərhimimə tacü gülünən.
Sağlığımda
əlini çək başıma,
Yaxma burnun zılığın başdaşıma.
Ta varam,
üzmə əlimdən əlivi,
Nə
qara gey, nə uzad saqqalıvı!
- kimi
dürüst, səmimi bir umacağı olan, Güney Azərbaycanın
ünlü şairi, ustad satiriki kimi tanınıb-sevilən
Mirzə Hüseyn Kərimi Marağada, müalicə
olunduğu "Əmir əl-Möminin" xəstəxanasında
91 yaşında dünyasını dəyişib və əlini
əlimizdən əbədiyyən üzüb...
Onunla
2014-cü ildə xalqımızın "taleyindəki ən
xoşbəxt, ən iftixarlı, həm də ən narahat məqamları
özündə bir ayna kimi əks etdirən, millətin
ruhunu, mahiyyətini, necəliyini nümayiş etdirən
açar şəhər, ülgü şəhərdə
(Rafael Hüseynov)" - dünyanın möcüzə şəhərində,
qədim və ecazkar Təbrizdə görüşüb
şəxsən tanış olmuşdum. Təbrizdə
keçirilən Uluslararası Şəhriyar konfransı və
şairin anısına düzənlənmiş "Milli
şeir günü" zamanı xatirələrə
bürüdüyü duzlu söhbətini və şairin
anısına yazdığı qəzəli də dinləmiş,
xeyli məmnun olmuşdum... Konfransa qatılan alimlərlə
xatirə şəkli çəkdirəndə də şair
məni öz yanına çağırmışdı...
Bir əsrə
yaxın ömür yaşasa da, ölümü sevdiklərini
gerçəkdən yasa boğdu Mirzə Hüseyn Kəriminin
və yoxluğu ilə Mirzə Ələkbər Sabir, Mirzəli
Möcüz Şəbüstərli və Bayraməli Abbaszadə
Hammalın yaratdığı çağdaş dövr Azərbaycan
satira məktəbində bir boşluq yaratdı böyük sənətkarın...
Çünki sələflərində olduğu kimi,
onun da cəmiyyətdə mövcud olan siyasi, ictimai problemlərə,
mədəni gerilik və cəhalətə, dövrün eybəcərliklərinə
ayna tutan satirik ruhlu əsərləri insanların bu mərəzlərdən
qurtulması üçün sanki bir dəniz fənəri
rolunu oynayır, dərdlərinə məlhəm olurdu.
Şeir,
nəsihət və həcvlərini sevərək
canlı-canlı dinləyən oxucuları bundan sonra
onları daha onun öz dilindən eşidə bilməyəcək,
yalnız "Rəngarəng" silsiləsindən çap
olunmuş ruhun qidası, dərdlərin məlhəmi olan
kitablarından oxuya biləcək, həyatda özünə və
xalqına sayğı ilə yaşamaq dərsi alacaqlar...
1950-70-ci
illərdə Marağa şəhərində yetişmiş,
ömrünün sonunadək də Güney Azərbaycanın
qədim mədəniyyət mərkəzlərindən biri
olan Marağada yaşamış, parlaq
yaradıcılığı ilə tanınmış Mirzə
Hüseyn Kərimi kəskin satira və həcvləri ilə
sələfləri Sabir, Möcüz və Bayraməli Abbaszadə
Hammalın layiqli davamşısı olduğunu təsdiqləmişdi.
O taylı-bu taylı Azərbaycanın çağdaş
satirik şairi gülümsər çöhrəsi, təqdirəlayiq
nəzakəti, təvazökarlığı və mənəvi-əxlaqi
saflığı ilə də xalqının sevimlisinə
çevrilmişdi. Quzey və Güney Azərbaycanda-İranda,
həm də saf əxlaqlı bir şəxsiyyət kimi
tanınan ünlü satira ustası, demək olar ki,
bütün əsərlərini Azərbaycan türkcəsində
yazırdı.
"Rəngarəng və ya Külliyyate-ədəbiyyate-Kərimi"
kimi zəngin mirası ilə Güney Azərbaycan ədəbiyyatına
öz töhfələrini verən M.H.Marağalı çəkici
bir dil ilə oxucusunu öncə güldürür, sonra
düşündürür və ən sonda isə
düşdüyü acınacaqlı duruma görə onu
ağladırdı. Külliyyata şairin təkcə
satiraları deyil, qəsidə, mədhiyyə və nəsihətləri,
həmçinin, 64 səfərnaməsi daxildir. Çox sayda mərsiyələri də ayrıca
cildlərdə yayınlanmışdır. Siyasi, ictimai və mədəni
çatışmazlıqları satıralarında tənqid
edir, insanları ətalətdən çıxarmaq, yaşama
həvəsləndirmək, cəmiyyətdəki gerçəklikləri
soydaşlarına çatdırmaq və onları ayıltmaq
üçün çeşidli ədəbi formalardan istifadə
edirdi şair. "Dünya beş
günlükdü" atalar sözünə söykənərək
anladırdı ki, hakimiyyət, şahlıq, taxt-tac,
keçicidir, dünya, vəzifə, yüksək məqam,
şöhrət də keçici, ötüb keçəndir,
əbədi deyil... Bütün bunlar
üçün dəridən-qabıqdan çıxmağa,
özünü öldürməyə,
yalaqlıq-yaltaqlıq etməyə dəyməz. Allahın sənə bəxş elədiyi
ömür payını insan kimi yaşamaq, ədalətli
olmaq, el-obanın işinə yaramaq, xalqa xidmət etməklə
keçirərsənsə, sənin, hər kəsin və
bütün el-ulusun həyatını gözəlləşdirər.
"Dəyməz" qəzəlində şair bu məqamları
göz önünə gətirir:
Beş
gündü rəyasət dəvəsi, minməyə dəyməz,
Beş gündən ötür minmə, minib yenməyə
dəyməz.
Şirin
yuxudur, ləzzəti-röyaiyi insan,
Bir ləhzə bu şirin yuxu diksinməyə dəyməz.
Min cam
alasan saqiyi-əyyamın əlindən,
Bir kərmə ömür camını təmsinməyə
dəyməz.
Ərreylə
bölünsən, Zəkəriyya kimi səbr et,
Hifz eylə vüqarın, dil açıb dinməyə
dəyməz.
Molla dedi
bir cifeyi-gəndidədi dünya,
Bu məzbələdə it kimi sümsünməyə
dəyməz.
Bir
salxım üzüm dərməyimiz özgə
bağından,
Yüz dəfə üzüquylu yerə sinməyə dəyməz.
Xətm
eylə, qutar, qafiyə dar gəldi Kərimi,
Udqunmağa,
zıtqınmağa, dürtünməyə dəyməz...
Ana dilində
yazdığı mərsiyələrinin də xalq arasında
geniş yayılmasına, əzbərdən oxunmasına
baxmayaraq, o, xurafata, cəhalətə, yalançı
inanclara, saxtakarlığa qarşı mücadilə edir,
İran cəmiyyətindəki eybəcərliklərin,
çatışmazlıqların, ictimai-mədəni geriliyin
aradan qaldırılması, milli şüurun yüksəlməsi
üçün böyük çaba göstərirdi. Beləliklə də, toplumsal və məişət
şeirlərinin çəkisi onu xalq şerinin ustasına
çevirmiş, ən çox sevilən milli şair səviyyəsinə
çatmışdı. Onun qərəzsiz,
səmimi, həm də kəskin şair baxışını
çoxsaylı oxucuları rəğbətlə
qarşılayırdı.
Qeyd
etdiyimiz kimi, ustad Mirzə Hüseyn Kərimi
Marağalının satirik ruhlu, tənqidi şeirləri
İranda, Quzey və Güney Azərbaycanda çox sevilirdi və
sağlığında ikən şairi canlı-canlı dinləyənlərin,
şeirlərinə qulaq kəsilənlərin
sayı-hesabı yox idi. Onun yaşamın, cəmiyyətin
güzgüsü olan yaradıcılığı
bütün Azərbaycan türkləri, əsərlərini
oxuyub sevən bütün oxucuları üçün dostluq
və məhəbbət körpüsünə
çevrilmişdi. Şairin həyat və
yaradıcılığı haqqında monoqrafiya yazan tədqiqatçı
Sədaqət Məmmədova qeyd edir ki, "...Kərimi
öz şeirlərində təkcə öz
yaşadığı şəhəri deyil, ümumən
İranı götürərək, bütövlükdə
onun siyasi, ictimai-siyasi problemlərini özünün poeziya
süzgəcindən keçirərək gördüklərinə
ictimai məna verməyə çalışır... Ümumiyyətlə, Kəriminin şair ovqatı
bütövlükdə İranın problemlərini
özündə əks etdirir. Cənubi Azərbaycan
məsələsi isə bu problemlərin tərkib hissəsi
kimi götürülür. Şair gördüklərini
vətəndaş yanğısı ilə belə ümumiləşdirir:
Hamı millət qaçır sənət dalınca,
Yazıq iranlı da zinət dalınca..."
M.H.Kərimi
bu məsələləri "Mənayi-təməddündür
İran" şeirində ədəbi müstəviyə gətirir
və iranlıların düşdükləri durumun ciddiyyətini
anlamayaraq qayğısız, kef-damaqla ömür sürmələrindən,
elm-təhsilin insan həyatını yaxşılığa
doğru büsbütün dəyişdiyini görməzdən
gəldiyindən narahat olan şair
şeirdə nəfsinin qulu olanlara öncə incə yumorla təsəlli
verir, sonra isə məzəmmət edərək danlayır:
"Əgər yox sənətin, kəllən sağ olsun,
Kef olsun, gülmax olsun, çalmax olsun. Pişik
tək yat yük üstündə mırılda, Gözün
tik özgəyə, zır-zır zırılda".
Şair məhz
bu arxayınçılıq və tənbəlliyin,
kef-damaqla yaşayıb təhsil almaq və elm dalınca getmək
istəməyənlərin nə qədər cahiliyyət
içində qaldıqlarından vicdan əzabı duyur,
yağışın belə yağmamasının səbəbini
təbiət hadisəsi, təbii proses ilə deyil, Allah
qarşısında hansısa günah işləmələri
ilə bağlayıb çıxış yolunu ilahi qüvvələrə
yalvarmaqda, yağış yağdırmaq üçün
pul-para, rüşvət təklif etməkdə görən
özünü eybsiz "pakü pakizə sayan müsəlman"
sayan, münəccimlərinin belə sözlərində kəsər,
dualarında əsər qalmadığından şikayətçi
olan cahillərin halına acıyır, kəskin sarkazma
keçir: "Əl yetişmir, yaxasından
yapışım Cəbrayılın, Deyəm, oğlum, nədi
ünvan, niyə yağmır bu yağış? Nəzərüz puldu, verax, ayrı sözüz
vardı, deyün, Nədi bu atəşi-suzan, niyə
yağmır bu yağış?" Amma satira ustası
bir az da dərinə gedir, cəmiyyətdəki
mizan-tərəzinin pərsənginin əyilməsinə,
qız-gəlinlərin geyimlərindəki aşırı
açıq-saçıqlığa, gənclərin
davranışlarında ədəb-ərkanın
yavaş-yavaş aradan getməsinə tənqidi yanaşaraq,
güclü yumora keçir: "Namxuda, qızlarımız
şərmü həya mədənidir, Tur-tumançag,
hamı üryan, niyə yağmır bu
yağış?!"
Şair sanki demək istəyir ki, bütün bunlara
görəmi Tanrı öz müsəlmanlarından üz
çevirib və yağışı yağdırmır?!
M.H.Kəriminin 350 min misradan oluşan qiymətli bədii
irsində əxlaqi-didaktik şeirlər də böyük yer
tutur.
"Tiryəkin nətinəsi", "Damdan
yıxılıb", "Bizim oğlan",
"Bişüur oğlan", "Nəsihəti-bəradəranə",
"Şairin oğluna nəsihəti", "Şair
oğlum", "Dilli pilo" kimi əsərlərində vətəndaş
şair çağdaş gənclərin sağlam ruhda tərbiyə
olunması, cəmiyyətə, el-obaya layiq övlad-şəxsiyyət
kimi yetişməsi, pis vərdişlərdən uzaq olması
üçün didaktik mövqedə durur, nəsihətlər
edir, xeyirli məsləhətlər verir. "Kərimini
narahat edən ən böyük problem həmvətənlərinin
milli-mənəvi qəfləti, bunun səbəbləri və
vəziyyətdən çıxış yollarıdır.
Odur ki, şair "milləti-İranın"
daim yuxuda olmasının səbəblərindən
birini-camaatın tiryəkə uyub daim başıdumanlı
olmasında görür. Onun
"Yuxuda" satirasından məlum olur ki, bütün
fikri-zikri tiryək olan bu bədbəxtlər yuxuda da tiryək
görürlər. Burada o da məlum olur ki, tiryəkin
ölkədə belə geniş yayılmasına bir səbəb
də dövlət məmurlarının, müstəntiqlərin
özlərinin həm tiryək alveri ilə məşğul
olmaları, həm də özlərinin ondan istifadə etmələridir...
(Sədaqət Məmmədova)" Bu bəla
şairi son dərəcə narahat edir, yuxusunu ərşə
çəkir və haray salır, həyəcan təbili
çalır ki, vətəni sevən insanlarla, vətənpərvərlərlə
dövlət bir araya gəlib əlbir olsalar, bəlkə bu bəladan
tiryək aludəçilərini xilas edər, xabi-qəflətdən
oyadarlar. Nəticədə, tiryək bəlasına
tutulanlər əyri yoldan çəkinər, düz yola
yönələrlər:
Dövlətin
qəsdi budur,
milləti bidar eləsin,
Millət
amma qurtarır
ömrünü yeksan yuxuda.
Ey
gözüm, əsri-tərəqqidi,
təməddündə yaşa,
Vəqtivin
qiyməti var,
eyləmə ərzan yuxuda...
M.H.Kəriminin satirik ruhlu "Dilli pilo"
poemasının bətnində qoruduğu məna çox
böyükdür. Bir çox ictimai və sosial problemlərə ayna tutan
"Dilli pilo" poeması xoş gün keçirən, kefdə-damaqda
olan, ehtiyacın nə olduğunu bilməyən və hər
gün yağlı plov, küftə-bozbaş yeyən
varlı təbəqə ilə bir parça duz-çörəyi
zorla tapan yoxsulların acınanaqlı güzəranının
və şairin özünün fərdi düşüncələrinin
güclü əks-sədasıdır.
Bütün ədəbiyyatşünasların dönə-dönə
vurğuladıqları bir məqam da budur ki, M.H.Kəriminin
Əhli-beytə həsr etdiyi mərsiyələrində və
nəsihətamiz, didaktik şeirlərində mərifət, nəzakət
və təvazökarlıq, xoş niyyət, səmimiyyət
aşkar görünür.
Mirzə
Hüseyn Kərimi yaradıcılığı o tayda da, bu
tayda da araşdırılıb, haqqında monoqrafiyalar
yazılıb, əsərləri bir sıra nəşrlərə, eləcə də
"Cənubi Azərbaycan Ədəbiyyatı
Antologiyası"nın III cildinə daxil edilib. Tədqiqatçı
Sədaqət Məmmədovanın monoqrafiyası əsasında
qələmə aldığı "Mirzə Hüseyn Kərimi"
adlı portret yazısı isə "Cənubi Azərbaycan
Ədəbiyyatı Tarixi (XIX-XX əsrlər 2013-cü ildə
"Qanun", 2013)"ndə və "Azərbaycan Ədəbiyyatı
Ttarixi"nin Cənubi Azərbaycan Ədəbiyyatına
həsr olunmuş IX cildində çap edilib.
Mirzə Hüseyn Kərimi
yaradıcılığında tarixilik və müasirlik
müstəsna əhəmiyyət daşıyan meyar kimi səciyyələnir. Təkcə
stabil vəziyyətlərdə deyil, xalq hərəkatının
genişləndiyi və İranda siyasi rejimin daha kəskin
xarakter aldığı vaxtlarda belə, Güney şairləri,
həmçinin, İrandakı siyasi, ictimai və mədəni
çatışmazlıqları, dövrünün eybəcərliklərini
satıralarında tənqid edən və əsərləri
Azərbaycan türkləri tərəfindən rəğbətlə
qarşılanan Mirzə Hüseyn Kərimi təsirli poetik
söz deməyə müvəffəq olur, təqib və
qadağalar şəraitində böyük əzmkarlıq
göstərərək qoruyub saxladıqları ana dilinin - Azərbaycan
türkcəsinin imkanları çərçivəsində
yazıb-yaradır, Güney Azərbaycan ədəbiyyatında
tarixiliyin müasirlik kontekstində təqdimi prosesində
müstəsna xidmətlər göstərir, ədəbi
yenilikləri dəstəkləyirdi.
Esmira FUAD
525-ci qəzet.- 2023.- 2 may.- S.14;15.