Səfəvilər
dövründə Naxçıvanda məhkəmə
orqanları
Tarixi qaynaqlarda türk səyyahı Övliya Çələbinin məlumatları və bəzi Səfəvi hökmdarlarının Naxçıvanla bağlı fərmanları Səfəvilər dövründə bu bölgənin inzibati idarə üsulu barədə müəyyən məlumatlar əldə etməyə imkan verir. Səfəvilər
dövründə Naxçıvanda idarəetmə
orqanları və orada çalışan məmur vəzifələrinin
adları barədə, eləcə də məhkəmə
mübahisələrinə baxan şeyxülislam və
qazılar haqqında E.Çələbi yazırdı:
"Naxçıvan indi Azərbaycanda ayrıca
xanlıqdır. Xanın qoşunu çoxdur.
Onun etimadüddövlə, kələntər,
münşi, darğa, dizçökən ağa, çikyeyən
ağa kimi vəziri vardır ki, bu zümrənin
hamısı idarə işlərində iştirak edir. Daha sonra qazı və şeyxülislam
vardır".
Səfəvi hökmdarlarının Azərbaycanın
digər vilayətləri ilə yanaşı,
Naxçıvan ölkəsi ilə bağlı fərmanları
isə bölgədə əmirtümən, əmir, hakim,
amil, mütəsəddi, qorçi kimi vəzifələrin
olmasını təsdiq edir. Ehtimal etmək olar ki,
adları çəkilən vəzifələrdə işləyən
məmurların bir qismi şəhərin, digər bir qismi isə
bütövlükdə bölgənin idarəçiliyində
öz sahələri üzrə əsas rəhbərlik səlahiyyətlərini
həyata keçirirdilər.
Bu dövrdə Naxçıvanda da mövcud olan hakim vəzifəsi
iki cür başa düşülməlidir. Bunlardan
birincisi, siyasi anlamda vilayətləri idarə edən hakimlər,
ikincisi isə, cinayət işlərinə baxan qazılar
anlamında hakimlərdir.
Tarixçi Həsən bəy Rumlu yazır ki, XV-XVI əsrlərdə
padşah, sultan, vali bəzən də hakim adlanırdı. T.Musəvinin
isə xəbər verdiyi kimi orta əsrlərdə cinayət
işlərinə baxan və cinayətkarlar haqqında cəza
hökmü, o cümlədən, cərimə hökmü
verən qazıları da bəzən hakim
adlandırırdılar.
Tarixi mənbələr onu deməyə əsas verir ki,
Naxçıvanda hər iki anlamı daşıyan hakim vəzifələri
olmuşdur. Siyasi idarəetmə funksiyalarına malik olan
Naxçıvan hakimləri geniş səlahiyyətlərə
malik olub bütövlükdə bölgəni idarə edirdilər.
XVI-XIX əsrin əvvəllərində
Ustaclı-Kəngərli tayfasının
başçıları irsi olaraq Naxçıvan ölkəsinin
hakimləri olmuşlar. Məsələn,
Səfəvilər dövlətinin 4-cü şahı Məhəmməd
Xudabəndinin vaxtında Naxçıvan ölkəsi
Əbdülqəni Sultan Ustaclı tərəfindən idarə
edilmişdi. Səfəvilər dövlətinin
5-ci şahı I Şah Abbasın hakimiyyəti zamanında isə
Kəngərli qəbiləsinin başçısı Maqsud
Sultan Naxçıvanın hakimi olmuşdu. O, bu vəzifəyə
1604-cü ilin may ayında Çuxursəd əyalətinə
bəylərbəyi təyin edilmiş Əmirgünə xan
Qacarın əmri ilə keçmişdi.
I Şah
Abbasın xələfləri dövründə Nadir bəy
Rzaəddin xan (1647), Əliqulu xan (1668), Murad xan (1668-1669),
Şərəf xan (1669-1678), Məhəmməd Rza xan
(1678-1691) Kəngərlilər Naxçıvana hakimlik
etmişlər.
Nəzərə
alsaq ki, vilayətlərdə işləyən dini məhkəmə
işçiləri yerlərdəki əyalət hakimlərindən
asılı olub şəri məsələlər barədə
qərarlar çıxararkən onlarla
razılaşırdılar, deməli, belə qənaətə
gəlmək olar ki, müxtəlif vaxtlarda Naxçıvan
bölgəsində idarəçiliyi həyata keçirən
hakimlər də şəri mübahisələrdə
iştirak etmişlər. Dediklərimizi təsdiq
edən bir sıra tarixi faktlar mövcuddur. Məsələn, Məhəmməd Rza xandan sonra
Naxçıvan ölkəsini, hakimiyyət illəri dəqiq
bilinməsə də, Səfiqulu xan Kəngərlinin idarə
etməsi faktı məlumdur. Bu faktı
1696-cı ilə aid edilmiş bir sənəd də təsdiq
edir. Sənəddə həmin ildə həyata
keçirilmiş bir şəriət məhkəməsinin ali məclisində Naxçıvan ölkəsinin
qüdrətli hökmdarı Səfiqulu xan Kəngərlinin
iştirak etməsi əks olunub. Bu fakt isə həmin
ildə Səfiqulu xanın Naxçıvan hakimi
olmasının təkzibolunmaz dəlili sayılmaqla
yanaşı, həm də Naxçıvan hakimlərinin
şəriət məhkəmələrinin işində
birbaşa iştirak etməsini də sübut edir.
Tarixçi
T.Musəvi Səfəvilər dövlətinin 7-ci şahı
II Şah Abbasın 1660-cı il tarixli fərmanına
əsasən Əliqulu xan Kəngərlinin Naxçıvan
hakimi olduğunu göstərir. O, həmçinin Əliqulu
xanın atası Murad xan Sultanın da eyni vəzifə
daşıdığını qeyd edir. Bu fakt
isə onu deməyə əsas verir ki, Əliqulu xan 1660-cı
ildə Naxçıvan hakimi vəzifəsini icra edib.
Digər maraqlı bir məqam isə Nadir bəy Rzaəddin
xana aiddir. Belə ki, "Naxçıvan əlyazma sənədləri"ndə
sonuncu sənəd Səfəvi dövlətinin 6-cı
şahı I Şah Səfinin Naxçıvan hakimi Nadir bəy
Mahmud Sultan oğluna ünvanlanmış fərmanıdır.
Həmin sənədə əsasən deyə
bilərik ki, Nadir bəy hətta I Şah Səfinin
zamanında da Naxçıvanda hakim vəzifəsini həyata
keçirmişdi.
XVI-XIX əsrlərdə Naxçıvanın Kəngərlilər
tərəfindən idarə edilməsi fasiləsiz olaraq həyata
keçirilməyib. Belə ki, müəyyən vaxtlarda
bölgədə qısa müddətli də olsa, Rumlu,
Zülqədərli, Təkəli, Qacar və sair tayfaların
da nümayəndələri hakim vəzifəsini icra
etmişlər. Buna Səfəvilər
dövlətinin banisi I Şah İsmayıldan sonra
Naxçıvan, habelə İrəvanda idarəetmənin
müəyyən müddətə Rumluların əlinə
keçməsini və ya I Şah Abbasın hakimiyyətə
gəldikdən sonra Zülqədərli Şahqulu Sultanı
Naxçıvana hakim təyin etməsini misal göstərmək
olar.
Mənbələrə görə, Maqsud Sultan Kəngərlidən
əvvəl Naxçıvanda Zülfüqar və
Əmirgünə xan Qacar hakimlik edib.
Tarixi qaynaqlarda Naxçıvanın başqa hakimlərinin
adları da vardır. Məsələn, osmanlıların Van
bölgəsini fəth etdikdən sonra oraya bəylərbəyi
təyin etdiyi İsgəndər paşa 1549-cu ildə öz
qoşunu ilə Çuxursəəd ərazisinə hücum
edərkən ona qarşı Rəvan hakimi Rumlu Hüseyncanla
birlikdə Naxçıvan hakimi Nəzər Sultan da
vuruşub.
Bundan əlavə, Səfəvilər dövlətinin
3-cü şahı II Şah İsmayılın Şərəfxan
Bitlisini Naxçıvana hakim təyin etməsi də (o, bu vəzifədə
cəmi dörd ay qaldıqdan sonra hakimiyyəti tərk edərək
Bitlisə getmişdir) tarixi mənbələrdə öz əksini
tapıb.
Ümumiyyətlə, XVI-XVII əsrlərdə şəhər
hakimləri olmuş şəxslərin adları və
titulları barədə məlumatlara Naxçıvan ərazisində
olan tikililər, qəbir daşları, sənduqələr
üzərində qalmış kitabələrdə, dövlət
sənədlərində və ayrı-ayrı səyyahların
qeydlərində rast gəlmək mümkündür.
Səfəvilər dövründə Naxçıvanda
məhkəmə işlərinə baxılmasında əsasən
şeyxül islamlar və qazılar mühüm rol
oynayırdı. Sözügedən dövrdə Naxçıvanda ali ruhani təbəqələrlə -
şeyxül islam, seyid, axund, üləma, qazı, cümə
məscidlərinin imamları, vaiz, müdərris, xanəgah və
zaviyə şeyxləri, mollalarla yanaşı, xırda ruhani
təbəqələr - dərvişlər də mövcud
idi.
Məscidlərdə namaz qılmaq və ibadət etməkdən
başqa, orada qazılar və mollalar bir sıra mülki və
şəxsi məişət məsələlərinə də
baxırdılar. Məsələn, məscidlərdə məhəllə
adamları üçün kəbin kəsilir, ölüm və
doğum halları da qeydə alınırdı.
Ümumilikdə
götürdükdə isə, şəhərdə cinayət
və mülki məsələlərə üç növ
məhkəmələrdə baxılırdı: məhkəmeyi-ali,
məhkəmeyi-şəriyyə və əsnaf məhkəmələr.
Məhkəmeyi-şəriyyə daha geniş fəaliyyət
göstərirdi.
XVII-XVIII əsrlərdə
Naxçıvanda şəriət məhkəməsinin
müqavilə məclislərinə şeyx-ül islam və axundluq dərəcəsinə
yüksəlmiş Məhəmməd Saleh, Baba
Naxçıvani, Zeynalabdin Möhsün Naxçıvani, Məhəmmədmöhsün
və digər ali rütbəli qazılar rəhbərlik
etmişlər. Səfəvilər
dövründə yaşamış Ordubad xəttatlarından
biri olan Uluq bəy Ordubadi həmin dövrdə eyni zamanda
Ordubadın qazısı olmuşdu.
Tarixi qaynaqlarda Naxçıvanda şəri məhkəmələri
tərəfindən baxılan cinayət işlərinə aid
maraqlı məlumatlar da günümüzədək gəlib
çatmışdır. Məsələn,
Venesiya diplomatı Vinçentso Alessandri Naxçıvan şəhərində
hakimiyyət orqanları tərəfindən tacirləri
öldürən və onların əmlakını mənimsəyən
bir neçə quldurun həbs edildiyini və onların hakimin
(qazının) yanına gətirildiyini xəbər verir.
Rus şərqşünası İ.P.Petruşevski məlumat
verir ki, "müsəlman ölkələrində hətta
alqı-satqı, torpaq və ev icarəsi, pul borcu haqqında
müqavilələr və sair də ruhani hakimlər olan
qazıların yanında bağlanılırdı". Əlimizdə
olan fakt və məlumatlara əsasən deyə bilərik ki,
həmin dövrlərdə Naxçıvanda da şəri
mübahisələrinin həllindən başqa, mülkün
alınmasına və satılmasına nəzarəti dövlət
tərəfindən məhz şəriət məhkəmələri
yerinə yetirib.
Bir məsələ haqqında da söhbət açmaq
məqsədəmüvafiq olar. Belə ki, min illərdən bəri
Azərbaycan dövlətinin tərkib hissəsi olmuş
Naxçıvan ölkəsi XVI-XVIII əsrlərdə Səfəvilər
dövlətinin tərkibində olsa da, Səfəvi-osmanlı
müharibələri nəticəsində bu diyar XVI əsrin
sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəllərində
(1724-1735-ci illər) Osmanlı imperiyasının tərkibinə
daxil olmuş və burada "Naxçıvan
sancağı" inzibati ərazi bölgüsü tətbiq
olunaraq bölgədə osmanlı idarə sistemi
qurulmuşdu. Bu baxımdan həmin dövrlərdə
Naxçıvan diyarının siyasi-hüquqi və
sosial-iqtisadi tarixinə dair geniş məlumatları əsasən
osmanlı mənbələrində axtarmaq
lazımdır. Araşdırmalar onu deməyə
əsas verir ki, Naxçıvan diyarının siyasi-hüquqi
tarixi ilə bağlı ən qiymətli sənədlər
Türkiyənin İstanbul şəhərində
Başbakanlık Arxivində saxlanılır.
Şəxsən
sultanın öz adından verilən fərman (bərat),
buyuruldu (əmr) və yaxud baş vəzirin sədrliyi ilə
iclaslarını keçirən Divanın qərarını əks
etdirən məktubların orijinal nüsxələri
müvafiq ünvanlara göndərilməzdən
əvvəl üzü dəftərxanada xronoloji qaydada
bir-birinin ardınca "Mühimmə dəftəri"
adı daşıyan toplulara
köçürülürdü. İl
tamamlandıqdan sonra isə yeni "Mühimmə dəftəri"
istifadəyə götürülürdü. Zərurət olduqda bir ildə bir neçə belə
dəftər açmaq lazım gəlirdi. Bu qayda üzrə tərtib olunmuş və
hazırda İstanbulda Başbakanlık Arxivində
saxlanılan 263 "Miihimmə dəftəri" mühafizə
olunmaqdadır. 1553-1869-cu illərə aid
dövlət sənədlərinin məzmununu əks etdirən
"Mühimmə dəftər"lərində
osmanlıların Naxçıvan diyarı ilə
bağlı XVI-XVIII əsrlərə aid yüzlərlə
önəmli tarixi məlumatlar vardır.
Bundan başqa, "Sancaq tövcih dəftəri"
adlı sənədlər toplusunda 1724-1726-cı illərdə
Naxçıvan sancağına sancaqbəyi təyin olunan
şəxslərin şəxsiyyətləri barədə ətraflı
məlumatlar vardır.
Naxçıvan
sancağının ərazisi XVI-XVIII əsrlərdə
müasir Naxçıvan Muxtar Respublikasının ərazisindən
də xeyli böyük olmuş, hazırda Ermənistanın
bir sıra rayonlarının, o cümlədən, Əzizbəyov,
Yexeqnadzor, Cermuk, Sisyan və Meqri rayonlarının ərazisini
də əhatə etmişdi.
Yuxarıda sözügedən dəftərlərdən
Naxçıvanın sosial-iqtisadi, tarixi, siyasi həyatına
dair məlumatlarla yanaşı, sırf hüquqi məsələlərə,
xüsusilə də Naxçıvanda məhkəmə
orqanlarına və ədalət mühakiməsinin həyata
keçirilməsinə aid məlumatlar da əldə etmək
mümkündür.
Həmin dövrlərdə Naxçıvanda şəriət
məhkəməsi fəaliyyət göstərmiş,
müxtəlif cinayət və mülki xarakterli işlərə
qazılar tərəfindən baxılmışdır. Məsələn,
Naxçıvanda olan şəriət məhkəməsinin fəaliyyəti
və qazıların çıxardıqları qərarlar ilə
bağlı sənədlər "Mühimmə dəftər"lərindən
olan "Şikayət dəftərləri"ndə,
"Əhkam dəftərləri"ndə və digər sənədlərdə
əks olunub.
Bundan başqa, İrəvan əyalətinin icmal dəftəri
və Naxçıvan sancağının müfəssəl
dəftərində də doğma diyarımızın məhkəmə
orqanları haqqında məlumatlara rast gəlmək olur.
Bu sənədlərdən aydın olur ki, ticarət və
sənətkarlıq sahəsində qaydalara əməl
olunması, bazarlarda qiymətlərin və rüsumların
müəyyənləşdirilməsi, habelə vergilərin
toplanması zamanı edilən haqsızlıqlara dair
mübahisələrə baxılmasını da qazı və
onun idarəsi həyata keçirirdi. Bu barədə İrəvan əyalətinin
1590-cı il tarixli qanunnaməsində
geniş şəkildə məlumat verilib.
Beləliklə,
dediklərimizi yekunlaşdırsaq, o qənaətə gələ
bilərik ki, bəhs etdiyimiz dövrlərdə Səfəvilər
dövlətinin tərkibinə daxil olan digər bütün
vilayət, mahal və nahiyyələrdə olduğu kimi
Naxçıvan ölkəsində də inzibati idarəetmə
aparatında bir sıra vəzifələr olmuş, məhkəmə
işlərinə qazılar və şeyxülislamlar
baxmış, yerlərdəki hakimlər hüquqi mübahisələrin
həllində iştirak etmişlər.
Yunis
XƏLİLOV
Naxçıvan
Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet.- 2023.- 2
may.- S.13.