Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli
ötən çərşənbə sayımızda)
Ögey qardaşı ona ölən anasının
keşişlə birgə imzaladığı ərinə
ünvanlanan etiraf məktubunu göstərir. Artur
üstünə yağan bədbəxtliklərdən
qaçmaq üçün şlyapasını kanala atmaqla
özünə qəsd etməsi səhnəsini yaradır və
gəmi ilə Cənubi Amerikaya yollanır.
13 il sonra İtaliyaya qayıdıb, Rivares adı
altında yenə mübarizəyə qoşulur, Avstriya
işğalçılarına, katolik kilsəsinə,
birbaşa yepiskop Montanelliyə qarşı sərt məzmunlu
pamfletlər yazır. İnqilabçı dəstə
yeni qəsd hazırlayır və onun icrasını Artur
öz üzərinə götürür. Əməliyyat vaxtı isə həbs olunur. Bioloji atası, Montanelli həbsxanada onun yanına gəlir,
hər şeyi etiraf etməsini məsləhət
görür, onun xilas yolunu bunda görür. Lakin Artur atası qarşısında sərt bir
şərt qoyur. Keşiş öz
Allahından üz döndərsə, ona oğul
olacağına razılıq verəcəyini deyir. Yepiskop ona nə qədər yalvarsa da, Artur öz tələbindən
dönmür. O, hərbi-səhra məhkəməsində
mühakimə edilir və məhkəmənin hökmü ilə
güllələnir. Bu, həm də oğluna xəyanət
edib, sonra isə dinə sədaqətinə görə ondan
imtina edən Montanellinin mənəvi və fiziki sonluğuna
çevrilir.
Montanelli
oğlunun qətlinə görə dəli olur, kilsəyə
gələn dindarları adam yeyənlər,
meyitlə qidalanan quzğunlar adlandırır, onlara görə
oğlunu qurban verdiyindən şikayətlənir. O, dini rəmz
olan xaçı döşəməyə çırpıb
sındırır. Bir neçə gün sonra
Lorentso Montanelli ürək partlamasından ölür.
Artur ilk dəfə keşişlər tərəfindən
aldadılmaqla, öz mübarizə yoldaşlarına xəyanətə
yol vermişdi.
Bu xəyanətin də bünövrəsini
guya nəcib məqsəd naminə birbaşa öz atası
qoymuşdu. Ata ikinci dəfə yenə ona
öz mübarizəsindən əl çəkmək barədə
yalvarırdı. Dinin aliliyi öz xadimlərini
kölə vəziyyətinə salmaqla, belə qeyri-humanist, hər
cür əxlaqdan kənar münasibətlərə və
faciəvi hadisələrə gətirib çıxarır.
Bunun insanlığa zidd olduğunu duyanlar az
sayda olsalar da, onlar hətta Allaha qarşı da üsyana
qalxmağa hazır olduqlarını bildirirlər. Axı
çoxları Bibliyadakı İov deyil ki, Allahın ona hər
cür xəstəliklər və bədbəxtliklər
göndərdiyini bilə-bilə, ona sədaqət göstərməkdə
davam etsin ki, nə vaxtsa Allah onun sədaqətini, hər
cür bəlalara etiraz etmədən dözdüyünü
qiymətləndirəcək, çəkdiyi əzablara
görə mərhəmət göstərməklə, onu
lazım olduğundan artıq dərəcədə
mükafatlandıracaqdır. İnsanı taqətdən
salan sınaq ağır olduğundan və onun mükafatı
böyük qiymətə başa gəldiyindən, belə mərhəmət
nəticə etibarilə hətta öz əhəmiyyətini,
əslində mahiyyətini də itirir.
İnsanlar
çox vaxt digərinə bəslədikləri ülvi hisslərini
heç nəyə, hətta hansısa bir müqəddəsliyə
də qurban vermək istəmir, axı o, özünün məhz
insana xas olan təbiətinin qeyri-adi sevinc bəxş edən
təntənəsinə, zəfərinə nail olmuş, fəth
etdiyi bu zirvəni axirət dünyasında vəd edilən
hansısa Yelisey çölünə, cənnətə dəyişmək
istəmir. Real həyatda qədəm qoyduğu
və cənnət meyvəsi hesab etdiyi bəxt hədiyyəsi
ilə o, xudahafizləşməlidir ki, həyatdan
köçdükdən sonra hansısa bir təxəyyül
olunan cənnətdə, müqəddəsliyin mərhəməti
və köməyi ilə məskunlaşa bilsin. Axı heç kəs əlindəki arıquşunu
göydəki durnaya dəyişmək istəmir, axı ənginliklərdə
pərvazlanan durnaya sahib olmaq olduqca müşkül məsələdir,
əslində, xəyaldan başqa bir şey deyildir. Kim Yer üzərində, şəxsi həyatında
qazandığı xoşbəxtliyi hansısa ehtimala qurban
verməklə, o dünyadakı güman edilən və dini rəvayətlərdən
başqa, real olaraq heç nəyə əsaslanmayan cənnətlə
dəyişməyə razılaşar? Axı
burada tələb olunan qurban elə bir nəcib məqsədə,
mənəvi fədakarlığa görə deyil, yalnız
dinin irəli sürdüyü, obrazının da mövcud
olmadığı vədlərə əsaslanır. Bu vədlərin həyata keçməsi
imkanları və vasitələri aydın olmamaqla, hindlilərin
ənənəsindəki adamın gələcək taleyində
rol oynayacaq karma kimi qeyri-müəyyənlik rəmzindən
başqa bir şey deyildir. Dinin bir sıra
tələblərinə kor-koranə tabe olmaq ağıl,
şüur köləliyinə yaxınlaşmağa bənzəyir.
Axirət dünyasına ifrat inam bəsləməklə,
real həyatın real fərəhli cəhətlərini
kiçiltmək daha çox ağılın
qüsurluluğundan və ya deformasiyaya uğramasından xəbər
verir.
Qaratikan
quşunun intiharı
Avstraliya yazıçısı Kollin Makkalounun
"Qaratikan quşu" əsəri həm oxucuların, həm
də Hollivudun çəkdiyi uğurlu kinofilm hesabına
tamaşaçıların böyük marağına səbəb
olmuşdu. Roman keşiş Ralf ata ilə gənc qız Megginin
sönməz məhəbbətindən bəhs edir və bu
cütlüyün taleyinə dinin ağır zərbə
vurduğunu göstərir.
11 yaşlı Meggi adlı qızcığazın
valideynləri uşaqları ilə birlikdə XX əsrin əvvəllərində
Yeni Zelandiyadan Avstraliyaya, onun ziyadə isti guşəsi olan
Droqhedaya gəlirlər. Buradakı varlı qadın Meri Karson
qardaşı Peddini öz yanında yaşamağa və
öz təsərrüfatında uşaqları ilə birlikdə
işləməyə dəvət etmişdi. Dəniz səyahətindən sonra ailə qatarla həmin
əyalətə gəldi və Meggi burada ilk dəfə
onları vağzalda qarşılayan keşişi
gördü. Qızcığazin
özü də ilk baxışdan Ralf atanın çox
xoşuna gəlmişdi.
65 yaşlı varlı qadın olan Meri Karson cavan, qəddi-qamətli
keşişə vurulmuşdu, onu ələ keçirmək
istəyirdi. Həm də yaxşı bilirdi ki, başqaları
kimi, Ralf da onun özünə deyil, puluna ehtiram bəsləyir.
Qadın Ralfa, onu şirnikləndirmək üçün
minik atları və avtomobil bağışlamışdı.
Keşiş bu cəhənnəm timsalı olan,
tozu, milçəyi və qızmar istisi ilə şöhrət
tapmış Droqhedaya, yepiskopu təhqir etdiyinə görə
gəlib düşmüşdü. Qadın
inanırdı ki, o, gələcəkdə kardinal
olacaqdır. Ralf isə belə
möcüzənin baş verəcəyinə
inanmırdı. Keşiş həm də
öz davranışı ilə regionda yaxşı nüfuz
qazanmışdı.
Malikanə
sahibi olan qadın öz şəhvət istəyinə nail olmaq
üçün hər şeyə əl atırdı, bəzən
keşişə hiddətlənib acı sözlər də
işlədirdi. Bir dəfə ona demişdi ki,
səni məcbur edəcəyəm ki, ən pozğun
fahişə kimi özünü satasan, bunu isə yalnız
zaman göstərəcəkdir.
Bir neçə ildən sonra Meggi artıq qadına
çevrilmək metamorfozalarına uğrayırdı. İlk
aybaşısı olanda bərk qorxmuşdu, güman edirdi ki,
bu, xərçəng xəstəliyinin əlamətidir.
Ralf onu başa saldı ki, səndə heç
bir xəstəlik yoxdur, bu qanaxma bütün qadınlara
xasdır, ayda bir dəfə bir neçə gün ərzində
baş verir. Qızlarda bu, 12-13
yaşlarında başlayır, bu vaxt Megginin isə artıq
15 yaşı var idi. Hər ay qanın
axması qızın həddi-buluğa çatması,
uşaq doğmağa qabil olmasının başlanması əlamətidir.
Gərək anası Meggiyə bunu başa
salaydı.
Bu yeniyetmə qız üçün Ralf ata sevimli bir
büt, Göy qübbəsindəki yeni bir Günəş
idi. Onlar birgə at çapanda dostluq şüası
buraxırdılar, bu isə özlüyündə intim
yaxınlığa bərabər idi. Çünki
qız keşişi sevirdi, yaşı otuzdan yuxarı olan bu kişi açılmamış qızıl
gülə bənzəyirdi, yazıq qız axı ondan
başqa heç bir kişini görməmişdi.
Artıq 72 yaşında olan Meri evində rəqs gecəsi
təşkil etmişdi. Burada iştirak edən Meggi keşişə
olduqca gözəl göründü. Qadın isə
ömrünün bu son gecəsində Ralfa dedi ki, əgər
mən cavan olsaydım, səni hökmən ələ
keçirərdim. Həyatımın otuz ilini pəncərədən
kənara ata bilsəydim, əgər şeytan ruhumu satın
almaq istəsəydi, mən o dəqiqəcə onu satardım
və səfeh Faust kimi olmazdım, keşişə müraciətlə
dedi ki, səni məhv etməyə sevinərdim. Keşiş isə bildirdi ki, mən başqa
qadınlar barədə deyil, yalnız Meggi barədə
düşünürəm. Qadın patetik
qaydada bildirdi ki, mən səni sevmişəm. Axı səfeh bədənim içərisində mən
hələ gəncəm. Qoca yaş
qısqanc Allahın mənə ünvanladığı ən
böyük intiqamdır. Qadın qərara aldı ki,
Meggi ilə Ralfın birləşməsinə imkan verməyəcəkdir,
açıqca dedi ki, qardaşı qızına, sən onu
sevdiyinə görə nifrət edirəm. Bu vaxt keşişə
bir məktub verdi və onun öz meyitini
görməyənə qədər məktubu
açmayacağı barədə də and içdirdi. Səhərisi günü isə Meri Karsonun
ölüm xəbəri yayıldı.
Məktubda qadının mülkiyyətinin keşişə
çatması barədə vəsiyyəti var idi. Evində isə
qardaşının ailəsinin yaşamasına icazə
verirdi. Ralf ataya bütövlükdə 30
milyon funtluq mülkiyyət qalırdı. Bu pulun
hesabına o, kardinal ola bilərdi.
Bu vaxt 17 yaşı olan Meggi cəhalətin və mənəviyyatın
qarışığı, sintezi kimi idi. Keşiş onu sevdiyini dedi,
həm də əlavə etdi ki, bu, heç də kişi kimi sevmək deyildir. Keşiş
vəsaitindən Meggiyə və anasına, hər birinə
ildə 2 min funt məbləğində olmaqla pul müavinəti
ayırdı. Meridən miras qalan
"Roll-Roys" da onların sərəncamında idi.
Sonralar
Megginin ailəsində faciə baş verdi.
Eyni gündə yanğında atası Peddi
öldü və onun meyitini tapan oğlu Styuartı isə vəhşi
qaban parçaladı. Onların yanına
gələn Ralf ata Meggini qucaqlayıb öpdü. Bu vaxt o, ağrını da, kilsəni də
unutmuşdu. Allah da unudulmuşdu. Bir qədər sonra onları tərk edərkən
anasından xahiş etdi ki, qızını ərə getməyə
həvəsləndirsin, Meggiyə isə yalvardı ki, onu
unutsun.
Artıq Ralf yepiskop idi. Meggi bu vaxt Meridən miras qalmış iri sürüdəki qoyunları qırxmaqla məşğul olub, muzdla işləyən Lyuka ərə gedəndə onun 23 yaşı var idi. Daha çox pul qazanmaq naminə şəkər qamışı biçmək üçün Lyuk cavan arvadı ilə birlikdə başqa əyalətə yollandı. Lakin əri ona diqqət göstərmirdi. Yepiskop Ralfı isə bir müddətdən sonra Romaya, papanın yanına işə dəvət etdilər. O, artıq kardinala çevrilmişdi.
Lyuk pul qazanmaq dəlisi idi, Meggi hamilə olanda onu ərdən və şikəst arvaddan ibarət olan bir ailəyə qulluqçu düzəltdi. Onların nikahı saxta əsaslar üzərində qurulmuşdu. Burada məhəbbətdən heç bir əsər-əlamət yox idi. Lyuk onun pulunu ələ keçirmək istəyirdi. Meggi isə Ralfı yenidən əldə etmək üçün ondan uzaq qaçmağı qət etmişdi. Belə cansıxıcı şəraitdə qız tez-tez Ralfa nifrət bəsləyirdi.
Meggi körpə qızı doğulanda Ralf onun yaşadığı evə gəldi. Burada ev sahibəsi Annaya dedi ki, Meggi mənə mənəviyyatı görməyə kömək edən bir güzgüdür. Onun dilindən daim Meggini sevdiyini eşitdikdə, həmin qadın bunun hər ikisi üçün faciəli olacağını dedi.
Meggi Lyukdan doğduğu körpə qızı sevmirdi. O, protestant keşişlərin evləndikləri halda, katolik keşişlərin hələ də qadağaya görə evlənə bilmədiklərindən dəhşətə gəlirdi, axı bu zalım qayda Ralfı onun əlindən almışdı.
Xeyirxah ev sahibləri olan ər-arvad doğuşdan sonra Megginin çox zəif olduğunu nəzərə alıb, onu Metlok adasındakı kurorta yola saldılar. Bu ada Droqhedadan və yaşadığı yerdən tam fərqli idi. Laqunadakı mərcan rifi sakit suya əlavə gözəllik verirdi. Yenidən Meggiyə baş çəkməyə gələn Ralf ata, onun harada olduğunu öyrənib, adaya yollandı. Onlar görüşdükdə Ralf qızın məhzun gözlərində işıq gölməçəsini gördü. O, artıq fiziki cəhətdən də qızı istəyirdi. Ona görə də onu qucaqladıqda, ağlının iradəsi bütünlüklə bədəninin iradəsində söndü. Və o, ilk dəfə özünün kişi olduğunu, heç vaxt Allah olmadığını dərk etdi. Bu, şəhvət idi. Qızın qolları və əlləri canlı kəndir kimi ona sarılıb işgəncə verirdi. Uzun illər atəşi sönməyən məhəbbətdən sonra qızı özününkü etmişdi. Meggi ağla sığmayan dərəcədə xoşbəxt idi. Onların intim yaxınlığı bədən poeması idi, nəhayətsiz həzdən xəbər verirdi. O, məhəbbətin alovunda yanan kimi görünürdü, lakin bundan şikayətlənmirdi, axı uzun illər bu anları arzulamışdı. O, Ralfla yaxınlıqdan qeyri-adi ləzzət alırdı. Onun bədən daşqını üzərindəki səbir limiti arxada qalmışdı. Ralfın da ağrısında bir ədalətlilik var idi. Onlar bədən yorğunluğunu deyil, könül yorğunluğunu hiss edirdilər.
Müharibədən sonra məğlubiyyəti, təslim olmağı, sülhü anlamaq olduqca şirindir. O, Meggiyə yaxşı döyüş vermişdi. Keşişin qürurunun saxta olduğunu isə həyat özü göstərmişdi, Lutsifer kimi (Lutsifer - yıxılan mələk, şeytan - məqalə müəllifi) o, Allahın tək olduğunu etiraf etmiş və Lutsifer kimi də yıxılmışdı.
Ralfa elə gəlirdi ki, bu vaxta qədər o, dünyanı görməmiş, anlamamışdı. Bu qızın özü də, ümumiyyətlə, adi adam deyildi, ona xeyli yaxşı təsir göstərmişdi. Bir neçə gündən sonra Ralf adanı tərk etdi, bundan sonra o, Romada, bəlkə də, Megginin bütün qalan ömrü qədər yaşayacaqdı. Ona görə də gedəndə, onun gözlərindən kədər yağırdı.
Ralf ata Vatikanda kardinala etiraf etdi ki, o, bütün andları pozmuşdur. Meggi ilə fiziki yaxınlıq ona yeni dünyanı açıb göstərmişdir, deyirdi ki, həmin qızla görüşdən aldığım ekstazı Allahla olanda heç vaxt görməmişdim, həyatın mənə indiyə qədər məlum olmayan nəhayətsiz sevincini yaşamaq xoşbəxtliyinə qovuşmuşdum. Onu da əlavə etdi ki, o, məni həm bədəni, həm də ruhu ilə sevirdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 3 may.- S.14.