"Kaş bizim Rusiyada
da belə adamlar olaydı..."
Görkəmli
dövlət xadimi kimi Heydər Əliyev şəxsiyyətinin
möhtəşəmliyinin və
yüksək səviyyəsinin daha bir parlaq sübutu onun
fəaliyyətinin Moskva dövrüdür. 1982-1987-ci illəri əhatə
edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi
Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini kimi yüksək post tutan Heydər Əliyev
velikorus şovinizmi və böyük dövlətçilik
psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu
rejimin yaratdığı təqiblər və
ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir
qüvvə onun zəngin, tükənməz və hərtərəfli
dövlət idarəçiliyi istedadının
qarşısını almağa qadir deyildir.
Buradaca yadıma düşdü ki,
1936-1939-cu illərdə Naxçıvan şəhər
pedaqoji məktəbində təhsil
alan Ulu öndərin həmin dövrdə Moskva ilə
bağlı maraqlı xatirələri vardır. "Heydər
Əliyev-xalqa həsr
olunmuş ömür" kitabından
götürdüyüm o hissəni olduğu kimi hörmətli
oxuculara təqdim edirəm:
"Bir qədər sonra rus dilini yaxşı mənimsədiyinə
görə texnikumun rus dili müəllimi Həsən bəy
Qazıyev Heydər Əliyevə Lev Tolstoyun "Hərb və
sülh" romanını orijinaldan oxumağı məsləhət
bilmişdi. Tələbə
yoldaşları danışırdılar ki, bu romanı
oxuduqdan sonra o,
böyük yazıçının portretini də çəkmişdi.
Sonra həssas və güclü mühakiməsi olan yeniyetmə
Heydər dostlarına oxuyub tamamladığı romandan - uzaq
keçmişdə baş vermiş müharibədən,
1812-ci ildə yandırılan Moskvadan, yalnız kinoda
gördüyü Kremldən həvəslə
danışırdı... O vaxtlar heç kəsin
ağlına gəlməzdi ki, Moskvanı görməsə də oxuduğu kitablar, gördüyü kinolar əsasında
onlara həmin şəhərdən belə həvəslə
danışan və SSRİ-nin ucqar bir yerində texnikumda təhsil
alan bu cavan oğlan 45 il sonra həmin Kremldə ən nüfuzlu
şəxslərdən biri olacaq, Moskvanın siyasətini, beynəlxalq
nüfuzunu müəyyən edən həlledici qərarlar qəbul
edəcək, dünyanın 6-da bir hissəsində elm, təhsil, səhiyyə, nəqliyyat
kimi ən ağır və məsuliyyətli sahələrə
rəhbərlik eləyəcək... O vaxtlar isə müəllimi
olan müdrik Lətif Huseynzadə istedadı,
davranışı,
mühakiməsi ilə çox fərqlənən
bu gəncə baxıb tez-tez müəllim
yoldaşlarına deyərdi:
"Bu cavan oğlan böyük adam olacaq..."
Əbədi
buzlaqlarda salınan 770 kilometrlik Baykal-Amur magistralının
istifadəyə verilməsi, qəzaya
uğrayan "Suvorov" teploxodu və "Admiral Naximov"
sərnişin gəmisi ilə əlaqədar yaradılan
komissiyalara rəhbərlik, uzunluğu 15 kilometrdən artıq
Şimali Muysk tunelində işləri surətləndirməklə
yanaşı SSRİ-nin bütün nəqliyyat sisteminə, təhsilinə,
elminə, mədəniyyətinə, ağır sənayesinə,
ticarətə, yüngül sənayeyə, səhiyyəyə,
Yaxın Şərq və Latın Amerikası siyasətinə,
rabitəyə, fövqəladə vəziyyətlərə,
kənd təsərrüfatına, tikintiyə və digər
onlarla mürəkkəb sahəyə rəhbərlik etmək
onun səlahiyyətlərində idi.
Özü də necə rəhbərlik! Nazirlər
Kabinetinin saat 11-də işə gəlməyə, 13-də
fasiləyə gedib 15-də qayıtmağa, 17-də isə evə
yollanmağa adət etmiş şıltaq nazirlərini və
digər məsul işçilərini səhər 9-dan
axşam 8-dək konveyer kimi işləməyə, işlərinin
bütün incəliklərdən xəbərdar
olmağa məcbur etməklə,
iki aydan bir keçirilən hökumət iclaslarını həftədə
bir dəfəyə dəyişdirməklə, selektor
müşavirələrində şəxsən iştirak etməklə
rəhbərliyə
başladı. O vaxtlarda vəzifədə olan hər kəs
gözəl xatırlayır ki, Heydər Əliyevin gəlişi
ilə yatmış bir sistem oyanıb çevik bir mexanizmə
çevrilmişdi, ətalətlə "baş girləyən"
hər kəs mühərrik qoşulmuş
aqreqata dönmüşdü...
Bu məqamda 1983-85-ci
illərdə SSRİ Nazirlər Soveti Sədrinin Birinci
müavini Heydər Əliyevin köməkçisi vəzifəsində
çalışmış Yuri Nikolayeviç Soloduxinin
müsahibəsindən bir hissəni oxucularımla
bölüşmək istəyirəm:
"...O zamana qədər mən elə bilirdim ki,
çox şey bilirəm. Lakin Heydər
Əliyevlə görüşəndən, onunla birgə
çalışandan sonra başa düşdüm ki, mənim
bəxtim gətirib ki, belə böyük dövlət təcrübəsi
olan adamla birlikdə çalışmışam. Dövlət adamında liderlik, idarəçilik,
bilik və bir çox digər keyfiyyətlər
olmalıdır. Müdriklik isə o keyfiyyətdir
ki, rəhbər şəxs uzağı, gələcəyi
görə bilir. Məncə, Heydər
Əliyev məhz bütün bu keyfiyyətlərə malik bir
rəhbər, dövlət adamı idi. Siyasətçi
sözü isə Heydər Əliyevə tam yaraşan, tam
uyğun olan sözdür. Deyərdim ki, o,
siyasətçidən də artıq idi. XX əsrdə
Sovetlər İttifaqı ərazisində Heydər Əliyev
miqyasında rəhbər, dövlət adamı çox az idi, bəlkə də yox idi. XX əsrin 60-ci
illərindən 2000-ci illərin əvvəllərinə qədər-40
il ərzində Heydər Əliyev SSRİ
məkanda ilk üçlüyə daxil olan ən qüdrətli
şəxsiyyət idi".
O vaxt
üçün dünyanın ABŞ-dan sonra ikinci super
dövlətinin idarə edilməsində, onun daxili və
xarici siyasətinin müəyyənləşdirilməsində
həlledici sözə malik, bir çox məqamlarda
"Siyasi Büronun ikinci adamı" hesab edilən bu dahi şəxsiyyətin yüksəldiyi
zirvə xalqımızın, eləcə də Türk
dünyasının tarixində indiyədək görünməmiş
hadisə idi. Doğrudur, Nəriman Nərimanov da SSRİ Mərkəzi
İcraiyyə Komitəsi Rəyasət Heyətinin sədri
olmuşdu, ancaq o, Zaqafqaziya Federasiyası üzrə sədr
idi, yəni yalnız Azərbaycan, Gürcüstan və Ermənistan
respublikalarına rəhbərlik etmək səlahiyyətində
idi. Heydər Əliyev isə Pribaltikadan, Qafqazdan
Kamçatkaya, Kuril adalarına kimi nəhəng bir ərazini idarə
edirdi.
Tənəzzülə
başlamış nəhəng imperiyanın ən
ağır sahələrinin idarə edilməsində ciddi
uğurlara nail olan Heydər Əliyev az
vaxt içərisində keçmiş SSRİ-də
böyük nüfuz qazanmışdı. Hamı
etiraf edirdi ki, həmin dövrdə Heydər Əliyev Siyasi
Büroda bütün Sovet dövlətini idarə etməyə
və onu tənəzzüldən çıxarmağa qadir
olan yeganə dövlət xadimi idi. Odur ki,
səriştəsiz və bacarıqsız Kreml rəhbərləri,
xüsusilə də Qorbaçov Heydər Əliyevi özlərinə
ciddi rəqib hesab edirdilər.
O illərdə
Moskvada baş verən hadisələri daha yaxşı təsəvvür
etmək, həmçinin, xalqımızın bu dahi
övladının nə qədər unikal bir şəxsiyyət
olduğunu bir daha görmək və Heydər Əliyev fenomenini
daha yaxşı tanımaq üçün bir zamanlar
oxuduğum kitabdan bəzi hissələri olduğu kimi oxuculara
təqdim etmək istəyirəm:
"Sovet
dövlətinin tanınmış siyasi xadimlərindən
biri, uzun illər SSRİ-nin Xarici işlər naziri, sonra
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində
işləmiş Andrey Qromıkonun oğlu, siyasi jurnalist
Anatoli Qromıko "Kremlin labirintlərində" adlı
kitabında yazır ki, 1985-ci ildə Baş katib
Çernenkonun vəfatından sonra Mərkəzi Komitənin
Siyasi Bürosunda ən yüksək posta yalnız iki nəfərin namizədliyi
barədə düşünürdülər. Onlar
ya SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər
Əliyevin, ya da Mərkəzi Komitə katibi Mixail
Qorbaçovun namizədliyini müzakirə edirdilər. Kitabda yazılır
ki, Heydər Əliyev digər tanınmış siyasi xadimlərdən
istedadı, yüksək şəxsi keyfiyyətləri və
bacarığı ilə fərqlənirdi.
Böyük
şəxsiyyətin SSRİ-də populyarlığını
bu fakt da göstərir ki, 80-ci illərdə Rusiyanın nüfuzlu telekanallarından olan Rusiya İctimai
Televiziyasının məşhur aparıcısı Leonid
Yakuboviç "Pole çudes" proqramında belə bir
sual qoymuşdu: "Dünyanın ən nüfuzlu siyasətçisi
kimdir?" Suala "Heydər Əliyev"
cavabını verən qadın qalib olaraq bahalı avtomobil
udmuşdu".
Buradaca Ulu öndərin rəhbərlik etdiyi məsələlərdən
biri ilə bağlı bir qədər geniş yazmaq istəyirəm
ki, bizdən sonra gələn nəsillər də bu dahi
insanın qəhrəmanlıqlarla dolu həyatının bəzi
çalarlarından xəbərdar olsun. Onsuz da bu insanın
bütün həyatını qələmə almaq
mümkün deyil, biz bunu bilərək ancaq ayrı-ayrı
epizodlar haqda bildiyimiz, oxuduğumuz, eşitdiyimiz həqiqətləri
yazırıq ki, adamların əksəriyyətinin
bütün ömrünə bəs edə bilən belə nəhəng
hadisələri bir insan ömründə yüz dəfələrlə
yaşamış böyük şəxsiyyətin həyat
salnaməsi haqda daha dolğun təsəvvür yarada bilək.
Qoy bizdən sonra gələn insanlar bilsinlər ki, uca
tanrı bizim nəslə belə bir fenomenal insanla bir dövrdə yaşamaq, onunla
işləmək, ünsiyyətdə olmaq, onunla birlikdə
bu vətən üçün nə isə etmək, ondan öyrənmək, bununla
yanaşı onun görə bildiyi nəhəng işlərin
şahidi olub onları gələcək nəsillərə
çatdırmaq xoşbəxtliyini bəxş edib. Çox
istəyərdim ki, bütün həmvətənlərimiz və
bütün
Dünya Azərbaycanlıları onun nə qədər
qüdrətli, böyük
masştablı, nəhəng bir şəxsiyyət
olduğunu səmimiyyətlə dəyərləndirə
bilsinlər...
Bu arzu ilə o dövrdə baş vermiş ən
ağır faciələrdən biri -"Admiral Naximov"
teploxodunun qəzası ilə bağlı hadisəni müəyyən
təfərrüatla yazıram. 1986-cı il avqustun 30-da, saat 22-10 radələrində Qara dənizdə
30 min ton taxılla dolu "Pyotr Vasev" yük gəmisi
Odessadan Batuma gedən 1240 nəfərlik
"Admiral Naximov" adlı sərnişin teploxodu ilə
toqquşur. Eynən əfsanəvi "Titanik" gəmisində
olduğu kimi, "Admiral Naximov" ortadan parçalanır, cəmi
7 dəqiqənin içində suya qərq olur, 1240 nəfərin
hamısı-yatanlar, oyaqlar, qadınlar, uşaqlar, qocalar,
cavanlar sahildən 3,5 kilometr, Novorossiysk limanından 15 kilometr
aralıda dənizə tökülür. Bu dəhşətli
hadisə haqqında, o dövrün "qaydalarına görə",
ancaq 4 gündən sonra Sovet mətbuatında rəsmi məlumat
verilsə də, yarım saat sonra Sov.İKP MK-nın Baş
katibini yuxudan oyadıb ona xəbər verirlər. O vaxt Qara dəniz
kənarında dincələn Qorbaçov bir az
düşünəndən sonra deyir: "Bu məsələni
yalnız o həll edə bilər. Heydər Əliyev komissiya sədri kimi ora
getsin".
1986-cı
il avqustun 31-də səhər 11-də Sovet
İttifaqının ali orqanları-Siyasi Büro, Nazirlər
Soveti, Ali Sovetin Rəyasət Heyəti toplaşaraq "Admiral
Naximov" teploxodunun qəzasının səbəblərini
araşdırmaq üçün Sov.İKP MK Siyasi
Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini Heydər Əliyevin rəhbərliyi
altında Hökumət
Komissiyasının yaradılması haqqında qərar qəbul
edir. Avqustun 31-dən məzuniyyətə
çıxmış, gərgin bir ildən sonra səhər
reysi ilə istirahətə doğma Azərbaycana
uçmağa hazırlaşan Heydər Əliyev isə
istirahət planlarını dəyişmiş, gecə xüsusi təyyarə ilə
Novorossiysk hava limanında münasib şərait
olmadığına görə Anapaya gəlmiş, oradan
maşınla Novorossiyskə
yola düşmüşdü. Heydər
Əliyev həmin gecə heç yata da bilməmişdi.
Əgər bilsəydi ki, qarşıda onu on beş
yuxusuz gecə gözləyir, bəlkə də, bir az
mürgüləyərdi. Amma yatmaq istəmirdi.
Onun yadına üç il əvvəlki
ilk bu cür ezamiyyəti düşmüşdü. O vaxt Volqa
çayında, Ulyanovsk şəhərinin limanında turistlərlə
dolu "Aleksandr Suvorov" sərnişin teploxodu
körpünün dirəkləriylə toqquşmuşdu. Teploxodun kinozalında həmin vaxt komediya göstərirdilər.
Bir çox tamaşaçı zala
uşaqlarıyla gəlmişdi. Ekrandakı
qəhqəhələr adamların ahu-fəryadına
qarışmışdı. Teploxodun
üst göyərtəsi və kinozalı sınıb
tökülmüş və idarəsini itirən teploxodu
çayın axarı aparmışdı. Hadisə
yerində aparılan araşdırma nəticəsində qəzanın
səbəbi aşkar edilmişdi: sərxoşluq...
Səhərə
yaxın şəhərə çatan Heydər Əliyev xəstəxanalara
baş çəkib, xilas edilənlərlə
görüşür və oradan katerlə gəmi batan yerə
yollanır. Burada su kamerası ilə dənizin dibində olan
"Admiral Naximov"
gəmisinə baxdıqdan sonra müvafiq
tapşırıqlar verib sahilə gedir. Sahildə
isə onu dənizdə batanların qara xəbərini
almış qohum-əqraba gözləyirdi. Adamları kluba dəvət edib onlarla ilk
görüşünü keçirir.
Heydər Əliyevin katibliyinin müavini olan Vladimir
Sergeyeviç Uxov xatirələrində yazır ki, uzaq şəhərlərdən
özlərini hadisə yerinə yetirmiş, yorğun, ac, faciədən
sarsılmış adamlar təbii həyəcan və hikkə
ilə Komissiyanın sədrinə hücum çəkdilər. Mən qəti əminəm
ki, əgər onun yerində kim isə
başqası olsaydı bu hay-küydən, yersiz ittihamlardan,
ağır sözlərdən, növbəsiz müraciətlərdən,
qarışıq vəziyyətdən başını
götürüb qaçardı. Ancaq Heydər
Əliyev bütün insanları səbrlə dinləməyə,
onların yerli-yersiz suallarına cavab verməyə, öz təmkini
və məzmunlu cavabları ilə camaatı bir qədər
sakitləşdirməyə başladı. Hətta bizə
tapşırdı ki, "Mənim yanıma gələn
insanları dərhal buraxın, kimin nə sözü varsa,
qoyun, desin!"
İlkin araşdırmalardan məlum oldu ki, teploxodun təhkim
edildiyi Qara Dəniz Gəmiçiliyi İdarəsi heç gəmidə
nə qədər sərnişinin olduğunu da dəqiq
bilmir. Və bu, adi hal hesab olunurdu. Kapitanlar isə gəmilərinin
bir-birinin yanından necə keçəcəkləri barədə
əvvəlcədən, sən demə, köhnə
faytonçular kimi danışıq aparıbmışlar.
Vladimir Uxov yazır ki, bu qədər məsuliyyətsiz, laqeyd adamların
arasında Heydər Əliyev dovşanların içində
pələngə bənzəyirdi. O, hamıdan son dərəcə
sərt intizam, ciddi hesabat tələb edirdi. Hansısa
bir tapşırığı yerinə yetirilmədiyi
üçün o, Dəniz donanması nazirinin müavinini dərhal
vəzifəsindən kənarlaşdırdı. Hamı bundan dərs götürdü.
Heydər
Əliyev isə komissiyanın iclaslarının birində əminliklə
deyir:
- Biz
araşdırıb öyrənmişik ki, qəzanın səbəbi
- "Pyotr Vasev" və "Admiral Naximov" gəmilərinin
kapitanlarının xidməti vəzifələrinə məsuliyyətsiz
və cinayətkarcasına laqeyd yanaşmasıdır.
Doğrudan da, sağlam düşüncəyə
görə bu toqquşma olmamalıydı. Toqquşma
üçün heç bir real zəmin yox idi. Sakit dəniz, ulduzlu səma. Sərnişin
teploxodunda bütün işıqlar yanır - həm bortda, həm
də göyərtədə. Müasir
naviqasiya cihazları. Teploxod limandan
çıxanda ona xəbər verilmişdi ki, qarşıdan
yük gəmisi gəlir. Yük gəmisinə
də sərnişin teploxodunun limandan çıxması barədə
xəbər verilmişdi. Qanuna görə
yük gəmisi teploxoda öz kursuyla getməyə yol verməliydi.
Yük gəmisi bunu etməmişdi,
çünki bunun üçün o, öz kursundan bir
neçə kilometr yayınmalı, kənara çəkilib
dolama kursla getməliydi. Kapitanlar qaydalara
zidd olaraq, üzbəüz gələrkən biri-birindən
necə yan keçəcəkləri barədə əvvəlcədən
danışıb razılaşırlar. "Pyotr
Vasev" yük gəmisinin kapitanının
üçüncü köməkçisi radara baxaraq xəbərdarlıq
edir: "Biz toqquşa bilərik, axın bizi ona tərəf
aparır".
"Heç
nə olmaz, yanından sivişib keçərik", - deyə
kapitan onu arxayınlaşdırır.
İki
kapitanın laqeydliyi və özündən
razılığı belə böyük faciə ilə nəticələnmişdi...
Üç-dörd
gün suda qalan meyitlər kənara çıxarılanda
istidən artıq çürüməyə
başlayırdılar. Onun
üçün də öncə buz dolabları olan qatarlar,
sonra isə yubanmadan tabutlar gətirildi. Vladimir Uxov
xatırlayır:
- Eyni
zamanda, suyun dibindən teploxodun içində ilişib
qalmış insanların meyitləri
çıxarılır: bir təsəvvür edin, birinci
üç gün ərzində yetmiş doqquz, sentyabrın
4-nə qədər yüz on altı meyit
çıxarılır. Onlarla problem bir-birinə
qarışmışdı.
Doğrudur,
Heydər Əliyevə yalnız işlərə ümumi rəhbərlik
tapşırılmışdı: komissiyada kifayət qədər
nüfuzlu adamlar, mütəxəssislər vardı - Dəniz
donanması naziri, DTK-nın sədr müavini, MK-nın nəqliyyat
və rabitə şöbəsinin müdiri, başqa nazirliklərin və idarələrin
məsul işçiləri - onlar insanlarla görüşə,
detalları aydınlaşdırıb lazımi tədbirləri
və başqa zəruri işləri görə bilərdilər,
Heydər Əliyev də iki-üç gündən bir hesabat
dinləyə bilərdi.
Ancaq bu,
Heydər Əliyevin təbiətinə və iş
üslubuna yad idi: o,
hər gün insanlarla görüşür,
dövlət komissiyasının üzvləriylə müntəzəm
təmasda olur, onların cavabdeh olduqları məsələləri
necə yerinə yetirdiklərinə də nəzarət edir,
bununla yanaşı sink tabutların hazırlanmasından refrijerator vaqonların verilməsinə
kimi hər hadisənin mərkəzində dayanırdı.
Dövlət
komissiyası Heydər Əliyevin rəhbərliyi ilə
gündə iki dəfə - saat 10:00-da və 17:30-da iclas
keçirirdi.
Vladimir
Uxov xatirələrində yazır:
- Onun qətiyyətli,
möhkəm iradəli adam olduğunu əvvəllər
də bilirdim. Amma Novorossiyskdə, "Admiral Naximov"
teploxodunun faciəsində mən anladım ki, onun xarakteri
bütünlüklə kritik situasiyalarda - iradəni,
düşüncəni və emosiyaları bir yumruğa yığıb
qəti şəkildə hərəkət etmək
üçün lazım olan məqamlarda, özünü
daha bariz göstərir. Onun inadı,
ağlı və sərtliyi bütün problemləri həll
edirdi. Ən qəribəsi o idi ki, bu qədər gərgin
bir rejimdə işləyən, cürbəcür insanlarla
ünsiyyətdə olan, demək olar ki, istirahət etməyən,
yemək yeməyən, bir saniyə boş vaxtı olmayan Heydər
Əliyev qəti əsəbiləşmirdi... Və hər
gün axşam saat 19.00-da komissiyanın sədri Heydər
Əliyev ölənlərin qohumları, yaxınları ilə
görüşür, onlara görülən işlər barədə
məlumat verir, yaranan problemləri yerindəcə operativ
şəkildə həll edirdi...
Ən
çətini isə çıxarılan cəsədlərin
arasında öz əzizlərini tapa bilməyən və yenə
də sudan kimlərinsə
çıxarılmasını gözləyən insanlarla
söhbət etmək idi. Öz həyatlarını
təhlükə qarşısında qoysalar da, operatorlar
sualtı çəkilişlər apara bilirdilər və bu
çəkilişlər klubun zalında canlı transilyasiya
edilirdi. Budur, kamera batmış gəminin
bortuna sıxılmış və oradan
çıxarılması mümkün olmayan bir qadın
meyidinə yaxınlaşır. Sualtı
axın onun uzun saçlarını yüngül külək
kimi yellədir. Adama elə gəlir ki, o,
bu saat başını geri atacaq. Ekran
qarşısında donub qalan gənc bir oğlan bu
qadını görən kimi öz sevimli Nataşasını
tanıyır:
- Siz onu
çıxara biləcəksinizmi? - deyə
oğlan boğuq səslə soruşur.
Ona belə
cavab verirlər:
-
Çalışacağıq, əlbəttə, əgər
bu, dalğıcların həyatı üçün təhlükə
törətməsə. Bir nəfər
dalğıc artıq həlak olub.
Ulu
öndərin şəxsi mühafizəsinin o vaxtkı rəisi
Aleksandr Alekseyeviç İvanov bu barədə xatirələrində
yazır ki, Heydər Əliyev Novorossiysk şəhəri
yaxınlığında "Admiral Naximov" teploxodunun qəzaya
uğramasının səbəblərini araşdıran
komissiyaya rəhbərlik edən zaman Sovet
İttifaqının Siyasi Bürosu rəhbərliyinin
nüfuzunu xilas etmişdi. O, teploxodda həlak olanların
qohumları ilə çoxsaylı görüşlər
keçirmişdi, insanlar gəminin qəzaya
uğramasının detallı istintaqını tələb
edirdilər. Adamlar Heydər Əliyevin onlara necə
yaxın olması, onların dərdini necə
bölüşməsinin şahidi olurdular. Bir dəfə komissiyadakı işi zamanı onun əlinə
qəza nəticəsində ölənlərin birinin
ölümü haqqında arayışı keçdi. Burada həlak olanların ölüm səbəbi
kimi "boğulma" qeyd edilmişdi. Bundan
sonra o, 400-dən artıq blankda ölüm səbəbinin dəyişdirilməsini
tələb etdi. Ora konkret olaraq
"ölümə "Admiral Naximov" teploxodunun qəzaya
uğraması səbəb olub" sözləri əlavə
edildi. O bu addımını belə izah etdi: "5-6 ildən
sonra hər şey yaddan çıxacaq. Ola
bilsin ki, bəziləri həmin gəmidə olan insanların
məsələn, sərxoşluq üzündən
boğulduqlarını düşünə biləcəklər".
Həmin əlavə məhz buna görə
edilmişdi.
Aleksandr
İvanov yazır ki, "Hadisənin üçüncü,
ya dördüncü günü idi.Səhər-səhər
biz onunla Şəhər partiya komitəsinin binasına
yaxınlaşanda bir yaşlı kişi
uzaqdan qışqırdı:" Heydər Əliyeviç,
Heydər Əliyeviç! Ay oğlum, məni eşit!" Milis (polis) işçiləri də onu saxlamağa
çalışırdı, yaxına buraxmırdılar.
Heydər Əliyev binaya girdi, məni isə o kişinin
dalınca yolladı: "Get onu gətir, milislərə də
tapşır, camaatla belə rəftar etməsinlər",-dedi.
Mən həmin yaşlı, dərddən
üzülmüş yazıq kişini onun yanına gətirdim.
Kişi
az qala ağlaya-ağlaya "Heydər Əliyeviç,
ümidim ancaq Sizədir, mənə Siz kömək etməsəniz,
kim edəcək?!",-deyə-deyə istədi
onun qabağında diz çöksün. Heydər
Əliyev qolundan tutub kişini dikəltdi. Kişi dərdini
danışmağa başladı: "Bu yaxınlarda
arvadım rəhmətə getmişdi,onu
Leninqradda (Sankt-Peterburqda) təzə dəfn etmişdim ki, qızımın bu qara gəlmiş
dəniz səfərindən ölüm xəbəri gəldi.
Meyidi çətinliklə tapıb tanıdıq, min bir
zülümlə Leninqrada apardıq, arvadımın
yanında basdırmaq istəyirdik, ancaq bir məmur icazə
vermədi, "Bura qardaşlıq qəbiristanlığı
deyil,apar başqa
qəbiristanlığa!",-deyib, məni qapıdan
qovdu.
Qoca yenidən Novorossiyskə
qayıdıb ki, dərdini Heydər Əliyevə desin. Heydər Əliyev həmin dəqiqə
xüsusi telefonla Leninqrad Vilayət Partiya Komitəsinin birinci
katibinə zəng etdi: "Mən məsələnin həll
olunmasını, bu adama sonadək qayğı göstərməyi
Sizə tapşırıram və onu incitmiş adamı
tapıb cəzalandırmağı təkidlə tələb edirəm!"
Aleksandr İvanovun sözlərinə görə, orada
olduqları 15 gün ərzində belə hadisələr
yüz dəfələrlə olmuşdu. Hər şey yalnız onun
nüfuzu, yüksək təşkilatçılığı,
anındaca qərar
vermək qabiliyyəti, çevik və iti zəkası
sayəsində həll olunurdu. Klubda, dəniz
vağzalında, xəstəxanalarda,"Qorkom"un pilləkənlərində, harada desən
görüşlər keçirilirdi. Hər kəs
öz dərdini ən vacib hesab edərək Siyasi Büronun
üzvünə birbaşa demək istəyirdi. Adamların kədəri hədsiz, psixoloji durumu gərgin,
əsəbləri pozulmuş idi. Dənizin dibindən
tapılan, şişib üz-gözü əyilən meyidlərin
xristian qaydası üzrə geyindirilməsi, onların
yanında vay-şivən qopardan qohumlarının ah-naləsi,
dəmiryol terminalından sink tabutların yola salınması
kimi dözülməz vəziyyətin episentrində olan,
bütün bu gərginliklərin qarşısında dayanan Heydər Əliyev əldən-dildən düşürdü. Səhərdən axşamadək şikayətlər,
narazılıqlar, müxtələf tələblərlə,
təkliflətlə dolu müraciətlər onu
üzürdü. Hətta hamı
dağılışandan sonra da küçədə onu
rahat qoymur, başına toplaşırdılar. Ancaq yenə
də söhbətləşir, dərdləşir, camaatın
kədərini az da olsa yüngülləşdirməyə
çalışırdı.
Bu gərginliyin müqabilində istirahət, yemək də
fərli-başlı deyildi. Kiçik və
unudulmuş şəhər olan Novorossiyskdə ən
yaxşı otel ikiulduzlu idi, hörmət əlaməti olaraq
Heydər Əliyevi orada yerləşdirmişdilər.
Burada da kiçik otaq, adi taxta çarpayı, şəraitsizlik...Təkliflərə baxmayaraq heç bir qonaqlığa
getməyən, heç kəslə bir süfrədə
oturmaq istəməyən, səhərləri bir qab
südlü qarabaşaq, axşamları yüngül qəlyanaltı
ilə keçirən Siyasi Büro üzvü bəzən hətta
iradəsinin ziddinə çox
ciddi qərarlar qəbul etməyə məcbur olurdu. Axtarışların 5-ci günü batmış gəminin
dəmirlərinə ilişib qırılan oksigen
şlanqına görə bir dalğıc həlak olduqdan
sonra Heydər Əliyev sarsılaraq axtarışların
dayandırılması barədə qərar qəbul edir.
Onsuz da suyun dibində qalan meyidlər gəminin
altında, kayutlarında, yaxud digər əlyetməz yerlərində
olanlar idi, o zamankı Sovet texnikası ilə onları
çıxarmaq qeyri-mümkün idi. Ancaq dəhşətli
şəkildə ölmüş o zavallıların heç
olmasa adam kimi torpağa
tapşırılmasını arzulayan yazıq insanların
yalvarış dolu hıçqırıqları onu fikrindən
dönməyə məcbur etdi...
1986-cı
ilin sentyabrında Qorbaçovun "kiçik məsələ"
hesab edərək gəlmədiyi "Admiral Naximov" faciəsinin
baş verdiyi Novorossiysk şəhəri ilə bağlı
olan minlərlə insan Heydər Əliyevin fədakarlığını,
nəhəngliyini, sarsılmaz iradəsini unuda bilmir. Hadisədən
uzun illər sonra Şəhər sovetində çıxış edən
deputatlardan biri Novorossiysk şəhərində Heydər
Əliyevin heykəlinin qoyulmasını təklif etmişdi...
Yəqin oxucularımız üçün bu dahi insanı xarakterizə edən, onun çoxşaxəli və parlaq portretinə əlavə cizgi hesab edilə bilən şahidi olduğum bir hadisə də maraqlı olar. 1997-ci ildə mən Bakı Dövlət Universitetinin rektoru olarkən Heydər Əliyevlə birgə Qazaxıstana gedən nümayəndə heyətinin tərkibinə daxil edilmişdim. Zəngin proqram çərçivəsində Ulu öndər Qazaxıstan Parlamentində çox dərin məzmunlu bir çıxış etdi. Onun çıxışından sonra yaşlı bir qadın (səhv etmirəmsə, parlamentin sabiq deputatı idi) əl qaldırıb söz istədi. Dedi ki, siz Heydər Əliyevi hələ yaxşı tanımırsınız. Qazaxıstanın keçmiş dövlət başçısı Dinmühəmməd Kunayev vəfat edərkən mən onun yanında idim. Kunayev mənə dedi ki, sənə son sözlərimi deyirəm, bunu xalqımıza mütləq çatdırarsan. Bil ki, Heydər Əliyev türk dünyasının, bəlkə də bütün dünyanın ən müdrik və qeyrətli şəxsiyyətidir. 1986-cı ildə Qazaxıstanın çox çətin günlərində SSRİ-nin rəhbəri Qorbaçovla cəsarətlə döş-döşə gələrək Qazaxıstanın milli mənafelərini müdafiə etdi, bura başqa millətdən başçı göndərilməsinə etirazını bildirdi. Belə qüdrətli insanlar min ildə bir dəfə yetişir. Qazax xalqı belə türk oğlu ilə həmişə fəxr etməlidir."
Doğrusu, bu barədə eşitmişdim, ancaq canlı şahidin sözləri məni həm qürurlandırdı, həm də bir az kövrəltdi.
Heydər Əliyevin Moskvada ən
yüksək vəzifədə beş il şərəflə
çalışması bütün Dünya Azərbaycanlıları
və türkləri üçün böyük qürur mənbəyidir.
Üstündən 40 il keçməsinə baxmayaraq, heç
kəs bu fədakar, müdrik, yüksək intellektli və
dürüst insanı unuda bilmir. SSRİ Dövlət Plan
Komitəsinin sədri olmuş N.K.Baybakov öz xatirələrində
Heydər Əliyevin Moskva fəaliyyətini hərtərəfli və obyektiv təhlil
edir və sonda qeyd edir ki, "
Kaş bizim Rusiyada da belə adamlar olaydı..."
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2023.- 2 may.- S.10-11.