Hələ Kəlbəcərə səfərimiz
var...
VƏLİYƏDDİN MİSİROĞLUNUN "DƏLİDAĞIN SÖZ SƏRVƏTİNƏ ƏSL OĞUL MƏHƏBBƏTİ" TOPLUSUNUN OYATDIĞI TƏƏSSÜRAT
Tanınmış publisist - Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, "Qızıl qələm"
mükafatı laureatı Vəliyəddin Misiroğlunun "Dəlidağın
söz sərvətinə əsl oğul məhəbbəti"
adlı məqalələr toplusu çapa hazırlanır. Kitaba müəllifin
müxtəlif illərdə yazdığı, dövrü mətbuatda
dərc etdirdiyi, oxucularımızın qəlbinə yol
saldığı məqalələri toplanıb. Bu məqalələr respublikamızın görkəmli,
tanınmış ziyalılarına, şairlərinə
aşıqlarına, ictimai xadimlərə və digər sənət
adamlarına həsr edilib. Vəliyəddin Misiroğlunun
hələ Kəlbəcərdə işlədiyi dövrlərdə
"Yenilik" qəzetində mütəmadi olaraq məqalələri
çap olunsa da, onun əsas yaradıcılığı
90-cı illərin gərgin, ağrılı-acılı
dövrlərinə, torpaqlarımızın ermənilər tərəfindən
işğalından sonra xalqımızın Qarabağ
müharibəsinin əzabları, qaçqınlıq həyatı
yaşadığı illərə təsadüf edir. Uzun illər müxtəlif vəzifələrdə
çalışmaqla bərabər, həm də bədii-publisistik
yaradıcılıqla məşğul olub.
Kitabın birinci cildində müəllifin 56 məqaləsi,
xatirələri, məktubları, eləcə də digər
publisistik yazıları toplanıb. Bunlardan 21-i Kəlbəcər
şairlərinin həyat və
yaradıcılığından bəhs edir. Bu yazılar müəlifin həyatda
rastlaşdığı, yaxın münasibətdə
olduğu, ünsiyyət qurduğu, bu gün isə xatirələrə
çevrilən, həzin notlarla yaddaşlara hopan dostları
haqqında yazdığı məqalələrdir. Onlar təkcə Vəliyəddin Misiroğlunun
özünün tanıdığı yox, eldə-obada
müdriklüyüylə, xeyirxahlığıyla,
qayğıkeşliyiylə, yüksək insani keyfiyyətləriylə
çoxlarımızın yaddaşında qalan, fəxr
etdiyimiz, xatirəmizdə əbədiləşən
insanlardır.
Bu müəlliflər həqiqətən öz şəxsiyyəti,
ləyaqəti, istedadı və sadəliyi ilə
camaatımız arasında böyük hörmət və
nüfuz qazanan, xalqına və vətəninə qəlbən
bağlı olan, həyatını xalqa həsr edən
insanlardır.
Sözü daim uca tutan, ona dəyər verən,
cılızlaşmağa qoymayan, urvatdan salmayan qədir-qiymətini
bilən və ona hər zaman hörmətlə yanaşan,
elini-obasını, dədə-baba yurdunu dərin bir məhəbbətlə
sevən qələm sahibləridir.
Vəliyəddin Misiroğlunun sətir-sətir şeirə,
sənətə, saza-sözə, yaradıcı insanlara
dağlarımıza sevgisinin təsiri ilə qələmə
aldığı bir-birindən maraqlı bu məqalələr
əsl yaradıcılıq nümunələridir. Zəngin
söz ehtiyatı və nadir ifadə üslubu, rəvan və
sadə yazı dili onun məqalələrinin
oxunaqlılığını artırır.
Bu məqalələr ilk növbədə müəllifin
həyat təcrübəsinin zənginliyindən, mütaliəsinin
genişliyindən, şəxsi müşahidəsindən,
geniş məlumata malik olmasından xəbər verir. Məqalələri
oxuduqca gözümün önündə sehirli, sirli bir
dünya, füsunkar və möcüzələrlə dolu bir
aləm açılır. Məqalələr
büllur dağ çayı kimi təmiz bir dilə,
obrazlı düşüncəyə, qeyri- adi maraqlı hadisələrə,
yaddan çıxmayan xatirələrə söykənir.
Bu yazılarda mən sözün hikmətini
duydum, sözün qüdrəti qarşısında heyran
qaldım, sözün gücünü, təsirini hiss etdim,
sözə necə dəyər verildiyini, İncildə
deyildiyi kimi "Əvvəldə söz var idi" ifadəsini
xatırladım. Onları oxuduqca xəyal
məni çox uzaqlara, Bakıda təhsil aldığım
illərə, gənclik çağlarıma, ömrümün
ən əziz, ən şirin günlərinə apardı.
Vəliyəddin Misiroğlunun haqqında
yazdığı adamları yada saldım, onları
xatırlamaq, onlar haqqında oxumaq, qəlbimdə xoş
duyğular yaratdı. Çünki
onların əksəriyyətini mən də şəxsən
tanımışam, dostluq eləmişəm. Mənim
üçün çox əziz və doğma olan
insanları - Mirzə İbrahimovu, Cəmil Əlibəyovu,
Şamil Əsgərovu, Qənbər Qurbanovu - Şəmşiroğlunu,
Zəlimxan Yaqubu, Məmməd Aslanı, Bəhmən Vətənoğlunu,
Sücaəti, Əyyub Cabbarovu, Yaqub Əsgərovu bu
yazılar bir daha xatırlatdı mənə. Zaman-zaman
belə işıqlı, istedadlı şəxsiyyətlər
xalqın güvənc yeri, ümid, pənah yeri olmaqla, millətimizin
adını uca tutublar. Mən
xalqımızın belə dəyərli ziyalıları ilə
həmişə fəxr etmişəm, onları milli sərvətimiz
saymışam.Vəliyəddin Misiroğlunun məhz belə
adamlardan, cəmiyyətimizin dəyərli insanlardan
yazmağını alqışlayıram.
V.Misiroğlunun məqalələri maraqlı hadisələrlə
doludur, gözəl dil-üslub xüsusiyyətlərinə
malikdir. Bu məqalələrdə müəllifin həyata,
insanlara məhəbbət, dağlarımıza,
yurd-yuvamıza doğma oğul münasibəti, təbiətə
vurğunluq öz əksini tapıb. Əslində
V.Misiroğlu bu məqalələri yazmağı özünə
bir mənəvi borc sayıb. Bu sanki mənəvi
ehtiyacdan və zərrə-zərrə, damla-damla qəlbinə
süzülən istəkdən yaranıb.
Dədə
Ələsgərdən tutmuş Aşıq Şəmşir,
Mirzə İbrahimov, Cəmil Əlibəyov, Bimar Əli, Qara
Ələsgərov, Şamil Əsgərov, Qənbər
Qurbanov, Dəmirçi Abbas, Məmməd Aslan, Bəhmən Vətənoğlu,
Sücaət, Yaqub Cabbarov, Əyyub Cabbarov, Yaqub Əsgərov,
Mirsəyyaf Zamanlı, Yusif Hüseyn, Məhəmməd Nərimanoğlu,
Kamil Təbib, Məhyəddin Məhərrəmoğlu, Cabir
Umud, Zərraf Təhməzoğlu, Elşən Əzim, Ələmdar
Cabbarlı kimi özünəməxsusluğu ilə
seçilən şairlərimizdən yazılan məqalələr
çox əhəmiyyətli, olduqca təqdirəlayiqdir.
Vəliyəddin müəllimin Kəlbəcərdən
bəhs edən yazılarında diqqəti çəkən
bir məqam da odur ki, burada hər bir nəslin nümayəndələrindən
söz açılır və elə nəsil var, bir
neçə nümayəndəsi barədə maraqlı
bilgilər əldə etmək mümkündür. "Analı dünyam",
"Atamın atalıq yadigarı", "Atamın xatirəsi",
"Ata qəlbi kövrək olurmuş", "Qəribsəyən
məzarlar" məqalələrində V.Misiroğlu həm
də milli adət-ənənələrimiz, valideyn-övlad
münasibətləri haqqında dəyərli fikirlər irəli
sürüb. Müəllif burada valideynlərə
xüsusi yer ayırır, ata-ananı tanrının müqəddəs
varlığı kimi uca tutur və onlara hörmət və
sayğı göstərilməsinin hər bir övladın mənəvi
borcu olduğunu vurğulayır.
Doğulub boya-başa çatdığı Kəlbəcərimiz
V.Misiroğlunun həyatı qədər sevdiyi bir diyardır. Məhz buna
görə də kimdən, nədən yazırsa yazsın,
yaradıcılığı boyu bu torpağı,
el-obamızı məhəbbətlə tərənnüm
edir. Dağlarımıza vurğunluq,
şairlərimizə doğma, poeziya dünyamıza səmimi
məhəbbət, ana təbiətə heyranlıq,
ağsaqqallarımıza, ağbirçəklərimizə
hörmət onun yaradıcılığının əsas
qayəsini təşkil edir.
Müəllifin qələmindən süzülən el
deyimləri, kövrək xatirələr onun
yazılarını daha da ürəyəyatımlı, təsirli
edir. Onun yaradıcılığında diqqəti cəlb
edən əsas xüsusiyyətlərdən biri də hər
hansı fikir və hadisəni oxucuya canlı, səmimi şəkildə
çatdırmasıdır.
Uzun illər hamımızın ağrılı yeri olan
Qarabağ dərdi də şairlərimizi bir vətəndaş
kimi narahat edirdi, dərindən
düşündürürdü, qəlbimizi didib
parçalayırdı. Babalarımızın bizlərə əmanət
etdikləri və miras qoyduqları torpaqlara sahib çıxa
bilmədiyimizi, yağı düşmən tərəfindən
işğal olunmasını özümüzə heç
cür bağışlaya bilmirdik. Bu
ağır dərd şairlərimizi, ümiyyətlə qələm
adamlarımızı için-için göynədirdi,
yandırıb-yaxırdı. Onlar qələmlərini
silaha çevirib Vətən övladlarını düşmən
üzərində zəfər yürüşünə səslədilər.
Tapdaq altında qalan, inləyən yurd-yuvalarımızı
unutdurmağa qoymadılar.
Bu 30 ildə başımıza çox bəlalar gəldi. Sovetlər
imperiyasının süqutundan sonra baş verənlər - 20
Yanvar faciəsi, Xocalı soyqırımı,
torpaqlarımızın bir-birinin ardınca işğal
olunması, soydaşlarımızın yurdlarından didərgin
düşməsi, ümumiyyətlə bu səbəbdən kəlbəcərlilərin
ağır taleyi V.Misiroğluna da bir yaradıcı adam kimi ağır təsir göstərib və
bütün bunlar onu bu məqalələrdə həmin
mövzulara da ətraflı yer verməyə sövq edib.
Ənvər
Rza, Məmməd Aslan, Əyyub Cabbarov, Bəhmən Vətənoğlu,
Sücaət, Adil Cəmil, Elşən Əzim, Ələmdar
Cabbarlı, İlham Məmmədli, Xəqani Həbiboğlu,
Namiq Dəlidağlı, Məhəbbət Kəlbəcərli,
Yusif Hüseyn, Daşqın Ziyəddinoğlu, Əlövsət
Saldaş, Elməddin Nicat və başqa imzalar Azərbaycan
poeziyasında həm el arasında, sözü, özü olan
şairlərdir.
İşğal
dövründə Kəlbəcər şairləri dağlar
boyda dərdlərinə poetik don geyindirdilər, dağlar dərdinə
tab gətirib dözə bildilər, dərdi əzizlədilər,
sevdilər, bala kimi böyütdülər və bu dərdi
özlərilə haqq dünyasına aparan şairlərimiz də
az olmadı. V.Misiroğlu bu mənada
üzünü Kəlbəcər şairlərinə tutaraq
yazır: "Biz yaxşı bilirik ki, sizlər əsl vətən
şəhidlərisiniz, siz qələminizlə yana-yana şəhid
oldunuz, ey şairlərimiz! Vaxt gələcək,
sizlərin böyük abidələri Dədə Şəmşir
zirvəsilə üzbəüz ucaldılacaq. Sizin pak ruhlarınız oradan Dədə Ələsgərin
ruhuna qovuşacaq, Göyçə gölünə salavat
çevirəcək, gələcək nəsillərə
örnək olacaq".
Bu yaxınlarda Vəliyəddin Misiroğluyla telefonla
danışdıq, ikimiz də sevindik ki, bu böyük Zəfəri
görmək bizə qismət oldu. Sevinirdik ki, şəhidlərimizin
qanı yerdə qalmadı, cəngavər Azərbaycan
oğulları onların intiqamını döyüş
meydanlarında vuruşaraq, qan tökərək aldılar.
Qalib bir ordusu olan məmləkətin
övladı olmaq həqiqətən də bu gün bizim
üçün çox qürurvericidir. Qarabağın
işğalı otuz ilə yaxın dağlarımızın
düşmən tapdağında qalması
bütövlükdə o faciəli hadisələr bizim hər
birimiz üçün bir sınaq oldu. Silah
tutanlarımız silahdan, silah tuta bilməyənlərimiz isə
qələmdən yapışdılar, qələmlərini
silaha çevirdilər.
Vəliyəddin
Misiroğlu ədəb-ərkanlı, elinin-obasının ən
yaxşı adət-ənənələrini yaşatmağa
çalışan, sözü ilə əməli bir olan, vətənini
ürəkdən sevən, təpədən-dırnağa Kəlbəcərə
vurğun, davranışı, tərbiyəsi ilə
xalqına, el-obasına, dostlarına başucalığı gətirən
bir el ağsaqqalımızdır. Onun bu il
80 yaşı tamam olub. 80 il bir Kəlbəcərli
üçün zaman etibarilə yetərli deyil. Vəliyəddin müəllimə uzun və
sağlam ömür, möhkəm cansağlığı
arzu edirəm. Əziz dostum, canın sağlam, qələmin
iti, sözün ötgün olsun, doğma dağlarımız
naminə yazıb-yaratmaqdan, onu tərənnüm etməkdən
heç zaman yorulmayasan! "525"in oxucularına ixtisarla təqdim
olunan bu yazımı sənə ünvanladığım
misralar ilə tamamlayıram:
Hələ
deyiləsi sözlərimiz çox,
Hələ Kəlbəcərə səfərimiz var.
Hələ
qarşımızda min-min uğurlar,
Hələ irəlidə zəfərimiz var!
Ruhumuz dincələr sazın səsində,
Yetər dərd içində dinlədik, yetər.
Əlimiz dağlara uzalı qaldı,
Qürbətə sığınıb inlədik yetər.
Biz nələr
çəkmişik, bir Allah bilir,
Ürək ağrımasın, ürək neyləsin.
Nə gözəldir
sənin qala dağların!
Tələsək
dağlara, mehman eyləsin...
Elə
müqəddəsdir, elə əzizdir,
Çağırır qoynuna o yurd, o torpaq.
Ana
laylasıyla ruhumuzdadır,
O
dağları sevdik hər şeydən qabaq...
Moskva, 2023
Nəsib
NƏBİOĞLU
525-ci qəzet.- 2023.- 3 may.- S.13.